| Şah
İsmayıl Səfəvinin obyektiv tarixi qiymətinin verildiyi
ünvan*
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
Şah İsmayıl Səfəvinin “ana dilimizi,
vicdanımızı və Vətənimizi qoruyaq” vəsiyyəti
ilə başlayan “Şah İsmayıl Səfəvi ali məramlı
tarixi şəxsiyyət kimi” fundamental elmi məqaləsi
ölkə ziyalıları tərəfindən tarix elmində
əhəmiyyətli
hadisə kimi dəyərləndirilir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın, Azərbaycan xalqının, onun tarixi və mədəniyyətinin çoxəsrlik köklərə malik olduğunu qeyd etməklə yanaşı, zəngin tariximizin heç də həmişə düzgün və ciddi elmi meyarlarla təqdim edilmədiyini də vurğulayır. Akademik Ramiz Mehdiyev bu haqda yazmaq məsuliyyətini üzərinə götürən bəzi müəlliflərin baxışlarının müəyyən hallarda qərəzli, subyektiv olduğunu və onların anlamazlıq sindromu kompleksindən əziyyət çəkdiklərini qeyd etmişdir: “Azərbaycanın, Azərbaycan xalqının, onun tarixi və mədəniyyətinin çoxəsrlik kökləri var. Buna baxmayaraq, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır. Mənim fikrimcə, buna təəccüblənməyə dəyməz, çünki bunu uyduranlar anlamazlıq sindromu kompleksindən əziyyət çəkənlərdir. Bu sindrom onları elə vəziyyətə gətirib çıxarır ki, klinik müdaxilə olmasa, daimi hallüsinasiyalardan yaxa qurtarmaq mümkün deyildir”.
Hörmətli akademik Ramiz Mehdiyev çox haqlı olaraq tarixin dərk olunmasında siyasətin müəyyənedici rol oynadığını qeyd edir: “İş elə gətirmişdir ki, tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır. Nəticədə biz tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcburuq. Lakin biz siyasətdən kənar yaşaya bilmərik, çünki siyasət müasir dövrdə insanın həyat fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Bu səbəbdən də biz öz tariximizə münasibətdə bəzən səhvlərə yol veririk: ya öz keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaqda davam edirik”.
Akademik Ramiz Mehdiyev xalqda özünə inam, mənəvi qüvvə yaranmasında tarixin və tarixi yaddaşın vəhdətinin vacibliyini qeyd edərək yazır: “Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, “özünün kim olması”, mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün “nə etməli” olduğunu qərara alır”.
Hörmətli müəllif məqalədə tarixi obyektiv qiymətləndirmənin, qədim tarixin öyrənilməsinin vacibliyini elmi əsaslarla şərh edir: “Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir”.
Akademik keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmağı tövsiyə edir, keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yarandığını, keçmişindən məhrum olanların mənəvi boşluq dilində danışmağa başladığını vurğulayır: “Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır”.
Hörmətli akademik Azərbaycan tarixində siyasi, mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlərin olduğunu, bu şəxsiyyətlərin lazımi səviyyədə öyrənilməməsini haqlı olaraq tarixçilərin və mənbəşünasların passivliyi ilə əlaqələndirir.
Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolunun hələ də sona qədər öyrənilməməsinə, dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş bir sıra aspektlərini dərindən və sistemli şəkildə ümumiləşdirən araşdırmaların yoxluğuna, xalqımızın dünyaya bəxş etdiyi görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların zəif aparıldığına təəssüflənən hörmətli Ramiz Mehdiyev yazır ki, “Dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir. Lakin “milli kodu” dəyişməyi təklif edərkən keçmişimizlə bağlı hər şeyi inkar etməyə aludə olmamalıyıq, əks halda “çirkli su ilə bərabər körpəni də tullamış” olarıq. Təəssüf ki, son dövrlərdə işıq üzü görmüş bəzi nəşrlər məhz bu cür təəssürat yaradır”. Göründüyü kimi, hörmətli akademik tariximizlə bağlı olan tədqiqatlarda tarixi nailiyyətlərimizi obyektiv şəkildə dəyərləndirməyi əsas şərtlərdən biri hesab edir.
O, Nizami Gəncəvi, Nəimi, Nəsimi, Füzuli, Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və ən yeni tarixdə isə ulu öndər Heydər Əliyev kimi şəxsiyyətlərin fəaliyyətlərini yüksək qiymətləndirir və onları yolgöstərən ulduz adlandırır. Hörmətli Ramiz Mehdiyev tarixi şəxsiyyətlər arasında Şah İsmayıl Səfəvinin xüsusi dəyərə malik olduğunu bildirir: “Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi sima var ki, onunla bağlı polemika və diskussiyalar artıq beş əsrdir səngimir. Söhbət Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi (1487–1524) haqqındadır. Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir”.
Şah İsmayıl barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş müəlliflərin baxışlarının bəzi hallarda birtərəfli və subyektiv xarakter daşıdığını bildirən hörmətli Ramiz Mehdiyev bu sahədə aparılan tədqiqatların qənaətbəxş olmadığını qeyd edir: “Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxt və kim tərəfindən yazılmasının, onları yazanların hansı dünyagörüşünə xidmət etməsinin və hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmilik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır”.
Hörmətli akademik orta əsrlərdə və ən yeni tarixdə Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçən, qərəzli mövqe tutan müəlliflərin mənbələrdən qeyri–obyektiv və qeyri–tənqidi şəkildə istifadə etmələrinə əsas amil kimi siyasi məqsədləri göstərir: “Tarixi detalların fetişləşdirilməsi heç də həmişə baş verən hadisələrin obyektiv mənzərəsini, tarixi proseslərin dərinliyini görməyə imkan vermir. Orta əsrlər tarixinə aid bəzi əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlar prizmasından baxılır, yəni bütün ictimai–siyasi proseslərə siyasi–dini mənada yanaşılır. Halbuki dini münaqişələr və müharibələr deyilən hadisələrin tarixi göstərir ki, onların arxasında siyasi maraqlar və məqsədlər gizlənir”.
Hörmətli akademik Ramiz Mehdiyev 2012–ci il noyabrın 24–də “Zerkalo” qəzetində tarix elmləri doktoru Fərid Ələkbərlinin “Şah İsmayıl. Şair, qəhrəman, yoxsa təfriqəçi?” sərlövhəli məqaləsini misal gətirərək bir sıra tədqiqatçıları “Şah İsmayıl Səfəvi şəxsiyyətinə, və milli dövlətçiliyimizə qara yaxanlara dəstək durmamağa çağırır: “Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır”.
Hörmətli Ramiz Mehdiyev Azərbaycanın sonrakı tarixində baş verən xoşagəlməz hadisələri və işğal faktını Şah İsmayıl Səfəvinin fəaliyyəti ilə bağlamağa cəhd göstərənləri məntiqin qanunlarından birini, məhz kafi əsas qanununu inkar etməkdə günahlandırır: “Onlar məntiqin qanunlarından birini, məhz kafi əsas qanununu inkar edir. Şah İsmayıldan sonrakı iki yüz il ərzində ölkədə mərkəzi hakimiyyətdən asılı olmamaq iddiasına düşmüş Azərbaycan xanlıqları tərəfindən separatist ambisiyalar güclənmişdir. Dövlət çevrilişləri, Azərbaycan türkləri elitasının məhv edilməsi, zəif şahların hakimiyyətə gəlməsi, regionda və bütün dünyada yeni güc mərkəzlərinin yaranması, xaricdən daimi təhlükələr, dövlətin idarə edilməsində və ordunun modernləşdirilməsində zəruri islahatlar aparılmaması bu və bir sıra başqa amillər nəticəsində Azərbaycan özünü müdafiə etmək qabiliyyətini itirmişdi. Buna görə də Şah İsmayılın hakimiyyətindən iki yüz il sonra Azərbaycanın bir hissəsinin onun təqsiri üzündən zorla Rusiya imperiyasına birləşdirilməsi barədə iddialar tarixi inkişafın məntiqinə o qədər də uyğun gəlmir. Bu, cəfəngiyat deməsək də, ən azı, ədalətsizlikdir”.
Hörmətli akademik Şah İsmayıl Səfəvinin siyasi fəaliyyətinə kölgə salmaq niyyətində olanların irəli sürdükləri iddiaların nə qədər qeyri–obyektiv olduğunu elmi əsaslarla şərh edir. Hörmətli Ramiz Mehdiyev Fərid Ələkbərlinin Şah İsmayılla bağlı qənaətlərindəki qüsurları, xüsusilə onun Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmasını, Osmanlı imperiyası ilə uğursuz müharibəyə başlamasını, Şirvanşahlar dövlətinə qarşı qəddarlığını söylərkən regionda cərəyan edən hadisələri nəzərə almamasını tənqid etməklə yanaşı, onun Azərbaycan xalqının formalaşması tarixinin kökləri ilə bağlı fikirlərində haqlı olduğunu qeyd etmişdir: “F.Ələkbərli haqlı olaraq göstərir ki, Azərbaycan xalqının formalaşması prosesi müxtəlif mərhələlərdən keçmişdir. Tarixi inkişaf nəticəsində çox vaxt qədim tayfaların dilləri və adları dəyişmiş, onlar bir–biri ilə qaynayıb qarışaraq yeni tayfa ittifaqları formalaşdırmış, yeni dövlətlər yaratmış, yeni dinləri və ənənələri qəbul etmişlər. Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI–XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır”.
Hörmətli müəllif daha sonra Güntay Gəncalpın 2012–ci ildə Bakıda “Qanun” nəşriyyatında nəşr edilən “Səfəvilər” kitabını həm dəyərləndirmiş, həm də tənqid etmişdir. Adı çəkilən müəllifin İran, Türkiyə, Rusiya, Qərb və Azərbaycan müəlliflərinin külli miqdarda əsərlərindən mənbə kimi istifadə etməsini dəyərləndirməklə yanaşı, çoxsaylı tarixi məlumatların arasında yaxşını pisdən seçə bilməməsini tənqid etmişdir. Xüsusi ilə Şah İsmayıl Səfəvinin silah gücünə insanları öz etiqadından döndərməsi, zorla şiəliyi qəbul etdirməsi kimi hallara tarixilik baxımından yanaşılmasının vacibliyini xüsusi vurğulamışdır: “Hətta bu deyilənlər həqiqətə uyğun olsa belə, qızılbaşları bu addımı atmağa məcbur edən səbəbləri göstərmək lazımdır”.
Səfəvilərin fəaliyyəti barədə G.Gəncalpın çıxardığı bəzi nəticələrə nəzər salan hörmətli akademik Ramiz Mehdiyev Şah İsmayılın qızılbaş tərəfdarları ilə birləşərək, türk mədəniyyətini məhv etməsi və modern fars milliyyətçiliyinin əsasını qoyması kimi yanlış iddiaları elmi və məntiqi əsaslarla cavablandıraraq yazır: “G.Gəncalp Şah İsmayılı bütün günahlarda ittiham edir, Səfəvilər dövrünü az qala tariximizin qara səhifəsi hesab edir. Etiraf etməliyəm ki, o, öz mühakimələrində orijinal deyildir, çünki yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər.
Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir. Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimizin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir”.
Hörmətli akademik İsmayıl Səfəvinin 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoymasını, bu hərəkatın qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayılmasını, təkcə Azərbaycan torpaqlarını deyil, bəzi başqa ölkələri də əhatə edən böyük dövlət yaratdığını, aktiv siyasi, hərbi və ideoloji fəaliyyətini dolğun şəkildə şərh edir. Xüsusi ilə İsmayıl Səfəvini yüksək hərbi istedada malik olduğunu Şirvanşah Fərrux Yəsarla, Ağqoyunlu Əlvəndlə, Sultan Murad Ağqoyunlu ilə, özbək xanı Məhəmməd Şeybani ilə, I Sultan Səlim ilə apardığı döyüşlərlə və sözü gedən beş döyüşdən ilk dördündə əldə etdiyi parlaq qələbələrlə əsaslandırır.
Hörmətli akademik Ramiz Mehdiyev Şah İsmayıl Səfəvinin fəaliyyəti haqqında Qərbdə, Şərqdə, o cümlədən vətəni Azərbaycanda aparılan tədqiqatlarda bu böyük şəxsiyyətin Azərbaycan dövlətçilik xidmətlərinin ön plana çəkilmədiyi səbəbindən onun guya iranlıları türklərdən xilas etməyə, əzəli İran torpaqlarını birləşdirməyə və İran milli dövləti yaratmağa çalışması kimi məntiqsiz iddiaları tənqid etmişdir. Belə məntiqsiz iddiaları hörmətli müəllif Şah İsmayılın tarixinin gözəl bilicisi kimi dəyərləndirdiyi Azərbaycan tarixçisi Oqtay Əfəndiyevin çoxsaylı mənbələrə əsaslanaraq söylədiyi “Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdur” fikirlərlə cavablandırmışdır.
Hörmətli akademik M.F.Minorski V.V.Bartold, N.D.Mikluxo–Maklay, P.Petruşevski, A.Y.Krımski, B.N.Zaxoder, F.Köprülüzadə, K.E.Bosvort kimi Cənubi Qafqazın və İranın tarixinə dair fundamental araşdırmalar aparmış tədqiqatçıların əsərlərinə də istinad etmişdir.
Hörmətli akademik Ramiz Mehdiyev mənbələrdə Səfəvilər dövlətinin banisinin türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərən çoxsaylı mülahizələri və tarixi faktları elmi əsaslarla tədqiq etmiş, Şah İsmayılın Azərbaycan dilində təkcə gözəl şeirlər, poemalar yazdığını deyil, həm də dövlət fərmanları imzaladığını, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olduğunu və Səfəvilər dövlətində bütün sahələrdə I Şah Abbasın islahatlarına qədər Azərbaycan elementinin üstün siyasi rol oynadığını faktlarla əsaslandırmış və göstərmişdir ki, “Şah İsmayıla qədər Azərbaycan hökmdarlarından heç kim bütün Azərbaycan torpaqlarını məhz vahid siyasi və ideoloji bayraq altında birləşdirə bilməmişdi”.
Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədi misal çəkən hörmətli müəllif Şah İsmayılın Azərbaycan türkləri içərisindən çıxmış elm adamlarını öz ətrafında birləşdirməklə dövlətçiliyin elmi və yaradıcı potensialını formalaşdırdığını yüksək qiymətləndirərək yazmışdır: “Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb–yaratması ənənəsinə birdəfəlik son qoyuldu”.
Şah İsmayılın keçmişin mədəni və mənəvi irsinə çox həccaslıqla yanaşdığını qeyd edən hörmətli müəllif onun qədim kitab kolleksiyalarının saxlanıldığı, xəttatların, rəssamların, nəqqaşların, cildçilərin çalışdığı kitabxanaların yaradılmasına xüsusi diqqət yetirdiyini, Təbriz şəhərində çox qiymətli kitabların, əlyazmaların toplandığı Səfəvi saray kitabxanasının yaradılması barədə imzaladığı fərman bariz şəkildə göstərmişdir.
Hörmətli Ramiz Mehdiyev Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmasını, Hindistandakı Böyük Moğollar imperiyası ilə də kifayət qədər möhkəm dostluq əlaqələri yaratmasını Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi qiymətləndirmişdir.
Şah İsmayılın səyləri ilə Azərbaycan amilinin orta əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz siyasi təşəkkülünü tapdığını vurğulayaraq yazır: “Artıq o vaxt bu amil müasir dövrdə bizim “azərbaycançılıq” ideyası kimi qavradığımız fenomeni formalaşdırdı.
Şah İsmayıl fəlsəfəsində Azərbaycan amili xüsusi ideoloji konstruksiya kimi xalqın daxili tələbatının ödənilməsinə, onun spesifik maraqlarının təmin edilməsinə yönəlmişdi. Əgər o dövr üçün işlədilə bilərsə, “azərbaycançılıq” bir növ milli identifikasiya forması kimi çıxış etməyə başlamışdı”.
Hörmətli akademik Ramiz Mehdiyev Səfəvilər sülaləsinin ərəb əsilli olmasını sübut etməyə cəhd göstərənlərin mülahizələrini tutarlı elmi sübutlarla heçə endirir: “Bir sıra hallarda Şah İsmayılın özü də sərkərdə, uzaqgörən dövlət xadimi kimi yetişməsində böyük rolu olmuş xilaskarların və tərbiyəçilərinin lap uşaq vaxtlarından ona təlqin etdikləri bu versiyaya müraciət etmişdir. Lakin sülalənin tarixinin daha dərin tədqiqi sübut etdi ki, bu qəbildən olan fikirlər ideoloji–konyunktura xarakteri, siyasi xarakter daşımışdır və məqsəd böyük xalq kütlələrini vahid mərkəz ətrafında birləşdirmək idi. Həqiqətən də, strateji məqsədlərə nail olmaq üçün birləşdirici ideya lazım idi. Şiəlik təriqəti “Zahirən sünnü və şiə ideoloji kontekstdə Osmanlı imperiyasının əsas rəqib kimi seçilməsini heç də təsadüf hesab etməyən hörmətli müəllif Səfəvilərin Yaxın Şərqdə nüfuz uğrunda mübarizədə sultan Türkiyəsi ilə toqquşmanın qaçılmaz olduğunu əsaslandıraraq yazır: “Həmin vaxt bu iki türk fövqəl dövlətinin Yaxın Şərqdə ciddi geosiyasi, ideoloji və iqtisadi maraqları var idi. İki türk imperiyasının toqquşmasını şiələr və sünnilər arasında din müharibəsi hesab edənlər kökündən yanılırlar. Həm Səfəvilər imperiyasının, həm də Osmanlı imperiyasının son məqsədi yeganə dünya dövləti olmaq idi. Bunun üçün dünya müsəlmanlarının iki əsas müqəddəs mərkəzi olan Məkkə və Mədinənin yerləşdiyi Hicazı ələ keçirmək lazım idi. Bu strateji məqsədə can atılması Çaldıran döyüşündən sonra müşahidə olunan proseslərdə də öz təsdiqini tapır”.
Beləliklə, hörmətli akademik Səfəvi–Osmanlı münaqişəsini Osmanlı və Səfəvi dövlətləri arasında özünün geosiyasi və geoiqtisadi kulminasiya nöqtəsinə çatan rəqabətin qarşıdurma forması kimi qiymətləndirir.
Hörmətli müəllif digər tərəfdən Səfəvi–Osmanlı münasibətlərinin kəskinləşməsinə Qərbi Avropa ölkələrinin siyasətinin də təsir göstərdiyini yazır: “Hər şey son dərəcə sadədir – Qərb diplomatiyası öz ölkələrini təhlükədən qorumaq üçün I Səlimin müsəlman Şərqində hökmranlığı ələ keçirmək istəyindən bəhrələnmiş və proseslərin gedişini vaxtında öz xeyrinə yönəldərək, Şah İsmayılın xarici siyasətdəki oxşar cəhdlərindən öz maraqları naminə istifadə etmişdir. Bütün dünya tarixi göstərir ki, beynəlxalq siyasətdə fəal rol oynayan dövlətlər – Osmanlı və Səfəvi imperiyaları isə o vaxt öz fəallıqlarının zirvəsində idilər – müharibə formasındakı mütəşəkkil zorakılığa ya daim hazırlaşmış, ya cəlb olunmuş, yaxud da müharibədən sonra qüvvəsini bərpa etmişlər. Əfsuslar olsun ki, etnik birliyə baxmayaraq, iki türk imperiyasının bir–birini inkar edən maraqları var idi və Avropa bundan istifadə etmək fürsətini əldən vermədi”.
Hörmətli müəllif Çaldıran döyüşünün nəticələrindən asılı olmayaraq Şah İsmayılın dühasını, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini danılmaz tutarlı elmi dəlillərlə təhlil edərək bu böyük şəxsiyyəti mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövlətinin qurucusu, milli poeziyanın, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaradan dövlət xadimi kimi dəyərləndirmişdir: “Onun dövrü haqlı olaraq orta əsrlərdə Ön Asiya tarixində ən mütərəqqi dövrlərdən biri sayılır. Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı. Azərbaycan hər zaman öz dini dözümlülüyü və tolerantlığı ilə seçilsə də, bu keyfiyyətlər rəsmi siyasət qismində hərtərəfli təzahürünü yalnız Şah İsmayılın hakimiyyətdə olduğu illərdə tapmışdı”.
Hörmətli akademik Ramiz Mehdiyev məqalənin sonunda Şah İsmayıl Səfəvinin timsalında hazırda olan daxili problemləri uğurla çözələyən, beynəlxalq vəziyyətdən gözəl baş çıxaran böyük dövlət lideri obrazının göründüyünü bildirərək qeyd edir: “Şah İsmayılın obrazı təbiətin Azərbaycan xalqına necə böyük mənəvi və fiziki potensial bəxş etməsinin nümunəsi olmuşdur və olacaqdır. Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar. Haradan qaynaqlandığından asılı olmayaraq tariximizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Zəngin keçmişə malik formalaşmış millət olmağımızı dünyaya yalnız bu yolla bəyan edə bilərik”.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dünya tarixinin təcrübəsinə əsaslanaraq göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Bu baxımdan Şah İsmayıl Səfəvi ilə ulu öndər Heydər Əliyev şəxsiyyətinin vəhdət təşkil etdiyini söyləmişdir:
“Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi”.
Heç şübhəsiz ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi ümumiyyətlə ictimai elmlər, o cümlədən də Azərbaycan tarixşünaslığı qarşısında, xüsusilə Şah İsmayıl Səfəvinin yaratdığı Səfəvilər dövlətinin tarixi əhəmiyyətiylə bağlı ciddi vəzifələr qoyur.
Bu məqalə Azərbaycan tarixinin bir sıra
məsələlərinin obyektiv şəkildə yenidən
araşdırılması üçün təməl prinsip
rolunu oynayacaqdır.
Samir PİŞNAMAZZADƏ,
AMEA Gəncə Regional Elmi Mərkəzin
elmi işlər üzrə direktor müavini,
baş elmi işçi.
Respublika.- 2012.- 15 dekabr.- S. 11.