| SUMQAYIT
DÖVLƏT UNİVERSİTETİ MÜASİR DİNAMİK
İNKİŞAF MƏRHƏLƏSİNDƏ
Elm, təhsil, bilik cəmiyyətin
sürətlə dəyişməsinə, Azərbaycanın dünya birliyi ölkələri
tərəfindən tanınmasına, ictimai–siyasi nüfuzunun iqtisadi, mədəni və sosial
sahələrdə gücünün
artmasına, dövlətçilik ənənələrinin
qorunmasına müsbət
təsir göstərən milli quruculuq strategiyasının ən mühüm, ən ümdə sferalardan
sayılır. Elm və təhsilin inkişafı və bu sahədə aparılan islahatyönümlü
tədbirlər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü
siyasətin prioritet məsələlərindən
biridir, dünya
ictimaiyyəti tərəfindən dəstəklənən uğurlu nəticələrin parlaq
ifadəsidir.
Bu gün inkişaf dinamikasına görə dünyanın aparıcı dövlətləri tərəfindən tanınan Azərbaycanın elm və təhsili də Birləşmiş Millətlər Təşkilatı tərəfindən “təhsil əsri” elan edilən, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalararası qarşılıqlı əməkdaşlıq, anlaşma mövqeyinin getdikcə gücləndiyi bu tarixi dövrün–XXI əsrin qlobal problemlərinin həllinə istiqamətləndirilir.
Azərbaycan təhsili dahi siyasətçi, dövlət xadimi, Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin 1993–cü ilin iyun ayında ikinci dəfə ölkəyə rəhbərlik etdiyi müstəqillik illərindən sonra daha da böyük inkişaf yolu keçmiş, quruculuq və dövlətçilik istiqamətində uğurlu nəticələr əldə edilmiş, ölkəmizin iqtisadi, siyasi həyatında ciddi irəliləyişlərlə müşahidə olunmuş irimiqyaslı təhsil islahatları həyata keçirilməsinə başlanmış, dünya birliyi ölkələrinə inteqrasiya sahəsində ciddi dönüş yaradılmış, dövlətimizin beynəlxalq aləmdə nüfuzu və mövqeyi artmış və sürətli inkişaf tempinə görə dünyada lider ölkə kimi tanınmışdır.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev Azərbaycanı demokratik, hüquqi, elm və təhsil sahəsində şöhrət tapan bir dövlət kimi dünyada tanıtdı, iqtisadi inkişaf səhəsinə görə dünyanın ən qabaqcıl sivil ölkələri sırasına çıxartdı. Bunun nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda uzaqgörənliklə söyləmişdir ki, təhsil hər bir cəmiyyəti irəli aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir.
Prezident İlham Əliyevin təhsillə bağlı 130–dan artıq fərman və sərəncam imzalaması, 100–dən artıq tədbirdə iştirak etməsi, mindən artıq təhsil işçisini müxtəlif orden və medallarla, fəxri adlarla təltif etməsi onun elm və təhsilə nə qədər bağlı olduğunun, bu sahəyə böyük önəm verməsi, diqqət və qayğı göstərməsinin parlaq təzahürüdür.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri–daimi üzvü seçilməsi, ölkə Prezidentinin sərəncamı əsasında “Azərbaycan 2020: gələcəyə bir baxış” inkişaf konsepsiyasının hazırlanması, elm və təhsillə bağlı qəbul edilmiş sərəncamlar cənab İlham Əliyevin müdrik siyasətinin, quruculuq işlərinə hərtərəfli yanaşmasının bariz nümunələridir. Bunun nəticəsidir ki, ölkə Prezidentinin rəhbərliyi sayəsində təhsil ocaqlarının maddi–texniki bazası yenidən qurularaq möhkəmləndirilir, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğun qurulması, dünya təhsil sisteminə inteqrasiyası və vahid bir təhsil məkanında birləşdirilməsi həyata keçirilir. İndi ali məktəblərdə gənc kadrların hazırlanmasına, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına, elmin inkişaf strategiyasının yeni istiqamətlərinin müəyyənləşdirilməsinə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Bolonya prosesinə qoşulmasına, kredit sisteminə keçilməsinə, ali məktəblərdə təhsil sisteminin informasiyalaşdırılmasına diqqət və qayğı göstərilməsi ölkə Prezidentinin qətiyyəti və əzmkarlığının nəticəsində həyata keçirilir, ali məktəblərdə infrastrukturun yaradılması mexanizminin yenidən qurulmasını stimullaşdırır. Qarşıya qoyulan ciddi vəzifələr təhsilə insan kapitalı kimi baxılması, təhsilin məzmununun modernləşdirilməsi ilə keyfiyyətinin yüksəldilməsi, praqmatik təhsil modelindən azad inkişafı təmin edən modelə keçidin reallaşdırılması, informasiya cəmiyyətinin texnoloji bazasının formalaşdırılması, ali məktəblərin təhsil proqramlarının, ümumtəhsil məktəblərində ayrı–ayrı fənlər üzrə kurikulumların dünya standartlarına uyğun yeniləşdirilməsi və müasirləşdirilməsi kimi aktual məsələlərin həlli yollarını araşdırmağa geniş imkan yaratmışdır.
Azərbaycan 2005–ci ildən Bolonya prosesinə qoşulmuş, dünya təhsilinə inteqrasiya istiqamətində uğurlu nəticələrə imza atmışdır. Beynəlxalq standartlara uyğun ali təhsilin bakalavr pilləsi üçün ixtisasların (proqramların) adları dəqiqləşdirilmiş və təsdiq edilmişdir. Bütün ali məktəblərin kredit sisteminə keçməsi də Azərbaycan təhsilində edilmiş yeniliklərdən biri kimi qiymətləndirilməlidir. Ali təhsil müəssisələrində büdcə vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında həyata keçirilməsi də təhsil sistemində yeni mövqe, uğurlu addımdır.
Heydər Əliyev ideyalarını layiqincə yaşadan ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə, elmə verdiyi böyük diqqət və qayğı xalq tərəfindən dəstəklənir və müsbət qiymətləndirilir. Fondun təşəbbüsü ilə 300–ə yaxın yeni məktəb, uşaq bağçası, internat məktəbi binaları tikilib istifadəyə verilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Bunun nəticəsidir ki, təhsil naziri Misir Mərdanov 2012–2013–cü dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini, pedaqoji ictimaiyyəti, tələbə və şagirdləri təbrik edərkən demişdir ki, Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illər atılan uğurlu addımlar ötən dərs ilində də davam etdirilmiş, 50000 şagird yerlik 167 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, 21 məktəb üçün 5104 şagird yerlik əlavə tədris korpusları inşa olunmuş, 103 məktəb əsaslı təmir edilmişdir. Cənab Prezidentin 20 iyun 2012–ci il tarixli sərəncamı ilə “ən yaxşı ümumtəhsil məktəbi” və “ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən 20 məktəb və 51 müəllimin Bakı məktəblərinin payına düşməsi də sevindirici haldır. Böyük bir nailiyyətdir ki, son illər 2200–dən çox məktəb binası tikilmiş və təmir edilmişdir.
Göründüyü kimi, son illər elm və təhsil sahəsində bir sıra prioritet istiqamət üzrə aparılan işlərin miqyası getdikcə artmış, müsbət nəticələr əldə edilmişdir. Bu sahədə Sumqayıt Dövlət Universitetində də digər ali təhsil ocaqlarında olduğu kimi böyük işlər görülmüş, dövlətçilik ənənələrimizin qorunmasında, iqtisadi–mədəni yüksəlişdə, kadr hazırlığında, Azərbaycan təhsilinin dünyaya inteqrasiyasında zəngin ənənə yaranmış, elm və təhsilin inkişafında universitetin özünəməxsus rolu və yeri olduğunu təsdiqləmişdir.
Sumqayıt Dövlət Universitetinin təməli 1962–ci ildə qoyuldu və tədris müəssisəsi Az.NKİ–nin filialı kimi fəaliyyətə başladı. 1992–ci ildən Azərbaycan Sənaye İnstitutu kimi müstəqil ali təhsil ocağına çevrildi. Ulu öndər Heydər Əliyevin 13 iyun 2000–ci il tarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanı ilə Azərbaycan Sənaye İnstitutuna universitet statusu verilməklə Sumqayıt Dövlət Universiteti yaradıldı. Bu ali məktəbin yaranması və inkişaf tarixində akademik İsmayıl İbrahimovun əməyini iftixarla xatırlayırıq. Bu tədris müəssisəsinin formalaşmasında müxtəlif illərdə ali məktəbə rəhbərlik etmiş dosent İ.Sadıqovun, dosent İ.Abbasovun, professorlar M.Mahmudovun, R.Əliyevin, C.Kərimovun, E.Qocayevin, E.Fərhadzadənin böyük əməyi olmuşdur. Bu tədris ocağının yaradılmasında, maddi–texniki bazasının möhkəmləndirilməsində, kadrlarla təmin olunmasında Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) müstəsna rolu unudulmazdır.
Az bir müddət ərzində universitetin elm, təhsil və maddi–texniki təchizi sahəsində dönüşün yaradılması ölkə Prezidentinin dəstəyindən, milli təhsilimizə göstərdiyi qayğıdan sonra yüksək sürətlə inkişaf etməyə başladı, uğurlu nəticələr əldə edildi. Universitetin xarici və daxili görkəmi tamamilə dəyişdirildi. Hər iki korpusda əsaslı təmir və abadlıq işləri aparıldı, bütün mərtəbələr, foyelər, auditoriyalar, universitetin böyük akt zalı, idman zalı əsaslı təmir edildi. Tədris ocağının ərazisi hasara alındı, həyətin asfaltı yeni daş piltələrlə əvəz olundu, çoxlu gül kolları, bəzək ağacları əkildi, gözəl və yaraşıqlı giriş qapısı düzəldildi. 2010–cu ildə əsas korpusun birinci mərtəbəsindəki foyedə ulu öndər Heydər Əliyevin büstü qoyuldu. Tədbirdə iştirak edən Respublikanın təhsil naziri professor M.Mərdanov və Sumqayıt şəhər İH–in başçısı E.Əzizov SDU–da görülən işlərdən razı qaldıqlarını bildirdi və universitetin kollektivinə Azərbaycan təhsilinin inkişafında uğurlar arzuladılar.
Universitetin həyətində şəhid məzunların şərəfinə xatirə kompleksi ucaldıldı. Geniş və işıqlı konfrans zalı, 150 yerlik 2 tələbə yeməkxanası, yeni tipli sanitariya qovşaqları əsaslı şəkildə təmir edilərək müasir standartlara uyğunlaşdırıldı. Tələbələrin asudə vaxtını səmərəli keçirməsi üçün 2006–cı ilin yayında universitetin həyətində süni örtüklü mini stadion, güləşin müxtəlif növləri ilə məşğul olmaq üçün geniş idman otaqları və trenajor zalı tikilib istifadəyə verildi.
Hazırda universitetdə riyaziyyat, fizika və elektroenergetika, kimya və biologiya, mühəndislik, iqtisadiyyat və idarəetmə, tarix, filologiya fakültələri və Əcnəbi Tələbələrlə Hazırlıq Mərkəzi, 45 kafedra və 6 elmi–tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu fakültələrdə 4400–dən artıq, o cümlədən 100–dən artıq əcnəbi tələbə 26 istiqamət üzrə bakalavr pilləsində, 53 ixtisas üzrə isə 330 nəfər magistratura pilləsində təhsilini davam etdirir. 40 doktorant və 37 dissertant elmin müxtəlif sahələri üzrə elmi–tədqiqat işlərini yerinə yetirirlər.
Sumqayıt Dövlət Universitetində 8 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 50 nəfər elmlər doktoru, professor, 155 nəfər elmlər namizədi, dosent, 190 nəfər baş müəllim işləyir. 9 elmi istiqamət üzrə 46 mövzunu əhatə edən tədqiqat işləri yüksək elmi–nəzəri səviyyədə yerinə yetirilir. Bu işə 370 nəfər professor–müəllim, 30 nəfər elmi işçi cəlb olunmuşdur.
Son 12 ildə universitet əməkdaşlarından 17 nəfər elmlər doktoru, 74 nəfər müxtəlif ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 8 nəfər professor, 84 nəfər dosent elmi adlarına layiq görülmüşlər.
Bu dövr ərzində universitet əməkdaşları tərəfindən 60 monoqrafiya, 140 dərslik və dərs vəsaiti, 580 metodik vəsait və fənn proqramı, 3000 elmi məqalə (o cümlədən 600–ü xarici jurnallarda), 1500 tezis (o cümlədən 300 tezis beynəlxalq konfranslarda) çap olunmuşdur. 110 patent alınmışdır. Bunlardan 3–cü Avrasiya patentidir. Bu müddətdə universitetdə 16 Beynəlxalq, 35 Respublika və 44 universitetdaxili elmi konfrans keçirilmişdir. Magistrantların respublika elmi konfransı hər il SDU–da keçirilir. Tələbə elmi cəmiyyətinin xətti ilə hər il təşkil olunan tələbələrin konfransları maraqla qarşılanır. Universitet tələbələri ali məktəblərarası fənn olimpiadalarında da fəal iştirak edirlər. Universitetdə 2 bölmə üzrə “Elmi xəbərlər” (təbiət və texniki və humanitar–sosial elmlər bölmələri üzrə) jurnalı nəşr edilir.
Sumqayıt Dövlət Universiteti yaranan gündən beynəlxalq layihələrdə iştirak etmək üçün məqsədyönlü işlər aparır və bu sahədə xeyli uğurlar əldə olunmuşdur. TEMPUS layihəsi çərçivəsində universitet 4 uğurlu layihənin iştirakçısı olmuş və qalib seçilmişdir. Universitet eyni zamanda 2002–2004–cü illərdə Almaniya Köln Tətbiqi Elmlər Universiteti, Hollandiya Heerlan Tətbiqi Elmlər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Mingəçevir Politexnik İnstitutu ilə birlikdə “Müasir mühəndis hazırlığı” layihəsinin iştirakçısı olmuşdur. Avropa standartlarına uyğun “Avtomatlaşdırma və informatika texnikası”, “Elektorenergetika” ixtisasları üzrə bakalavr və “Ətraf mühitin mühafizəsi” ixtisası üzrə magistr hazırlığını uğurla başa çatdırıb və bu proses indi də davam etdirilir. Bu günə kimi həmin ixtisaslar üzrə 75 bakalavr və magistr hazırlanmışdır.
2006–2009–cu illərdə Sumqayıt Dövlət Universiteti Almaniya Köln Tətbiqi Elmlər Universiteti, Varşava Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə birgə neft və kimya sənayesində “Enerji menecmenti” ixtisası üzrə magistr hazırlığını həyata keçirib və indi də davam etdirir. Bu iki layihə çərçivəsində Avropadan alınmış müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Avropa standartlarına uyğun 8 müasir tədris laboratoriyası yaradılmışdır. Universitetin 10 əməkdaşı müxtəlif müddətlərdə həmin xarici ölkə universitetlərində keçirilən seminarlarda iştirak etmiş və əldə etdikləri təcrübəni tələbələrə öyrətmişdir.
2010–2012–ci illərdə universitet yeni TEMPUS layihəsinin – Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti, Ukraynanın Poltava Texniki Universiteti, İvano–Frankovsk Milli Texniki Universiteti, Belarus Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti, Böyük Britaniyanın Varvik Universiteti, Polşanın Krakov Universiteti, İsveçin Kral Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə birlikdə iştirakçısı və qalibi olmuşdur. Bu layihə çərçivəsində universitetlərarası innovasiya şəbəkəsi yaradılmışdır.
2011–ci ildə Sumqayıt Dövlət Universiteti Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Texniki Universiteti ilə birgə “Azərbaycanda mühəndis hazırlığının Bolonya prosesinə uyğunlaşdırılması layihəsinin” iştirakçısı olaraq layihənin uğurla yerinə yetirilməsini davam etdirir.
Hazırda kanalizasiya çöküntülərinin piroliz texnologiyasına görə Almaniyanın BASF şirkəti ilə birlikdə NATO–nun təhlükəsizlik layihəsinin birinci mərhələsi udulmuş və bu layihə Sumqayıt şəhərinin kanalizasiya sistemində yaranan çöküntülərin zərərsizləşdirilməsi və onlardan alternativ enerji növlərinin alınmasına yönəldilmişdir.
Bu il universitetə optik kabel çəkilmiş, geniş lokal və Wİ–Fİ şəbəkələri yaradılmışdır. Bu da öz növbəsində videokonfransların və distant təhsilin daha etibarlı şəkildə aparılmasına geniş imkan yaradır. Müasir dövrün tələblərinə cavab verən “Elektron kitabxana” yaradılmış, İRBİS–64 sisteminin tam paketi quraşdırılmışdır.
Universitetin veb portalı yaradıldı və “Millinet – 2012″ respublika müsabiqəsində Elm və Təhsil nominasiyası üzrə qalib gəldi. Təhsil Nazirliyinin xətti ilə internetə çıxışı təmin edən universitet üzrə vahid şəbəkə yaradıldı. Sumqayıt Dövlət Universitetinin inkişafına, müasir tələblərə uyğun yeniləşməsinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin daim diqqət və qayğısı hiss olunur və kollektivimizi yeni nailiyyətlər qazanmağa daha da ruhlandırır.
1999–cu ildə Dünya Bankının “Dünyanın inkişafı haqqında” çap olunan hesabat məruzəsində yeni iqtisadiyyata keçidin adekvat iqtisadi institusional sistemin yaradılması, güclü insan kapitalı bazasının inkişafı, dinamik informasiya infrastrukturu, səmərəli milli innovasiya sisteminin inkişafı kimi dörd mühüm starteji amili göstərilmişdir. Bütün bunları nəzərə alan SDU ayrı–ayrı ölkələrlə qlobal səviyyədə əməkdaşlıq edir, kadr hazırlığını həyata keçirir, yeni ideya və texnologiyalardan istifadə təcrübəsini öyrənir, tədris prosesinə tətbiqi imkanlarını təmin edir.
Universitetin elmdə və təhsildə olduğu kimi idman həyatında da nailiyyətləri böyükdür. Tələbələrimiz son on ildə dünya, Qran–Pri, Avropa, Asiya çempionatlarında, Beynəlxalq turnirlərdə və Respublika yarışlarında 88 medal qazanmışdır. Bu medalların 32–si qızıldır. Uğurlarımız bu gün də davam edir.
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə kollektivimizin səmərəli fəaliyyəti hər zaman dövlətimiz və onun müdrik rəhbəri tərəfindən layiqincə qiymətləndirilir, müasir tipli ali məktəbə çevrilməsi üçün geniş imkanlar yaradılır. Bunun nəticəsidir ki, Sumqayıt Dövlət Universiteti ölkənin təhsil sistemində böyük mövqeyi olmaqla yanaşı respublikamızın hüdudlarından kənarda, dünya ölkələri tərəfindən də tanınır, elm, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq güclənir, tədqiqatlar aparılır.
Universitetin 50 illik yubileyinə hazırlaşdığımız bir zamanda ölkə Prezidenti İlham Əliyevin 16 noyabr 2012–ci ildə imzaladığı sərəncamla Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin 10 nəfər əməkdaşını “Əməkdar müəllim”, 1 nəfərini “Əməkdar jurnalist” və 8 nəfərini “Tərəqqi” medalı fəxri adları ilə təltif etməsi bu ali təhsil ocağının 50 yaşı və universitet kimi fəaliyyət göstərməsinin 12 ili tamam olduğu bir dövrdə kollektivimizi sevindirir, onların sevincini, bayram əhvali–ruhiyyəsini qat–qat artırır.
Bu, kollektivimizə göstərilən böyük etimad, əməyimizə verilən yüksək qiymətdir. Əməyimizə verilən bu dəyərə görə özümün və kollektivin adından ölkə Prezidentinə dərin minnətdarlıq və ehtiramımı bildirirəm. Universitetin bütün əməkdaşları bundan sonra da təhsilin, elmin inkişafı, dövlətçiliyimizin qorunması yolunda əzmlə çalışacaq, yeni–yeni uğurlar qazanacaqlar. Dövlətimiz və xalqımız əmin ola bilər ki, SDU–nun professor–müəllim heyəti yüksək ixtisaslı kadrların hazırlanmasında bütün qüvvələrini əsirgəməyəcək, işlərini müasir tələblər səviyyəsində quracaqdır.
Nadir QƏHRƏMANOV,
SDU–nun rektoru,
fizika–riyaziyyat elmləri doktoru,
professor,
“Şöhrət”
ordenli.
Respublika.- 2012.- 21 dekabr.- S. 10.