| Ümummilli lider və Azərbaycan kəndinin müasir texnika təminatı

 

Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dönəmində iqtisadiyyatımızın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafında, xüsusən də aqrar bölmənin texnika təminatında müstəsna xilmətlər göstərmişdir. Ulu öndərin kənd təsərrüfatının inkişafına xüsüsi diqqət və qayğısını daha aydın təsəvvür etmək üçün onun hakimiyyətinin birinci dövrü ərəfəsində aqrar bölmənin vəziyyətinə, təhlilinə qısaca nəzər salmaq kifayətdir. Ötən əsrin 60–cı illərinin sonunadək iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı böhran və tənəzzül içərisində idi. Bu sahədə Azərbaycan müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tutur, dövlət tapşırıqları belə yerinə yetirilmirdi. Hər hektardan orta hesabla cəmi 10–11 sentner taxıl, 15–16 sentner pambıq, 40 sentner üzüm, 14 sentner meyvə istehsal olunurdu.

 

Heydər Əliyevin Azərbaycan KP MK–nın iyul (1969–cu il) plenumunda birinci katib seçilməsi ilə respublikada yeni ab–hava yarandı. Azərbaycan iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında baş alıb gedən gerilik obyektiv təhlil olunaraq tədbirlər planı hazırlandı və həyata keçirilməyə başlandı. Ümummilli liderin müdrik siyasəti nəticəsində Moskvanın diqqətini Azərbaycanın problemlərini həll etməyə yönəltmək mümkün oldu. 1970–ci il iyulun 23–də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul etdi.

Fitri istedad sahibi olan Heydər Əliyev kənd təsərrüfatının gələcəyini yalnız intensiv inkişaf amilləri əsasında görürdü və Moskvanı buna inandıra bildi. 1975–ci il iyulun 9–da Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” yeni qərar qəbul etdi. SSRİ kimi nəhəng dövlətin qısa zaman kəsiyində Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı dalbadal iki qərar qəbul etməsi respublika rəhbərliyinin qələbəsi idi və bu, Sovet İttifaqında Heydər Əliyevin böyük nüfuz sahibi olmasından xəbər verirdi.

Təbii ki, bu böyük insanın zəhməti hədər getmədi. Respublikamızda kənd təsərrüfatı mexanikləşdirildi, genişmiqyaslı meliorasiya təbdirləri həyata keçirildi, pambığın hər hektardan məhsuldarlığı 28 sentnerə çatdırıldı, onun dövlətə satış qiyməti təxminən 35 faiz artırıldı. Respublika tarixində ilk dəfə olaraq 1,2 milyon tona yaxın taxıl istehsal olundu.

Amma ağır zəhmət hesabına qazanılmış bu nailiyyətlər ötən əsrin 80–ci illərinin sonu 90–cı illərin əvvəllərində heçə endirildi. Səriştəsiz rəhbərlik, məsuliyyətsizlik ucbatından iqtisadiyyatın digər sahələri kimi kənd təsərrüfatı da tədricən tənəzzüllə uğradı.

1993–cü ilin ortalarında Heydər Əliyev xalqın təkidi və xahişi ilə ikinci dəfə respublikada ali hakimiyyətə gəldi. Cəbhə bölgələrinə və kənd rayonlarına ilk səfərləri, adamlarla görüşləri və söhbətləri zamanı bu sahəyə dərindən bələd olan Heydər Əliyev görürdü ki, ölkənin aqrar sahəsində yaranmış çox mürəkkəb vəziyyətdən çıxmaq, bir sıra köklü tədbirlərin kompleks formada həyata keçirilməsini təmin etmək obyektiv zərurətə çevrilmişdir. Həmin tədbirlər kompleksi sistemi ölkədə iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tuturdu. Bundan əvvəlki dövrlərdə islahat pərdəsi altında həyata keçirilən sistemsiz, xaotik, son məqsədi və nəticələri məlum olmayan tədbirlərdən fərqli yeni islahatlar proqramının qayəsi milli iqtisadiyyatın bazar münasibətlərinə keçməklə sağlamlaşdırılmasına yönəldilmişdi. Burada Azərbaycanın kənd təsərrüfatının və xalqın milli xüsusiyyətləri nəzərə alınmışdı.

Heydər Əliyev dəqiq qiymətləndirdi ki, aqrar islahatların aparılmasının həyata keçirilməsi işi qısamüddətli tədbir deyil, tarixi bir prosesdir. Bu prosesdə əvvəlki təsərrüfatçılıq mexanizmi yeni təsərrüfatçılıq mexanizmi ilə əvəz olunmalı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırılmalıdır. Köklü struktur dəyişiklikləri aparılmalı, dövlət mülkiyyəti özəlləşdirilməli, yeni mülkiyyət münasibətləri və çoxnövlü təsərrüfatçılıq formaları inkişaf etdirilməlidir. Sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilati və texniki şərait yaradılmalı, sahələrarası, müəssisələrarası və dövlətlərarası yeni istehsal–iqtsadi əlaqələr qurulmaqla kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əsl rəqabət mühiti formalaşdırılmalıdır.

İndi keçilmiş yola nəzər saldıqda təhlillər göstərir ki, bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə aqrar islahata başlamazdan əvvəl, yəni 1993–cü ilin ikinci yarısından sonra respublikada daxili ictimai–siyasi stabilliyə nail olunmuş, müstəqil Azərbaycan dövləti dünya ölkələri arasında tanıdılmış, bir sıra beynəlxalq təşkilatlarla iqtisadi–siyasi əlaqələr yaradılmışdır. Respublikanın ilk milli Konstitusiyası qəbul edilmiş, ölkə tarixində ilk dəfə olaraq çoxpartiyalı sistem əsasında demokratik parlament seçkiləri keçirilmiş və ali qanunvericilik orqanı olan parlament formalaşdırılmışdır.

Ulu öndərin rəhbərliyi altında aqrar sahədə bazar iqtisadiyyatına uyğun aparılan islahatlar onun bazasını təşkil edən “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında”, “Azərbaycan Respublikasında 1995–1998–ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” barədə, “Kəndli (fermer) təsərrüfatları haqqında”, “Kooperasiya haqqında” və s. qanunlara uyğun həyata keçirilmişdir.

Ölkədəki bütün sovxoz və kolxozlarda islahat aparılmış, onlarda əmlak, o cümlədən texnika fermerlər arasında pay kimi bölüşdürülərək özəlləşdirilmişdir. Aqrar bölmədə mövcud olan “Rayaqrotexservis” istehsalat birlikləri, təchizat bazaları, təmir zavodları və nəqliyyat müəssisələri özəlləşdirilərək səhmdar cəmiyyətlərinə çevrilmişdir.

Əvəzsiz istehsal vasitəsi olan torpağın şəxsi mülkiyyətə verilməsi adamların torpağa bağlılığının artmasına, ondan səmərəli istifadə edilməsinə, kiçik və orta sahibkarlığın inkişafına təkan vermişdir. Aparılan islahatlar nəticəsində sahibkarların xüsusi mülkiyyətə, o cümlədən texnikalara qarşı münasibəti yaxşılaşmışdır.

Görülən tədbirlərlə bərabər qeyd etmək lazımdır ki, 1991–ci ildə mərkəzləşdirilmiş sistem ləğv olunduqdan sonra kənd təsərrüfatının ehtiyacları üçün respublikaya maddi–texniki vasitələrin gətirilməməsi, sahibkarlarda olan texnikanın çox köhnə olması, onların çoxunun istismar müddətinin qurtarması və sayının azalması şumun, səpinin keyfiyyətsiz aparılmasına gətirib çıxarmış, kənd təsərrüfatı işlərində çətinliklər yaratmışdı. Təbii ki, bütün bunlar ümummilli liderin diqqətində idi və o, kənd təsərrüfatının texnika problemini həll etmək üçün tədbirlər görürdü. Məsələn, 1998–ci il ulu öndər Heydər Əliyevin Yaponiya səfərindən sonra respublikanın kənd təsərrüfatı üçün 21,8 milyon ABŞ dolları məbləğində qrant ayrıldı və onun hesabına respublikaya 773 ədəd kombayn, müxtəlif kənd təsərrüfatı texnikaları gətirilib sahibkarlara verildi.

Mən kəndin texnika təminatı ilə məşğul olan bir quruma rəhbərlik etdiyimə görə, şübhəsiz, ilk növbədə ümummilli liderin məhz bu sahədəki xidmətlərinə toxundum. Amma bu dahi insanın həyatının elə qiymətli məqamları var ki, bu yazıda ona toxunmasam, danışmasam, zənnimcə, düz olmaz. Ola bilər kimsə fikirləşsin ki, bu söhbətin texnikaya dəxli yoxdur, amma mövzuya, dahi Heydər Əliyevin bir daha böyüklüyünə çox dəxli var. Mən əslən Qərbi Azərbaycandanam, Göyçə mahalının Şişqaya kəndində doğulmuş və boya–başa çatmışam. Bizim kənddəki kolxoza mən yeniyetmə olanda əmim Mikayıl Bayramov rəhbərlik edirdi. Mən X sinifdə oxuyanda (1975–ci il idi) qonşu Norakent erməni kəndinin kolxoz sədri bizim camaata demədən çöldəki təxminən 100 hektar əkin sahəmizi şumlatmış və çuğundur əkmişdi. Bizim kolxozun sədri bunu eşidib qeyzlənmiş, bizə məxsus olan həmin 100 hektarı təzədən şumlatmış və buğda əkmişdi. Bunu eşidən ermənilər çox hirsləndilər və kolxoz sədri Mikayıl Bayramova hücumlar başlandı. Məsələ o qədər şişdi ki, bizim sədri Ermənistan KP MK–da müzakirə edib partiyadan çıxarmağı qərara aldılar.

Köməksiz qalmışdıq. Kim idi bizi müdafiə edən? Camaat Bakıya, ümid, pənah yeri olan Heydər Əliyevə müraciət etməyi qərara aldı. O vaxt Heydər Əliyevin Ermənistan rəhbərliyinə bircə telefon zəngi kifayət elədi ki, həmin 100 hektar torpağımızı geri qaytarsınlar, əmimə də toxunmasınlar.

Ona görə də Heydər Əliyev təkcə Azərbaycandakı yox, bütün dünyadakı azərbaycanlıların pənahı, ümid yeri və rəhbəri idi. Xüsusilə də Qərbi Azərbaycanda yaşayan bizim camaatın, çünki bizə qarşı erməni deportasiyası elə o vaxtlar da mövcud idi.

Mən bu böyük insanla ilk dəfə 2002–ci ildə Prezident Aparatında təşkil edilən sərgidə üz–üzə gəldim. O vaxt mən “Bakı şərab–1″də çalışırdım. Ümummilli lider məhsullara diqqətlə baxdı, müəssisənin fəaliyyəti ilə maraqlandı. Dedi ki, mən orada 1981–ci ildə olmuşam, müəssisə indi necə işləyir, nə kimi problemləri var? Mən də ona müəssisə və məhsulun istehsalı barədə ətraflı məlumat verdim. Təbii ki, ümummilli liderin tapşırıq və tövsiyələrini də diqqətlə dinləyib əməl etdim.

Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla dönmədən irəliləyir. Bunu 2003–cü il oktyabr ayının 15–də xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş İlham Əliyevin qətiyyətlə atdığı addımlar sübut edir. O, hələ yenicə formalaşmış Nazirlər Kabinetinin birinci iclasında Heydər Əliyev tərəfindən başlanmış aqrar siyasəti, yeni iqtisadi münasibətləri və sahibkarlığı inkişaf etdirməyi, aqrar islahatların ikinci mərhələsinə keçməyi, əhalinin maddi rifahının yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuşdur.

Cənab İlham Əliyevin 24 noyabr 2003–cü ildə “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, 11 fevral 2004–cü ildə “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq edilməsi haqqında”, 23 oktyabr 2004–cü il tarixli “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncamlarda Azərbaycan kəndinin dirçəlişi üçün bir çox tədbirlər kompleksi öz əksini tapmışdır.

Cənab Prezident kəndin texnika təminatına həmişə böyük diqqət yetirir. Təsadüfü deyil ki, nitqlərinin birində demişdir: “Aqrolizinq” Səhmdar Cəmiyyətinin fəaliyyəti sayəsində Azərbaycanda artıq kənd təsərrüfatı texnikası istehsal olunmağa başlamışdır. Bu da çox vacibdir. Biz maksimum dərəcədə yerli istehsalı gücləndirməliyik və bu bizim iqtisadi sahədəki prioritet məsələlərimizdən biridir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 oktyabr 2004–cü il tarixli sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və dövlət başçısının sonralar müvafiq sərəncamları ilə səhmdar cəmiyyətin fəaliyyət dairəsi ildən–ilə genişləndirilmişdir. Belə ki, kənd təsərrüfatı texnikalarının kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi ilə bərabər mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib müəyyən olunmuş qaydalara uyğun məhsul istehsalçılarına çatdırılması və kənd təsərrüfatında aqrotexniki xidmətlərin aparılması kimi əlavə funksiyalar da ona həvalə edilmişdir.

Bu işlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən və digər mənbələrdən “Aqrolizinq” ASC–yə ayrılmış maliyyə vəsaiti ilə yanaşı təkrar istifadə vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikaları, mineral gübrələr, texnoloji avadanlıqlar kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatını ciddi surətdə yaxşılaşdırmışdır. Aqrotexniki xidmətlər üzrə fəaliyyət dairəsi genişləndirilmiş və xidmətlərin keyfiyyəti xeyli yüksəlmişdir.

Dövlətin aqrar siyasətinin həyata keçirilməsinə xidmət edən “Aqrolizinq” ASC yarandığı vaxtdan 371,26 milyon manat dəyərində müxtəlif kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin və pestisidlərin istehsalçılara çatdırılmasını təmin etmişdir.

Ümumiyyətlə, fəaliyyətə başladığı 2005–ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 12 665 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1029 ədəd taxılyığan kombayn, 3619 ədəd traktor, 160 ədəd ekskavator, 7857 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və qoşqusu, 106 dəst texnoloji avadanlıq, 259,1 min ton ammonium nitrat (azot), 54,21 min ton superfosfat, 301,7 ton pestisidlər gətirilmişdir. Onların böyük əksəriyyətinin kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilməsi təmin edilmişdir. İndiyə kimi alınmış texnikalardan 7689 ədəd, o cümlədən 154 ədəd taxılyığan kombayn, 2608 ədəd traktor, 94 ədəd ekskavator və 4833 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları lizinq qaydasında mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə lizinqə verilmişdir.

“Aqrolizinq” ASC–nin kollektivi əmindir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra daha da tərəqqi edəcək, qüdrətli bir dövlətə çevriləcəkdir.

“Aqrolizinq” ASC öz fəaliyyəti çərçivəsində qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsində həmişə dövlətin, Kənd Təsərrüfatı Nazirliyinin köməyinə arxalanır və məhz bu dəstəkdən bəhrələnərək bundan sonra da uğurla işləməyə, bütün imkanlardan tam istifadə etməyə çalışacaqdır.

 

Əli Bayramov,

“Aqrolizinq” ASC–nin sədri.

 

 Respublika.- 2012.- 12 dekabr.- S. 4.