| Vətənə
və xalqa xidmətin misilsiz
nümunəsi
Ağlı və
hünəri ilə tarixin gedişini
dəyişmək, onun yaddaşında iz qoymaq hər adama qismət olmur. Uca Tanrı yalnız seçilmiş
bəndələrinə belə bir tale yazır, onları ən çətin
sınaqlardan keçirərək şan–şöhrətə
çatdırır. Ulu öndərimiz
Heydər Əliyevin timsalında Azərbaycan xalqı da bəşəriyyətin ən yeni tarixinə öz
imzasını yazan dahi
bir övlad yetirmişdir. Onun
dühasının işığı ilə xalqımız milli oyanış və dirçəliş yolu keçmiş, öz müstəqil dövlətçiliyini
bərpa edərək möhkəmləndirmiş, bir millət kimi yetkinləşmiş,
birliyə, həmrəyliyə qovuşmuşdur.
Azərbaycanın müasir tarixinin otuz ildən artıq bir dövrü ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai–siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda onun imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucalmışdır. Onun təkcə vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri unudulmazdır. Vəfatının doqquzuncu ildönümündə ulu öndərimizin xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində dərin ehtiramla yad edilməsi bunun sübutudur.
1960–cı illərin sonunda hakimiyyətə gələn Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş İttifaqın ən inkişaf etmiş respublikaları sırasına çıxardı.
Ulu öndərimiz özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikamızın iqtisadi potensilını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan necə sürətlə gerilikdən çıxaraq, bütün sahələrdə sıçrayışa nail olmuşdu. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol, əslində 1969–cu ildən–Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.
1969–1982–ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti–quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti–quruculuq işləri aparılırdı. Böyük fərəh hissi ilə deyə bilərik ki, Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində məqsədyönlü şəkildə apardığı tikinti–quruculuq işləri sayəsində Azərbaycan çoxlu maddi sərvətlər əldə etmiş, xalqımızın rifahı yüksəlmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyev ulu öndərin anadan olmasının 89–cu ildönümü münasibətilə keçirilmiş mərasimdə demişdir: “Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970–1980–ci illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə əsl dövlət adamı kimi doğma xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Hələ o dövrdə respublika iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sahədə–kənd təsərrüfatında ulu öndərin rəhbərliyi ilə həyata keçirilən yenilikçilik öz səmərəsini verirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən az sonra, 1970–ci ildə Heydər Əliyev “Azərbaycan SSR–də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki, çox nadir hadisə hesab edilirdi.
Heydər Əliyev böyük dövlət adamı, həm də bir tarixçi olaraq yaxşı bilirdi ki, iyirmi üç ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra vacib məsələlər kimi torpaq və ondan istifadə məsələsi də həll olunmamışdı. O zaman Zaqafqaziya Seymi torpaq islahatı haqqında qanun qəbul etmiş, lakin həmin qanun mülkədarların açıq narazılığına səbəb olmuşdu. Məhz elə bütün bunların nəticəsi olaraq Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi hökumət 1918–ci il iyun ayının 22–də Azərbaycanda torpaq islahatı haqqında Zaqafqaziya Seyminin qəbul etdiyi qanunun icrasını dayandırmalı oldu.
Bütün bunlara baxmayaraq, 1919–cu ilin iyun ayında torpaq haqqında islahat məsələsinin müzakirəsi yenidən Azərbaycan Parlamentinin gündəliyinə daxil edildi və təəssüflər olsun ki, bütün fəaliyyəti dövründə parlament torpaq islahatı məsələsini gündəmə gətirə bilmədi.
Bu kimi məsələləri dərindən bilən böyük dövlət adamı, ulu öndər totalitar bir rejimin məngənəsində sıxılan ölkəmizdə torpağın sahiblərinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb, Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla, bu imperiyanın böyük imkanlarından həssaslıqla istifadə etməklə torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini zəhmət adamlarının özlərinə qaytarılmasına nail olmağa çalışdı.
Məhz elə bütün bunların nəticəsi idi ki, 1960–cı illərin sonunda Azərbaycan iqtisadi inkişafın ən mühüm göstəricisi sayılan milli gəlirin artımına görə SSRİ məkanında axırıncı yerlərdən birini tutduğu halda, 1971–1975–ci illərdə ümumi gəlir 1969–cu ilə nisbətən 57% çox oldu.
Keçmiş İttifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli liderimiz övladı olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial–iqtisadi inkişafı naminə hər cür fədakarlıqlar göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir. Əlbəttə, Kremlin imperiya təfəkkürlü sahibləri öz parlaq dühası ilə onları kölgədə qoyan müdrik bir azərbaycanlının paxıllığını çəkməyə bilməzdilər. Məhz bu məkrli insanlar Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla xalqımıza ağır maddi–mənəvi zərbə vurdular.
Sonralar üzləşdiyimiz dəhşətli bəlalar, xüsusən təcavüzkar ermənilərin və onların himayədarlarının Azərbaycana qarşı fitnəkar niyyətləri, soydaşlarımızı öz ata–baba torpaqlarından didərgin salmaq, Qarabağı Ermənistana birləşdirmək cəhdləri də məhz Heydər Əliyevin, sözün həqiqi mənasında siyasi–mənəvi repressiyalara məruz qaldığı dövrdə gerçəkləşdi. Lakin həyatının daim təhlükədə olduğu vaxtlarda da ümummilli liderimiz doğma xalqının harayına səs verdi: 1990–cı ildə Qorbaçov hakimiyyətinin Bakıda törətdiyi qanlı qırğına sərt etirazını bildirdi, bu cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi, az sonra isə Dağlıq Qarabağ məsələsində keçmiş SSRİ rəhbərliyinin ikiüzlülüyünü ifşa edərək Kommunist Partiyası sıralarından çıxdı.
Azərbaycanın başı üzərini məhv olmaq təhlükəsi alanda ikinci dəfə yenidən böyük siyasətə qayıdan Heydər Əliyev özünün fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.
Həmin dövrdə respublikamızda rəhbərlik naşı adamların əlinə keçdiyindən qəbul edilmiş siyasi qərarlar ağ kağız parçası kimi göründü. Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə, əldə olanlarımız sapı özümüzdən olan baltaların köməkliyi ilə sərhədlərimizdən kənara daşınmağa başladı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində qərəzli müharibə alovu Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsinə gətirdi. Əslində 1918–ci ildə birinci dəfə müstəqilliyini əldə etdiyi kimi, ikinci müstəqilliyində də Azərbaycan olumla ölüm təhlükəsi arasında qaldı.
Vətənimizin bu ağır günündə elə bir liderə ehtiyac duyulurdu ki, o, xalqına, millətinə inana bildiyi kimi, xalq da ona arxalana bilsin. Bu lider isə böyük gərginliklər içində rus imperiyasının nəzarəti və təzyiqləri altında yaşamasına baxmayaraq, müvazinətini itirmədən, yalnız və yalnız Azərbaycan xalqının xoşbəxt taleyini düşünən böyük dövlət adamı, türk dünyasının qürur mənbəyi ulu öndər Heydər Əliyev idi.
Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar hadisələrində erməni şovinistlərinin rus imperiyasına arxalanıb Azərbaycanda törətdikləri qanlı cinayət hadisəsinə siyasi bəyanat verməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltməklə də Heydər Əliyev öz böyüklüyünü, əsl Azərbaycan oğlu olduğunu bir daha dünyaya sübut etdi. Bax, belə bir anda, belə bir zamanda Heydər Əliyev böyüklüyünə, ucalığına qısqanclıqla baxanların əksinə olaraq xalq öz xilaskarına, ümummilli liderinə üz tutdu.
Müstəqilliyini yeni bərpa etmiş, lakin səriştəsiz, naşı rəhbərlərin bacarıqsızlığı və milli mənafelərimizə zidd mövqe tutması nəticəsində suverenliyini itirmək, parçalanıb məhv olmaq təhlükəsinə məruz qalmış Azərbaycanı xilas etmək missiyası məhz bu dahi şəxsiyyətin, təcrübəli siyasətçinin üzərinə düşdü. Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışı millətimizin və dövlətimizin qurtuluşu idi. Bu qayıdışın bizə hansı uğuru gətirdiyi, müstəqil dövlətimizi hansı səviyyəyə çatdırdığı göz önündədir: bu gün sabitliyə, rifaha, yüksəlişə qovuşmuş Azərbaycan öz iqtisadi inkişaf tempinə görə hətta dünya miqyasında ön mövqeyə çıxmışdır. Ölkəmiz iqtisadiyatda keçid dövrünü uğurla başa çatdırmışdır, yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşmışdır.
Ulu öndər Azərbaycanda ikinci dəfə rəhbərlik etməsi ilə tarixin keçmiş dönəmlərinə qayıtmağı bacardı, xalq təsərrüfatının bütün sahələrində inkişaf üçün işıqlı yol göstərdi. Elmin bütün sahələrində uğurlar əldə edilməsində elm adamlarına arxa–dayaq oldu. Neft sənayesinin inkişafında xariqələr yaradılmasına öncüllük etdi. Azərbaycan torpağının, Azərbaycan xalqının oğlu olaraq o, torpağa bağlılığını sübut etməyi bacardı. Böyük öndər ölkəmizdə əldə edilən uğurlara qısqanclıqla baxanlara “Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın” deyirdi. Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi tələb edirdi. Ulu öndər deyirdi: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev isə ümummilli liderimizin ideyalarının hələ bundan sonra da gerçəkləşəcəyinə əminliklə inandığı üçün demişdir: “Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir”.
Məhz Heydər Əliyev böyüklüyü sayəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycan dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək, milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramlarının hazırlanmasına başladı.
Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi islahatlar, dövlət quruculuğu sahəsində islahatlar kursu genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk. Çünki bunun üçün həm təcrübə lazımdır, həm də gərək səhv buraxmayasan. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi təkmilləşir. Hesab edirəm ki, biz bunu başa çatdırandan sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha böyük imkanlar açılacaqdır”.
Bu gün də Azərbaycanın sosial–iqtisadi inkişafının təməlində ulu öndərimizin yaratdığı və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da möhkəmlətdiyi potensial dayanır. Təkcə “Əsrin müqaviləsi”nin adını çəkmək kifayətdir ki, Heydər Əliyev dühasının və uzaqgörənliyinin müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə, onun vətəndaşlarının rifahının yüksəlməsinə nə qədər böyük bir güc, qüvvə verdiyini təsəvvür edəsən.
Heydər Əliyev yalnız respublikada ikinci dəfə rəhbərliyə gəlişi ilə deyil, bütövlükdə bu böyük insan azərbaycanlı olması və siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində xalqımızı bir çox bəlalardan qurtarmaq üçün qurtuluş nöqtəsini qoymağı bacardı və bütün dünyaya bəyan etdi ki, müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır.
Akademik Ramiz Mehdiyev çox haqlı olaraq ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətindən danışarkən yazır: “Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərini həm onun çoxşaxəli fəaliyyətinin bütün məqamlarına, həm də dövlətçiliyin bütün sahələrinə münasibətdə tətbiq edilən yeni sözü ilə ifadə etmək olar. Hakimiyyət sükanını ələ aldığı ilk vaxtlarda o, fasiləsiz qeyri–müəyyənlik, siyasi fəhm, strateji zəka və taktiki peşəkarlığı bir araya gətirməklə, qısa zaman kəsiyində maksimum resursları səfərbər etməyə qabil olan böyük və uzaqgörən şəxsiyyət kimi özünü sübut etmişdir”.
Ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahədə iqtisadiyyatın inkişafının əsası aparılacaq torpaq islahatlarının nəticələrindən asılıdır.
Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin ölkəmizin birinci müstəqilliyində həyata keçirmək istədikləri və başa çatdıra bilmədikləri torpaq islahatları missiyasının ağırlığı da ölkəmizin ikinci dəfə müstəqillik əldə etdiyi dövrdə, ikinci dəfə ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyevin çiyinlərinin üstünə düşdü. Ulu öndərimiz bu missiyanı uğurla, şərəflə yerinə yetirdi.
Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi ötən doqquz il ərzində regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirməkdədir.
“Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyil… Azərbaycanın hər bir regionu inkişaf etməlidir Kənd təsərrüfatında aparılan islahatların ikinci mərhələsi başlanmalıdır”—söyləyən Prezident İlham Əliyev tərəfindən imzalanan, ölkəmizin hərtərəfli inkişafına xidmət edən “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008–ci illər)” mahiyyətcə heç də torpaq islahatlarından geri qalmamaqla, insan amilinin yüksəlişinə xidmət edən təkmil strategiya kimi qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009–cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət proqramı” əslində “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı (2004–2008–ci illər) Dövlət Proqramı”nın davamı kimi qiymətləndirilməlidir. Çünki bu Dövlət Proqramının vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri–neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial–iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
Şəhərlərin, rayonların, kənd və qəsəbələrin birbaşa inkişafına xidmət edən Dövlət Proqramı çərçivəsində bölgələrdə yeni idman kompleksləri, səhiyyə, təhsil ocaqları, zavodlar, fabriklər istifadəyə verildi. Əhəmiyyətli hadisələrdən biri də o olmuşdur ki, bu müddət ərzində çadır şəhərcikləri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər hər bir şəraitə malik olan mənzillərlə təmin olunmuşlar. Məhz torpaq islahatlarının və regionların sosial–iqtisadi inkişafı Proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ümumi daxili məhsulun istehsalına görə Azərbaycan adını lider ölkə kimi tarixə yazdı.
“2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 25 avqust 2008–ci il tarixli 3004 nömrəli Sərəncam ölkəmizin başçısı cənab İlham Əliyevin bir qayda olaraq, torpaq amilinə həmişə önəm verməsinin bariz nümunəsidir. Möhtərəm prezidentimiz cənab İlham Əliyev böyük uzaqgörənliklə dünyamızın gələcəkdə iqtisadi böhranla üzləşə biləcəyini gördüyündən zamanın axarını qabaqlayaraq Azərbaycan vətəndaşlarının sosial rifah halının daha da yaxşılaşdırılması və hər hansı bir iqtisadi böhrandan əzmlə çıxmaları məqsədilə imzaladığı həmin Dövlət Proqramını təsdiq edərkən həmçinin nəzərə almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaq ən başlıca və əvəzedilməz amildir.
Möhtərəm Prezident İlham Əliyev ölkəmizin aparıcı siyasi təşkilatı, ulu öndərimizin müdrikliyinin və uzaqgörənliyinin bəhrəsi olan Yeni Azərbaycan Partiyasının bu yaxınlarda keçirilən 20 illik yubileyində qarşıya qoyulmuş ən mühüm vəzifəni, hədəfi müəyyənləşdirərək demişdir: “Bizim artıq güclü dövlətimiz vardır—müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq—həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə…”
Bu gün ölkəmizin vətəndaşları ilə yanaşı, bütün dünya azərbaycanlıları ulu öndərimizin nəsillərə ərməğan etdiyi sərvətdən, mənəvi irsdən, uzaqgörən siyasətdən bəhrələnir. İndi hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır və həmişə də yaşayacaqdır!
Bizim hər birimiz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu
və memarı olduğu müasir
Azərbaycanda onun layiqli
davamçısı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə görülən
işlər uğurla davam
edəcəkdir.
Qərib
MƏMMƏDOV,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik.
Respublika.- 2012.- 12 dekabr.- S. 2.