| Xalqımız ulu öndəri ehtiramla yad edir
Azərbaycanın
çoxəsrlik tarixində Heydər Əliyev epoxası
müstəsna yer tutur.
Bu gün ulu öndərimiz cismən aramızda olmasa da onun
ideyaları yaşayır. Bu il də Azərbaycan xalqı öz
şanlı oğlu, unudulmaz
dahi şəxsiyyət Heydər
Əliyevin vəfatının ildönümünü
dərin məhəbbət və ehtiramla qeyd etdi. Bölgə müxbirimizin anım tədbirlərindən
hazırladıqları yazıları oxucuların diqqətinə
çatdırırıq.
Lənkəran
Azərbaycan
xalqının böyük oğlu, görkəmli dövlət
xadimi, ümummilli lider Heydər Əliyevin vəfatının
9–cu ildönümü ilə əlaqədar Lənkəran
şəhərindəki Heydər Əliyev Mərkəzində
anım mərasimi keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq–mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin nümayəndələri, ağsaqqallar, ziyalılar ulu öndərin büstü önünə gül dəstələri düzmüş, onun zəngin və şərəfli dövlətçilik fəaliyyətini əks etdirən sənədlərlə və eksponatlarla tanış olmuşlar.
Tədbir iştirakçıları ümummilli liderin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər. Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin mənalı ömür yolu və dövlətçilik fəaliyyəti barədə məruzə etmişdir.
İcra başçısı bildirmişdir ki, Azərbaycan bəşər tarixinə çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Dünya şöhrətli siyasətçi, xalqımızın əbədiyaşar lideri Heydər Əliyev nüfuzlu, təcrübəli dövlət xadimi kimi milyonların qəlbində özünə əbədi abidə ucaltmışdır. Böyük öndərin parlaq xatirəsi respublikamızda və onun hüdudlarından kənarda da böyük ehtiramla anılır.
Natiq 1969–cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin titanik fəaliyyəti sayəsində respublikamızın sürətlə inkişaf etdiyini, bütün sahələrdə yüksək nailiyyətlərin əldə olunduğunu, məhz o illərdə bugünkü müstəqilliyimizin təməlinin qoyulduğunu qeyd etmişdir.
Keçən əsrin 70–ci illərində ümummilli liderin rəhbərliyilə Lənkəran aqrar bir rayondan inkişaf etmiş sənaye, mədəniyyət mərkəzinə çevrilmişdir. O, Lənkərana dəfələrlə səfər etmiş, əməkçilərlə iş başında görüşmüş, insanlarla səmimi, mehriban ünsiyyət saxlamışdır.
1990–cı illərin əvvəllərində ölkəni iqtisadi, siyasi və hərbi böhran bürüyəndə xalq nicat yolunu möhtərəm Heydər Əliyevin hakimiyyətə gəlişində görmüşdür. Xalqın təkidli tələbilə ulu öndərimiz 1993–cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə qayıtmış, Azərbaycanı düşdüyü bəlalardan, faciələrdən xilas etmişdir. Müdrik rəhbərin yorulmaz səyləri sayəsində qısa vaxtda ölkədə ictimai–siyasi sabitlik yaradılmış, bütün sahələrdə uğurlu islahatlara start verilmişdir.
“Əsrin müqaviləsi”nin imzalanması digər sahələrin də inkişafına təkan vermiş, ölkəmiz dinamik inkişaf yoluna çıxaraq Qafqazda lider dövlətə çevrilmişdir.
Ümummilli liderin siyasi kursunu yüksək işgüzarlıq və uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə respublikamiz iqtisadi artım göstəricilərinə görə dünyanın sivil dövlətləri arasında öncül yerə çıxmış, beynəlxalq aləmdə nüfuzu daha da yüksəlmişdir.
Cənab Prezidentin regionların sosial–iqtisadi inkişafının sürətləndirilməsinə böyük önəm verdiyini bildirən icra başçısı son illər Lənkəranın sürətlə yeniləşdiyini, müasirləşdiyini, əhalinin rifah halının durmadan yaxşılaşdığını qeyd etmişdir.
İcra başçısı Taleh Qaraşov ulu öndərlə görüşlərini, rəhbərin tapşırıq və tövsiyələrini minnətdarlıqla xatırlayaraq Heydər Əliyev idarəetmə məktəbinin, zəngin nəzəri irsinin xalqımızın mənəvi sərvəti olduğunu, bu sərvətdən gələcək nəsillərin də bəhrələnəcəyini söyləmişdir. İllər, qərinələr keçəcək, lakin Heydər Əliyevə olan məhəbbət, sevgi heç zaman tükənməyəcək, o, həmişə xalqımızın qəlbində yaşayacaqdır.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov ulu öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən, milli təhsilimizin inkişafına göstərdiyi qayğıdan, universitetdə Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərdən danışmışdır.
Şair, tədqiqatçı alim, Prezident təqaüdçüsü Mirhaşım Talışlı xalqımızın əbədiyaşar liderinin ana dilimizin, ədəbiyyatımızın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırmış, ulu öndərlə bağlı xatirələrini söyləmişdir. 1998–ci il oktyabr ayının 5–də ümummilli liderin Lənkəranda cənub bölgəsinin seçicilərilə görüşü zamanı ona həsr etdiyi şeirini ulu öndər tərəfindən yüksək qiymətləndirdiyini bildirmişdir.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, YAP Lənkəran təşkilatının gənclər birliyinin sədri Yalçın Əliyev, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva mərasimdə çıxış edərək ulu öndərin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışmışlar.
Anım mərasimində ümummilli
liderin ömür yolunu və dövlətçilik fəaliyyətini
əks etdirən sənədli film nümayiş olunmuşdur.
Masallı
Ümummilli lider Heydər Əliyevin vəfatından 9 il keçir. Masallılılar ulu öndərin xatirəsini daim əziz tutur və ehtiramla yad edirlər.
Xalqımızın əbədiyaşar liderinin vəfatının ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, əmək kollektivlərində anım mərasimləri, xatirə gecələri keçirilmişdir.
Dekabrın 12–də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri, ziyalılar, İkinci Dünya və Qarabağ müharibələrinin veteranları, gənclər, məktəblilər, şəhər sakinləri Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə əklil, gül dəstələri qoymuş və onun parlaq xatirəsini böyük ehtiramla yad etmişlər.
Mərasimdə dünyaşörətli siyasətçi,
müstəqil Azərbaycan dövlətinin qurucusu
və banisi Heydər Əliyevin Vətən
və xalq qarşısında müstəsna
xidmətlərindən, çağdaş
tariximizdə əvəzsiz rolundan
danışılmış, ruhuna dualar oxunmuşdur.
Astara
Astaralılar ulu öndərimiz Heydər Əliyevin rayona tarixi səfərlərini, göstərdiyi diqqət və qayğını, Astara və astaralılar haqqında dediyi xoş sözləri həmişə minnətdarlıqla xatırlayırlar.
Azərbaycanın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 9–cu ildönümü ilə əlaqədar Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra başçısı yanında şuranın üzvləri, inzibati orqanların rəhbərləri, idarə, müəssisə və təşkilatların, mədəni–maarif müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə əklil və gül dəstələri qoymuşlar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində olmuş, ümummilli liderin ömür yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən fotostendlərə, eksponatlara baxmışlar. Mərkəzdə müdrik rəhbərin Astaraya səfərlərindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Ümummilli liderin anım günü ilə əlaqədar rayon icra hakimiyyətində elmi–praktik konfrans keçirilmişdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev giriş sözü söyləmiş və konfransın işinə uğurlar arzulamışdır. İcra başçısı bildirmişdir ki, ulu öndər 1993–cü ilin iyun ayında xalqın təkidli tələbilə hakimiyyətə qayıtmış, Azərbaycanı düçar olduğu fəlakətlərdən xilas etmiş və hazırkı firavan həyata qovuşdurmuşdur.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz səyləri sayəsində müstəqil dövlətimizin hərtərəfli inkişaf etdiyini vurğulayan icra başçısı Azərbaycanın dünyanın sivil dövlətləri arasında layiqli yer tutduğunu, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını bildirmişdir. Bütün bunlar astaralıları ürəkdən sevindirir. Bu gün fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi dahisi vardır.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova, rayon mərkəzi xəstəxanasının şöbə müdiri Fuad Səmədov və Astara şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Məmmədovanın məruzələri dinlənilmişdir.
Astara Pedaqoji Kollecinin
direktoru, fəlsəfə doktoru
Əlihəsən Həmzəyev, rayon mədəniyyət
və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov, rayon mərkəzi
kitabxana sisteminin direktoru Nazim Fərəməzov,
rayon tarix–diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova konfransda
çıxış edərək görkəmli dövlət
xadimi, dünya
miqyaslı siyasətçi Heydər Əliyevin
xalqımızın tarixində və taleyüklü
məsələlərin həllində müstəsna xidmətlərindən
ətraflı söhbət açmışlar.
Əlisəfa Həsənov,
Respublika.- 2012.- 13 dekabr.- S. 5.