| Nağdsız ödənişlərə keçmək günümüzün aktual məsələsidir

 

Bir müddət öncə “Azərbaycan Respublikasının ərazisində POS–terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS–terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı qüvvəyə minib. Bu sənədləri şərh etmək üçün Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif MusayevƏ müraciət etdik.

 

Akif müəllim, qəbul olunmuş qaydaların başlıca mahiyyəti nədən ibarətdir və tətbiqindən nə gözlənilir?

– Nağdsız hesablaşma sistemlərinin yaradılması və tətbiqi sahəsində normativhüquqi aktların qəbul olunması yeni məsələ deyil. Hələ ötən illər ərzində bu sahənin inkişaf etdirilməsini nəzərdə tutan bir sıra sənədlər qəbul olunmuşdur. Bu sənədlərə Azərbaycan Respublikasında “Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005–2007–ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin POS–terminalların tətbiqi və istifadəsi üzrə qəbul olunmuş müvafiq qərarları aiddir.

Azərbaycan Respublikasında mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması məqsədilə yuxarıda göstərilən normativhüquqi aktlarla müəyyən olunmuş tədbirlər icra olunaraq nağdsız elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi sahəsində müəyyən nailiyyətlər əldə edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində böyük məbləğli ödənişlərin real vaxt rejimində aparılmasına və xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar, o cümlədən plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradılmışdır.

Elektron ödəniş vasitələrinin tətbiqi ilə bağlı mövcud qanunvericiliyin təhlili göstərmişdir ki, nağdsız ödənişlərin daha da genişləndirilməsi üçün müvafiq əlavə və dəyişikliklərin aparılmasına zərurət vardır. Bu məqsədlə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS–terminalların quraşdırılması nəzərdə tutulmuşdur.

Bu Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının ərazisində POS–terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS–terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” 4 oktyabr 2012–ci il tarixli qərar qəbul edilmişdir. Bu qərarla təsdiq olunmuş qaydalar ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS–terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə POS–terminalların tətbiqi ilə bağlı digər münasibətləri tənzimləyir. Həmin qərara əsasən, Vergilər Nazirliyinə Mərkəzi Bankla birlikdə qərardan irəli gələn məsələlərin həllinin təmin edilməsi, aidiyyəti dövlət orqanlarına isə vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının kartlarla ödənilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi tapşırılmışdır.

Tapşırığın icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən geniş Tədbirlər Planı hazırlanmış və müvafiq əmrlə təsdiq olunmuşdur. Tədbirlər Planında POS–terminalların quraşdırılması, istifadəsi və tətbiqi üzrə təşkilati, nəzarət, maarifləndirmə, məlumatlandırma və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq Tədbirlər Planının icrasına başlanılmışdır. Əminəm ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq, müəyyən olunmuş tədbirlər yüksək səviyyədə yerinə yetirilməklə POS–terminalların geniş şəkildə tətbiqi və onlardan istifadə təmin ediləcəkdir.

– Sizcə, nağdsız ödənişlərin həcmini hansı formada daha da artırmaq olar? Məsələn, bunu inzibati yolla etmək mümkündürmü?

– İstənilən ödəmə prosesində, o cümlədən nağdsız ödəmələrdə iki əsas tərəf iştirak edir – ödənişi yerinə yetirən və ödənişi qəbul edən tərəf. Deməli, nağdsız ödənişlərin həcminin daha da artırılmasının ən optimal yollarından biri hər iki tərəfin marağını təmin etməkdir. Bu gün pul hesablaşmalarının aparılmasında nağdsız ödəniş formasının üstünlükləri heç kəsdə şübhə doğura bilməz. Dünya təcrübəsi göstərir ki, nağdsız ödənişlər hesablaşmalarda operativliyin, rahatlığın, təhlükəsizliyin və şəffaflığın təmin olunması deməkdir. Yəqin ki, heç kim bu üstünlüklərdən imtina etmək istəməz.

Qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, nağdsız ödənişlərin həcminin daha da artırılması üçün, ilk növbədə, ticarət və xidmət fəaliyyəti göstərən hər bir təsərrüfat subyektində elektron ödəniş vasitələri olan POS–terminalların quraşdırılması təmin olunmalıdır. Eyni zamanda, əhalinin geniş kütlələrinin təsərrüfat subyektlərində quraşdırılmış POS–terminallardan istifadəyə cəlb olunması üçün digər inzibati tədbirlərlə yanaşı, onlar arasında maarifləndirmə, məlumatlandırma işləri və stimullaşdırıcı tədbirlər görülməlidir.

– Nağdsız ödənişlərin stimullaşdırılmasında özəl sektorun fəaliyyətini necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, azad rəqabətə əsaslanan bazar iqyisadiyyatı şəraitində özəl sektorda, xüsusilə ticarət və xidmət sahələrində fəaliyyət göstərən hər hansı subyektin yüksək gəlirliliyini təmin edən əsas amillərdən biri geniş müştəri kütləsinin bu biznesə cəlb edilməsi imkanlarının olmasıdır. Belə bir imkanın əldə edilməsi üçün subyektin göstərdiyi xidmət yüksək keyfiyyətə malik olmalı və hər bir alıcı üçün maksimum əlverişli şərait yaradılmalıdır.

Bu gün aktiv əhalinin əksər hissəsi elektron ödəmələrin aparılması üçün plastik kartlara malikdir. Əhalinin bu hissəsi POS–terminal quraşdırılmış ticarət və xidmət obyektləri üçün böyük müştəri potensialıdır. Bu potensialdan istifadə olunmasında isə özəl sektorun özününçox böyük rolu olmalıdır. Buna nail olunmasının geniş yayılmış üsulları kimi plastik kartlar vasitəsilə ödəniş aparan müştərilərə sahibkarlar tərəfindən qiymət endirimlərinin tətbiqini və yaxud onlar arasında uduşlu lotereyaların keçirilməsini göstərmək mümkündür.

Bu gün artıq mətbuat və internet səhifələrində elektron ödəniş aparan alıcılara qiymət endirimləri edən bəzi özəl sektor subyektlərinin elan və reklamlarına rast gəlirik. Lakin təəssüf ki, belə subyektlərin sayı, hələlik, kifayət qədər deyil. Ümidvarıq ki, nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində dövlət qurumlarının həyata keçirdikləri tədbirlərlə yanaşı, gələcəkdə özəl sektorun stimullaşdırıcı tədbirlərinin rolu daha da artacaq.

– Nağdsız ödənişlərin stimullaşdırılması sahəsində dünya təcrübəsində hansı üsullar tətbiq olunurbu üsulların Azərbaycanda tətbiqi planlaşdırılırmı?

– Maliyyə əməliyyatlarında nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması həm biznes subyektləri, həm əhali və həm də bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə, dünyanın əksər ölkələri bu ödəniş formasının daha da genişləndirilməsində maraqlıdır.

Beynəlxalq təcrübədə nağdsız ödənişlərin genişləndirilməsi üçün daha çox stimullaşdırıcı tədbirlərdən və nağd ödənişlərə məhdudiyyətin qoyulması üsullarından istifadə olunur. Məsələn, Macarıstanda POS–terminalların quraşdırılması üçün 3 il müddətinə subsidiyalar verilir. İsveçdə plastik kartlar vasitəsilə il ərzində edilən ödənişlərin 2%–i həcmində əlavə bonus təqdim olunur. Kolumbiyada malların (işlərin, xidmətlərin) dəyəri plastik kartlarla ödənilərkən istehlakçılardan tutulan ƏDV–nin məbləği 2% həcmində azaldılır.

Bundan əlavə, bir sıra ölkələrdə nağd hesablaşmaların minimuma endirilməsi məqsədilə qanunvericilikdə məhdudiyyətlər qoyulmuşdur. Qazaxıstan, Rusiya Federasiyası, Belarus, Bolqarıstan və Fransanın qanunvericiliklərində təsərrüfat subyektləri arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmaların yuxarı həddi müəyyən edilmişdir. Müəyyən olunmuş həddən atrıq məbləğdə nağd hesablaşmalar aparıldıqda vergi ödəyicisinə qarşı qanunvericiliklə müəyyən olunmuş maliyyə sanksiyaları tətbiq edilir.

Nağdsız ödənişlərin stimullaşdırılması sahəsində beynəlxalq təcrübə yaxından öyrənilməklə bu sahədə daha müasir və qabaqcıl üsulların Azərbaycanda da tətbiqi məsələsi bugünün aktual məsələlərindəndir.

Akif müəllim, ətraflı şərhə görə təşəkkür edirik.

Qələmə aldı:

Ülvi QARAYEV,

 

Respublika.- 2012.- 13 dekabr.- S. 5.