| Unudulmaz ELM XADİMİ

 

Ulu Tanrı yaratdığı hər bir insana müəyyən bir ömür bəxş edir. O kəslər xoşbəxtdir ki, öz ağlı, biliyi, zəkası, zəhməti, əməli, ədəb–ərkanı ilə ona verilən həyatı məzmunlu və mərdanə yaşayır. Həm cəmiyyətə, həm insanlara səadət bəxş edir, həm də xalqı, milləti, övladları yaşanmış bu ömürdən qürur duyur, iftixar hissi keçirirlər. Belələri şəxsiyyət zirvəsinə ucalır, əsl vətən övladı olurlar.

 

1907–ci il dekabr ayının 15–də Zəngəzur qəzasının Comərdli kəndində (indiki Ermənistan respublikası Sisyan rayonu) anadan olmuş Həsən Əlirza oğlu Əliyev də belə şəxsiyyətlərdəndir.

105 illik yubileyi qeyd olunan dünya şöhrətli görkəmli təbiətşünas, torpaqşünas, coğrafiyaçı, ekoloq alim, dəyərli insan, el ağsaqqalı, Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, kənd təsərrüfatı elmləri doktoru, professor Həsən Əliyevin tərcümeyi–halına, həyatına göz yetirdikdə bu yaşanmış ömrün də kəşməkəşliyinə və zənginliyinə əmin olursan.

O, daima axtarışda olmuş, enişliyoxuşlu, çətin, lakin, şərəfli bir ömür yolu keçmişdir. Böyük bir insan, alim, ziyalı və şəxsiyyət idi Həsən müəllim!

Böyüklüyü onun zəhmətsevərliyində, vətənpərvərliyində, tələbkarlığında, qayğıkeşliyində, yüksək mədəniyyətində, millətsevərliyində, təəssübkeşliyində, ciddiliyində, təşkilatçılığında, yüksək intellektə və elmi səviyyəyə malik olmasında, müdrikliyində, eləcə də gözəl ailə başçısı, sadə, təvazökar və sayılıb–seçilən bir el ağsaqqalı olmasında idi.

Hər cür çətinliklərin sınağından bacarıqla çıxmış, böyük həyat təcrübəsi, zəngin dünyagörüşü, güclü yaddaşafitri istedada malik olan bu insanın özünəməxsus həyat tərzi, dəsti–xətti, öz elmi yolu, elmi məktəbi olmuşdur. Akademik Həsən Əliyevin ömür yoluna və çoxşaxəli elmiictimai fəaliyyətinə qısaca nəzər saldıqda bu böyük və fədakar insanın möhtəşəm obrazı göz önünə gəlir.

10 yaşında olarkən daşnaq ermənilərin Zəngəzurda törətdikləri dəhşətli vəhşilikləri öz gözləri ilə görmüş Həsən müəllim, çox böyük fəlakət və çətinliklərlə 1917–ci ildən doğmaları ilə birgə Naxçıvan şəhərində özlərinə sığınacaq tapır və kiçik yaşlarından etibarən əmək fəaliyyətinə başlayır, axşam məktəbində təhsil alır, daha sonra orada Kənd Təsərrüfatı texnikumunda təhsil almaqla yanaşı, işləyərək valideynlərinə köməklik göstərir .

1930–1932–ci illərdə Həsən Əliyev Azərbyacan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirir və Gəncə şəhərindəki Qarayeri sovxozpartiya məktəblərində müəllimlik etməklə, ailəyə əl tutur.

1934– ildə Pambıqçılıq İnstitutunda aspiranturanı başa vurduqdan sonra bir müddət Ucar və Gəncə zona Təcrübə Stansiyalarında direktor vəzifəsində işləyir, 1935–ci ildən etibarən isə əmək fəaliyyətini Bakı şəhərində davam etdirir və 1941–ci ilə qədər SSRİ EA Azərbaycan filialı Torpaqşünaslıq bölməsində elmi işçielmi katib işləməklə yanaşı eyni zamanda Pedaqoji institutda coğrafiya fənnini tədris edir.

1941–ci ildə Moskvaya dissertasiya işini müdafiə etmək məqsədilə gedən Həsən müəllim, Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Bakıya qayıdır və imtiyazlı olmasına baxmayaraq, könüllü olaraq hərbi xidmətə gedir, orada rota komandirinin siyasi məsələlər üzrə müavini olur. 1943– ildə ağır yaralanır və arxa cəbhəyə qaytarılır. 1944– ildən Az.EA–nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləməklə, dissertasiya işini müdafiə edir.

Daha sonra Botanika institutunda direktor, 1952–1968–ci illərdə kənd təsərrüfatı nazirinin I müavini, EA–nın həqiqi üzvü, akademik katibi, Az. KP MK katibiüzvü olmuşdur. 1965–ci ildə doktorluq dissertasiya işini müdafiə etmişdir. 1968–1987–ci illərdə Coğrafiya İnstitutunun direktoru, 1987–ci ildən ömrünün sonuna qədər isə həmin institutun müdiriyyəti nəzdində məsləhətçi işləmişdir.

Fəaliyyəti dövründə Həsən Əliyev Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və Təbiəti Mühafizə komissiyasının sədri, bir çox beynəlxalq cəmiyyətlərin üzvü, beynəlxalq konfransların, simpoziumların, qurultayların təşkilatçısı, iştirakçısı, Bakı şəhər və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Həsən müəllimin ölkəmizdə və dünyanın bir çox ölkələrində müxtəlif dillərdə 500–dən artıq elmi əsəri nəşr edilmişdir. Eləcə də onun elmi rəhbərliyi altında onlarca elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. SSRİ dövründə onun bu misilsiz zəhməti yüksək qiymətləndirilərək “Qırmızı ulduz”, ” Şərəf nişanı”, ” Qırmızı Əmək Bayrağı” ordeni, “Vətən müharibəsinin birinci dərəcli Ordeni”, bir çox medallar və fəxri fərmanlarla təltif edilmişdir. Bütün bunlarla yanaşı, Həsən müəllimin qazandığı ən böyük mükafatlardan biri də xalqının, millətinin, elinin və obasının ona göstərdiyi sevgi, hörmət və ehtiramı olmuşdur.

Həsən müəllim dünyanın bir çox ölkəsində, o cümlədən 5 qitənin hamısında olmuşdur və həmişə deyirdi ki, öz ölkəmiz qədər mənə xoş təsir bağışlayan ikinci bir ölkə tanımıram. Buranın insanları da, iqlimi də, torpağı, suyu, meşəsi, havası da əvəzolunmazdır. Burada yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Qaş kirpiyi, kirpik isə gözü qoruduğu kimi, bizim hər birimiz Allahın bizə bəxş etdiyi bu neməti göz–bəbəyimiz təki qorumalıyıq, onun keşiyində durmalıyıq, qayğısını çəkməliyik. Həsən müəllimin Azərbaycan və rus dillərində nəşr etdirdiyi “Həyəcan təbili” əsəri XX əsrdə elmə verdiyi ən gözəl hədiyyədir. Həmin əsərin hər iki nəşrini öz imzası ilə o, mənə də hədiyyə vermişdir.

Kitabın Azərbaycan dilindəki nəşrini oxuduqdan sonra deyəndə ki, Həsən müəllim, kitab çox xoşuma gəldi, həm də çox gözəl poetik dildə yazılıb, gülümsəyərək, “mənim uşaqlıqdan poeziyaya, şeirə çox böyük həvəsim vardı”, — dedi.

Bu haqda xalq şairi Nəriman Həsənzadə yazmışdır: “Bütün varlığı ilə elə–obaya bağlı olan bu böyük insan şeirin, sözün, sənətin aşiqi idi”.

Vətənə bağlı bir insan kimi torpağın mühafizəsi Həsən müəllimin həmişə diqqət mərkəzində olmuşdur. O, deyirdi: “Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim “çörək ağacımız” olmaqla yanaşı, həm də yaşayışımızın ibtidasını təşkil edir. Torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir, torpaq vətən deməkdir. Ana öz döşlərində balasına süd verdiyi kimi, torpaq da insanları yedirir, içirirgeydirir. Onu dinləmək, görmək və hiss etmək lazımdır”.

Akademik Həsən Əliyev torpağın üst məhsuldar qatının eroziyaya uğrayaraq dağıldığına, çirkləndirildiyinə, məhsuldar torpaqların üzərində tikintiinşaat işlərinin aparılmasına öz etirazını həmişə kəskin olaraq bildirmişbütün cəmiyyəti torpağın qayğısına qalmağa çağırırdı.

Bir sözlə, Həsən müəllim təbiət vurğunu idi. O, torpağın da, meşələrin də, su hövzələrinin də, təbiətin fauna və florasının da qayğısına eyni qaydada qalır və onların qorunması üçün var qüvvəsini əsirgəmirdi. O, ölkəmizin hər yerini, demək olar ki, qarış–qarış gəzmiş, gördüklərini həmişə çiynində gəzdirdiyi fotoaparatın lentinə köçürər, vaxt tapan kimi onların fotoşəkillərini çox zaman özü çıxarar və vaxtaşırı respublikamızın bütün bölgələrində təbiətin mühafizəsi ilə bağlı maraqlı mühazirələr söyləyər, əhalini bu sahəyə diqqətli olmağa çağırar və maarifləndirərdi.

Uzun müddət Həsən müəllimlə birgə “Azərbaycan təbiəti” jurnalının nəşr olunmasında fəaliyyət göstərən görkəmli xalq şairi Məmməd Araz yazırdı: “Azərbaycan torpaqşünaslıq elmi öz yaranışı, inkişafı, tədqiqat yolu üçün həmişə Həsən Əliyevin ruhuna baş əyməlidir”. Əgər Həsən Əliyev kimi insanlar olmasaydı, dağlar arxasız, çaylar məcrasız, düzlər çəmənsiz, meşələr kimsəsiz, təbiət isə yiyəsiz qalardı.

Həsən müəllimin özü isə deyirdi: “Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhimsiz və vicdansız ola bilməz”.

Ötən əsrin 70–ci illərindən yaxından tanıdığım, şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiyim görkəmli şəxsiyyət Həsən müəllimlə müxtəlif yerlərdə olan çoxsaylı görüşlərimdən deyə bilərəm ki, o, təkcə özü üçün, Azərbaycan elminin inkişafı üçün yaşamadı, eyni zamanda bu nəcib insan xalqı, milləti, eli, obası üçün yaşadı.

İmkansızların dayağı, haqqın müdafiəçisi, xüsusən də yaradıcı gənclərin pənahı idi, Həsən müəllim. O, həmişə deyərdi, sənə pənah gətirəni imkanın daxilində naümid qaytarma. Etdiklərinə görə də heç bir təmənna gözləmə.

Bu gün onun ruhu qarşısında baş əyirik və nə qədər ki, müstəqil dövlətimiz var, xalqımız var, Həsən Əliyevin tövsiyələri yaşayacaq, o daima yad ediləcək və əziz xatirəsi uca tutulacaqdır.

 

Kamil FƏTƏLİYEV,

Azərbaycan Elmi–Tədqiqat

Aqromexanikaİnstitutunun

direktoru, professor.

 

Respublika.- 2012.- 15 dekabr.- S. 13.