Ənənələri yaşadan mədəniyyət ocağı

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin dünya birliyinə daha dərindən nüfuz etməsində mədəniyyətin və mədəniyyət təhsilinin böyük rolu var. Mədəniyyətin inkişafı, onun istiqamətləndirilməsi, idarə olunması, çağdaş tələblərə cavab verməsi, həm də milli ənənələrin özünəməxsusluğun qorunub saxlanılması üçün əsas şərtlərdən biri, bəlkə də birincisi mədəni təhsilin keyfiyyətidir. Təhsil millətin gələcəyidir, onun dinamik inkişafının real təminatçısıdır. Mədəniyyət təhsili də bu baxımdan istisna deyil. Ölkəmizdə mədəniyyət təhsilinin müasir standartlara cavab verə bilən səviyyədə qurulması beynəlxalq birliyə uğurlu inteqrasiya etməyimizin mühüm şərtlərindəndir.

 

Müasir dövrdə milli və ümumbəşəri nailiyyətlər əsasında mədəniyyətimizin demokratikləşməsi və müasirləşməsi, insan hüquqlarının müdafiə olunması, şəxsiyyətin yaradıcı inkişafı, elmi biliyin və mütərəqqi texnologiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir. Hazırda azərbaycançılıq fəlsəfəsinin və vətəndaşlıq məfkurəsinin formalaşdırılmasında kulturologiya elmi daha mühüm rol oynamağa başlayıb. Bu gün cəmiyyətin və şəxsiyyətin formalaşmasında kulturologiya elmi çox mühüm vəzifələri və sosial funksiyaları yerinə yetirir. Bu elm öz fundamentallığı ilə cəmiyyəti öyrənən digər sosial–humanitar elmlərdən əsaslı şəkildə fərqlənir. Hazırda bu elmin özünəməxsus spesifik xüsusiyyətləri və sosial funksiyaları vardır. Azərbaycan Respublikasında bu elmin əsaslı şəkildə öyrənilməsi və mədəniyyətlə əlaqədar problemlərin tədqiqində ölkənin aparıcı ali məktəblərindən sayılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti flaqman rolunu oynayır. 90 illik tarixə malik olan bu universitetdə Azərbaycan mədəniyyət və incəsənətinin böyük korifeyləri təhsil almış və həmin məzunların böyük əksəriyyəti daha sonralar burada çalışmış, milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazmışlar. Bu şərəfli inkişaf yolunda mədəniyyət və incəsənət xadimləri yüksək nailiyyətlər əldə etmiş, yaradıcılıq uğurları qazanmışlar. Sözsüz ki, müasir mərhələdə konkret olaraq yalnız kulturoloji təhsilin vəziyyəti və perspektivlərindən danışılsa belə, 90 illik zəngin tarixi yolun ümumi mənzərəsinə toxunmadan ötmək mümkün deyil.

Bu gün Mədəniyyət və İncəsənət Universiteti nəinki Azərbaycanın, hətta Mərkəzi Asiya və Cənubi Qafqazın ən böyük unikal bədii təmayüllü ali məktəbidir. ADMİU Azərbaycanda mədəniyyət və incəsənətin əksər sahələrində yüksək ixtisaslı kadrlar hazırlayan, geniş yaradıcılıq imkanlarına, elmi–metodiki bazaya malik olan yeganə ali təhsil müəssisəsidir. Universitet teatr, kino, televiziya, rəssamlıq, kulturologiya, sənətşunaslıq, musiqi və estrada sənəti sahəsində mütəxəssislər, (rejissorlar, aktyorlar, ssenaristlər, operatorlar, teatrşünaslar, kinoşünaslar, musiqişünaslar) o cümlədən xoreoqrafiya, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, menecment, kulturoloq, təsviri və dekorativ–tətbiqi sənət mütəxəssisləri, xalçaçılıq, sənaye qrafikası, reklam üzrə rəssamlar, modelyerlər, dizaynerlər, instrumental və xalq çalğı alətləri ifaçıları və s. hazırlayır.

Hazırda ADMİU–da 8 fakültə, hazırlıq şöbəsi və təkmilləşdirmə dekanlığı var. Universitetin 29 kafedrası, əsaslı kitabxanası, geniş bədii və texniki imkanlara malik tədris “Səda” teatrı, kompyuter mərkəzi, müasir avadanlıqla təchiz edilmiş nəşriyyat–poliqrafiya mərkəzi, idman klubu, telestudiya, səsyazma studiyası və bir çox digər qurumları olan unikal ali təhsil ocağına çevrilmişdir. Tələbə gənclər burada aktyor, rejissor, kino və televiziya operatoru, menecer, solo oxuma (xanəndəlik), instrumental ifaçılıq, xalq çalğı ifaçılığı, estrada sənəti, teatrşünas, kinoşünas, sənətşünas, bədii yaradıcılıq və ekran dramaturgiyası, beynəlxalq mədəni əlaqələr və digər ixtisasların sirlərinə daha dərindən yiyələnirlər. ADMİU–da müxtəlif xarici ölkələrdən gəlmiş çoxlu sayda əcnəbi tələbələr də vardır ki, bu tələbələrin elmi–təhsil sistemi məhz müasir dünya standartlarının tələblərinə uyğun şəkildə qurulmuşdur. Onlar fakültələrdə tədris prosesində mədəniyyət və incəsənətin sirlərini daha dərindən öyrənirlər.

Kulturologiya fakültəsi ADMİU–nun ən aparıcı fakültələrindən biridir. Hazırda fakültənin dekanı fəlsəfə üzrə doktor, dosent Apdin Əlizadədir. 1959–cu ildə Mədəni–maarif işi ixtisası əsasında yaradılmış bu fakültə 1995–ci ildən kulturologiya adlandırılmaqla keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanda mədəni–maarif təhsil sistemindən kulturoloji təhsil sisteminə keçidin əsasını qoydu. Qloballaşma və inteqrasiya prosesləri kulturologiya elminin inkişafına daha güclü təkan verdi və Azərbaycanda kulturoloji tədqiqatlar həm nəzəri, həm tarixi, həm də tətbiqi istiqamətlərdə aparılmağa başladı. Fakültədəki fəaliyyətin təkmilləşdirilməsində ADMİU–nun rektoru, professor Timuçin Əfəndiyevin müstəsna xidmətləri olmuşdur. Məhz onun istiqamətverici tövsiyə və rəhbərliyi sayəsində fakültə böyük uğurlara imza atmışdır. Belə ki, 1998–ci ildən etibarən fakültədə həm bakalavr, həm də magistr pilləsi üzrə mütəxəssis hazırlığına başlanıldı. Həmin dövrdən kulturologiya elmi ilə yaxından məşğul olmağa başlayan yeni–yeni mütəxəssislər və tədqiqatçılar nəsli yetişdi. N.Əfəndiyeva, İ.Hüseynov, Ç.Abdullayev, A.Əlizadə, M.Süleymanlı, S.Əliyeva, Y.Əliyeva, T.Əhmədova, F.Hüseynova, G.Kazımova, A.Eyvazlı, N.Abbasov, E.Kazımzadə və digər alimlər kulturologyanın bir elm kimi formalaşmasına öz elmi tədqiqatları ilə yeni töhfələr vermiş oldular. İnnovasiya prosesləri ilə əlaqədar olaraq fakültədə Mədəniyyət və muzeyşünaslıq, Kulturologiya, Sosial–siyasi elmlər, İqtisadiyyat və informatika kimi yeni unikal kafedralar yaradıldı ki, postsovet məkanının digər müstəqil respublikaları ilə müqayisədə Azərbaycanda kulturologiya elmi daha güclü şəkildə inkişaf etməyə başladı. Eyni zamanda bu ali məktəbdə AAK tərəfindən namizədlik və doktorluq dissertasiyaları üzrə müdafiə şurası yaradıldı ki, bu da respublikada kulturoloq kadrların hazırlanmasında mühüm əhəmiyyətə malik oldu.

Fakültədə fəaliyyət göstərən kulturologiya kafedrası yarım əsrlik tarixə malikdir. Hazırda kafedraya onun öz yetişdirməsi olan kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva rəhbərlik edir. Kafedrada çalışan professor–müəllim heyətinin tədqiqatçı və yetkin alimlər kimi yetişməsində universitetin rektoru, pofessor Timuçin Əfəndiyevin səy və diqqəti danılmazdır. Kafedrada tədris prosesinin gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanmasında dərs vəsaiti və dərsliklərinin işlənilməsi ilə yanaşı, kafedranın elmi bazası da ildən–ilə güclənir. Yüksək intellektual elmi səviyyəyə malik gənclərin kafedrada elmi yaradıcılığa cəlb edilməsində kafedra alimlərinin böyük əməyi vardır. Respublikada tanınmış alim professor Niyazi Mehdi, professor Maral Manafova, dosent Zərifə Əliyeva belələrindəndir. Respublikada ilk dəfə nəşr olunan “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Beynəlxalq mədəni əlaqələr” kimi fundmental dərsliklər, məhz bu kafedranın professor–müəllim heyətinin əməli məhsuludur.

Kulturologiya fakültəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət və muzeyşünaslıq kafedrası respublikada muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması və turizm və sosial–mədəni servis xidməti ixtisaslaşması üzrə kadr hazırlığını həyata keçirir. Kafedraya respublkikanın tanınmış alimlərindən sayılan kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov rəhbərlik edir. Kafedra mədəniyyət, turizm, muzey işi və tarixi abidələr üzrə respublikada kulturoloji layihələrin və proqramların həyata keçirilməsində yaxından iştirak edir. Kafedrada on bir müəllim çalışır. Bunlar fəlsəfə üzrə doktoru, dosent Apdin Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Süleymanlı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oqtay Sultanov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, sənətşünasslıq üzrə fəlsəfə doktoru, dosent Elfira Məlikova, kulturologiya üzrə fəlsəfə doktoru, baş müəllim Fərqanə Hüseynova, kulturologiya üzrə fəlsəfə doktoru, baş müəllim Gülçin Kazımi, baş müəllim Afət Allahverdiyeva, kulturologiya üzrə fəlsəfə doktoru, baş müəllim İlhamə Səfərova, kulturologiya üzrə fəlsəfə dokroru, müəllim Elnurə Kazımzadədir. Mədəniyyət və muzeyşünaslıq kafedrasının əməkdaşları həm səriştəli, peşəkar pedaqoq, həm də yaradıcı alimlər kimi özlərini doğrultmuşlar. Respublikada nəşr olunan bir sıra dərslik və dərs vəsaitlərinin müəllifləri də məhz bu kafederanın əməkdaşlarıdır. “Muzeyşünaslıq”, “Tətbiqi kulturologiya”, “Kulturologiya və onun əsas istiqamətləri”, “Turizmin əsasları”, “Azərbaycanda milli adət və ənənələrin bədii–estetik əsasları”, “Muzey ekspozisiyası”, “Muzey fondu”, “Muzeydənkənar tarix və mədəniyyət abidələrinin mühafizəsi və istismarı” və sairə bu kimi dərslik, dərs vəsaitlərinin adlarını çəkmək olar.

Kulturologiya fakültəsinin yaradıcı kafedralarından biri də Sosial–siyasi elmlər kafedrasıdır. Kafedranın əsası 1966–cı ildə qoyulmuş zəngin ənənələri olmuşdur. Hazırda kafedraya professor Əlikram Tağıyev rəhbərlik edir. Kafedrada 13 müəllim, üç laborant çalışır. Yarandığı gündən indiyədək kafedrada 100–dən çox kitab, dərslik, dərs vəsaiti, monoqrafiya, tədris plan və proqramları hazırlanmışdır. Kafedranın dosenti Mübariz Qurbanlı 1995, 2000, 2005, 2010–cu illərdə keçirilmiş çağırışlarda Milli Məclisə deputat seçilmişdir.

Kulturologiya fakültəsinin növbəti kafedrası iqtisadiyyat və informatika kafedrasıdır. Kafedra 2001–ci ilin sentyabrından fəaliyyətə başlamışdı. Hazırda kafedrada 10 müəllim çalışır. Kafedraya iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Məleykə Həsənova rəhbərlik edir. Kafedrada iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Ağamirzə İsfəndiyarov, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Lalə Mustafayeva, baş müəllim Nəzirə Əliyeva, baş müəllim Cəmilə Əliyeva, müəllimlər Nazim Səmədov, Gülşən Hacıyeva, Şahin Əliyev, Racim Əsgərov çalışır.

İqtisadiyyat və informatika kafedrası Menecment ixtisası üzrə aparıcı kafedra olmaqla, həmin ixtisasda təhsil alan tələbələrlə bakalavr va magistr təhsil pilləsində müvafiq fənlər üzrə istiqamət yönümlü fəaliyyətlə məşğul olur. Kafedrada 35 ixtisas üzrə fənn tədris olunur. Bunlardan “Mikro iqtisadiyyat”, “Makro iqtisadiyyat”, “Biznesin əsasları”, “Maliyyə”, “İdarəetmə nəzəriyyəsi”, “Maliyyə menecmenti”, “İnnovasiya menecmenti”, “Müəssisənin iqtisadiyyatı”, “Mədəniyyətin iqtisadiyyatı”, “Ekonometrika”, “Bank işi” və digərlərinin adlarını çəkmək olar.

Dosent Məleykə Həsənovanın Mədəniyyət və incəsənət sahələrinin marketinqi, dosent Ağamirzə İsfəndiyarovun Mədəniyyət menecmenti fənlərinin dərslikləri və proqramları böyük səy nəticəsində hazırlanmış və nəşr edilmişdir. Kafedranın əməkdaşları pedaqoji fəaliyyətləri ilə yanaşı, respublikada təşkil olunan elmi məclislərdə də fəal iştirak edirlər. Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya: İqtisadi və beynəlxalq əlaqələr mövzusunda II Beynəlxalq Simpoziumda dosent Məleykə Həsənova, Bakı, Tbilisi Qars dəmir yolu. Qlobal enerji layihələrinin davamı kimi mövzusundakı simpoziumda dosent Lalə Mustafayeva fəal şəkildə iştirak etmişlər.

Hazırda ADMİU–nun kulturologiya fakültəsi məhz kulturoloji təhsil sahəsində respublikamızın yeganə ali təhsil ocağı hesab edilir. Fakültənin professor–müəllim heyəti universitetin elmi nəşri olan “Mədəniyyət dünyası və Elmi əsərlər” məcmuələrində müntəzəm şəkildə kulturoloji məsələlərlə bağlı olaraq elmi yazılar çap etdirir, mütəmadi şəkildə respublika və beynəlxalq səviyyəli elmi–nəzəri konfranslarda iştirak edir.

ADMİU–nun kulturologiya fakültəsi yüksək ixtisaslı kulturoloqların hazırlanması, kulturoloji təhsilin elmi–metodoloji əsaslarının yaradılması və inkişaf etdirilməsi, dünya və milli kulturoloji fikir tarixinin tədqiqi sahəsində respublikada aparıcı mövqe tutur. Keçən əsrin 90–cı illərindən başlayaraq ADMİU–nun Kulturologiya fakültəsində müasir tələblərə və beynəlxalq standartlara cavab verən ixtisas kafedraları açılmağa başladı. Yeni unikal ixtisasların və kafedraların açılmasında, fakültənin maddi–texniki bazasının yüksəldilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, universitetin kitabxana fondunun zənginləşdirilməsində, mədəniyyət müəssisələri ilə əlaqələrin genişləndirilməsində, fakültənin beynəlxalq mədəni əlaqələrinin qurulmasında universitetin rektoru, filologiya elmləri doktoru, prof. Timuçin Əfəndiyevin müstəsna xidmətləri olmuşdur. O, fakültənin yaradıcısı kimi tarixə düşmüşdür. Məhz Timuçin Əfəndiyevin səyi nəticəsində ADMİU–nun kulturologiya fakültəsi respublikamızda kulturoloji təhsilin ən aparıcı ixtisas kafedralarında kulturologiya sahəsi üzrə elmitədqiqat işləri aparılır, monoqrafiya və elmi məqalələr nəşr etdirilir, ixtisas fənləri üzrə dərsliklər və dərs vəsaitləri hazırlanır, pedaqoji kadrların hazırlanması ilə bağlı işlər öz nəticəsini verir.

Kulturologiya fakültəsinin professor–müəllim heyəti kulturologiya sahəsində fundamental tədqiqatlar aparır, elmi tədqiqatların nəticəsi kimi monoqrafiya, dərslik, dərs vəsaitləri nəşr etdirirlər. “Mədəniyyət tarixi və nəzəriyyəsi” dərsliyi, “Tətbiqi kulturologiya”, “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Turizmin əsasları”, “Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili”, “Kulturologiya”, “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Muzeydənkənar tarix və mədəniyyət abidələrinin mühafizəsi və istismarı”, “Muzey ekspozisiyası”, “Muzey fondu”, “Müasir xarici mədəniyyətşünaslıq”, “Beynəlxalq mədəni əlaqələr”, “Sosial kulturologiya”, “Azərbaycanın ərəb ölkələri ilə mədəni əlaqələri”, “Etika”, “İnformasiya mədəniyyəti–ünsiyyət mədəniyyəti” dərslikləri belələrindəndir. Kulturologiya fakültəsində çalışan alim pedaqoqların nəşr etdirdikləri bu tədris vəsaitlərindən respublikanın digər ali məktəblərində də geniş miqyasda istifadə edilir.

Sona yetməkdə olan ilin iyun ayının əvvəllərində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Kulturoloqların II Beynəlxalq Bakı Forumu Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu mövzusunda növbəti tədbirini keçirdi. Tədbirdə müxtəlif ölkələrin ali təhsil müəssisələrindən nümayəndələr maraqlı mövzularla çıxış edərək kulturologiya elminin müasir dövrdə mədəniyyət siyasəti ilə sırf qarşılıqlı əlaqədə olduğunu vurğuladılar.

Kulturologiya fakültəsinin professor müəllim heyətinin nümayəndələri prof. İ.Hüseynov Kulturologiyanın tarixi bəşəriyyətin mədəni varlığını və təkamülünü tədqiq edən elm kimi, dos. S.Əliyeva Mədəniyyət, modellər və qadın problemi, Y.Əliyeva isə XXI əsrdə mədəni diplomatiya mövzuları ilə bağlı kulturoloqların II Beynəlxalq forumunda çıxış etdilər.

ADMİU–da son zamanlar bir sıra tədbirlər ənənə halını almışdır. Belə tədbirlərdən biri “Mədəniyyət: problemlər və perspektivlər” adlı konfransıdır. Bununla yanaşı, universitet beynəlxalq əhəmiyyətli tədbirlər planını da həyata keçirir. Universitetdə Ali Attestasiya Komissiyasının reyestrində olan iki böyük elmi məqalələr toplusu dərc olunur: “Mədəniyyət dünyası və Elmi əsərlər” məcmuəsi. Profil kafedralarda kulturologiya sahəsi üzrə elmitədqiqat işləri aparılır, monoqrafiya və elmi məqalələr nəşr etdirilir.

Azərbaycan Respublikası təhsil nazirinin “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturunun təsdiqi barədə” 28 aprel 2006–cı il və “Ali təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili barədə” 14 dekabr 2005–ci il tarixli əmrlərinin icrası ilə bağlı olaraq fakültədə hazırlanan bütün ixtisaslar üzrə tədris fənn proqramları Bolonya təhsil sistemi standartlarına uyğunlaşdırılmışdır. 2009–2010–cu tədris ilindən etibarən fakültənin əyani şöbəsinin qruplarında tədrisin ən mütərəqqi forması hesab olunan kredit sisteminin tətbiqinə başlanmışdır.

90 illik yubileyini yaşayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsi öz ənənələrini davam etdirməkdədir. Universitetin rektoru, professor Timuçin Əfəndiyevin təşəbbüsü ilə dekabrın 21–i və 22–də keçiriləcək “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial–mədəni inkişaf” Beynəlxalq elmi–nəzəri konfransda dünyanın bir sıra ölkələrindən–İngiltərə, Rusiya, Gürcüstan, İran, Türkiyədən alimlər də iştirak edəcəkdir. Fakültədə çalışan professor–müəllim heyətindən tutmuş texniki əməkdaşa qədər hər kəs bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə böyük məsuliyyət və səylə hazırlaşır. Beynəlxalq konfransda Böyük Britaniyadan İan Piert, Gürcüstandan Levan Xetaquri, İrandan Faranak Bavardeh, Moskvadan İrina Silakovanın iştirakları gözlənilir. Bu konfrans kulturologiya fakültəsi əməkdaşlarının doğma universitetin 90 illik yubileyinə ən gözəl töhfəsi olacaqdır.

 

Apdin ƏLİZADƏ,

fəlsəfə üzrə doktor, dosent.

 

Respublika.- 2012.- 21 dekabr.- S. 9.