| Heydər
Əliyev ideyaları daim
yaşayacaqdır
Azərbaycanın müasir tarixi ümummilli liderimiz, dahi şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük simalardan biridir.
Ulu öndərimiz ölkəmizə rəhbərliyinin bütün mərhələlərində öz millətinə və dövlətinə sonsuz məhəbbət, sədaqət hissi ilə, qurub–yaratmaq amalı ilə yaşamışdır. Özünün mənalı və zəngin həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onun tərəqqisi üçün səylə çalışmış, onu üzləşdiyi çətinliklərdən xilas etmək yolunda fədakarlıq göstərmişdir. Bu gün Azərbaycan xalqı müstəqil dövlətimizin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün Heydər Əliyevə borcludur.
XX yüzilliyin 70–ci illərindən başlayaraq respublikamız Heydər Əliyevin titanik səyləri nəticəsində inkişaf edərək özünün yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ müasir Azərbaycan cəmiyyətinin formalaşması baxımından diqqətəlayiqdir.
Ümummilli liderimizin 1993–2003–cü illərdə gördüyü möhtəşəm işləri onun Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. 1993–cü ilin kəşməkəşli iyun günlərində, xalqımızın böyük çətinliklər bahasına əldə etdiyi dövlət müstəqilliyinin, bir dövlət kimi mövcudluğunun böyük sual altında olduğu bir məqamda xalqın xahişi ilə Naxçıvandan Bakıya gələn ulu öndərimiz ölkəsini və xalqını düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün təxirəsalınmaz tədbirlər gördü, qısa bir zamanda Azərbaycanı düşdüyü bu bəlalardan hifz edib qorudu.
Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi. Ölkədə baş alıb gedən özbaşınalığın, xaosun, anarxiyanın qarşısı alındı, vətəndaş qarşıdurması aradan qaldırıldı və ölkə parçalanıb məhv olmaq təhlükəsindən birdəfəlik xilas oldu. Qısa bir zaman kəsiyində Azərbaycanın müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, dünyəvi dövlət quruculuğu prosesi sürətlə həyata keçirilməyə başladı. İnsan, hüquq və azadlıqlarının başlıca prinsipləri təsbit olundu, Azərbaycanın xarici siyasəti dünyanın aparıcı dövlətləri ilə milli maraqlar və siyasi perspektivlərə söykənən strateji xətlə inkişaf etməyə başladı. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Ümummilli liderimiz dəfələrlə bəyan etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa–olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–ci il noyabr ayının 12–də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi, insan, hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin və iradəsinin məntiqi nəticəsi olaraq 1994–cü ildə “Əsrin müqaviləsi”–nin reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına böyük təkan verdi, Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Dünyanın böyük dövlətləri və iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı nəhəng enerji istehsalçısı Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində, regionda mühüm rola malik dövlətə və dünyanın neft mərkəzlərindən birinə çevirmişdir. 1999–cu ildə ATƏT–in İstanbul zirvə Toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna əhəmiyyətə malik olmuşdur.
Nəhəng dövlətçilik təcrübəsi və idarəçilik qabiliyyəti ilə səciyyələnən siyasi fəaliyyəti bu böyük şəxsiyyəti dünya şöhrətli siyasi xadim kimi tanıtmışdır. O, nəinki öz xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın böyük dövlət başçılarının, siyasi xadimlərin, tanınmış insanların hörmət və məhəbbətini qazanmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ulu öndərimizin həyat və fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Bir millət, iki dövlət sözü ona məxsusdur”. Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin fikrincə: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Rusiya, ABŞ, Gürcüstan, Qazaxıstan, Ukrayna və digər ölkələrin tanınmış dövlət adamları Heydər Əliyevi dahi şəxsiyyət və siyasətçi kimi qiymətləndirmişlər.
Dahi insan Heydər Əliyev həmişə öz xalqına arxalanıb və bu barədə qürur hissi ilə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Ölkəmizin müstəqilliyinin ilk illərində respublikanın nəqliyyat sisteminin əsas aparıcı sahələrindən olan dəmir yolu nəqliyyatı da ağır böhran içərisində idi, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Bir çox ölkələrlə dəmir yolu əlaqəsi kəsilmişdi. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, dəmir yolunda da canlanma başladı. Alınan sərnişin və yük vaqonları, lokomotivlər bu sahənin dirçəlməsinə təkan verdi. İstər yük, istərsə də sərnişin nəqliyyatında daşımaların həcmi getdikcə artdı və bu sahə nəqliyyat sektorunda öncül yerini tutdu. Heydər Əliyev qeyd etmişdir ki, qısa bir müddət ərzində dəmir yolunda böyük inkişaf və tərəqqi görürəm. Hazırda bu sahədə həyata keçirilən genişmiqyaslı, qlobal layihələr, çəkilən yeni dəmir yolu xətləri bünövrəsi ulu öndərimizin qoyduğu möhkəm təmələ söykənir. Bu işlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən biri də özündən sonra siyasi kursunu davam etdirə biləcək varis yetişdirməsidir. Böyük öndər 2003–cü ilin oktyabrında xalqa ünvanladığı müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli liderin bu sözlərini Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir dünyanın tələblərinə uyğun doğruldur və onun siyasi kursunu layiqincə davam etdirir. Bunun nəticəsidir ki, son illər Azərbaycan sürətlə inkişaf edir, iqtisadi artımına görə dünyada öndə dayanır. Uğurla həyata keçirilən iqtisadi islahatlar respublikamızın dinamik inkişafını təmin edib. Ölkəmiz bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən inkişaf etmiş ölkələri arasında layiqli yerini tutur. Uğurla həyata keçirilən genişmiqyaslı islahatlar müstəqilliyimizi dönməz və əbədi edib. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Ümummilli liderimiz
Heydər Əliyevin ideyaları daim yaşayacaq, zəngin dövlətçilik irsi xalqımızın gələcəyinə
işıq salacaq və onun
şah əsəri, müstəqil Azərbaycan
dövləti əbədi olacaqdır. Heydər Əliyevin nurlu xatirəsi xalqımızın qəlbində
daim yaşayacaqdır.
Elyar MURADOV,
ADY QSC Sərnişindaşımaları
Departamentinin rəisi,
əməkdar
mühəndis.
Respublika.- 2012.-11 dekabr.- S. 2.