Hədər getməyən
illər
Taleyin çox qəribə
işləri var, heç
bilmirsən o, səni hara
çəkib aparır. Bəzən həyatın dibinə düşür, bəzən də lap qəhrəmanlıq zirvəsinə
ucalırsan. Bir an sonra nə baş verəcəyini
bilmədən yaşayır, ömür
tarixçəni yazırsan. Tanrının izni
ilə ömrünün doxsanıncı ilini tamamlamağa
hazırlaşan Əmiralı müəllimin də öz həyat tarixçəsi var. Bu tarixçənin
maraqlı, şərəfli, insana qürur gətirə biləcək anları izsiz–tozsuz ötüb
keçən məqamlarından qat–qat çoxdur…
1923–cü il mart ayının 5–də Zərdab rayonunun Xanməmmədli kəndində dünyaya göz açanda yenicə sovetləşmişdik. İnsanlara gözəl, ideal həyat vəd etsə də, Sovet dövləti öz mövqeyini qadağalar, qovğalar, tuthatutla möhkəmlətməyə çalışırdı. O dövrdə İslam dininə qarşı da amansız bir repressiya başlamışdı. Nəsillərində Hacı, Kərbalayi, Məşədi kimi dini titulları daşıyanlar vardı, lakin çək–çevirə salınmasınlar deyə bunu gizlətmək məcburiyyətində qalmışdılar. Belə bir mühitdə doğulub böyüyən Əmiralı Əmirəliyev orta məktəbi 1942 –ci ildə bitirdi. Artıq II Dünya müharibəsi geniş vüsət almış, SSRİ də bu savaşa cəlb olunmuşdu. Onu da cəbhəyə çağırdılar. Adi, sadə kənd uşağı olsa da diribaş və gözüaçıq Əmiralı Əmirəliyev o zaman yeni təşkil olunan 416–cı milli diviziyanın pulemyotçu rotasında nişançı vəzifəsində özünü tezliklə doğrulda bilir. İlk çətin döyüş ona uğur gətirir, “İgidliyə görə” medalı ilə təltif olunur. Sonra sinəsini bir–birindən fərqli çoxlu sayda orden və medal bəzəyir. Dəfələrlə yaralanır, hərbi hospitallarda müalicə olunub yenidən cəbhəyə yollanır, döyüş meydanına atılır. Sonuncu dəfə aldığı yara daha ciddi olur. Bu dəfə həkimlər ona cəbhəyə getməyi qadağan edir, beləcə, ordudan tərxis edilib arxa cəbhəyə göndərilir.
Doğma kəndinə qayıdan Əmiralı müəllim bundan sonrakı fəaliyyətini pedaqoji sahəyə bağlayır. Əvvəl Göyçay Pedaqoji Texnikumunu bitirir, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alır. Özündən böyük iki qardaşı cəbhədə vuruşduğu üçün ailənin ağırlığı onun üzərinə düşürdü. Odur ki, işləyə–işləyə qiyabi şöbədə təhsilini müvəffəqiyyətlə başa vurur. Ömrünün 70 ilini pedaqoji fəaliyyətə həsr edən Əmiralı müəllim adi müəllimlikdən məktəb direktorluğuna, rayon xalq maarif şöbəsində metodkabinetin müdiri vəzifəsinədək yüksəlir. Lakin onun fəaliyyəti pedaqoji sahə ilə məhdudlaşmır, ictimai–siyasi sahədə özünü sınağa çəkən Əmiralı müəllim Zərdab rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilir.
Həmin dövrdə rayonların inzibati ərazi bölgüsü zamanı Zərdab rayonu Ucar rayonu ilə birləşdirilmişdi. 1965–ci ildə məhz Əmiralı müəllimin təşəbbüsü və fəaliyyəti nəticəsində Zərdabın əvvəlki ərazi bölgü vəziyyəti bərpa edilir, rayonda böyük abadlıq, quruculuq işlərinə başlanılır. Xalq maarifinin maddi–texniki təchizatının yaxşılaşdırılması, onun inkişafı istiqamətində görülən işlər tezliklə öz bəhrəsini verir. Rayonun bütün kəndlərində məktəblər tikilir, yardımçı sinif otaqları, uşaq bağçaları, mədəniyyət evlərinin tikintisinə başlanılır. İbtidai məktəblər səkkizillik, səkkizillik məktəblər orta məktəb sisteminə çevrilir. Əmiralı müəllimin fəaliyyəti rayon və respublika səviyyəsində nümunə göstərilir. Lakin hər şey göründüyü kimi çox da rahat getmirdi. Təbiətcə mülayim, sakit adam olsa da, Əmiralı müəllim ozamankı partiya rəhbərliyinin inzibati amirlik metoduna qarşı çıxır, haqq–ədalət uğrunda mübarizə aparırdı. Bu isə yuxarıların xoşuna gəlmirdi. Bütün bunlara görə ona əziyyət verir, çətinliyə salır, mövqeyindən çəkindirməyə çalışırdılar. O isə əqidəsindən, tutduğu yoldan dönmürdü…
Əmiralı müəllimin həyatının Bakı dövrü də yaddaqalan, maraqlı və əhəmiyyətlidir. 1985–ci ildə Azərbaycan Respublikası Ali Sovetinin təqdimatı əsasında Bakıya gəlir, Peşə Təhsili Komitəsində tədris–metodika kabinetində ictimai fənlər bölməsinə rəhbərlik edir, ictimai fənn müəllimlərinin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində fəaliyyət göstərir. Tədris müəssisələrinin yenidən qurulması məqsədilə həyata keçirilən dövlət tədbirlərində Əmiralı müəllimin bir mütəxəssis kimi təcrübəsi nəzərə alınır, bir çox mühüm məsələlərin həlli ona etibar edilirdi. Onun xalq təhsili sahəsindəki əməyi də yüksək qiymətləndirilmişdir. “Qabaqcıl maarif xadimi” döş nişanı, “Rəşadətli əməyə görə” medalı bu gün də sinəsində fəxrlə gəzdirdiyi orden və medallar sırasında özünə yer alıb.
Vətənpərlik od saçan silahdan güclüdür.
Bu sözləri keçmiş döyüşçü, 416–cı Azərbaycan Diviziyası Veteranlar Şurasının sədri Əmiralı Əmirəliyev tez–tez təkrarlayır. Ömrünün ahıl çağlarını yaşayan Əmiralı müəllim yorulmaq nə olduğunubilmir, gənclərimizin hərbi–vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində çalışır. Həyatın hər üzünü görən həmsöhbətim deyir: “Həyatda çox şeyi görüb götürmüşük. Müharibə də görmüşük, iqtisadi çətinlik də. Azərbaycanın SSRİ–nin tərkibində olduğu illəri də yaşamışıq, müstəqilliyimizin də, yeni inkişafımızın da, ordu quruculuğunun da canlı şahidləriyik. İndi yaşımızın elə vaxtıdır ki, biz yalnız uşaqlara, gənclərə həyat təcrübəmizi öyrətməliyik. Elə etməliyik ki, hər bir azərbaycanlı gənc həyatda özünə yol seçəndə, ilk növbədə ərazi bütövlüyümüzü, dövlətimizin güclənməsini düşünsün. Bunu biz etməliyik, ilk növbədə yaşlı nəsil, müharibə veteranları etməlidirlər”.
Əmiralı müəllim bir vaxt Böyük Vətən müharibəsi veteranlarına göstərilən laqeydlik, özgə münasibətdən də söz açdı: “Müstəqilliyimizin ilk illərində ölkədə xaos yaranmışdı, torpaqlarımızın müdafiəsi düzgün qurulmur, ordu quruculuğu aparılmırdı. Gənclər arasında təbliğat işi isə tamam unudulmuşdu. Biz veteranlar dillənəndə irad turub deyirdilər ki, siz başqalarının torpaqlarını müdafiə etmisiniz. Belə vəziyyət, özbaşınalıq ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdana kimi davam etdi. Böyük dövlət qurucusu Heydər Əliyevin gəlişindən sonra veteranlara da münasibət dəyişdi”.
Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin düzgün və yüksək səviyyədə aparılması onun ən böyük amalıdır. Deyir ki, məktəblilərin Qarabağ müharibəsi haqqında məlumatları səthidir. Onlar işğal olunmuş rayonlarımızın adlarını heç düz–əməlli saya bilmir, Milli qəhrəmanlarımızı yaxşı tanımırlar. Bu işdə biz böyüklər daha çox günahkarıq: “Təqsir biz böyüklərdədir. II Dünya müharibəsində aparılan təbliğatı biz yaxşı xatırlayırıq. Yeniyetmələr döyüşə can atırdılar. Təbliğatımızı elə qurmalıyıq ki, övladlarımız belə tərbiyə alsınlar. Döyüşdə od saçan silahalardan daha güclü və kəsərli inamdır, təpərdir, intiqam hissidir. Az–az təhsil müəssisəsi var ki, özləri zəng vurub, bizi şagirdlərlə görüşə dəvət edirlər. Bu, hamılıqla olmalı, müntəzəm xarakter daşımalıdır”—deyir keçmiş döyüşçü.
Bəli, Əmiralı müəllim və onun bu gün sağ qalan cəbhə yoldaşlarının keçdiyi həyat yolu gənc nəslin hərbi–vətənpərvərlik tərbiyəsində ən təsirli vasitə ola bilər. Düşmən tapdağı altında olan torpaqlarımızın alınmasında bu döyüşçülərin rəşadətli döyüş yolu bu gün səngərlərdə keşik çəkən, yaxud da hələ parta arxasında oturan yeniyetmələr üçün gözəl nümunədir. Məhz bu səbəbdən də Əmiralı müəllim bütün tədbirlərdə gənclərimizi mübariz, qorxmaz olmağa səsləyir: “İllər keçdikcə sıralarımız seyrəlir. Bizdən qalan yalnız xatirələrimiz, tövsiyələrimiz olacaq. Yaşlı nəsillərin xatirə və tövsiyələrini unutmamaqla, həm də onların qəhrəmanlıq estafetini davam etdirib sonrakı nəsillərə ötürmək bugünkü gənclərin üzərinə düşür”.
Əmiralı müəllimin ən böyük arzusu Qarabağ müharibəsinin qələbə gününü görməkdir: “O gün bizim üçün daha müqəddəs olacaqdır. Bu qələbəni yaxınlaşdırmaq üçün hər kəs əlindən gələni etməlidir. Yeni nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində bizim gücümüzdən, bacarığımızdan, təcrübəmizdən kifayət qədər istifadə olunmalıdır. Biz bunu istəyirik”.
O, müharibənin bütün ağrı–acılarını özündə yaşatmış bir insan kimi təkcə öz xalqına deyil, bütün xalqlara sülh, əmin–amanlıq istəyir Əmiralı müəllim. Harada olur–olsun, xalqımın düçar olduğu bəlalardan söz açır, onun haqq işini dünyaya çatdırmaq istəyir bu dünyagörmüş. ABŞ–ın prezidenti Barak Obamaya seçkilərdən sonra ünvanladığı məktubda da həmin fikirləri ifadə edərək yazır: “Mən müharibənin nə olduğunu yaxşı bilən keçmiş döyüşçü kimi istərdim ki, irqindən, dini əqidəsindən asılı olmayaraq bütün insanların, xalqların sülh şəraitində yaşaması, Azərbaycan xalqının 20 ildən bəri cəlb olunduğu Qarabağ müharibəsinin ədalətlə həll olunması naminə köməyinizi əsirgəməysiniz”…
II Dünya müharibəsində 416–cı Azərbaycan diviziyası ən çox Rusiyanın Taqanroq şəhərinin alman–faşist işğalından azad edilməsindəki uğurları ilə tarixin yaddaşında özünə yer alıb. Elə Taqanroq da öz xilaskarlarını unutmur. Belə ki, hələ ötən əsrin 70–ci illərində ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə onun təşəbbüsü, köməyilə Taqanroqda soydaşlarımızın xatirəsinə əzəmətli xatirə kompleksi ucaldılmış, diviziyanın döyüş şöhrəti muzeyi yaradılmışdı.
Taqanroq şəhərinin alman–faşist işğalından azad edilməsinin 60 illik yubiley tədbirlərində Əmiralı müəllim də iştirak edirdi. O bu barədə deyir: “416–cı Azərbaycan diviziyası Mozdokdan Berlinə kimi düşmənə qarşı rəşadətlə döyüşüb. Taqanroqun azad edilməsinin 60 illiyi tədbirində mən də iştirak etmişəm. Mənə belə gəlir ki, bu cür görüşlər təkcə Taqanroqda deyil, diviziyanın azad etdiyi bütün şəhərlərdə keçirilməlidir. Bununla da biz, eyni zamanda həmin şəhərlərdə yaşayan Azərbaycan diasporunun canlanmasına kömək etmiş olarıq”.
Əmiralı müəllimin ictimai–siyasi fəaliyyəti təkcə ölkə daxilində deyil, respublikadan kənar və beynəlxalq aləmdə də diqqəti cəlb edir. O, ölkəmizin tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi, Azərbaycan diasporu ilə birgə fəaliyyətin qurulması istiqamətində də köməyini əsirgəmir.
“İllər əlimizdən çox
şey alıb, sıramız seyrəlir. Dünyada hər şey
qocalır, bizim kimi. Təkcə
məhəbbətdən başqa…” Elə
Əmiralı müəllimi yaşadan, gənclik
həvəsilə işlədən də məhəbbətdir,
vətənə, xalqa, elə–obaya məhəbbət!..
Zümrüd QURBANQIZI,
Respublika. – 2012.- 16 dekabr.- S.
6.