Ulu öndərimiz qəlbimizdədir
Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız məhz bu böyük şəxsiyyətin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə ictimai–siyasi, sosial, mədəni, iqtisadi proseslərin axarını dəyişməyi, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran realist, praqmatik lider kimi düşüb.
1969–cu il iyulun 14–dən etibarən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin adı Azərbaycan Sovet Sosialist Respublikasının əldə etdiyi bütün ictimai uğurların sinoniminə çevrilib. Məsələyə daha geniş kontekstdə yanaşsaq, bəlli olar ki, Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrü əhatə edən tarixinin rəmzi kimi səslənir.
Heydər Əliyevin respublika rəhbərliyinə böyük qayıdışı siyasi–iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Elə o zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq–barmağa vurmayıblar. Kabinetlərdə boş–boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. İndi bu fəaliyyətin nəticələri artıq hər birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına Azərbaycan tərəqqi edir.
O dövrdə müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar oldu.
Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Bu da öz növbəsində dövlətçilik institutunu möhkəmləndirdi. Ölkə iqtisadiyyatının dirçəlişi yönümündə də çoxsaylı vacib müqavilə və proqramlar imzalandı, xalq təsərrüfatının ayrı–ayrı sahələrində perspektiv layihələr, islahatlar həyata keçirildi. Odur ki, 1995–ci ildən başlayaraq iqtisadiyyatın hər sahəsində inkişaf açıq–aydın gözə çarpmağa başladı.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası olduqca xüsusi əhəmiyyət kəsb edir. 1994–cü il sentyabrın 20–də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999–cu il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir.
İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik Bakı–Tbilisi–Ceyhan neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994–cü ildə çoxlarına əfsanə kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995–ci ildə qəbul olunmuş ilk Milli Konstitusiyada Azərbaycan Respublikasının dövlət quruculuğunun bütün sahələri öz əksini tapmışdır.
Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız–hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı–ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” — deyən ulu öndərimiz 2001–ci ilin noyabrında Bakıda bütün dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə də nail oldu.
Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşır. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.
Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub. Terrorçuluğa qarşı ümumdünya mübarizəsinin, ABŞ başda olmaqla yaradılmış koalisiyanın fəal üzvüdür. Ulu öndərimiz Heydər Əliyev qoyduğu möhkəm iqtisadi–siyasi bazaya əsaslanaraq tam arxayınlıqla deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.
Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA–nın reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir. Heydər Əliyev deyirdi: “Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz… Tarixi Böyük İpək Yolunun bərpası, milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir”.
Fenomenal şəxsiyyət, müdrik dövlət adamı, gözəl natiq, qeyri–adi yaddaşa, analitik düşüncə qabiliyyətinə və tükənməz siyasi iradəyə malik olmaq — yalnız kamil siyasi liderə xas olan bütün bu keyfiyyətlərin Heydər Əliyevdə cəmləşdiyini ictimai statusundan və sosial mövqeyindən asılı olmayaraq hər kəs, hətta dünya miqyasında tanınmış siyasətçi və politoloqlar da qəbul edirlər. Heydər Əliyev istənilən mürəkkəb siyasi prosesdən uğurla çıxmağı, ən çətin anlarda həlledici qərarlar qəbul etməyi, hadisələrə çevik reaksiya verməyi yüksək peşəkarlıqla, əsl siyasi liderə xas olan formada bacarırdı.
Yüksək humanizmə, uzaqgörənliyə, insanları düzgün tanımaq, mürəkkəb səraitdən məharətlə xalqı çıxarmaq keyfiyyətlərinə malik olan ulu öndər XX əsrin görkəmli liderlərindən biri olmuşdur. Onun bənzərsiz dövlət xadimi kimi şöhrət qazanmasında bütün fəaliyyətini dövlətin varlığına və inkişafına sərf etməsi olmuşdur.
Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxış edərkən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri–adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və sivasi dünyagörüşündəki dərinliyin və genişliyin bariz ifadəsidir.
Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünovrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Ulu öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü, özünün dediyi kimi, xalqına həsr etdi. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin “…İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kimi inamı da həyatda öz təsdiqini tapdı.
Dinamik olaraq inkişaf edən iqtisadiyyat bizə yaxın gələcəkdə qarşımızda duran məsələlərin qısa zamanda həll edilməsinə imkan yaradacaqdır.
Görülən işlər göz
qabağındadır. Ölkəmizdə qısa müddət
ərzində hər sahədə inkişaf
vardır. Azərbaycan yaxın zamanda
çox qüdrətli bir
ölkəyə çevriləcək, vətəndaşlarımız
əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan güclü, azad, sivil və gözəl ölkədə
yaşamaqları ilə fəxr edəcəklər.
Ağacan Abiyev,
millət vəkili.
Respublika.- 2012.- 11 dekabr.- S. 2.