| Heydər Əliyev və ana dilimiz

 

Dil hər bir xalqın mədəniyyətini nəsildən–nəslə ötürən bir vasitədir. Dil dövlət atributı, həm də böyük siyasi əhəmiyyəti olan bir vasitədir. O, öz hüdudunuhüququnu qorumalıdır. Heydər Əliyev deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm”.

Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvəyə qalxaraq beynəlxalq nüfuz qazanması həm də tarixi şəxsiyyətlərin adı ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, dilin inkişafında milli müstəqillik ideyalarını, dövlətçilik ənənələrini həyata keçirən qüdrətli dövlət başçılarının, xalqın tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin müstəsna rolu var. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlərin sırasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ən yüksək və şərəfli yerini tutur.

Hər hansı bir xalqın müstəqil dövlətə malik olması və onun dilinin dövlət dili elan edilməsi heçbu dilin kamillik dərəcəsinə dəlalət etmir. Dilin kamilləşməsi açılan imkanlardan, yaradılan şəraitdən asılıdır.

Elə ölkələr olmuşdur ki, müəyyən tarixi dövrlərdə onların ərazisində dövlət dili bir, elmi dil başqa, poeziya dili isə tamam başqa olub. Məsələn, orta əsrlərdə bir çox ölkələrdə fars dili poeziya dili, ərəb dili elmi dil kimi, Qərb intibahından sonra bütöv Avropa ölkələrində latın dili elmi dil kimi istifadə edilmişdir. Müasir dövrdə ingilis dili bu missiyanı öz üzərinə götürmüşdür.

Böyük dil o dil sayılır ki, onunla bütün peşəkar fəaliyyət sahəsi inkişaf edə bilsin.

Azərbaycan dili əsrlərin sınağından çıxaraq bir sıra istiqamətlərdə peşəkar dil üslublarının öhdəsindən gəlmişdir. Bədii dil olaraq Azərbaycan dili nə qədər zəngin idisə, elmi dil, fəlsəfi dil, siyasət dili, ən başlıcası dövlət dili olaraq bir o qədər məhdud idi. Qarşıda böyük bir vəzifə dururdu: dövlətçiliyin inkişafı ilə yanaşı dövlət diliniinkişaf etdirmək! Dövlət dilini inkişaf etdirmək üçün dövlətçilik təfəkkürü lazım idi. Bu təfəkkür isə ən yüksək səviyyədə Heydər Əliyevə xas idi. Ötən əsrin 60–cı illərini yada salaq: Azərbaycanda bütün rəsmi, hətta qeyri–rəsmi yığıncaqlar rus dilində aparılır, sənədlər rus dilində tərtib olunurdu. Yuxarı dairələrdə kök salmış kosmopolit əhval–ruhiyyənin nəticəsi idi ki, öz ana dilini bilməyən, ona xor baxan bir zümrə yığılmışdı. Dilimizin təəssübünü çəkənlərə millətçi damğası vurulurdu. Heydər Əliyev hakimiyyətə məhz belə vaxtda gəlmişdi. Onun yığıncaq və tədbirlərdə Azərbaycan dilində çıxış etməsi az qala sensasiya kimi qarşılanırdı. Onun təşəbbüsü və qətiyyəti ilə 1978–ci ildə qəbul olunmuş Azərbaycan SSR–in Konstitusiyasının 73– maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi o dövr üçün olduqca cəsarətli və qətiyyətli bir addım idi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdarkən Azərbaycan dilini mükəmməl bilmək və onu inkişaf etdirmək vəzifəsini qarşıya qoydu. Dövlət başçısı 18 iyun 1996–cı ildə Nazirlər Kabinetinin geniş iclasında bildirdi ki, bizim rəhbər vəzifəli şəxsləri bir neçə dəfə xəbərdar etmişəm ki, Azərbaycan Respublikasının dövlət diliana dilimiz Azərbaycan dilidir. Hər yerdə, bütün sənədlərdə, iclaslarda dövlət dili işlənməlidir. Təəssüf olsun ki, bəzi rəhbər şəxslərimiz Azərbaycan dilini zəif bilir, onlar dövlət dilini bilmək üçün tədbirlər görməlidirlər.

18 iyun 2001–ci il dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Prezident Heydər Əliyevin fərmanı və 2009–cu ildə dövlət dili haqqında qanun Azərbaycan dilinə böyük qayğı və hörmətin ifadəsi idi. Heydər Əliyev ana dilini bilməyənləri mənəvi cəhətcə şikəst adlandırırdı. O, gənclərə dönə–dönə tövsiyə edirdi ki, onlar öz milli dəyərlərinə sadiq qalsınlar, ana dilini mükəmməl bilsinlər. Ölkə başçısı müstəqil Azərbaycan Respublikasında gənclərin 5 fevral 1996–cı ildə keçirilən 1–ci forumunda demişdir: “Məni bu gün bu forumda sevindirən cəhətlərdən biriodur ki, çıxış edən bütün gənclər Azərbaycan dilində çox sərbəst, çox səlis danışırlar. Bir neçə il öncə bunu görmək mümkün deyildi. Amma bu gün çıxış edənlər məni heyran etdilər, bizim dilimizin zənginliyini və Azərbaycanda hakim dil olmasını nümayiş etdirdilər. Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, rus dilini də, ingilis dilini də, fransız, ərəb dilini də mənimsəsin. Amma bunlardan əvvəl öz ana dilini mənimsəmək lazımdır. Bu dildə yaxşı danışmaq, bu dili sevmək lazımdır. Öz dilini bilməyən öz tarixini yaxşı bilməyəcək, mədəniyyətimizi bilməyəcək, milli mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək, onları bilməsə o, vətənpərvər olmayacaq”.

Heydər Əliyev gərgin zəhmətinin bəhrəsi olan dünya azərbaycanlılarının I qurultayında demişdir: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini—Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir, qorumalıdır”.

Azərbaycan dilini xaricdə yaşayan azərbaycanlıların öyrənməsi üçün diasporlarda müəyyən tədbirlər həyata keçirilmişdir.

Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə dünyanın ən mədəni xalqlarının dili səviyyəsinə yüksəlmiş Azərbaycan dili bir dağ çayına bənzəyir. Lermontov Azərbaycan dili haqqında belə demişdir: “Qərbdə fransız dili nə qədər gözəldirsə, Şərqdə Azərbaycan dili o qədər gözəldir”. Azərbaycan dilini qorumaq uğrunda XVI əsrdə Şah İsmayıl Xətai, 1919–cu ildə ADR Cümhuriyyəti mübarizə aparmış, hərbi nazir S.Mehmandarov bütün millətlərdən olan hərbçilərə vaxt vermişdir ki, Azərbaycan dilini öyrənsinlər, əgər öyrənməsələr tutduqları vəzifədən azad olacaqlar. Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov Azərbaycan dilini qorumaq, inkişaf etdirmək üçün mübarizə aparmışlar. Lakin onun tam bərqərar olmasına hərtərəfli tətbiqinə nail ola bilməmişlər. Heydər Əliyev isə ana dilimizin statusunu özünə qaytarmışdır.

Heydər Əliyev ana dilini təkcə ünsiyyət vasitəsi kimi qiymətləndirmirdi. Ana dilinin arxasında millət durur, mənəviyyat durur, vətənpərvərlik durur, milli qürur durur deyirdi. Azərbaycan dili bu gün dərin fikirlərə, ən incə çalarlara qədər olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlükdə ifadə etmək kamilliyinə yetişməsi üçün hər hansı xalqa bir neçə min illik yaşaması lazımdır. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Ana dili hər kəs üçün vətəndir, Aydır, günəşdir, havadır, torpaqdır, ucsuz–bucaqsız kainatdır. İnsan vətənini itirib müvəqqəti qürbətdə yaşaya bilər, azadlığını itirib bir müddət asılı qala bilər, ümid sönməyibsə faciə deyil, necə ki, Azərbaycan xalqı dəfələrlə belə sınaqlarla qarşılaşmış və hər dəfə öz dilinə söykənərək milli ruhunu qoruyub saxlaya bilmişdir. Biz bu gün ulu öndər Heydər Əliyevi böyük minnətdarlıq hissi ilə, xoş duyğularla xatırlayırıq. Heydər Əliyev Azərbaycan məfkurəsini, Azərbaycan dilini, milliliyini qaytardı. Biz bu gün Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərini xatırlayırıq, onun əziz xatirəsi qarşısında baş əyirik. Yazını Azərbaycan dilini ulu öndərimizin tövsiyə etdiyi kimi qiymətləndirən görkəmli şairimiz Tofiq Bayramın misraları ilə bitirirəm.

Qalxıb şah dağına söz istəyirəm,

Çatsın hay–harayım dinləyənlərə.

Mən nankor deyirəm, nacins deyirəm

Öz ana dilini bilməyənlərə.

 

Mən qədim “Qarabağ şikəstəsi”yəm,

Üzeyir nəfəsli gül dəstəsiyəm.

Vaqifin, Vurğunun nifrət səsiyəm

Öz ana dilini bilməyənlərə.

 

Şairəm, adım da Tofiq Bayramdır,

Bu dilCəngisəsi, ana laylamdır.

Vətənin çörəyi tamam haramdır

Öz ana dilini bilməyənlərə.

 

Nəzakət ABDULRAZAQOVA,

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının

şöbə müdiri.

 

Respublika.- 2012.- 14 dekabr.- S. 4.