| Xatirələrdə
yaşayan insan
Deyirlər dünya bir pəncərədir, hər gələn
baxıb gedər. Amma bu pəncərədən sadəcə
baxıb getməyənlər, özlərindən sonra silinməz izlər qoyan,
xeyirxah əməllər qoyub
gedən, daim xatırlanan insanlar
da var… Belə insanlardan biri bu günlərdə əbədiyyətə qovuşmuş Azərbaycan Respublikası Ticarət
və Sənaye Palatasının vitse–prezidenti, AzEKSPO şirkətinin
direktoru vəzifəsində işləmiş
Mehman Əhmədovdur.
Mehman Əhmədov 1955–ci il fevralın 27–də Bakıda hüquqşünas ailəsində dünyaya göz açmışdı. Atası, baş ədliyyə müşaviri Məhəmməd Əhmədov 1952–ci ildən 1987–ci ilə qədər respublikamızın Laçın, Lerik, Ağcabədi, Oğuz, Şəki, Beyləqan və Dəvəçi rayonlarında prokuror işləmiş, uzunmüddətli qüsursuz fəaliyyətinə görə prokurorluq orqanları tərəfindən mükafatlara layiq görülmüşdür.
Böyük oğlu Mehman şərqşünaslıq fakültəsini seçsə də, sonbeşik oğlu Elman atasının yolunu seçmiş, bu gün də hüquqşünas kimi fəaliyyət göstərir. Mehman Əhmədov 1972–ci ildə Bakı şəhərindəki 132 saylı orta məktəbi bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinə daxil olmuşdu.
1976–cı ilin iyun ayından 1977–ci ilin iyun ayına kimi Yəmən Ərəb Respublikasında tərcüməçi kimi çalışmışdı. Vətənə qayıtdıqdan sonra təhsilini davam etdirmiş və 1978–ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirmiş, təyinatla Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə göndərilmişdir. Ərəb və ingilis dillərini mükəmməl bildiyini nəzərə alıb ona daha məsul vəzifə tapşırılmış və 1979–1982–ci illərdə Liviya Respublikasında tərcüməçi kimi fəaliyyət göstərmişdir.
Mehman Əhmədov vətənə qayıdaraq 1982–ci ilə qədər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində tərcüməçi, redaktor vəzifələrində işləmişdir. Yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alıb daha məsul vəzifəyə—Azərbaycan SSR Ticarət və Sənaye Palatasının Xarici Sərgilər Şöbəsində baş məsləhətçi vəzifəsinə irəli çəkilmiş və 1989–cu ildə həmin şöbənin rəhbəri vəzifəsinə təyin edilmişdir.
1991–ci ildən “Azərvneşservis” şirkətinin direktoru, 1995–ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse–prezidenti vəzifəsində çalışmışdır. “Azərvneşservis” şirkəti sonralar AzEKSPO şirkəti adlandırılmışdır.
Mehman Əhmədov Azərbaycanda keçirilən neft və qaz sərgilərinin təşkilatçılarından biri idi.
1994–cü ilin may ayında Heydər Əliyevin adını daşıyan İdman Kompleksində ulu öndərin tapşırığı və xeyir–duası ilə ilk dəfə olaraq I Xəzər Neft–Qaz Sərgisi təşkil olunmuş və dünyanın bir çox dövlətlərinin nümayəndələrinin iştirak etdiyi bu sərgi böyük marağa səbəb olmuşdur.
Sərginin təşkilatçılarından biri də Azərbaycan Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən AzEKSPO şirkəti olmuşdur. Sərgi işlərinin keçirilməsi üçün təşkilati məsələlər bu şirkətin səlahiyyətlərinə aid idi.
Sərgidə ulu öndər Heydər Əliyev şəxsən iştirak etmiş, dolğun və əhatəli çıxış etmişdir.
Məhz dörd aydan sonra—20 sentyabr 1994–cü ildə Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinsulu hissəsinin birgə işlənilməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın ikinci böyük neft şirkəti arasında müqavilə imzalanmış və ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən bu saziş Azərbaycanın tarixinə “Əsrin müqaviləsi” kimi daxil olmuşdur.
AzEKSPO şirkətinin direktor müavini Nazim Tatlıyev həmkarı Mehman müəllim haqqında fikirlərini belə ifadə edir: “Mehman Əhmədov 1993–1994–cü ildən son dövrə qədər Azərbaycanda keçirilmiş sərgilərin təşkilatçılarından biri olmuşdur. Son dərəcə tələbkar olmaqla yanaşı, işinə qarşı məsuliyyətli idi. Kollektiv arasında böyük hörmət qazanmışdı. Rus, ingilis, ərəb, fars dillərini mükəmməl bilirdi. Digər dillərdə də sərbəst danışırdı.
Xaricdən gələn qonaqlarla onların öz dillərində elə sərbəst danışardı ki, hətta qonaqlar da çox sevinərdilər. O, beynəlxalq EKSPO şirkətlərində fəal iştirak edər və Azərbaycanı şərəflə təmsil edərdi.
Mehman Əhmədov 2000–ci ildə Almaniyanın Hannover şəhərində, 2005–ci ildə Yaponiyanın Naqoya şəhərində, 2010–cu ildə Çin Xalq Respublikasının Şanxay şəhərində, 2012–ci ilin əvvəllərində Niderland Krallığının Venlo şəhərində, 2012–ci ilin may–avqust aylarında isə Cənubi Koreyanın Yeosin şəhərində keçirilmiş beynəlxalq neft və qaz sərgilərində fəal iştirak etmişdir. Mehman Əhmədov bütün bu sərgilərin keçirilməsində dövlətimiz tərəfindən yaradılmış Təşkilat Komitəsinin üzvü olmuş və sərgilərin hazırlıq işlərinin təşkilatçısı kimi xidmətlər göstərmişdir.
Palatanın nəzdində rus, ingilis və Azərbaycan dillərində dərc olunan “Kontakt” jurnalının redaktoru kimi səmərəli fəaliyyət göstərirdi. Jurnalda Azərbaycanın iqtisadiyyatının uğurları, sərgilərdə, palatada xaricdən gələn qonaqlarla görüşlər və onların fikirləri, rəyləri geniş işıqlandırılırdı.
Mehman müəllimin bilavasitə təşəbbüsü ilə 2008–ci və 2011–ci illərdə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətləri bütün dünyaya göstərmək üçün Bakıda ilk dəfə milli sərgimiz keçirilmişdir.
2011–ci ildə keçirilmiş sərgi müstəqil Azərbaycan dövlətinin bərpa olunmasının 20 illiyinə həsr olunmuşdur. Onu da qeyd edim ki, bu sərgilərdə ölkə başçısı cənab İlham Əliyev iştirak etmiş və qürurla çıxış etmişdir”.
Oğlu Anar Əhmədovun dediklərindən: “Atamın işi, qayğıları çox olsa da, evdə bizimlə məşğul olmağa da vaxt ayırırdı. O, bizə təkcə ata yox, həm də yaxın dost idi. Ən çətin anlarda həmişə köməyimizə çatır, bizimlə fikir mübadiləsinə qoşulur, mübahisələrimizə son qoyardı. Həddindən artıq xeyirxah insan idi. Çətinliyə düşənlərə, darda qalanlara təmənnasız kömək edərdi. Sadəliyi, xeyirxahlığı həmişə yüksək qiymətləndirərdi”.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasına dünyanın bir çox ölkələrinin beynəlxalq sərgilərin Təşkilat Komitəsi rəhbərlərinin, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və ayrı–ayrı insanların göndərdikləri başsağlığı, məktublar və teleqramlarda cəmi 57 il ömür sürmüş, dünyadan vaxtsız köçmüş Mehman Əhmədovla bağlı hüzn və kədər ifadə olunur və ailəsinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilir.
Niderland Krallığının Venlo şəhərində keçirilmiş “Floriade–2012″ beynəlxalq sərginin Təşkilat Komitəsi adından Elvin Hülşerin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasına göndərdiyi məktubda deyilir: “İki həftə öncə cənab Əhmədovun vəfat etməsi xəbərini eşidəndə çox sarsıldıq. Bu məktubla sizə öz başsağlığımızı çatdırmaq istərdik.
Biz Mehman Əhmədovla iki il əvvəl tanış olmuşduq və Niderland Krallığında keçirilmiş “Floriade–2012″ sərgisində Azərbaycan pavilyonunun qurulması uğrunda yaxından əməkdaşlıq edirdik. Əhmədovla işləməkdən böyük zövq alırdıq, birlikdə çoxlu unudulmaz anlarımız olub.
Əhmədov bizim yaddaşımızda mehriban, etibarlı, çalışqan və qonaqpərvər bir insan kimi qalıb. Bu, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası üçün də böyük bir itkidir. Ümid edirik ki, siz cənab Əhmədovun başladığı işləri davam etdirəcəksiniz.
Çox qısa bir müddət əvvəl, 1 sentyabr, sərgidəki Azərbaycan Günündə cənab Əhmədov məni “Azərbaycanın dostu” deyərək çağırmışdı. Ona görə də Bakıda olduğum zaman bu xəbəri eşidəndə inana bilmədim. Düşünürdüm ki, səfərim zamanı öz azərbaycanlı dostumu yenidən görərəm, amma bu, artıq mümkün deyildi. Bildirmək istərdim ki, Mehman müəllimin bizim qəlbimizdə xüsusi bir yeri var. Sizi Niderlandda (Azərbaycan pavilyonunda) yenə gözləyirik. Azərbaycan pavilyonu da orada qalacaq. Ümidvaram ki, Azərbaycan Ticarət və Sənaye Palatasının Niderlandın Venlo rayonu ilə əməkdaşlığı davam edəcək. Onu da deyim ki, cənab Əhmədov bunu çox arzulayırdı.
Mən bir daha Əhmədovlar ailəsinə, dostlarına əməkdaşlarımız adından səbir diləyirəm”.
Speys İdea Beynəlxalq Sərgi Qrupu (SHEG) əməkdaşları adından baş menecer La Yuguinin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasına göndərdiyi başsağlığı məktubunda deyilir:
“Dəyərli dostlar!
Biz, Speys İdea Beynəlxalq Sərgi Qrupu (SHEG), Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse–prezidenti cənab Mehman Əhmədovun itkisi xəbərini eşidəndə çox kədərləndik. İcazənizlə, bütün SHEG əməkdaşları adından sizə və cənab Əhmədovun ailə üzvlərinə bu sarsıdıcı və qəmli anda öz başsağlığımızı çatdıraq.
Mehman Məhəmməd oğlu bizim həqiqi dostumuz olub. Zamanla biz onu
daha da yaxşı
tanıdıq. Bizim son görüşümüz
hər ilin oktyabr ayında İPM Milanda olmuşdur. O, həmişəki
kimi gülərüz
və nəzakətli
idi.
Bu kədəri yüngülləşdirmək
üçün nə
deyəcəyimizi bilmirik,
amma inanın ki, biz də bu yükü və ağrını sizlə paylaşmaq istəyirik.
Köməyimiz dəyə biləcəyi
istənilən məsələ
ilə bağlı bizimlə əlaqə saxlamaqdan çəkinməyin”.
Ticarət və Sənaye Palatasına bu gün də başsağlığı məktubları
gəlməkdə davam
edir.
Mehman Əhmədovdan dostlarına,
doğmalarına, iş
yoldaşlarına yadigar
qalan onun xoş xatirələri, mehriban təbəssümü
və yaşadığı
zəngin həyat yoludur.
Yaddaşlara, ürəklərə fədakar,
nurlu, işıqlı
bir insan kimi həkk olunan Mehman Əhmədovun
əziz xatirəsi hər zaman anılacaqdır.
Rauf İLYASOĞLU,
Respublika.- 2012.- 18 dekabr.- S. 7.