| QƏHRƏMANIN ADINA LAYİQ

 

Azərbaycan xalqı yalnız qədim tarixi, mədəniyyəti, özünəməxsus adətləri, təfəkkür tərzi ilə deyil, həm də qəhrəmanlıq ənənələri ilə tanınır. Təkcə ötən yüzilliyə nəzər salsaq, bu ənənələrin ən müxtəlif dövrlərdə layiqincə davam etdirildiyni, yeniyeni qəhrəmanlıq nümunələri ilə zənginləşdirildiyini görərik. 1918–1920–ci illərdə — Azərbaycan Demokratik Cümhuriyyəti dövründə və aprel inqilabından sonra Sovet ordusunda xidmət etmiş artilleriya general–leytenantları Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, generalmayor Həbib bəy Səlimov kimi görkəmli hərbçi–sərkərdələrimizin, İkinci dünya müharibəsində düşmən mazğalını sinəsi ilə qapayaraq cəbhədaşlarının hücumuna yol açan Gəray Əsədov, Adriatik dənizi sahillərində əfsanəvi igidlik göstərmiş Mehdi Hüseynzadə, Stalinqrad döyüşlərində faşistlərə sarsıdıcı zərbələr endirmiş tank qoşunları generalmayoru Həzi Aslanov kimi misilsiz şücaətlər göstərmiş cəsur eloğlularımızın, eləcə də Qarabağ müharibəsində erməni təcavüzkarlarına qarşı mübarizədə şəxsi igidlik və şücaət göstərmiş Etibar İsmayılov, Əlif Hacıyev, Mehdi Abbasov, Yura Kovalyov, Əlyar Əliyev, Səfəralı Qurbanov, Mübariz İbrahimov kimi yüzlərlə fədakar oğullarımızın qəhrəmanlıq səlnaməsi hər birimizin qəlbində milli fəxarət hissi doğurur.

Bu sırada 1991–ci il noyabrın 20–də Xocavənd (kecmiş Martuni) rayonunun Qarakənd kəndi yaxınlığında “vertalyot qəzası” adlı erməni terrorunun qurbanı olan digər dövlət xadimləri, respublikamızın vətənpərvər oğulları kimi, generalmayor Məhəmməd Əsədovun da əziz xatirəsi xalqımız tərəfindən unudulmur. Artıq iyirmi ilə yaxındır ki, adı bir əsgər bayrağı kimi uca tutulur, ömür kitabı dönə–dönə vərəqlənir, sətir–sətir əzbərlənir… Xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakının Xətai rayonunda, Sumqayıt şəhərində, Zəngilan, Beyləqan, İmişli, Ağdaşbaşqa rayonlarda onlarca küçə və prosrektlərə, məktəb və idarələrə M.Əsədovun adı verilmişdir. Haqqında çoxsaylı məqalə, müsahibə, xatirə, oçerk, şeir, esse yazılmışdır. Hüquq elmləri doktoru, professor Məmmədxan Rəsulov “Əmək hüquqlarının əsasları” adlı sanballı monoqrafiyasını Məhəmməd Əsədovun əziz xatirəsinə ithaf edib. T.Mehdixanlının və Əsədov qardaşlarının tərtib etdikləri “Yolunu gözləyirik…” toplusunda (Bakı, Mütərcim, 2000) mənalı həyat və fəaliyyətinin ayrı–ayrı parçalarını əks etdirən maraqlı xatirələr toplanıb. Yazıçı–publisist E. Mehrəliyevin təqdim etdiyiTale döyüşü” sənədli romanı da, əslində, onun ömür kitabından, hələ də gözümüzün qarşısından getməyən, yaddaşlardan silinməyən parlaq həyat və fəaliyyətindən bir bəhs edir.

Məlumdur ki, Sovet İttifaqının süqutu ərəfəsində və Azərbaycanda milli–azadıq hərəkatının gücləndiyi bir dövrdə ölkəmiz erməni–daşnak qüvvələri və onların himayədarları tərəfindən təhdid və təcavüzə məruz qaldı. Əvvəlcə etnik təmizləmə siyasəti nəticəsində iki yüz mindən artıq soydaşımız sonradan Ermənistan ərazisi hesab edilən qədim atababa yurdundan qovuldu. Bunun ardınca Azərbaycanın Ermənistanla həmsərhəd rayonları və kəndləri qanunsuz silahlı qruplaşmaların basqınlarına məruz qaldı, Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlılara qarşı soyqırım törədildi. Bu, əslində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlaması demək idi. Azərbaycan, əsrin əvvəllərində olduğu kimi, sonlarında da təklənmiş və köməksiz bir vəziyyətə düşmüşdü. Bir tərəfdən, təcavüzə, digər tərəfdən, ermənipərəst dövlətlərin təpki və hədələrinə məruz qalan ölkədə ordu yaradılmamışdı, vahid komandanlıq yox idi, təcavüzkar qüvvələrə qarşı yalnız milli özünümüdafiə dəstələri dağınıq və inamsız şəkildə mübarizə aparırdı.

Belə bir ağır şəraitdə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilən generalmayor Məhəmməd Əsədov nəinki ictimai asayişin qorunması, hətta əhalinin təhlükəsizliyini təmin etmək üçün təcavüzün qarşısının alınması kimi çətin vəzifəni həyata keçirməli idi. O, qısa vaxtda islahatlar apararaq daxili işlər orqanlarının fəaliyyətini canlandırmağa müvəffəq oldu. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində döyüş səriştəli seçmə gənclərdən ibarət 25–30 nəfərlik milis dəstələri yaradıb yerləşdirməklə hələ bir müddət əvvəl SSRİ prezidentinin məlum fərmanı ilə quş tüfəngi də yığılmış və faktiki olaraq erməni quldur dəstələrinin basqınları qarşısında əliyalın qalmış dinc əhalinin qorunması işindəki boşluğu aradan qaldırdı. Respublikanın digər şəhər və rayon milis bölmələri qüvvələrini sərhəd bölgələrinin mühafizəsi işinə səfərbər etməklə Ermənistandan torpaqlarımıza soxulan terrorçu və təxribatçı dəstələrin qarşısına sipər çəkdi. Hər yüziki yüz döyüşçünün arasından birini — ən cəsarətlisini, daha yüksək döyüş qabiliyyətlisini seçməklə, xidmət, nizamintizam səviyyəsi ilə dünya standartlarına uyğun gələn Xüsusi Təyinatlı Milis Dəstələrini yaratdı ki, onun da şöhrəti qısa müddət ərzində “Azərbaycan OMON–u” adı ilə az qala bütün dünyaya yayıldı. Say–seçmə oğullardan ibarət bu dəstələr sərhəd rayonlarında və əlçatmaz yüksəkliklərdə sərhədlərimizi qoruyur, sözün həqiqi mənasında düşmənin canına vəlvələ salırdı. Bütün bunlar asanlıqla başa gəlmir, Məhəmməd Əsədovun müdrik, diplomatik Moskva danışıqları, inadlı, israrlı təkid və mübarizələri nəticəsində çətin maneələri keçib qanuni qüvvəyə minirdi.

Eyni zamanda, o, hərbi işi yaxşı bilən nazir kimi qələbənin təkcə taktiki hazırlıqdan yox, həm də döyüşçülərin ruh yüksəkliyindən asılı olmasını yaxşı dərk edir, nəinki hər bir dəstənin, hətta hər bir döyüşçünün fəaliyyətini xüsusi nəzarətdə saxlayırdı. “OMON”çular! Bizim məramımız torpaqlarımızı qorumaq, əhalinin təhlükəsizliyini təmin etməkdir. Biz Vətənimizi birlikdə qoruyacağıq. Biz düşmən qüvvələrə yalnız öz gücümüzü göstərməklə onları sülhə, haqq yoluna gəlməyə vadar edə bilərik” — deyə döyüş meydanından kənarda qalmamaqla qələbəyə aparan yolun başlıca təminatçısına çevrilirdi.

M.Əsədov öz əqidəsi, məsləki olan, öz taleyini xalqının taleyindən ayırmayan vətənsevər, millətsevər bir insan idi. Bu yolda ən mötəbər məclislərdə, ən kəskin şəraitdə belə öz sözünü deməkdən çəkinməz, ideyasını müdafiə etməyi bacarardı. Çox ağır dövrdə könüllü olaraq seçdiyigetdiyi yol şəhidlik zirvəsinə aparan yol idi. Heç nazir olmasaydı belə, əlinə silah alıb bu yolu keçəsi idi. Yorulmaq onun təbiətinə xas olmayan xüsusiyyət idi. Nə vaxt yatırdı–nə vaxt dururdu, bilən yox idi. Onun hər dəfə cəbhə bölgəsinə gəlişi, əynində hərbi forma döyüş mövqelərinə nəzarət etməsi, hətta yeri gələndə sıravi əsgər kimi səngərə girib əlində silah vuruşması sözün həqiqi mənasında döyüşçülərin mübarizə əzmini yüksəldir, onları qələbəyə ruhlandırırdı. Hər dəfə yerlərdə olarkən insanların yaşayış problemləri ilə də maraqlanır, operativ şəkildə həmin problemlərin həll edilməsinə nail olurdu.

O, bir güc naziri, sərkərdə kimi sərt və tələbkar olduğu qədər də bir insan kimi ürəyiyumşaq, diqqətcil, qayğıkeş idi. Yazıçı haqlı olaraq əsərində onun bu hər iki xüsusiyyətini diqqətdə saxlayır, gah bu, gah da digər cəhətləri ilə bağlı xatirələri bədii təsvir vasitəsilə maraqlı epizodlara çevirir. Məsələn, əsərdəki belə epizodlardan bir neçəsi mənim tərəfimdən söylənmiş xatirələrlə bağlıdır. Onlardan biri belədir: “… Nazir növbəti dəfə Todana gəlmişdi. Kənd toplardan, iriçaplı silahlardan atəşə tutulurdu. Bizimkilər də onlara cavab verirdilər. Əməliyyat müşavirəsini belə bir təhlükəli şəraitdə, qulaqbatırıcı səs–küyün içində keçirəsi olduq. Əsədov gedəndən sonra Goranboy rayonu milis şöbəsinin rəisi şəxsən cənab nazirin adından hər gün mənə məxsusi olaraq duru pəhriz xörəyi göndərməyə başladı. Bu işə mat qaldım: axı mən mədəmdən qan açıldığını heç kəsə deməmişdim, bunu vəziyyəti nəzərə alıb gizli saxlayırdım. Digər tərəfdən, nazir o vurhavurda mənim xəstəliyimi necə hiss edə, yaxud kimdən soruşub öyrənə bilərdi?! Hər halda mədəmin qanaxması həmin pəhriz xörəklərinin hesabına kəsdi, mən isə o əhvalatı heç vaxt unuda bilmədim”. Yazıçı Məhəmməd Əsədovun humanist təbiətinə, obrazın mənəvi aləminə işıq salmaq üçün bu xatirədən də ustalıqla istifadə etmişdir.

Heç şübhəsiz ki, respublika mərkəzi partiya aparatında hüquq–mühafizə orqanlarına rəhbərlik etmiş, daxili işlər naziri kimi yüksək vəzifədə işləmiş M.Əsədov hərtərəfli informasiya almaq imkanlarına malik ididinc həyata fəlakət gətirən təcavüzkarın gücünü də yaxşı hiss edirdi. Zamanzaman “erməni məsələsini” ifşa edənlərin, onların quduz hərəkətlərinə layiqincə cavab verənlərin bir çoxunun dəhşətli aqibəti də ona yaxşı tanış idi. Üstəlik, adının Daşnaksütyunun qara siyahısına salınmasından, başına külli məbləğdə pul ayırılmasından da xəbərdardı. Lakin o, dinc xalqları fəlakətə sürükləyənlərə barış təklifinin bir nəticə vermədiyini, odlu münaqişənin get–gedə genişlənib daha ağır nəticələr verəcəyini görüncə, acı reallığın diktəsinə və vicdanının səsinə qulaq asıb qətiyyətli qərarlar çıxarmağa, ordusu, qoşunu olmayan bir məmləkətdə, mərkəzə tabeçilik şəraitində, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq və respublikanın öz səlahiyyətinə aid olan hüquqimtiyazlardan qətiyyətlə istifadə edərək pasport rejiminin yoxlanması və qanunsuz saxlanan silahların yığılması adı ilə genişmiqyaslı əməliyyatlar hazırlayıb həyata keçirməyə başladı.

Bu əməliyyatlar vaxtında həyata keçirilən, hüquqi cəhətdən tamamilə ədalətli, insan qırğınının qarşısını almağa yönələn olduqca zəruri, taleəhəmiyyətli əməliyyatlar idi. Həmin əməliyyatların nəticəsində ermənilər yaşayan onlarca kənd erməni silahlı quldurlarından təmizləndi. Uğurlu Çaykənd əməliyyatının ardınca Dağlıq Qarabağda başlananüzük” əməliyyatı respublika rəhbərliyinin cəsarətsizliyi və hakimiyyətə can atan qüvvələrin “Qarabağ kartının əldən çıxa biləcəyi qorxusu” ilə daxili sabitliyi yenidən pozmaq cəhdləri sayəsində dayandırılmasaydı və Əsədov tutduğu vəzifədən hələ də tam açıqlanmamış səbəblər üzündən kənarlaşdırılmasa idi, münaqişə elə o zaman da ədalətli həllini tapa bilərdi. Amma, təəssüflər olsun ki, bədxahlar onun qədrini bilmədilər: generalmayor Məhəmməd Əsədov tutduğu vəzifədən kənarlaşdırıldı, Dağlıq Qarabağda başlanan pasport rejiminin yoxlanması üzrə əməliyyat yarımçıq qaldı, cəmi bir neçə gün sonra isə məlum vertolyot hadisəsi baş verdi.

Yuxarıda xatırlatdığımız hadisələrdən bəhs edərkən, yazıçı uzaq və yaxın tarixi hadisələrin sintezi metodundan istifadə etməklə “erməni məsələsi”nin tarixi köklərinə, bu məsələnin davamı kimi Qarabağ hadisələri ilə bağlı həqiqətlərə aydınlıq gətirir. Həmin həqiqətlər üzərində xüsusilə dayanıb Rusiyanın Qafqaz marağının və ermənilərə himayədarlığının bədii şərhini verməyə çalışır. Haqsızlığa, ədalətsizliyə qarşı mübarizə əzminin həm də yalnız qəhrəmanın şəxsi iradəsindən deyil, bütün vətənpərvər qüvvələrin əzm və təşəbbüskarlığından irəli gəldiyini açıqlayır.

Qeyd etmək istərdim ki, əsər M.Əsədovun rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatların, döyüşün necə udulmasının, hətta inanılmaz dərəcədə heyrətamiz görünən döyüş epizodları və qəhrəmanlıq səhnələrinin təsvirində sırf gerçəkliyə istinad etmə və bu yolla Qarabağ müharibəsinin bəzi mühüm olaylarını doğrudüzgün əks etdirmə xüsusiyyəti ilə də olduqca əhəmiyyətlidir. Hadisələrin təsvirindən belə məlum olur ki, xarici himayədarlarına və Qorbaçov hakimiyyəti tərəfkeşliyinə arxayın olaraq Dağlıq Qarabağda, Gəncəbasarda cəbbəxana yaratmış erməni separatçıları Azərbaycan tərəfdən qəti iradə nümayiş etdirilib bölgədən “təmizlənəcəklərini” gözləmirdilər. Lakin məhz Məhəmməd Əsədovun və ona dəstək verən milli vətənpərvər qüvvələrin qətiyyəti sayəsində Xanlar rayonunun Çaykənd, Goranboy rayonunun Manaşid, Erkəc, Buzluq kimi kənd və qəsəbələri, həmin yaşayış ərazilərinin ətrafı, Qarabağın bir sıra yaşayış əraziləri– – ümumilikdə 50–yə yaxın kənd erməni quldurlarından təmizləndi. Vətən torpaqlarını düşməndən təmizləmə əməliyyatları Qarabağa yönələn yaxın və uzaq nəzərlərdə birmənalı qarşılanmasa da, hadisələrin bolluğu şəraitində daha çox yadda qaldı. Əsərdə vətən oğullarının qələbə arzusu, hərbi vətənpərvərlik ruhu, ehtirasların coşması, erməni yaraqlılarının məğlubiyyəti həssaslıqla təsvir olunur.

Hesab edirəm ki, yüksək insani keyfiyyətləri, hədsiz vətənsevərliyi, heyrətamiz təşkilatçılıq məharəti və sərkərdə uzaqgörənliyi ilə nadir şəxsiyyətlərimizdən olan Məhəmməd Nəbi oğlu Əsədovun haqqında belə dəyərli bir kitabın yazılması qəhrəmanlıq ənənələrimizin yaşadılması, yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Məhəmməd Əsədovun keçdiyi həyat yolu kimi, onun bədii obrazı da oxucuya vətən sevgisi aşılayır və bizi ana Vətən dediyimiz torpaq üstündə ləyaqətlə yaşamağa səsləyir.

 

Ramiz MƏMMƏDOV,

generalmayor.

 

Respublika.- 2012.- 16 dekabr.- S. 6.