| Cəsur tabor komandiri
Onun adı Şuşa döyüşçüləri arasında həmişə hörmətlə çəkilir. 1988–ci ilin fevralında erməni daşnaklarının Azərbaycana qarşı haqsız, qərəzli torpaq iddiası şuşalıları ayağa qaldırdığı andan qeyrətli Şuşa vətənpərvərləri kimi Aqil Azad oğlu Həsənov da Qarabağın müdafiəçilərinə qoşuldu. 1989–cu ildən şəhərin müxtəlif ərazilərində özünümüdafiə postları yarananda Aqil də gecə–gündüz bu postlarda doğma şəhərin müdafiəsinə qalxdı. 1991–ci ildə Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun rəhbərliyi ilə xalq könüllüləri taboru yaradılarkən o, bu taborun ilk üzvlərindən biri oldu. 1992–ci il fevralın 5–dən isə həmin taborun qərargah rəisi və tabor komandirinin müavini təyin edildi. Aqil Şuşanın müdafiəsində əsl qəhrəmanlıq göstərmiş və adı nəinki şuşalıların, eyni zamanda bütün döyüş bölgələrində qəhrəmanlıq simvoluna çevrilmişdi. Şuşanın qeyri–bərabər döyüşlərində dəfələrlə ölümlə üz–üzə qalan Aqil Həsənov 1992–ci ilin iyun ayında MN–nin “N” saylı hərbi hissəsində hərbi fəaliyyətə başlayır. Qısa müddətdə o, əvvəl taqım, sonra isə bölük komandiri, 1992–ci ilin dekabrında taborun qərargah rəisi, 1993–cü ilin aprelindən isə tabor komandiri vəzifəsində çalışır. 1992–93–cü illərdə Ağdam istiqamətində və ehtiyat hərbi hissədə xidmət edir.
1994–cü il yanvar ayının 5–də Füzuli rayonu ərazisində döyüş aparan “N” saylı hərbi hissədə iştirak edir və Şükürbəyli, Aşağı Əbdürəhmanlı, Qorqan, Aşağı Seyidəhmədli və digər kəndlər uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.
Aqil Həsənov atəşkəsdən sonra, 1994–cü ilin iyun ayından yenidən ehtiyat hərbi hissəyə göndərilir. 1995–ci ilin iyunundan 1996–cı ilin avqustuna kimi o, Türkiyə Silahlı Qüvvələrinin piyada məktəbində təhsil alır.
1996–cı ilin avqustundan isə yenidən ön xəttə–Qərb bölgəsinə göndərilir və burada da tabor komandiri vəzifəsində çalışır. 1996–1999–cu illər Tovuz rayonu ərazisində bütün cəbhə boyu xidmət göstərir. 1999–2000–ci illərdə yenə də Qərb bölgəsində tabor komandiri vəzifəsində çalışır. Respublikada uzunmüddətli tabor komandirlərindən biri olan Aqil Həsənov 2000–ci ilin noyabrından kapitan rütbəsində təqaüdə çıxaraq Şuşa Humanitar Kollecində hərbi hazırlıq müəllimi kimi fəaliyyətə başlayır.
Aqil müəllim uşaqların hərbi hazırlığına diqqət yetirir, onların vətənpərvər kimi yetişməsi üçün əlindən gələn köməyi əsirgəmir.
Təsadüfi deyildir ki, bu ilin aprel ayında bir vaxtlar Aqil müəllimin komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə respublika birinciliyində onun yetirmələri qalib gəlmişlər. Bu uğur onu göstərir ki, gənclərimiz Vətən uğrunda döyüşlərə tam hazırdırlar.
Aqil müəllim deyir ki, onun ən böyük arzusu könlümüzün paytaxtı Şuşada–şəhərin ən görkəmli yerinə Azərbaycan bayrağını sancmaqdır. Arzun çin olsun, Aqil müəllim!
Zabit CAVADOV,
Respublika.- 2012.- 20 dekabr.- S. 11.