| Azərbaycan və
Gürcüstan əlaqələri
yüksələn xətlə inkişaf edir
Tarixdən
məlumdur ki, qədim zamanlardan
Güney Qafqazda məskunlaşmış,
dili, mədəniyyəti, adət–ənənələri
və dini inamları müxtəlif olan iki qədim xalq — Azərbaycan türkləri və
gürcülər ayrı–ayrı bölgələrdə məskunlaşsalar
da, demək olar ki, əsasən
birgə qonşuluq və əmin–amanlıq
şəraitində yaşamışlar.
Azərbaycan və gürcü xalqlarının dostluğunun çox qədim tarixi vardır. Bu münasibətlə, Azərbaycan xalqının ümummilli lideri, əbədiyaşar Heydər Əliyev demişdir: “Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi ənənələrimiz vardır”… Xalqlarımız arasındakı bu dostluq telləri hər iki xalqın klassik ədəbiyyatında da öz bədii əksini tapmışdır. Buu Azərbaycan və gürcü şairlərindən Xaqaninin, Nizami Gəncəvinin, Ş.Rustavelinin, M.P.Vaqifin, M.V.Vidadinin, A.Bakıxanovun, M.Şəfinin, İ.Çavçavadzenin, A.Seretelinin, Yakov Qoqebaşvilinin, Səməd Vurğunun, Karlo Kaladzenin və başqalarının əsərlərində görmək olar.
Azərbaycan və Gürcüstan xalqları XX əsrin sonlarında özlərinin müstəqilliyini və suverenliyini əldə etdikdən sonra müstəqil dövlətlərini yaratdılar və tarixi dövlətçilik ənənələrini bərpa etdilər. Bu müstəqillik dövründə isə Azərbaycan və Gürcüstan dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələr daha da inkişaf etmişdir.
Bu münasibətlə xalqlar dostluğunun carçısı, ümummilli lider Heydər Əliyev demişdir: “Gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan dostluq və qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi var. Əsrlər boyu biz bir yerdə, yan–yana yaşamışıq, bir–birimizə dayaq olmuşuq. Torpaqlarımızı yadelli qəsbkarlardan birlikdə qorumuşuq. Xalqlarımızın milli azadlığı, müstəqilliyi uğrunda birlikdə mübarizə aparmışıq”. Bu mənada indiki şəraitdə xalqlarımız arasındakı mehriban qonşuluq və dostluq əlaqələrini daha da inkişaf etdirilməsini tənzimləmək məqsədilə tərəfdaş dövlətlər səviyyəsində Bakıda “Gürcü Mədəniyyət Mərkəzi”nin və Tbilisidə “Azərbaycan Mədəniyyət Mərkəzi”nin yaradılması məqsədyönlü olardı… Artıq bu sahədə fərdi təşəbbüskarlıqla müəyyən işlər görülmüşdür (Azərbaycan, gürcü, rus dillərində kitablar və çoxsaylı məqalələr çap olunmuşdur).
Bakıda “Gürcü Mədəniyyət Mərkəzi”nin və Tbilisidə “Azərbaycan Mədəniyyət Mərkəzi”nin yaradılması müasir həyatımızın tələblərindən irəli gəlir.
Azərbaycan və gürcü xalqlarının tarixi əlaqələrinin hər iki mədəniyyət mərkəzində qarşılıqlı surətdə araşdırılması, klassik Azərbaycan şairləri və mütəfəkkirləri Gürcüstan və gürcü xalqı haqqında (XII–XIX əsrlər), Gürcüstan XX əsr Azərbaycan ədəbiyyatında, Gürcü ədəbiyyatı Azərbaycan dilində Bakıda Şota Rustaveli, Nikoloz Barataşvili, İliya Çavçavadze, Tbilisidə isə Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Mirzə Cəlil günlərinin keçirilməsi, Azərbaycan və gürcü dillərinin qarşılıqlı əlaqələrinn araşdırılması kimi tədbirlər faydalı olardı.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanda aşağıdakı tədbirlər planının hazırlanıb həyata keçirilməsi xalqlarımız arasında mehriban qonşuluq və dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə ən böyük töhfə olardı:
Təhsil sahəsində: — Azərbaycanla Gürcüstan arasında elmi və mədəni əlaqələrin gələcək perspektivlərini inkişaf etdirmək məqsədilə Azərbaycanın ali məktəblərinin birində — Bakı Slavyan Universitetinin tərkibində “Tarix və Azərbaycan–gürcü filologiyası” fakültəsinin təsis edilməsi məqsədyönlü olardı.
Onu da qeyd etmək lazımdır ki, Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin təsis edilməsi Gürcüstanın qədim və zəngin arxivlərində Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, folkloru (şifahi xalq ədəbiyyatı, xalq musiqisi, xalq rəqsləri), teatrı, incəsənəti, xalq maarifi ilə bilavasitə bağlı olan çoxsaylı arxiv sənədlərinin, cünglərin, əlyazmaların tədqiq edilməsi və araşdırılması müəyyən məsələlərinin açılmasına imkan yaratmış olardı.
Azərbaycan ali məktəblərinin birində Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin, ilk növbədə Tətbiqi Azərbaycan dili, Tətbiqi gürcü dili, Azərbaycan və gürcü ədəbiyyatları, Azərbaycan və Gürcüstan tarixi kafedralarının təsis edilməsi faydalı olardı.
Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin məzunlarından – ali təhsilli mütəxəssis — pedaqoji kadr kimi ümumtəhsil və ali məktəbin yuxarıda adı qeyd olunan kafedralarda müəllim kimi istifadə etmək olar.
Həmin kadrlardan azərbaycandilli məktəblər üçün “‘Gürcü dili” fənnindən tədris proqramı, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, əyani vəsaitlər, əyani təbliğat vasitələri və s. hazırlanmasında və gürcüdilli məktəblər üçün “Azərbaycan dili” fənnindən tədris proqramı, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, əyani vəsaitlər, əyani təbliğat vasitələri və s. hazırlanmasında istifadə etmək olar.
–Azərbaycanda gürcüdilli məktəblər fəaliyyət göstərdiyi üçün Təhsil Nazirliyində, heç olmasa bir neçə nəfər gürcüdilli mütəxəssis–metodistin çalışması da vacibdir.
–Gürcüstanda azərbaycandilli məktəblər fəaliyyət göstərdiyi üçün Gürcüstanın Elm və Təhsil Nazirliyində, heç olmasa, bir neçə nəfər azərbaycandilli mütəxəssis metodistin çalışması da vacibdir.
Elmi–tədqiqat sahəsində: Tarixi haşiyə — Tarixdən məlum olduğu kimi, Azərbaycan türkləri və gürcülər tarix boyu mehriban qonşuluq, dostluq, əmin–amanlıq şəraitində yaşamış, yadelli işğalçılara qarşı birlikdə mübarizə aparmışlar və doğma Vətənlərinin azadlığını təmin etmişlər…Bu da qədim Tiflis şəhərində Azərbaycan türklərinin məskunlaşmasına və burada özlərinin milli mədəniyyətini dövrün tələbinə uyğun inkişaf etdirməsinə geniş imkan vermişdir… Beləcə tarixən qədim Tiflis şəhəri Azərbaycan türklərinin (azərbaycanlıların) Mədəni Mərkəzinə çevrilmişdir… Bu da, şübhəsiz ki, həm Şimal qonşularımızı — Çar Rusiyasını, həm də Cənub qonşularımızın — İran şahlığını narahat edirdi…Nəhayət, “Xalqlar həbsxanası” adlanan Çar Rusiyası ilə İran şahlığı öz aralarında sövdələşərək Güney Qafqazı iki yerə parçalamaq planını hazırladılar…Azərbaycanın və Gürcüstanın tarixi düşmənləri olan bu ölkələr XVIII əsrin son onilliyindən və XIX əsrin ilk 20–ci illərindən özlərinin strateji planlarını reallaşdırmaq məqsədilə geniş işğalçılıq müharibələrinə başladılar. Çar Rusiyası əvvəlcə 1801–ci ildə Gürcüstanın işğalını başa çatdırdı və sonra isə, 1803–cü ildən etibarən Azərbaycanın işğalına başladı və Azərbaycanın şimal ərazilərini işğal etdiyi dövrdə İran şahlığı da Azərbaycanın Cənub ərazilərini tutmağa başladı… və nəhayət, 1813–cü il Gülüstan və 1828–ci il Türkmənçay müqavilələrinin şərtlərinə görə, Azərbaycanın 144 min kvadratkilometrlik ərazisinin “Xalqlar həbsxanası” adlanan Çar Rusiyası, 356 min kvadratkilometrlik ərazisi isə İran şahlığı tərəfindən işğal edilməsi hüquqi baxımdan əsaslandırıldı…
Beləliklə də, bədxah qonşularımızın işğalçılıq siyasətinin nəticəsi olaraq, həm Azərbaycanın, həm də Gürcüstanın tarixi dövlətçiliyinə və dövlətçilik ənənələrinə qəsd edildi. Çar Rusiyası Güney Qafqazda müstəmləkəçilik siyasətini həyata keçirmək və idarəetməni tənzimləmək məqsədilə Tiflis şəhərində canişinlik idarəsi yaratdı…
Nəhayət, XX əsrin ilk 20 illiyində Çar Rusiyasını xalqların inqilabi hərəkatı dalğaları bürüdü. Əlbəttə, bu inqilabi dalğalarda Bakı və Tiflis şəhərlərinin fəhlə sinfi də fəal iştirak edirdi…Beləcə də XX əsrin ikinci onilliyində bir tərəfdən Güney Qafqaz xalqlarının (Azərbaycan türklərinin və gürcülərin) milli azadlıq hərəkatının güclənməsi, digər tərəfdən isə 303 il Çar Rusiyasında hakimiyyət başında olan Romanovlar sülaləsinin hakimiyyətinin laxlaması nəticəsində 1917–ci ilin fevralında Romanovlar monarxiyasına son qoyuldu…və beləliklə də, Çar Rusiyası imperiyasının varlığına birdəfəlik son qoyuldu…Bu siyasi münbit şəraitdən istifadə edərək uzun müddət Çar Rusiyasının müstəmləkəsi altında olan xalqlar öz müstəqilliyini və suverenliyini elan etdi və tarixi dövlətçiliyini yenidən bərpa etdi…
O cümlədən də 1918–ci ilin 28 mayında Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və Azərbaycan dövlətçiliyi bərpa olundu…və ölkə müstəqillik yolu ilə irəlilədiyi bir dövrdə Rusiya Federasiyası özünü “Xalqlar həbsxanası” olan Çar Rusiyasının varisi elan edərək, 1920–ci ilin 28 aprelində Azərbaycanı yenidən — ikinci dəfə işğal etdi və 70 il öz hakimiyyətini davam etdirdi”.
Bu aqibəti eyni ilə qonşu gürcü xalqı da yaşadı. 1918–ci ilin 26 mayında gürcü xalqı da öz müstəqilliyini elan etdi və Gürcüstan Demokratik Respublikasını yaratdı… Lakin Rusiya Federasiyası 1921–ci ilin 23 fevralında Gürcüstanı da yenidən —ikinci dəfə işğal etdi…Beləcə, Gürcüstanın da müstəqilliyinə və dövlətçiliyinə son qoyuldu…və 70 il Gürcüstan da Sovet imperiyasının tərkibində yaşamalı oldu…
Onu da qeyd edək ki, 1922–ci ildə sabiq SSRİ yaradılarkən Zaqafqaziya respublikaları vahid halda dövlət subyekti kimi SSRİ–nin tərkibinə birləşdirildi və bu dövlət strukturunun mərkəzi Tiflis şəhərində yerləşdirildi…
Nəhayət, 70 il dünyaya meydan oxuyan SSRİ imperiyası 1991–ci ildə çökdü və həmişəlik dağıldı və onun ərazisində 15 yeni müstəqil dövlət yarandı. O cümlədən Azərbaycan və Gürcüstan xalqları da yenidən öz müstəqilliyinə və azadlığına qovuşdu…
Gürcüstanın qədim və müasir arxivlərində saxlanılan tarixi materiallar və rəsmi sənədlər arasında Azərbaycanla bilavasitə bağlı olan minlərlə tarixi materiallar, rəsmi sənədlər, həmçinin müxtəlif araşdırmalar vardır. Odur ki, xalqımızın tarixi ilə yaxından bağlı olan həmin materialların sistemli və ardıcıl olaraq araşdırılıb xalqımıza çatdırılması vacibdir.
Bu mənada onu da qeyd etmək lazımdır ki, heç bir xalqın, o cümlədən də Azərbaycan xalqının tarixini yalnız Azərbaycanda mövcud olan arxiv materialları, kitablar, cünglər, səyyahların qeydləri, rəsmi sənədlər, xatirələr və s. ilə mükəmməl, əsaslı və obyektiv halda araşdırmaq qeyri–mümkündür…Həmçinin onu da qeyd etmək lazımdır ki, hər bir xalq və ya xalqın nümayəndələri özünü başqa bir xalqın nümayəndələrinə təqdim edərkən ilk növbədə özünün ana dili vasitəsilə xalqının milli mədəni–etik səviyyəsinin müasir durumu ilə təqdim edir. Bu da şübhəsiz ki, bəşəriyyətin müasir mədəni dəyərlərinin tələblərindən irəli gəlir…
Yuxarıda qeyd olunanları həyatda reallaşdırmaq məqsədilə aşağıda qeyd olunan problemlərin həll edilməsi vacibdir:
–”Tarix və Azərbaycan – gürcü filologiyası” fakültəsinin məzunlarından ali təhsilli kadr kimi Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında elmi işçi kimi və tərcümə sahəsində tərcüməçi kadrlar kimi istifadə etmək olar.
–Diplomatik sahədə: Gürcüstandakı səfirlik və ya konsulluq əməkdaşlarının gürcü dilini bilməsi vacibdir. Çünki “Azərbaycan dövlət dili haqqında” qanununun “Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi” adlanan 12 maddəsində qeyd olunduğu kimi “12.2 Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili iləyanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər…”.
Deməli, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyinin əməkdaşları da hər şeydən əvvəl gürcü dilini bilməlidirlər.
Azərbaycan Prezident Aparatında, Nazirlər Kabinetində, Milli Məclisdə, həmçinin ayrı–ayrı nazirliklərdə də gürcüdilli milli kadrlardan istifadə edilə bilər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı Slavyan Universitetinin nəzdində Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin təsis edilməsi Azərbaycanla Gürcüstan arasında ümumi tərəfdaşlığın inkişafına müsbət təsir göstərə bilər. Ümidvarıq ki, əlaqədar təşkilatlar bu barədə öz sözünü deyəcəklər.
Mədəd Çobanov,
filologiya elmləri doktoru,
professor.
Respublika.- 2012.- 19 dekabr.- S. 4.