Şah
İsmayıl…
(Şərur
düzündən başlanan qələbə)*
Fikrimcə, hər hansı bir tarixi prosesi araşdırarkən səbəb və nəticələri məntiqin gücü ilə təhlil etmək, paralel şəkildə öyrənmək həmişə uğur gətirib. Tarixi təhlil və araşdırmalarda simmetriyanı pozmaq tarixin dəyərlərini itirmək deməkdir. Əslində tarix elə səbəblər toplusudur. Öyrənib irəli çıxmaqla öyrənməyib irəli çıxmaq arasında xeyli fərq var. Biri məğlubiyyət gətirib səni məğlub edir, digəri səni qələbəyədək aparıb səni qalib edir.
Məsələn, iranlı alim Bəhram Qaramanlı yazır: “…tariximizin (söhbət Azərbaycan tarixindən gedir) XV əsrin sonu, XVI əsrin əvvəllərilə XX əsrin sonu, XXI əsrin əvvəlləri arasında bir–birini rasional, astronomik və məntiqi dəyərlərlə əvəz edən maraqlı, tarixi prosesləri var…” (Tehran, “Keyhan” qəzeti, 1993–XI). Sonra alim şiə müsəlmanlarının tacı olan, dünya tarixində “vahid ölkə… vahid millət… vahid din… vahid dil…” prinsiplərinin möhürünü vuran Şah İsmayıl Xətaini misal çəkib, 90–cı illərdə Azərbaycanı “…yanar dairədən çıxaran…” (B.Qaramanlı) onu parçalanmaqdan və qardaş qırğınlarından xilas edən ümummilli liderimiz Heydər Əliyevi xatırlayır.
Araşdırma materiallarına görə, 1991–ci il fevralın 5–də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarların möhürünü vurdu. “…Azərbaycan Respublikası elan olundu. Azərbaycan Cümhuriyyətinin (1918–ci il) bayrağı Dövlət Bayrağı kimi təsdiqini tapdı. 1991–ci il martın 11–də başqa bir iranlı tədqiqatçı İbrahim Nuri (Uzun Həsənli) “Savalan” dərnəyi qəzetində qeyd edir: …Bakıda mart ayının 7–də cəsarətli Heydər Əliyev sessiyada çıxış etdi. Dedi: “…Mən Azərbaycanın tam istiqlaliyyətə, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir…”.
(1991. III–11 Tehran) 1991–ci il avqustun 30–da saat 13:30–da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat – “Azadlıq Bəyannaməsi” qəbul edildi. Digər bir məlumata görə, 1991–ci ilin sentyabrın 4–də həm Bəhram Qaramanlı, həm İbrahim Nuri (Uzun Həsənli) və həm də digər altı nəfər şəxs Heydər Əliyevi təbrik etmək üçün Naxçıvana gəlirlər. Məlumata görə, gələnlər arasında Bəhram Qaramanlı, İbrahim Nuri (Uzun Həsənli) ilə yanaşı… altı nəfər də əlavə urmiyalı, təbrizli, ərdəbilli, meşkinli, miyanəli, tehranlı… rəsmi qaydada Culfa sərhədini keçirlər.
Araşdırma materiallarına görə, İran İslam Respublikasından Naxçıvana – Heydər Əliyevlə görüşə gələn şəxslərin soykökü XV əsrədək gedib çıxır. Və əldə olunan digər məlumatlardan aydın olur ki, bu adamların ulu babaları (yeddi arxadan dönənləri) Şah İsmayıl hakimiyyətində iştirak etmiş şəxslər olub. Məsələn, alim Bəhram Qaramanlı Səfəvi dövlətinin qorunmasında xidmətləri olan Bayram bəy Qaramanlının soykökündəndir. Eləcə də Fəraməz (Tahir) Ustaclı Şah İsmayılın yanında olan Məhəmməd xan Ustaclının soykökünə gedib çıxır. İxtisasca həkim olan Fəraməz Ustaclı tanınmış bir ziyalı idi. Və yaxud Bəhruz Əli Mədədli orta məktəb müəllimi olub. Onun soykökü isə Səfəvilər dövlətini alqışlayan, diplomat Murad Əlinin soykökünə aparıb çıxardı. Tədqiqatçı alim, vaxtilə İranın Səltənət Kitabxanasında çalışan Qasım bəy Mehdixanlı Dədəoğlu Şah İsmayılın əmirlərindən olan Dədə bəy talış (yəni Əbdül Əli Dədə) nəslindəndir. Araşdırma materiallarına görə, Qasım Mehdixanlı Dədəoğlunun nənə tərəfinin ulu babalarından biri Naxçıvanın Şərur qəbristanlığında dəfn olunub.
Səfəvilər dövlətində ən ciddi vəzifələrdən sayılan atlı və müdrikliyinə görə seçilən Hüseyn bəy Lələnin nəslindən olan, astrofizik Hüseyn Kuçek (kiçik sözündəndir) Lələ, həmçinin ulu nənə və dədə babaları Sisianda və Alagöz kənd qəbristanlığında dəfn olunmuş Yeqan bəy Təkəlinin (Alagözlü) soykökündən olan Ağa Merac Yeqan, eləcə də Səfəvilər dövlətində yazılan və verilən fərmanlara, sərəncamlara, bağlanmış məktub və sənədlərinə imza möhürü hazırlayan sarayın daxili və xarici siyasətinə nəzarət edən Muğanlı Sarı Əlinin nəslindən olan Noruz Ağa Əli… (məlumata görə, Muğanlı Sarı Əli Naxçıvanda baş verən “Əshabi–Kəhf” döyüşlərində əsl qəhrəmanlıq göstərib. Bu döyüşün tarixini, əsl məzmununu araşdıra bilmədik. İmkan olsa, bu ciddi maraqlı məsələni tarixçilərimiz araşdırsınlar. Əlbəttə, mən “bacarmadım” – demirəm. Bu, sırf tarixi bir proses olduğundan yanlış yola çıxa bilərəm. Odur ki, bu məsələni tarixçilərin öhdəsinə buraxdım).
Heydər Əliyev üçün bu adamların gəlişi maraqlı idi. Əslində bu adamların hər biri həm qədim, həm də yeni tariximizin başlanğıc səhifələrindən biri idi. O vaxt “Savalan” qəzetində “Salam olsun sənə, gözəl Naxçıvan” yazısı çap olundu. Yazıya “Dədəoğlu” imzası qoyulmuşdu. Yazıda Səfəvilər dövlətini təhlil edən müəllif qeyd edir ki, Naxçıvanda böyük Heydər Əliyevin görüşündə olduq. “…Nə qədər söhbət etdik, onun saatı bilinmədi… O bizə Şah İsmayılı xatırladırdı. (Qeyd edim ki, bu cümləyə görə “Savalan” qəzeti yeddi nömrə gecikdi – R.N.) Səfəvilər dövlətindən söhbətlərimiz daha şirin və məzmunlu idi. Heydər Ağa bizə xatırladırdı ki, nə edirsinizsə, edin–dininizdən, imanınızdan əl çəkməyin… Səfəvilər dövləti dünya tarixində yer qazanıb. Siz də borclusuz ki, o tarixi qoruyasız…”.
Müəllif öz yazısında bildirir ki, Səfəvilər Dövlətinin etnik mənşəyi haqqında söhbətlərdə Heydər Əliyev bizə məsləhətlər və düzəlişlər verdi…”. Sonra bizə bir kitab bağışladı. Kitab qədim də olsa, təmiz və səliqəli qorunmuşdu. Heydər Əliyevin imza atıb verdiyi kitab bizim marağımıza səbəb oldu. Kitabdakı böyük şərqşünas V.Bartoldun Şah İsmayılla bağlı qeydləri diqqətimizdən yayınmadı…
Səfəvilərin mənşəyi, soykökü istiqamətində indi də araşdırmalar aparılır. Maraqlı budur ki, fars–azərbaycanlı münasibətlərində bəzi tədqiqatçılar bu faktordan kortəbii, ola bilsin, məqsədli şəkildə istifadə edərək, iki xalq arasında, iki millət arasında nifaq toxumu səpirlər. Alim–tədqiqatçı Bəhram Qaramanlı isə Naxçıvandan qayıtdıqdan sonra “Keyhan” qəzetinə verdiyi açıqlamada bildirir ki, Heydər Əliyev təkcə İran İslam Respublikasında yaşayan azərbaycanlıları deyil, farsları da çox sevir, onlara hörmət bəsləyir.
B.Qaramanlı
ona verilən suala cavabında bildirir:
“…O (yəni Heydər Əliyev) bizə
tapşırdı ki, nifaq doğuran işlərdən uzaq
olaq. Azərbaycan böyük məmləkətdi. O
farslarla həmişə bir yerdə süfrə
açıb, bir yerdə çörək kəsib… Şah İsmayıl Xətai isə bu xalqın
misilsiz və əvəzsiz yadigarıdır. O, vaxtilə
İranda İslam bayrağını qaldıran ilk dövlət
xadimlərindən biri olub. Tarix bunun üçün onu
öz səhifələrində saxlayır… Mənim
ulu babalarım, soyköküm olan Səfəvilər sülaləsi
Şeyx Səfiəddin olub. Biz heç
vaxt qəbahət işlətmərik ki, deyək biz onun nəslindəndik.
Şah İsmayıl Ərdəbildəndi və
türk mənşəlidi. İlk Səfəvi
şeyxləri Ərdəbildə yaşamışlar. Onların doğma dili Azərbaycan dili olub. Yaxud İmam Xomeyni Ağanın ətrafında əslən
Ərdəbildən olan nə qədər Şeyx vardı.
İmam onlarla Azərbaycan dilində danışırdı…
Bütün bunlardan söz açmağı İranda bizə
heç kəs qəbahət etmir…”.
Araşdırma
materiallarında belə bir fikrə də rast gəldik ki, bəzi
tarixçilər möhtəşəm Azərbaycan tarixini
Türkiyə tarixinin əlavəsi kimi göstərməyə
meyil edir… Səfəvilər dövlətinin, Şah
İsmayıl Xətainin”… Böyük dövlətçilik
tarixi”ni heçə endirməyə səy
edirlər. Belə fikrə düşənlər, sadəcə,
çox məşhur olan İran tarixçisi Məhəmməd
Mehdi ibn Şirazinin “Tarix–i Təhmasibiyyə”sini, rus şərqşünası
V.A.Petruşevskinin və … azərbaycanlı tədqiqatçı
O.Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti”
kitablarını oxusunlar.
Bu ərazidə şiəliyin mərkəzləşdirilmiş
qaydada inkişafı bütöv İran üçün də
çox faydalı idi. Faktiki olaraq, Şah İsmayıl
qurduğu Azərbaycan dövlətini İmam Əli, İslam
və yaxud şiə dövlətçiliyi prinsipləri
altında idarə edirdi.
Şübhə etmirik ki, insanları onun ətrafında
birləşdirən prinsiplərin ən başlıcası
da elə bu idi. Eləcə də Səfəvilər
dövlətinin yaranmasını İran tarixində yeni
dövlətçilik (İslam dövləti quruluşu)
tarixi üçün də başlanğıc hesab etmək
olar.
Məlumata
görə (daha doğrusu, iranlıların Naxçıvanda
Heydər Əliyevlə görüşü zamanı),
astrofizik Hüseyn Kuçek Lələ söhbət zamanı
iddia etdi ki, o, İmam Xomeyni hərəkatını, İslam
inqilabının əsaslarını Şah İsmayıl Xətainin
islami dövlətçilik fonunda araşdırır.
İrana
qayıtdıqdan sonra bu fikri mətbuata çıxaran
Hüseyn Kuçek Lələ “Təbriz” ədəbiyyat
almanaxında qeyd edir: “… Mənim fikirlərimi
diqqətlə dinləyən Heydər Ağa (Əliyev)
xatırlatdı ki, bu iki şəxsiyyətin hər birinin
öz kürsüsü var. İmam Xomeyni daha böyük,
daha cəsur bir şəxsiyyətdir. Şah
İsmayıl Xətaiyə gəlincə, o, insanlara dövlətçilik
prinsiplərini, ənənələrini xatırlatdı.
Azərbaycanlı əqidəsində, Azərbaycanlı məfkurəsində
şiəliyin, təmiz və saf bir din olan islam
dininin əsaslarını qoydu… Heydər Ağa
(Əliyev) bizə bunu da məsləhət gördü ki, bu
istiqamətdə yazarkən İranın məşhur və
tanınmış elm xadimi olan Bustan Pərizinin “Səfəvilər
dövründə siyasət və iqtisadiyyat” kitabını
da oxuyaq. Orada xeyli maraqlı material var. Sonra o, bizə
tarixçi Şah İsmayıl haqqında çoxcildlik yazan
Nəsrullah Fəlsəfinin kitablarından danışdı…
Dedi ki, Şah İsmayıl ata tərəfdən
özünü həmişə seyid hesab edib. Bu fikir onun
“Divan”ında da var. (O, bizə Şah İsmayıldan bir beyt
dedi). Şah İsmayıl islam peyğəmbərinin
(s.ə.s.) nəslindəndir. O, özünü Əli
ocağının övladı hesab edirdi. Bu
şəcərə ilə də fəxr edirdi. Onun ana tərəfi
isə Uzun Həsənin ocağına gedib
çıxırdı… Səfəvilər
dövlətinin qurulmasında qaramanlılar
üstünlük təşkil edib. Qaramanlılar
İranda, Türkiyədə, Azərbaycanda… həmişə
ciddi və fərqli işlərdə olublar. Məsələn,
Əshabi–Kəhfin tapılmasında, qurulmasında
qaramanlılar çox əmək sərf ediblər… Heydər (Ağa) Əliyev Azərbaycan tarixini o qədər
diqqətlə danışırdı ki, marağımız
bitib–tükənmirdi. O, bunu da dedi ki, Naxçıvan,
Şərur Şah İsmayılın yolunu Təbrizə
açdı…
Tarixə nəzər salmaq maraqlı olardı. Məsələn, uzun
müddət Azərbaycan radiosunun Xarici Verilişlər
Baş Redaksiyasının İran üzrə redaksiyasında
çalışan tarixçi–tədiqqatçı professor
Tağı Musəvi yazdığı əsərlərdə
iddia edirdi ki, Şah İsmayılın Naxçıvana gəlməsi,
Şərur düzünə çıxaraq İlyas bəy
Əlvəndlə vuruşması hicri 907–ci ilin əvvəllərinə
(1501–ci ilin ortaları) təsadüf edir. Şah
İsmayıl İlyas bəy Əlvəndin 30 minlik ordusunu məğlub
etdi. Elə həmin ilin—1501–ci ilin
payızında Şah İsmayıl Şərur qələbəsindən
sonra Təbrizə daxil oldu, şahlıq taxt–tacına yiyələndi.
Daha dəqiq desək, Səfəvilər
dövlətinin qurulmasında Naxçıvan (Şərur)
xüsusi əhəmiyyət kəsb etdi.
Heydər
Əliyevlə Naxçıvandakı görüşlərdən
fərəhlənən astrofizik, əslən Ərdəbildən
olan Hüseyn Kuçek Lələ məqalələrinin
birində yazır ki, (“Keyhan” qəzetinə müsahibəsində)
Naxçıvan görüşlərində Heydər
Əliyev Şah İsmayılın keçirdiyi islahatlardan,
daha dəqiq desək, dini islahatlardan xeyli maraqlı misallar gətirdi.
Hüseyn
Küçek Lələ yazır: “…O, (yəni Heydər
Əliyev) bizə Şah İsmayıl Xətainin və onun
oğlu I Şah Təhmasibin sərəncam və fərmanlarının
fotosurətlərini bağışladı ki, onları Tehran
kitabxanasına verək. Sonra bizə Tarix İnstitutunun
professoru Tağı müəllimin (Musəvinin—R.N.) bir–birindən
qiymətli Səfəvilər dövlətindən bəhs edən
kitablarını hədiyyə etdi… Şah
İsmayıl Xətainin imzaladığı sərəncamların
birində mənim ulu babam… yeddi arxadan dönənlərimin
söykənəcəyi olan Hüseyn bəy Lələnin
adı çəkilir. 1508–ci ildə verilən bu sərəncamda
Şah İsmayıl Xətai hökm edirdi ki, Təbrizdəki
seyidlik və dini cəlalı ilə tanınan… Seyid Süleyman Mirzənin əlində olan Xanəhməd
bağına heç kəs cürət edib toxuna bilməz.
Ayrı bir adam o bağa ayaq basa bilməz…
Sonra iranlı Hüseyn Kuçek Lələ özlərilə
gətirdiyi, üstündə Şah İsmayıl Xətainin
şəkli cızılmış pul vahidini, qədim Səfəvi
sikkəsini Heydər Əliyevə
bağışladığını yazır. Məlumata
görə, həmin pul vahidlərindən biri Azərbaycan
Tarixi Muzeyində qorunur. Həmin pulun üstündə
maraqlı işarələr var: “…Allahdan başqa Tanrı
yoxdur. Məhəmməd (s.ə.s.) Allahın
elçisidir. Əli Allahın dostudur”.
Pulun üstündə daha sonra on iki şiə
imamının adı və “Müqəddəs
Şahınqulu” ifadəsi var. Orada həmçinin Şah
İsmayıl Xətainin adı qeyd olunub. Şübhəsiz,
bu məsələ Səfəvilər dövlətinin pul və
din islahatı üçün ən gözəl nümunəsi
olaraq qalır.
Araşdırma materiallarına görə, ümummilli
liderimiz Heydər Əliyevlə görüşdə
iştirak edən Səfəvi ocağının
övladları arasında unudulmaz tarixi söhbətlər
olub.
Araşdırma materiallarına görə, Bakıda
2001–ci ildə Cümə məscidinin sökülməsi
ehtimalı var idi. Amma Heydər Əliyev Səfəvi
dövlətinin yadigarı olan bu müqəddəs yerə əl
uzatmağı qadağan etdi. Bu tarixi abidə
Şah Təhmasibin mətni farsca olan və daş üzərində
həkk edilmiş fərmanı idi ki, Cümə məscidinin
minarəsinin özülünə
hörülmüşdü. Bu “daş fərmanda” hicri
964–cü il (1556–1557–ci illər) tarixli fərmanda
dövlətin bütün vilayətlərində vergilərin
azaldıldığı bildirilir.
Məlumata
görə, 2006–cı il mayın 17–də İsfahanda mərkəzləşdirilmiş
qərargahı olan İran İslam Respublikasının erməni
icmasının tarixçilərindən olan O.M.Mailyan və
S.D.Karakosyan adlı iki erməni Səfəvilər dövlətinin
banisi Şah İsmayıl Xətaini təhqir edən “Xətai
kim olub?” adlı kitabının nəşrinə cəhd etdilər.
Xətai irsini və dövlətçilik ənənələrini
təhqir edən bu kitabın müəllifləri axşama
yaxın—2006–ci il iyun ayının 13–də
məhkəmə qarşısına
çıxarıldı. Min nüsxə nəzərdə
tutulan bu kitabın dayandırılması, özü də
müvəqqəti olaraq, qapaması bəzi mətləblərə
aydınlıq gətirir…
Araşdırma materiallarına görə, Heydər
Əliyev Səfəvilər Dövlətinin yaranma tarixilə,
eləcə də onun banisi Şah İsmayılın sərkərdə
tarixilə bağlı ciddi məqam və tədqiqat əsərlərinin
yaranmasını istəyirdi.
Məlumata görə, ümummilli liderimiz Heydər
Əliyevlə iranlı ziyalıların görüşməsi
müasir tarix baxımından həm İran tərəfi, həm
də Azərbaycan tərəfi üçün həmişə
diqqət mərkəzində olacaq. Naxçıvan
görüşündə iştirak edənlərə gəlincə,
bu adamlar, bir qayda olaraq, Tehrana qayıtdıqdan sonra onların
hər biri haqqında əlavə “dindirmə protokolları”
yazılıb.
Digər
bir məlumatda isə bildirilir ki, İranlı alimlər
Naxçıvan torpağındakı görüşdən təqribən
on il sonra Bakıya gəlir, prezident Heydər
Əliyevlə görüşürlər. Bu
yeni görüş də əvvəlki görüş kimi
tarixi bir görüş olaraq qalır. Bu
dəfə onların bir qismi öz övladları ilə
Bakıya gəlmişdilər. Tarixin yeni səhifəsi
yazılırdı.
Bütün bunları xatırlatmaqda məqsədim budur
ki, Heydər Əliyev Şah İsmayılı bizdən
yaxşı tanıyırdı və Səfəvilər
dövlətinin əsas ideya xəttini bizdən yaxşı
bilirdi.
Araşdırma materiallarında bu da bildirilir ki, Şah
İsmayıl Xətainin ana dilində imzaladığı 8 fərman
və sərəncam Şəki yaşayış məntəqəsilə
bağlı olub. Şəkinin qorunmasında, beynəlxalq
aləmdə tanınmasında onun misilsiz xidmətləri
olub. Sonra Şirvan, Gəncə,
Qarabağ, Naxçıvan… ərazilərilə bağlı
sərəncamlarında da Şah İsmayıl Azərbaycan
dilinin həm də diplomatiya aləmi üçün
şirin, asan və çoxçalarlı bir dil olduğunu
sübut edib.
Rövşən NOVRUZOĞLU,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
professor.
Respublika.- 2012.- 21 dekabr.- S. 8.