| Üzeyir ocağında unudulmaz bir gün

 

Bildiyimiz kimi 2012–ci il dekabrın 14–dən 18–dək respublikamızda Azərbaycan bəstəkarlarının IX qurultayı keçirilib. Bəstəkarlarımızın bu yaradıcılıq hesabatı günlərində qurultayda iştirak etmək üçün Bakıya respublikamızın hüdudlarının kənarlarından da bir çox bəstəkarlar, musiqi xadimləri dəvət olunmuşdular.

 

Həmin qonaqlar dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin ev–muzeyində oldu. “Koroğlu” operasının uvertürasının təntənəli sədaları altında dahi bəstəkarın abidəsi önündə təzim edən qonaqlar ora gül dəstələri düzdülər. Qurultay nümayəndələrini muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov salamladı. O, qonaqlara Üzeyir Hacıbəylinin evmuzeyinin yaradılmasından, bəstəkarın həyatından, əsərlərinin yaranma tarixindən məlumatlar verdi. Rusiya və Tatarıstan xalq artisti, Tatarıstanın Bəstəkarlar İttifaqının sədri Rəşid Kalimulin çıxış edərək söylədi ki, muzey həqiqətən heyrətamizdir. Üzeyir Hacıbəyli dünya miqyasında tanınan bir bəstəkardır. O, Azərbaycanın musiqi incəsənəti üçün ölçüyəgəlməz işlər görmüşdür. Onun yaradıcılığı keçmiş SSRİ–nin digər xalqlarının musiqi tarixi üçünaz məna kəsb etmir. Üzeyir Hacıbəylinin tatar bəstəkarlıq məktəbinin klassiki və mənim müəllimim olan Nazif Jiqanovla yaxın dostluq əlaqələri olmuşdur. Uzun illərdən sonra bu evi ziyarət etmək mənə də nəsib oldu.

Ukraynalı qonaq Mixail Şved öz ürək sözlərini belə söylədi: “Mənim üçün bu muzeydə olmaq çox xoşdur. Burada qəlbi riqqətə gətirən bir atmosfer vardır. Üzeyir Hacıbəyli həqiqətən dahi sənətkardır. Arzu edirəm ki, muzeydə uzun illər bu ruhu qoruyub saxlayasınız”.

Özbəkistanın xalq artisti Rustam Abdullayev isə dedi ki, Üzeyir Hacıbəyli bütün Şərq xalqlarının bəstəkarlarına professional milli musiqini necə yaratmağın sirlərini öyrətdi.

Gürcü bəstəkarı Rusudan Tsurtsiniyanın çıxışı isə belə oldu: “Mən fəxr edirəm ki, dünya musiqi xəzinəsinə əvəzsiz incilər bəxş etmiş Üzeyir Hacıbəyli Gürcüstanın Qori şəhərindəki seminariyada təhsil almışdır və musiqi aləminə ilk addımlarını orada atmışdır. Azərbaycanın musiqi xadimlərinə isə demək istəyirəm: Siz xoşbəxtsiniz ki, Üzeyir Hacıbəyli kimi ustadınız var”.

SanktPeterburqdan gələn bəstəkar Aleksandr Radviloviçbu evdə olduğundan qürur hissi keçirdiyini bildirdi. Bəstəkarın ruhu yaşayan bu evin qoruyucularına uğurlar arzuladı.

Muzeydə keçirilən tədbirdə Azərbaycan bəstəkarlarından əməkdar incəsənət xadimləri Rauf Əliyev, Cahangir Zülfiqarov, Məmmədağa Umudov, Samir Əliyev də iştirak edirdilər. Çıxışlardan sonra söz musiqiyə verildi. Muzeyin direktoru Sərdar Fərəcov və başqa bəstəkarlar Üzeyir Hacıbəylinin ölməz musiqisindən nümunələr səsləndirdilər, disklərə köçürülmüş əsərlərindən fraqmentlər dinlədilər.

Daha sonra qonaqlar muzeyin rəy kitabına öz təəssüratlarını yazdılar. Xatirə şəkilləri çəkdirdilər.

 

Gülnarə Ələsgərova,

Üzeyir Hacıbəylinin evmuzeyinin

ekspozisiya şöbəsinin müdiri.

 

Respublika.- 2012.- 21 dekabr.- S. 9.