Sağlamlığın
mübariz keşikçiləri
Milli
səhiyyəni inkişaf etdirmək, bu sahənin maddi–texniki bazasını möhkəmləndirmək,
tibb ocaqlarını kifayət qədər
tibb kadrları və müasir
avadanlıqlarla təmin etmək ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
müəyyən olunmuş islahatların
tərkib hissəsidir. Bu gün dərin iftixar hissi ilə söyləmək
olar ki, sürətli inkişaf, sosial həyatın
dinamik ritmi, ölkədə
baş verən müsbət proseslər tibb sahəsinə də əhəmiyyətli
təsirini göstərir. Qətiyyətlə söyləmək
olar ki, əhalinin
sağlamlığının qorunması dövlətin prioritet məsələlərindən birinə
çevrilmişdir.
Salyan rayonunun səhiyyə ocaqlarının timsalında bunu aydın görmək olar. Burada fəaliyyət göstərən tibb müəssisələri və onların kollektivləri bu sahədə hər zaman var qüvvələrini əsirgəmirlər. Onlar insanların sağlamlığını təmin etməkdən ötrü səy göstərir, doğma peşələrinə sədaqətlə yanaşır, bütün səylərini insanların sağlamlığının keşiyində daha ayıq–sayıq durmağa sərf edirlər. Mütəmadi göstərilən dövlət qayğısı onları tibb xidmətinin səviyyəsini yüksəltməyə ruhlandıran əsas cəhətdir. Dövlətimizin rəhbəri cənab İlham Əliyev bizim gördüyümüz işlərlə dəfələrlə ətraflı tanış olmuş, öz məsləhət və tövsiyələrini vermiş, kollektivimizə əməli kömək göstərmişdir.
Xəstəxananın bütün şöbələrində xidmətlər yüksək səviyyədə təşkil olunmuşdur. Xüsusilə travmatoloji, nevroloji, cərrahiyyə, allerqoloji, endokrinoloji, doğuşa yardım şöbələrinin fəaliyyəti yüksək səviyyədədir. Göz xəstəlikləri və vərəm dispanserlərinin nümunəvi işindən, burada çalışan həkimlərin və digər tibb işçilərinin qayğıkeşliyindən və peşəkarlığından bütün sakinlər razılıq edirlər. Son illər mama–ginekoloji xidmətin təşkilində xeyli uğur qazanılmışdır. Uşaqlara göstərilən tibbi xidmət sahəsində uşaq poliklinikasının uğurları getdikcə artır.
Rayonda ümumilikdə 503 çarpayısı olan mərkəzi xəstəxana, birləşmiş uşaq xəstəxanası, ağ ciyər xəstəlikləri və rayonlararası psixiatriya xəstəxanaları, Qaraçala, Parça–Xalac kənd müalicə müəssisələri fəaliyyət göstərir. Təcili–təxirəsalınmaz tibbi yardım stansiyası, gigiyena–epidemiologiya mərkəzi, 24 həkim–tibb məntəqəsi, 21 kənd tibb məntəqəsi əhalinin xidmətindədir. Cari ilin 9 ayında həmin müəssisələrə 2949 stasionar, 68076 ambulator müraciət olunmuşdur ki, tibb işçiləri həmin insanların sağlamlığında olan problemlərin müsbət həll olunması üçün hər cür səy göstərmişlər. Həmin müddətdə mərkəzi xəstəxanada 816 cərrahiyyə əməliyyatı aparılmışdır. Rayon poliklinikasında 424 nəfər vətəndaş stasionar, 76609 nəfər ambulator xidmətlərdən yararlanmışdır.
Rayonun səhiyyə ocaqlarında insanların sağlamlığı keşiyində 301 həkim, 784 orta tibb işçisi ayıq–sayıq dayanmışdır. Onların hamısı insanların sağlamlığını canla–başla qoruyan, öz peşələrinə vicdanlı münasibət bəsləyən adamlardır. Kadrların ixtisasının artırılması, praktiki və nəzəri biliklərinin yüksəldilməsi, gənc tibb işçilərinin öz peşəsinin bilicisi kimi yetişdirilməsi daim diqqət mərkəzindədir. Son illər tibb işçilərinin ixtisar edilməsinə yol verilməmişdir. Bu il 24 nəfər həkim və 20 orta tibb işçisi ixtisasartırma kurslarına göndərilmiş, onlar respublikanın tanınmış tibb ocaqlarında səhiyyənin ən yeni nailiyyətləri ilə tanış olmuşlar. 23 nəfər tibb işçisi isə sertifikasiya imtahanlarından keçmişdir.
Səhiyyə ocaqlarında ana və uşaqların mühafizəsi gücləndirilmişdir. Bu məqsədlə rayon ərazisi zonalara ayrılmış, hər zonaya mama–ginekoloq, pediatr, laborant, EKQ mütəxəssislərindən ibarət briqadalar göndərilmiş və “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq” proqramının həyata keçirilməsində xeyli müsbət təcrübə əldə edilmişdir.
Rayonda epidemioloji vəziyyət təkcə səhiyyənin deyil, ümumi inkişafın göstəricisi hesab olunur. Kollektivimizin səyləri ilə rayonda infeksion xəstəliklərə, xüsusilə malyariyaya qarşı keyfiyyətli əks–epidemik tədbirlər görülmüşdür. Hazırda bütün xəstəlik mənbələri və onu törədən səbəblər ləğv olunmuş, son illərdə məxmərək, göyöskürək, qızılca, difteriya kimi təhlükəli yoluxucu xəstəliklər aşkar olunmamışdır. Rayon mərkəzi xəstəxanasında vərəmlə mübarizə qərargahı fəaliyyət göstərir, əsas səylər bu mühüm işə yönəldilmiş, flüoroqrafik müayinələr aparılmışdır. Uşaqlarda mantu sınağı qoyulmuş, təkrar müayinələr keçirilmiş, xəstə uşaqlara səmərəli müalicə təyin olunmuşdur.
Xəstəxanamıza müraciət edənlər müasir tələblər səviyyəsində müayinə və müalicəyə cəlb olunurlar. Şəkərli diabetdən əziyyət çəkən 272 xəstə daimi həkim nəzarəti altındadır, onlar şəkərin miqdarını ölçməkdən ötrü xüsusi cihazlarla təmin olunmuşlar. İmtiyazlı xəstələrə xeyli pulsuz dərman preparatları verilmişdir.
Son vaxtlar rayonun tibb müəssisələrində maddi–texniki bazanın möhkəmləndirilməsi sahəsində xeyli iş görülmüşdür. Hazırda Şorsulu kəndində psixiatriya xəstəxanası üçün 100 çarpayılıq ikimərtəbəli korpus inşa edilir. Bu yaxınlarda ağ ciyər xəstəlikləri xəstəxanası üçün də yeni binanın tikintisinə başlanılmışdır.
Yoluxucu xəstəliklər şöbəsində təmir işləri davam etdirilir. Ötən il şöbələr tam təmir olunmuş, müalicə müəssisələri yeni avadanlıq və inventarla təchiz edilmiş, rentgen cihazları, ultrasəslə müayinə avadanlığı, laboratoriya üçün analizatorlar və digər müasir avadanlıqlar alınmışdır. Ortopedik şöbəyə xüsusi çarpayılar, kreslo–arabacıqlar, doğum şöbəsi üçün bələk masası kompleksləri və doğuş masaları, ginekoloji kreslo, stomatoloji kabinet üçün lazımi avadanlıqlar əldə edilmişdir. Hazırda böyrək xəstəliklərindən əziyyət çəkənlərin müalicəsindən ötrü dializ mərkəzi yaradılır. 9 təcili yardım maşını hər bir çağırışa istənilən vaxt hazırdır. Bütün müəssisələrin ərazilərində abadlıq və yaşıllaşdırma işləri görülmüş, yollar təmir olunmuşdur.
Tibb ocaqlarında dünyanın bir sıra ölkələrində qazanılmış təcrübə ardıcıl surətdə tətbiq olunur. Müntəzəm olaraq treninqlər keçirilir, kəndlərdə və qəsəbələrdə bir–birinin ardınca sağlamlıq mərkəzləri yaradılmışdır. Azərbaycan Diabet Liqasının şəkər xəstəliyi olan 18 yaşa qədər uşaqlar üçün 3 günlük təlimi çox faydalı olmuşdur.
Növbəti ildə regionların sosial–iqtisadi
inkişafına dair ikinci
Dövlət Proqramına əsasən Salyan
rayonu həkimlərinin və tibb işçilərinin qarşısında
daha böyük vəzifələr
durur. Kollektivimizin
üzvləri hamılıqla söz
vermişlər ki, rayonun
əhalisinin sağlamlığı üçün
əllərindən gələni əsirgəməyəcəklər.
Hüseynağa HƏSƏNOV,
Salyan Rayon Mərkəzi
Xəstəxanasının baş
həkimi.
Respublika.- 2012.- 19 dekabr.- S. 6.