Dəyərli monoqrafiya

 

Bu yaxınlarda fəlsəfə elmləri doktoru Rafail Əhmədlinin “Mirzə Kazımbəyin ictimai fikirləri” (B., “Elm”, 2012) adlı monoqrafiyası çap edilmişdir.

R.Əhmədli AMEA–da nəşrə hazırlanmış “Azərbaycan fəlsəfəsi tarixi”, yeddicildlik “Azərbaycan tarixinin yeni nəşrinin müəlliflərindən biridir.

Oxucuların maraqla qarşıladığı “Mirzə Kazımbəyin ictimai fikirləri” adlı yeni kitab Azərbaycan, türkrus dillərindəki ilk mənbələr, Tatarıstan MDA–nın və SanktPeterburq MDTA–nın fondlarında saxlanılan müvafiq sənədlər, o dövrün qəzet və jurnallarında dərc edilmiş məqalələr əsasında ərsəyə gəlmişdir.

Mirzə Kazımbəy möhtəşəm elmipedaqoji fəaliyyətilə dünya ictimai fikrində görkəmli yer tutur. Ona görə də korifey şərqşünasın həm Azərbaycanda, həm də onun humanitar elm hüdudlarından kənarda zamanzaman tədqiqata cəlb olunması təsadüfi deyildir. R.Əhmədlinin yeni kitabını bu sıradan dəyərli nəşr hesab etmək mümkündür.

Üç fəsil, giriş, nəticə və ədəbiyyat siyahısından ibarət olan əsərdə görkəmli filosofun Dərbənddən Peterburqadək kəşməkəşli həyatı ilə yanaşı, dəyərli elmipedaqoji fəaliyyəti tarixi sənədlər, mötəbər mənbələr əsasında araşdırılır və yüksək dəyərləndirilir. Mirzə Kazımbəyin şəxsiyyəti, onun xidmətləri, çoxşaxəli fəaliyyəti oxucunu heyran etməyə bilməz. O, tədqiqatçılıq bacarığı, zehni qabiliyyəti və təbiətən əzmkarlığı sayəsində doğma Azərbaycan türkcəsi ilə yanaşı, fars, ərəb, rus, ingilis, alman, fransız dillərini öyrənmiş, dini və dünyəvi elmlərin əsaslarına mükəmməl yiyələnərək əsl alim kimi formalaşmışdır. Məhz bu əzmkarlığı ilə gənc Kazımbəy heç bir ali məktəb qutarmadan az vaxtda adi mədrəsə şagirdindən universitet professorunadək yüksəlmiş, 33 yaşında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1826–cı ildən Kazan Universitetində Şərq dilləri üzrə mühazirə oxumaqla pedaqoji fəaliyyətə başlayan M.Kazımbəy çox keçmədən burada Türktatar dili kafedrasının müdiri (1828), fəlsəfə fakültəsinin birinci şöbəsinin dekanı (1845) kimi məsul vəzifələrə irəli çəkilmişdir. O, eyni zamanda Peterburq xüsusi pansion və məktəblərinin müfəttişi vəzifəsində də çalışmış, 1855–ci ildən ömrünün axırınadək məşhur SanktPeterburq Universitetinin şərqşünaslıq fakültəsinin ilk dekanı olmuş, Avropanın bu möhtəşəm ali təhsil ocağında Şərq dilçiliyi kafedrasına rəhbərlik etmişdir. Xüsusi qeyd etmək lazımdır ki, Rusiyada ali təhsilin təşkilində, dərs vəsaitlərinin yazılmasında, müəllim–professor kadrlarının hazırlanmasında Kazımbəyin xidmətləri böyükdür.

Bu mənada M.Kazımbəyin “Rusiya şərqşünaslığının patriarxı” kimi şərəfli bir ad qazanması təsadüfi deyildir. Akademik V.V.Bartold yazmışdır ki, məhz “Senkovski və Kazımbəy öz mühazirələri ilə rus şərqşünaslığını yaratmışlar: demək olar ki, sonrakı şərqşünaslar nəslinin hamısı bu alimlərdən birinin tələbəsi və ya onların tələbələrinin tələbələri olmuşlar”.

M.Kazımbəy öz sağlığında dünya şöhrəti qazanmış, əsərlərinin böyük əksəriyyəti ingilis, fransız, alman dillərinə tərcümə edilərək AvropaAsiya ölkələrində yayılmış, elmi ictimaiyyət arasında ciddi maraq doğurmuşdur. Məhz bu səbəbdən o, Rusiya Elmlər Akademiyasından savayı, Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Amerika Birləşmiş Ştatları və bir sıra digər ölkələrin elmlər akademiyalarının və elmi cəmiyyətlərinin üzvü seçilmişdir. Fərəhli haldır ki, Rusiya şərqşünasları arasında ilk dəfə məhz M.Kazımbəyə “Şərq filologiyası doktoru” yüksək elmi adı verilmiş, filologiya, dilçiliktarix sahəsindəki qiymətli tədqiqatlarına görə üç dəfə Rusiya Elmlər Akademiyasının “Demidov mükafatı”na, Böyük Britaniya kraliçasının brilyant üzüyünə layiq görülmüş, İran şahının ordeni ilə təltif edilmişdir.

Ensiklopedik biliyə malik olan M.Kazımbəy bugünümüzün özündə belə aktuallığını saxlayan Azərbaycan, rus, ərəb, Şərq xalqları tarixinə, müsəlman hüququna, ədəbi tənqidə, etnoqrafiyaya, etimologiyaya, numizmatikaya, mifologiyaya, etika, pedaqogika və digər humanitar elmlərin müxtəlif sahələrinə dair yüzdən çox dəyərli əsərlər yaratmışdır. Şərq xalqlarının zəngin və çoxşaxəli ictimaisiyasi və fəlsəfi fikirlərinin araşdırılması onun əsərlərinin başlıca mövzularındandır. M.Kazımbəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, müsəlman Şərqində milli oyanış və qurtuluş mücadiləsinin tarixən bariz nümunəsi olan və mütəfəkkirin öz sözləri ilə desək, “şüurlu azadlığa doğru cəhdləri daha çox səciyyələndirən” babilər hərəkatının elmi araşdırıcılarından biri, Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifidir.

Monoqrafiyada Mirzə Kazımbəy haqlı olaraq ictimai–fəlsəfi fikir tarixində görkəmli maarifçi mütəfəkkir kimi təqdim edilir. Müəllifin fikrincə, “demokratik maarifçilik onun ictimaisiyasi görüşlərinin əsasını təşkil edir”. Maarifçi mütəfəkkir kimi o da elmin, maarifin, mədəniyyətin inkişafı ilə Şərqdə tərəqqinin mümkünlüyünə nikbinliklə inanır və bu istiqamətdə əlindən gələni əsirgəmirdi.

Kitab müəllifinin fikrincə, Şərqin, türk dünyasının və onun ayrılmaz hissəsi olan Azərbaycanın mədəni tərəqqisi M.Kazımbəy yaradıcılığının əsas qayəsi, aparıcı ideyası olmuşdur. “Şərq—bizim bu ilk Vətənimiz bəşəriyyətin beşiyi, işığın yayıldığı bu yerzaman maarifləşəcəkdir? Doğrudanmı, Qərb orada xeyirxah dəyişiklik etmək iqtidarında deyil? Doğrudanmı, İslam əbədi olaraq sivilizasiyaya əngəl olaraq qalacaqdır?” və s. kimi öz dövrünün vacib suallarına cavabın axtarılması, bu cür taleyüklü məsələlərin araşdırılması və nicat yolunun göstərilməsi “maarifçiliyin dostları” kimi M.Kazımbəyin də başlıca düşüncə obyekti idi. Bu mühüm işdə o, Qərbdən nümunə götürməyin, Avropadan qabaqcıl elmi–mədəni nailiyyətləri əxz etməyin tərəfdarı kimi çıxış etsə də, son nəticədə Şərqin özünün öz taleyinin sahibi olması, onun daxilən oyanışı, dirçəlişi qənaətinə gəlmişdir. M.Kazımbəy belə bir ibrətamiz fikri aşılamağa çalışmışdır ki, Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz; o, özününenerjisi ilə onun tədricən inkişafına yalnız təsir göstərə bilər. Ölkənin islahatçısı ölkənin özündə doğulmalıdır.

Alimin bu tarixi fikirləri zəmanəmiz üçünxarakterikdir, aktualdır və düşündürücüdür. Keçən əsrin sonlarına yaxın ölkə təhsil sistemində baş verən “yevrosentrizmprinsipi bu gün özünü yenidən göstərir. Təhsilimizdə Avropaya meyillilik, Avropa standartları, balonya sistemis. buna misaldır. Bu gün istər orta, istərsə də ali təhsil ocaqlarında aşılanan biliyin testlərlə yoxlanılması üsulu gənclərin təfəkkürünün deyil, yalnız yaddaşının inkişafına xidmət edir. Sessiya imtahanları dövründə ali məktəblərdə hər bir fənn üçün 700 sual tərtib etmək müəllimləri və tələbələri çaşbaş salmışdı. Ona görə də bu gün təhsil problemləri ilə məşğul olanların beyin mərkəzi testkurikulumla məşğuldur.

Müəllif özündən əvvəl bu mövzu ilə bağlı tədqiqat aparmış tanınmış mütəxəssislərin, ilk növbədə H.N.Hüseynovun, Z.M.Bünyadovun, A.Rzayevin, M.Əfəndiyevin, İ.Mustafayev ilə S.Murtuzayevin, S.B.Qasımovun, V.Quliyevin, M.A.Abdullayevin, Y.Əliyevin və başqalarının əsərlərini yüksək qiymətləndirmiş, onlara münasibətdə elmi etikaya sədaqət nümunəsi nümayiş etdirmişdir.

Bütün bunlar kitabın “Giriş” hissəsində öz əksini tapmışdır.

Əsərin birinci fəsli “Mirzə Kazımbəyin elmi görüşləri” adlanır və alimin həyatı, pedaqoji fəaliyyətinin əsas dövrləri, başlıca məqamları, Şərq xalqlarının tarixinə, ədəbiyyatına, mifologiyasına, dilçiliyə, əlifba islahatına dair əsərləri, eləcə də tərcümələri araşdırılır. Bu hissədə diqqəti cəlb edən məsələlərdən biri budur ki, bəzi Avropa dövlətlərilə yanaşı, Rusiyanın da xarici siyasətindəki “Şərq məsələsi” geniş və ətraflı təhlil edilir. Çar Rusiyasının Yaxın Şərqdə öz mövqeyini möhkəmlətməyə çalışması faktlarla izah edilir.

Məlum olduğu kimi, XVIII əsrin sonlarından başlayaraq Rusiyanın xarici siyasətində “Şərq məsələsi” ön planda olmuşdur. Rusiya Yaxın Şərqdə öz mövqeyini möhkəmləndirməyə çalışırdı. Çar I Nikolay, demək olar ki, bütün diqqətini “Şərq məsələsi”nin həllinə yönəltmişdi. Şərqdə işləmək üçün münasib kadrlar hazırlamaq, Şərqin tədqiqini genişləndirməkdən ötrü bir sıra mühüm tədbirlər həyata keçirilməyə başlanılmışdır. Bir sıra universitetgimnaziyalarda, həmçinin qəza məktəblərində Şərq xalqlarının dillərinin, ədəbiyyat və tarixinin, ilk növbədə, Azərbaycan dilinin tədrisi diqqət mərkəzində olmuşdur. Hökumətin 1829–cu il avqust ayının 2–də təsdiq etdiyi məktəblərin Cənubi Qafqaz nizamnaməsi ilə bu yerlərdə açılan qəza məktəbləri və gimnaziyaların tədris planlarına Azərbaycan dilinindaxil edilməsi, onun tədrisi üçün müvafiq dərslik və dərs vəsaitinin hazırlanması dövlətin təhsil siyasətinin tərkib hissəsini təşkil edirdi.

Çarizmin məxfi məqsədlərindən asılı olmayaraq Azərbaycan dilinə dair bu işlərin görülməsi Azərbaycan xalqının mənafeyinə uyğun idi.

Ulu öndərimiz Heydər Əliyevin 2001–ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında oxuyuruq: “XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır… XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışdılar”.

O vaxtlar bu sahədə ilk addımlar atıldı. Biri Rusiyanın şimalında, digəri isə cənubunda fəaliyyət göstərən tanınmış maarifçilər bu işdə tarixi xidmət göstərdilər. Bunlardan biri Kazan Universitetində Türk–tatar dili kafedrasının müdiri, özününAzərbaycan məktəbi”ni yaratmış, gələcəyin məşhur şərqşünas alimi professor Mirzə Kazımbəy, digəri isə gələcəyin məşhur mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim maarifçi M.F.Axundov idi.

Akademik Ramiz MehdiyevinMüasir Azərbaycan milli ideyanın təcəssümü kimiadlı məqaləsində (“Azərbaycanqəzeti 26 may 2011–ci il) deyildiyi kimi, “İranla müharibə nəticəsində 1828–ci ildən Rusiya imperiyasının tərkib hissəsinə çevrilmiş Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən dini identiklikdən Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid ideyası bu məkanda ideya axtarışlarının mərkəzində dayanmışdı. Bu dövrdə ən ümdə məqsəd etnik şüurun dini şüurdan ayrılması ideyası idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazımbəy kimi mütəfəkkirləri bu yöndə çalışırdılar”.

Bu mənada Mirzə Kazımbəyin 1839–cu ildə çap etdirdiyi məşhurTürk–tatar dilinin qrammatikasıadlı dərsliyinin meydana gəlməsi, elə həmin 1839–cu ildə Tiflisdə M.F.Axundzadənin yeni üsulla dərslik tərtib etməyə başlaması Azərbaycan dilinin əhəmiyyətli olmasından xəbər verirdi.

Yeri gəlmişkən, qeyd edək ki, Mirzə KazımbəyinQrammatika”sının bir nüsxəsi şəxsən çara təqdim edilmiş çar II Nikolay tərəfindən Kazımbəy brilyant üzüklə mükafatlandırılmış, 1841–ci ildə Rusiya Elmlər AkademiyasınınDemidov mükafatı”na layiq görülmüşdür.

M.Kazımbəy bu əsəri ilə Rusiya türkologiya elmində dönüş yaratmışdır. Geniş biliyə analitik istedada malik olan professor M.Kazımbəyin 1839–cu ildə çap edilən bu dərsliyi özünün elmiliyi ilə o dövrdə tərtib nəşr olunmuş bütün dərsliklərdən çox–çox üstün idi. Təkcə onu qeyd etmək kifayətdir ki, 30–40–cı illərdə yerlərdə tərtib edilən dərsliklər Peterburq Elmlər Akademiyasına rəyə göndərilərkən, mütəxəssislər hər dəfə M.Kazımbəyin bu dərsliyinin üstünlüyünü qeyd edir, Azərbaycan dilinin tədrisində ona müraciət olunmasını məsləhət görürdülər.

Kitabın ikinci fəsli M.Kazımbəyin dini baxışlarına həsr edilmişdir. Burada onun dini görüşləri, xristianlığı qəbul etməmişdən əvvəl yazdığı teoloji traktatı sonralar qələmə aldığı dinə dair digər əsərləri şərh edilmiş, müəllifin İslam dininə, onun ehkamlarına, müsəlman hüququna, Məhəmməd Peyğəmbərə (S), dini təsəvvüf fəlsəfəsinə münasibəti açıqlanmışdır.

Nəhayət, əsərin üçüncü fəslində M.Kazımbəyin fəlsəfi ictimai–siyasi görüşləri şərh edilmiş, onun Azərbaycan ictimai–fəlsəfi fikrinin inkişafındakı rolu işıqlandırılmışdır. Bu fəsildə M.Kazımbəyin Rusiyada, Yaxın Orta Şərqdə mövcud olan fəlsəfi, siyasi hüquqi cərəyanların tədqiqinə həsr olunmuş əsərlərindən bəhs edilir. Burada M.Kazımbəyə şöhrət qazandıranMüridizm Şamil”, “Bab babiləradlı əsərləri geniş təhlil olunmuşdur.

Kitabın yekun hissəsində M.Kazımbəyin fəaliyyəti yüksək qiymətləndirilir. Kitabda oxuyuruq: “Dərbənddən Həştərxana, oradan Kazana, daha sonra Rusiya İmperiyasının paytaxtı Peterburqa, Asiyadan Avropaya, dini təhsildən dünyəvi elmə, müsəlmanlıqdan xristianlığa aparan bu kəşməkəşli yolda Mirzə Kazımbəy böyük uğurlar qazanmışdır”.

Müəllifin haqlı olaraq qeyd etdiyi kimi, Mirzə Kazımbəy öz dövrünün tarixşünaslığında mühüm rol oynamışdır. Alimin tarixi mənbələrin tərcüməsi, nəşri, Şərq əlyazmalarının tədqiqi sahəsində, onun “Dərbəndnamə”, “Uyğurlar haqqında tədqiqat”, “Qədim zamanlarda Orta Asiyada xalqlar”, “İslam tarixi” və s. əsərləri dünya tarixşünaslığının nadir incilərindəndir.

Mirzə Kazımbəy sonralar xristianlığı qəbul etməsinə baxmayaraq, Şərq dünyasını sevmiş, yüksək qiymətləndirmiş, elmi mübahisə və müzakirələrdə onun mənafeyini müdafiə etmiş, qədim və zəngin Şərq mədəniyyətinin Rusiya və Qərbi Avropada təbliğinə çalışmış, bu mücadiləsində xristianlıqdan, bir növ, qalxan kimi istifadə edərək bütün mənalı həyatını Şərq xalqlarının, xüsusilə mənsub olduğu türk millətinin tərəqqisinə bağışlamışdır.

Mirzə Kazımbəyin elmi fəaliyyətini mütəxəssislər yüksək qiymətləndirmiş, rusdünya şərqşünaslığının inkişafında rolunu xüsusi qeyd etmişlər. XIX əsrin tanınmış fransız şərqşünası Oskar Bothing yazmışdır ki, Mirzə Kazımbəy yalnız öz vətəni üçün deyil, bütün insanlar üçün çalışırdı. O, öz həyatını əvvəldən axıradək bu nəcib işə həsr etmişdi. İstedadlı alimin əsərlərində biz həmişə fikir inciləri tapa bilirik.

Digər bir fransız şərqşünası Qustav Duqat M.Kazımbəy haqqında yazmışdır: “Mirzə Kazımbəyin ideyaları heyrətamiz dərəcədə geniş və zəngindir. Onun əsərlərində maarifə, tərəqqiyə qüvvətli meyil və məhəbbət duyulur. Rusiya şərqşünaslıq elmini irəli aparan bu cür alimlər ilə, həqiqətən də, fəxr edilə bilər. Şərqli Mirzə Kazımbəy zəmanəmizin ən ziyalı və qabaqcıl avropalıları içərisində görkəmli yerlərdən birini tutur”.

Bütün bunları nəzərə alan akademik Ziya Bünyadov haqlı olaraq Mirzə Kazımbəy haqqında yazır: “Öz həyatını rus şərqşünaslığının tərəqqisinə həsr etmiş azərbaycanlı alimin maraqlı və mənalı ömür yolu əsl elm korifeylərinin bütün zamanlarbütün xalqlar üçün doğma, əziz, gərəkli olduğuna ən yaxşı sübutdur”.

Kitabın dili sadə, səlis və oxunaqlıdır.

R.Əhmədlinin bu əsəri Mirzə Kazımbəyin olduqca zəngin irsinin hərtərəfli öyrənilməsi və obyektiv qiymətləndirilməsi sahəsində irəliyə atılmış bir addım kimi qiymətlidir. Müəllif özündən əvvəlki tədqiqatçılardan, sələflərindən bir qədər fərqli olaraq M.Kazımbəyin elmipedaqoji, fəlsəfi, diniictimaisiyasi görüşlərini problemlər üzrə kompleks halda, yeni baxımdan tədqiq edib, oxuculara çatdırmaq üçün faydalı görmüşdür.

 

Hüseyn ƏHMƏDOV,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Ümumi pedaqogika

kafedrasının müdiri, professor.

 

Respublika.- 2012.- 20 dekabr.- S. 12.