| VƏTƏNƏ, XALQA HƏSR OLUNMUŞ ÖMÜR

 

Dahi şəxsiyyətlər yetirən millət, həqiqətən, uludur. Belə şəxsiyyətlər qabiliyyəti, xasiyyəti və yaradıcı fəaliyyətilə millətinin firavan və xoş sabahı üçün möhkəm zəmin yaradırlar. Türk dünyasının ata–babaları arasında xüsusi yeri olan, nadir zəka sahibi Heydər Əliyev belə bir şəxsiyyət idi.

1969–cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa bir müddətdə millətinin təhsilini, elmini, mədəniyyətini, ölkəsinin sənayesini, kənd təsərrüfatını inkişaf etdirmişdir. Onun gələcəyə ünvanlanan çıxışları, aldığı qərarlar və fərmanlar Azərbaycan türkünü daim şöhrətləndirmiş, Azərbaycanı irəli aparmışdır. O, Azərbaycanın qədim tarixini olduğu kimi dünyaya çatdırmaqla xalqının ululuğunu, dünyaya çox sayda dahi şair, yazıçı, alim və qəhrəmanlar verdiyini bəyan etməklə bütün dünya millətlərini öz millətinə ehtiramla yanaşmalarını təbliğ etmişdir.

Sənət və sənətkarın, ədəbiyyat və incəsənətin, poeziyanın qədir–qiymətini bilən ulu öndər vətəninin görkəmli sənətkarlarını, gözəl sənət incilərini himayə edərdi. Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirov: “Yaşlarımızın çox yaxın olmasına baxmayaraq, Heydər Əliyevi mən özümə ata bilirəm. Dünyaya gəldiyim gündən mən heç kəsdən Heydər Əliyevdən gördüyüm qədər qayğı görmədim. Yaradıcılıq sahəsində son on–on iki ildə qazandığım bütün nailiyyətlər üçün özümü ona borclu hesab edirəm. Sən bu qızıl ulduza elə–belə baxma (F.Əmirov Sosialist Əməyi Qəhrəmanı idi), bizim işlərimizin çoxu Rusiyadan, Moskvadan aşır. Hər yerdə bu ulduza görə qapılar üzümüzə taybatay açılır. Başqa respublikaların sənətkarları bizə qibtə ilə baxırlar, bilirsən nəyə görə? Bu ulduza görə yox, rəhbərimizin Heydər Əliyev olduğuna görə,” — demişdir.

Sovet hakimiyyəti illərində “milli ideologiya” söhbəti ola bilməzdi. Lakin millət olan yerdə bu ideologiyasız yaşamaq da mümkün deyildir. “Formaca milli” və ya “milli iftixar hissi” ifadələri altında daha ayıq millətlər və millət rəhbərləri milli ideologiyanın yaşamasına, təkcə yaşamasına deyil, dirçəlib inkişaf etməsinə də nail olurdular, hər şey bunun həyata keçirilməsi üsul və formasından asılı idi, gərək bədxahların əlinə bəhanə verməyəydin ki, səni “millətçiliklə” ittiham etməyələr. Azərbaycanda milli ideologiyanın yaşaması üçün ən münasib vasitə, ilk növbədə dahi Azərbaycan yazıçı, şair, bəstəkar və tarixi insanların tez–tez anılması idi. Dahi sənətkarların yubileyləri xalqa öz dərin mənalı tarixini yenidən yaşamaq imkanı verirdi. Azərbaycan tarixi ilə dərindən maraqlanan ulu öndərimiz Heydər Əliyev Azərbaycan tarixinin yazılmadığı bir mərhələdə son min ildə yetişmiş dahi yazıçı, şair, bəstəkar və tarixi insanların vasitəsilə xalqa zəngin keçmişə malik olduğunu dönə–dönə xatırladırdı və sübut edirdi ki, xalqın böyüklüyü heç də kəmiyyət anlayışı deyildir. Azərbaycanı dünyaya tanıtmaqda, xalqın öz böyüklüyünü dərk etməsində misilsiz vasitə olan yubileylərin keçirilməsini daim diqqət mərkəzində saxlayır, bu prosesdən mümkün qədər səmərəli istifadə olunması qayğısına qalır, bir çox çətin məsələlərin həllinə özü müdaxilə edirdi. Beləcə ümummilli liderimiz məşhur şair Nizami Gəncəvinin məqbərəsinin yenidən qurulması və onun 840 illiyinin qeyd olunması məsələsini qərara aldı. Yubiley münasibətilə dahi şairin adını daşıyan küçə başdan–başa abadlaşdırıldı. Azərbaycanın hər yerində Nizaminin adı ilə bağlı memarlıq abidələri yeniləndi, şairin irsi təbliğ edildi. Gəncə sözün əsl mənasında Nizami poeziyası ilə nəfəs aldı. O zamandan etibarən Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin poeziya günlərinin keçirilməsi bir ənənəyə çevrildi. Azərbaycanda və eləcə də şairin vətəni qədim Gəncədə həmin günlər əsl şeir–sənət bayramı kimi qeyd olunmuşdur.

Ulu öndərimizin bu istiqamətdəki xidmətlərini yubiley şənliklərinin birində dünyaca tanınmış şair Oljas Süleymenov belə qiymətləndirmişdir: “Azərbaycanda sənət və sənətkarın, ədəbiyyat və incəsənətin, poeziyanın qədir–qiymətini bilən Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev kimi partiya rəhbəri vardır. Mən Azərbaycanın iri addımlarını son illər hara gedirəmsə, harda oluramsa, daha tez–tez görür və eşidirəm. Təkrar edirəm, Azərbaycan son bir neçə ildə özünü təkcə vətəninizdə deyil, həm də xarici ölkələrdə yaxşı tanıdıb, yaxşı ad–san qazanıb”.

70–ci illərin əvvəllərində Azərbaycanın böyük şairləri Füzuli, Nəsimi və Molla Pənah Vaqifin yubileyləri təntənəli və dünya miqyaslı keçirilməsi üçün xarici ölkələrdən nümayəndələr dəvət olunmuş, tarixdə xüsusi yerləri olan bu şairlər barəsində iftixar hissi ilə geniş konfranslar keçirilmiş, məqbərələr qurulmuşdur. Hətta ulu öndərimiz Nəsiminin yubileyinə, o zaman Qazaxıstanda keçirilən Asiya–Afrika Yazıçılar Konqresinin bütün iştirakçılarını Bakıya dəvət etmiş, yubiley gecəsi müxtəlif irqlərə mənsub tanınmış Asiya–Afrika yazıçı və şairlərini səhnəyə dəvət etdirmiş, məşhur şairimizin yubileyini böyük bir hadisəyə çevirmişdi. Xarici ölkə qonaqları tarixdə analoqu olmayan dünyaca tanınmış bu şairlə və onu yetirən xalqla tanış olmalarından məmnunluq duymuşdular. Bu, ulu öndərimizin Azərbaycanı bütün dünyada daha yaxşı tanıtmaq arzusuna xidmət edirdi. Yəni bu, azərbaycançılıq ideyasının gerçək təbliği idi. Azərbaycançılıq ulu öndərimizin şah əsəridir.

Güclü dövlət ideyasını irəli sürən dahi rəhbər Heydər Əliyev bir çox vəzifələrin həlli üçün geniş tədbirlər həyata keçirmişdir. Onlardan birincisi və ən başlıcası sağlam düşüncəli, işgüzar milli kadrların hazırlanması olmuşdur. Buna görə, ilk növbədə təhsil sistemində daha ciddi işlərin görülməsi üçün iclaslar keçirmiş, təlimatlar vermişdir. 1970–1987–ci illər ərzində ölkədə 800–dən artıq məktəb binası tikilib istifadəyə verilmişdir. 15 mindən artıq azərbaycanlı gəncin Sovet İttifaqının 170–dən artıq məşhur ali təhsil ocaqlarında təhsil alıb bir mütəxəssis kimi yetişməsinə şərait yaratmışdır. Beləcə, Azərbaycanın gələcəyi üçün lazım olan mütəxəssislər hazırlandı, yeni tipli milli kadr bazası yaradıldı. Bu gün Azərbaycanın əksər sahələrində vaxtilə vətəndən uzaqda yüksək ixtisas qazanmış bu adamlar çalışmaqdadırlar.

“Xalqa xidmət etmək üçün onu sevmək azdır,” — deyən ulu öndər Moskvanın Bakıda qəbul edilən hər bir qərarın xırdalıqlarına qədər müdaxilə etməsinə baxmayaraq, milli köklərə və ana dilinə bağlı qalmışdır. Onun alimlər, şair və yazıçılarla keçirdiyi görüşlərdə ana dilindəki nitqləri xalqa böyük təsir bağışlayardı. Ümummilli liderimiz Heydər Əliyevin siyasi müdrikliyi qısa bir zamanda güclü bir idarə sistemi ilə nəticələndi, Azərbaycanda məhsuldar kənd təsərrüfatı, qüdrətli sənaye potensialı yaradıldı, nəhəng zavod və fabriklər fəaliyyətə başladı.

Onun yeritdiyi uğurlu xarici siyasət nəticəsində ölkə daxilində sabitliyin qorunması, iqtisadi islahatların aparılması, vətəndaş həmrəyliyi və milli birlik, müstəqil Azərbaycanın beynəlxalq miqyasda tanınması təmin olunmuş, Azərbaycan haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır. Bütün dünyada tanınan böyük siyasətçi, dövlət xadimi, fenomen yaddaş və təfəkkürə malik qeyri–adi nadir şəxsiyyət respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahənin inkişafına və təkmilləşməsinə daim fikir vermiş və əldə olunan bütün zirvələr bilavasitə onun adı ilə bağlıdır. Yorulmaq bilmədən çalışan ulu öndərimizin sayəsində sənaye sürətlə inkişaf etmiş, kənd təsərrüfatının bütün sahələrində rekord nəticələr qazanılmışdır.

1988–1993–cü illərdə Azərbaycanın başına gətirilən müsibətlər, torpaqlarımızın işğalı, ölkədə qarşıdurmanın son həddə gətirilməsi ulu öndər Heydər Əliyevin 1987–ci ildə siyasi arenadan uzaqlaşmasından sonra başlamışdır. Sənaye və kənd təsərrüfatı sektorları dağıdılmış, istehsalın səviyyəsi düşmüş, aclıq təhlükəsi yaranmışdı. Azərbaycan dünyanın siyasi səhnəsində təklənmişdi. Ona görə də xalq torpaqlarımızın toxunulmazlığını təmin etmək, milli suverenliyə nail olmaq, müstəqil dövlət qurmaq, xoşbəxt gələcəyimiz üçün möhkəm zəmin yaratmaq kimi ülvi məqsədlər ortaya qoyan və ağır keçid dövrünün enişli–yoxuşlu yolları ilə öz millətini itkisiz aparmağa qadir olan bir rəhbər axtarışında idi. Bəli, ölkəni ölüm məngənəsindən çıxarmaq üçün güclü, dünyanın qəbul edəcəyi bir liderə ehtiyac var idi. Bu lider dünyanın siyasi tarixini yaxşı bilməli, böyük təcrübəyə və yüksək şəxsi nüfuza malik olmalı idi. Bu parametrlər yalnız bir adamda vardı. O da ulu öndərimiz Heydər Əliyev idi. Bəli, xalqın ümid yeri o idi və xalq onu yenidən hakimiyyətə dəvət etdi.

Azərbaycanın siyasi gerçəkliklərini onun dünənində, bugünkü həyatında və gələcək taleyində bu böyük şəxsiyyətin rolunu təhlil etsək, aydın olar ki, bu dövlət xadiminin, müdrik insanın xalqın rəsmi siyasi lideri kimi hakimiyyətə ikinci dəfə qayıdışı, sözün əsl mənasında, Azərbaycanın müqəddəratı ilə bağlı reallıqlarından doğan obyektiv bir zərurət idi. Bu zərurət əhalinin əksəriyyətinin böyük şəxsiyyətin doğma vətəninin düşmüş olduğu bəladan xilas etməyə qadir olan siyasətinə və tükənməz enerjisinə dərin inamına əsaslanırdı. Ona görə də gərgin və böhranlı vəziyyətdə olan Azərbaycan xalqı tərəddüd etmədən yeganə doğru yolu seçdi və ulu öndər Heydər Əliyevi təkidlə tələb etdi.

Bu da bir həqiqətdir ki, bu dahi şəxsiyyət vətənə rəhbər seçildikdən sonra ölkədə diktatura rejimi yaratmağa çalışan qanunsuz silahlı dəstələrin fəaliyyətinə qısa müddətdə son verdi, vətəndaşların dinc şəraitdə və əmniyyət altında yaşamasını təmin etdi. On minlərlə soydaşımızın həyatını məhv etmiş qanlı müharibədə nəfəs dərmək üçün cəbhə xəttində atəşkəsə nail oldu. Yalnız belə bir şəraitdə Azərbaycan üçün yeganə məqbul inkişaf yoluna keçmək və xalqın rifahını yaxşılaşdırmaq məqsədilə geniş islahatlar aparmaq mümkün idi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tezliklə iqtisadiyyatımızın müasir tələblər səviyyəsində tərəqqisini təmin etmək üçün geniş tədbirlər proqramı hazırlayıb həyata keçirməyə başladı. İlk növbədə neft strategiyasının əsasını qoyaraq müstəqil dövlətimizin taleyində neft sənayesinin xüsusi rolunu və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirdi. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat–qat artırılmasına rəvac vermişdir. “Bakı–Tbilisi–Ceyhan” neft ixrac boru kəməri ulu öndərin iqtisadi siyasətinin böyük bəhrəsi və real təntənəsidir. “Bakı–Tbilisi–Ərzurum” qaz kəməri, “Bakı–Tbilisi–Qars” dəmir yolu layihəsi də Ceyhana uzanan nəhəng magistralı tamamlayır. Beləcə, ümummilli liderimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə özünə layiqli mövqe qazandı. Onun ardıcıl düşünülmüş xarici siyasəti, Azərbaycana dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağa can atan, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən ölkə imici qazandırdı. İlk növbədə erməni təcavüzü ilə əlaqədar dünya ictimaiyyətinin nəzərində Azərbaycana münasibətdə süni yolla yaradılmış mənfi təsəvvürlər alt–üst edildi. Heç şübhəsiz, ulu öndər Heydər Əliyevin uzaqgörən xarici siyasəti və diplomatik səyləri nəticəsində dünya birliyi kimin haqlı, kimin haqsız olduğunu dərk etdi. Məhz onun sayəsində bu gün Azərbaycan parçalanmaqdan uzaq, öz iqtisadi və siyasi potensialına görə regionun aparıcı dövləti kimi tanınmaqdadır. Azərbaycanda aparılan dövlət quruculuğu işinin xüsusiyyətləri ümummilli liderimiz Heydər Əliyevin qibtəediləcək, fövqəladə rəhbərliyi sayəsində həyata keçirilmışdır. Bu böyük insan hakimiyyətdə olanda da, olmayanda da doğma xalqının və torpağının hamisi olmuşdur. Mən fəxr edirəm ki, Türkiyə Böyük Milli Məclisində ulu öndərimizlə görüşmək mənə nəsib olmuşdur.

“Dünya bir pəncərədir” deyib aqillər. İnsan gəlir “pəncərədən” baxır, gedir. Hər kəs öz alın yazısını yaşayır. Kimi xatirələrdə əbədiyyətə çevrilir, kiminsə nə gəldiyi, nə getdiyi öz doğmalarından başqa heç kəsə məlum olmur. Kainatda seçkin yeri olan, ağıl, fikir və üstün zəka və qabiliyyətlə təchiz edilən insan yüksək bir qayə üçün yaradılır. Doğru deyiblər, belə insanlar yer üzünün əşrəfidir.

Dahi şəxsiyyətlər, müdrik rəhbərlər yetirən millət, həqiqətən, uludur! O böyük insan Azərbaycan üzərində sönməz bir günəş olaraq həmişə yaşayacaqdır.

 

Fazil QARAOĞLU,

professor.

 

Respublika.- 2012.- 13 dekabr.- S. 4.