|
MÜƏLLİM HAZIRLIĞININ MÜASİR PROBLEMLƏRİ
Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması yüksək biliyə, bacarığa, mükəmməl səriştəyə malik pedaqoji kadrların hazırlanmasını tələb edir. Bu istiqamətlərin həyata keçirilməsi yeni pedaqoji texnologiyalardan və innovasiyalardan istifadə etmək zərurəti yaradır.
Lənkəran Dövlət Humanitar Kollecində keçirilən elmi–praktik konfransda müəllim hazırlığının müasir problemləri, təhsildə elmi və texnoloji innovasiyalar barədə ətraflı söhbət açılmış və müzakirələr aparılmışdır.
Konfransda kollecin direktoru Şaban Şəfiyev giriş sözü söyləmiş, informasiyanın və informasiya proseslərinin həyatın bütün sahələrində rolunun sürətlə artdığını, təhsilin texniki bazasının yeniləşdiyini, müəllim hazırlığının müasir yanaşmalar tələb etdiyini diqqətə çatdırmışdır. Bu gün müəllim hazırlayan orta ixtisas müəssisələrinin əsas vəzifələrindən biri məhz gələcəyin müəllimlərinin yeni texnologiyalara, innovasiyalara yiyələnməsini təmin etməkdir.
Kollecin direktoru təhsil ocağının 1924–cü ildə “Darülmüəllimeyn” adı ilə fəaliyyətə başladığını və 88 illik şanlı bir yol keçdiyini bildirmişdir. Bu illər ərzində məktəbi 52 min nəfərə yaxın məzun bitirərək şərəfli müəllim peşəsinə yiyələnmişdir.
Hazırda təhsil ocağının pedaqoji, musiqi və qiyabi şöbələrində 13 ixtisas üzrə 854 tələbə oxuyur. Gənclərin peşə hazırlığı ilə 141 nəfər müəllim məşğul olur.
Şaban Şəfiyev təhsildə yeni metod və üsulların, mütərəqqi prinsiplərin, müasir texnologiyaların istifadəsi və həyata keçirilməsi üçün yüksək intellektə, bilik və bacarıqlara malik müəllim kadrlarının hazırlanmasını kollektivin ümdə vəzifəsi olduğunu qeyd etmişdir.
Kollecin pedaqogika müəllimi, “Pedaqogika və psixologiya” fənn komissiyasının sədri Almaz Əbilova “Müasir təlim texnologiyaları və innovasiyalar” mövzusunda məruzə etmişdir. Bildirmişdir ki, innovasiya təhsilin təşkilində mahiyyətli yanaşmanı, yaxşılığa doğru yeniliyi tələb edir. Hazırda bir çox məktəblərdə dərslər kompyuter və multimedia proyektorlarının köməyilə keçirilir.
Zaman ötdükcə daha yeni informasiya–kommunikasiya texnologiyaları yaranır, inkişaf edir, təkmilləşir. Təbii ki, məktəb bunlardan kənarda qala bilməz. Təhsildə baş verən yeniliklərə cavab vermək üçün müəllimlərin hərtərəfli hazırlığına diqqət artırılmalıdır. Lakin təhsildə nə qədər texniki imkanlar, vasitələr olsa da, bu, müəllim şəxsiyyətinin yerini verə bilməz. Axı hansı texniki avadanlıq, vəsait müəllim hissini, ruhunu, baxışını, nəzərini, qayğısını əvəz edə bilər?
Məruzə ətrafında kollecin tarix müəllimi Qətilə Şükürova, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, pedaqoji elmlər namizədi, dosent Afiq Əliyev, Lənkəran şəhər 6 saylı tam orta məktəb–liseyin direktoru, pedaqoji elmlər namizədi Akif Xalıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti Səriyyə Kələntərli çıxış etmiş, müəllim hazırlığının komponentləri, təlim prosesinin idarə olunmasının texnoloji əsasları, müəllim hazırlığında müasir kurikulumların imkanları, təlim metodlarının xarakterik xüsusiyyətləri barədə fikir və mülahizələrini söyləmişlər.
Astara Pedaqoji Kollecinin direktoru, respublikanın əməkdar müəllimi, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev konfranda çıxış edərək müasir texnologiyaların və innovasiyaların təhsildə rolundan, təlim texnologiyalarının tətbiqinin səmərəsindən, yeni dövrün tələblərinə uyğun pedaqoji kadrların hazırlanması sahəsində qarşıda duran vəzifələrdən danışmışdır.
Lənkəran Rayon Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov tədris prosesində İKT–nin tətbiqinin əhəmiyyətindən, pedaqoji texnologiyaların üstünlüklərindən söhbət açmış, daim öyrənən, yeni biliklər qazanan və bu bilikləri həyatda tətbiq etməyi bacaran müəllim kadrlarının hazırlanmasının vacibliyini qeyd etmişdir.
Konfrans iştirakçıları kollecdə keçirilən açıq dərslərdə iştirak etmiş, müzakirələr aparmışlar.
Əlisəfa HƏSƏNOV,
Respublika.-2012.- 20 dekabr.-
S. 9.