Təhsil inkişafın hərəkətverici qüvvəsidir

 

Vətənimizin gələcək taleyi, insanların xoşfiravan həyatı həmişə ziyalılarımızı, ağsaqqallarımızı daha çox düşündürüb. Azərbaycan övladlarını əsl yaradıcı və qurucu vətəndaş kimi görmək istəyən bu insanların ürəyi həmişə sözlə dolu olur. Yeni–2013– il ərəfəsində mənim də bir vətəndaş, pedaqoq kimi deyiləsi sözlərim var.

 

Uzun illərdir ki, böyük bir pedaqoji kollektivdə çalışıram. Həyatın hər üzünü görmüşəm. Ancaq harada olmuşamsa, hansı sahədə işləmişəmsə, orada həyatda iz qoyan, qurubyaradan insanlar görmüşəm. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz belə insanların çiyinlərində yüksəlib, inkişaf edərək kamala yetib. Ölkəmizdə və onun hüdudlarından kənarda kamil təhsilə, sağlam düşüncəyə, nümunəvi əxlaqa və yetərincə həyat təcrübəsinə malik oğullarımız çoxdur. Bu insanlar xalqın qiymətli potensialıdır və onların qədrini bilmək çox vacibdir.

Ümummilli lider Heydər Əliyev bu amilə çox ciddi fikir verir və hər birimizi hər şeydən əvvəl azərbaycanlı və azərbaycançı olmağa çağırırdı. Ulu öndərimizin bir kəlamı unudulmazdır. “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bundan aydın prinsip, bundan aydın bir istiqamət düşünmək çətindir. Bu şüar deyil, ürəkdən gələn bir səsdir, milli ideyadır, gələcək nəsillərə yol göstərən yığcam konsepsiyadır. Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində bu sözlər daha əzəmətlə səslənir. Məhz Heydər Əliyevin milli köklərə söykənmiş mücadiləsi Azərbaycan dövlətinin bütün dünyada nüfuz sahibi olması üçün zəmin yaratdı, ölkədə uğurlu islahatların əsasını qoydu. O, öz mənalı həyat yolu ilə tariximizdə elə bir iz qoymuşdur ki, yüz illər sonra da xalqımız bu yollarla gedəcək, şöhrətlənəcək.

Biz sevinməliyik və daim fəxr etməliyik ki, bu konsepsiya, yəni bütün azərbaycanlıların birliyi və mütəşəkkilliyi ideyası— Heydər Əliyevin əsas bayrağı etibarlı əllərdədir. Onu ulu öndərin ləyaqətli varisi cənab İlham Əliyev aparır. Son illər hörmətli Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi gündəlik qayğı və diqqət nəticəsində respublikamızın hər yerində olduğu kimi, Cəlilabadda da gələcəyə doğru parlaq irəliləyişin dinamikası bir reallıqdır. Dövlət başçısının rayona etdiyi səfərlər zamanı ziyalılarımızla, zəhmət adamlarımızla səmimi görüşləri, insanlarla üstündə söhbətləri, onun rayonumuza göstərdiyi hərtərəfli kömək bizi hədsiz sevindirir. Bir fikir verin, Cəlilabad son 10 ildə nə qədər gözəlləşmiş, abadlaşmış, simasını yaxşılığa doğru nə qədər dəyişmişdir. Rayonumuzda, demək olar ki, hər gün yeni bir obyekt istifadəyə verilir, bunun da nəticəsində yeniyeni yerləri yaradılır, adamlar faydalı əməyə cəlb olunurlar.

Belə olanda, təbii ki, onlar cəmiyyətin fəal üzvünə çevrilir, öz qüvvə və bacarığını cəmiyyətin xeyrinə tətbiq edə bilir, insanlara, vətənə lazım olduğunu dərk edirlər. Necə deyərlər, dəmir işlənməyəndə paslanır, insan da qolunun qüvvətini, intellektual potensialını faydalı işlərə sərf etməsə, tez qocalar, bir insan kimi tez sıradan çıxar. Bu mənada adamları fəal və yaradıcı əməyə cəlb etmək, onları qorumaq, potensialımızı qorumaq deməkdir və bu yolda hörmətli Prezidentimizin atdığı addımlar yalnız və yalnız alqışlanmağa layiqdir.

Ölkəmizin reallaqları hər bir vətəndaşın mənəvi kamillik problemini prioritet vəzifə kimi irəli sürür. Bu vəzifə hər şeydən əvvəl təhsildən, mədəni maarif müəssisələrimizdən də keçir. Milli təhsilimiz və mədəniyyətimiz yeni insan tərbiyəsinin, hər cəhətdən kamil insan yetişdirilməsinin mərkəzidir, desək səhv etmərik. İnsanın mənəviyyatca dolğun varlıq kimi təşəkkül tapması hələ uşaq bağçasından başlanır, məktəbdə formalaşır, bu proseslərdə qazanılmış nə varsa, həyat təcrübəsində özünü taparaq kamala yetir, daha sonra, yəni müdriklik dövründə zirvəyə çatır.

Hamıya yaxşı məlumdur ki, ulu öndərimiz Heydər Əliyev inkişafımızın əsas hərəkətverici qüvvəsini, onun əsasını təhsillə bağlayırdı. Ona görə də milli təhsilə diqqət və qayğının səviyyəsi getdikcə yüksəlir, təhsilimiz dünya standartlarına cavab vermək üçün inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu sahədə çox böyük işlər görür və müsbət proses göz qabağındadır. 2009–cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanun dünya təhsil sisteminin bir hissəsi kimi gələcəyə baxmağı, zamanın tələbləri ilə ayaqlaşmağı, daim yenilik həvəsi ilə çalışmağı tələb edir. Yəqin ki, gələcəkdə yeniliklərin nəslin inkişafının təmin edilməsinə yönəldilmiş tədbirlərin sayı daha çox olacaqdır. Deməli, bəzi problemlərə baxmayaraq, xalqımızın gələcəyi parlaq olacaq, respublikamız planetin ən varlı ölkələrindən birinə çevriləcək. Çünki xalqın gələcək perspektivləri təhsilin səviyyəsindən asılıdır. Doğma diyarı daha da inkişaf etdirmək, sosial–mədəni və iqtisadi vəzifələri uğurla yerinə yetirmək, vətəndaşların firavan gələcəyi bugünkü təlim–tərbiyə işindən həlledici dərəcədə asılıdır.

Respublikamızın hər yerində olduğu kimi Cəlilabad rayonun təhsil işçiləri də qazanılmış uğurları davam etdirmək əzmi ilə işləyirlər. Rayonda ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təhsil islahatının həyata keçirilməsi həm keyfiyyətcə, həm də kəmiyyətcə yeni məzmun daşıyır və milli təhsilin yüksək səviyyədə qurulması üçün mövcud imkanlardan səmərəli istifadə olunur. Müəllimlər qarşıya qoyulmuş bu məqsədi reallaşdırmaqdan ötrü əllərindən gələni edirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli təhsilimizə olan gündəlik qayğısı və dəstəyi onlara bu yolda qolqanad verir.

Təhsildə uğur əldə etmək üçün ilk növbədə keyfiyyətə fikir verilir, qabaqcıl təcrübələrin üzə çıxarılması və tətbiqi, açıq və nümunə dərslərinin təşkili sahələrində ardıcıl aparılır. Şagird nailiyyətlərinin dəqiq qiymətləndirilməsi, hər bir gəncin və yeniyetmənin fərdi hazırlığına, şəxsən nəyə qadir olduğuna diqqət yetirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə, şəffaf tədris şəraitinin yaranmasına müsbət təsir göstərir.

Təlim–tərbiyənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif məzmunlu müsabiqə və yarışların keçirilməsi sistem halını almışdır. Xüsusi istedada malik olan yeniyetmə və gənclərlə işə ayrıca diqqət yetirilir. Məktəbdənkənar müəssisələrin işindən də razılıqla bəhs etmək lazımdır. Ötən tədris ilində rayonun Uzuntəpə, Üçtəpə, Allar kənd və bir sıra digər məktəblərində müxtəlif mövzularda keçirilən tədbirlər daha maraqla qarşılanmışdır.

Rayon rəhbərliyinin və Təhsil Nazirliyinin gündəlik qayğısı sayəsində təhsilin madditexniki bazası getdikcə möhkəmləndirilir. Yeni məktəblərin tikilməsi rayon ictimaiyyəti tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanmışdır.

Xəlilabad, Şiləvəngə, Zopun, Sabirabad, Ləkin, Dələli, Hasıllı, Hacıismayıllı, İnilibir sıra digər kəndlərin məktəbləri əvvəlki zamandan fərqli olaraq indi hər cür müasir avadanlıqla təchiz edilmiş tədris ocaqlarında təhsil alırlar. Cəlilabad və Göytəpə şəhərlərindəki, habelə rayonun kəndlərindəki məktəblərin bir qismi yeni dərs ili ərəfəsində təmir olunmuşdur.

Ümumtəhsil məktəblərinə və uşaq tərbiyə müəssisələrinə kifayət qədər avadanlıq, inventar, kompyuter dəstləri verilmişdir.

Cari dərs ilində Cəlilabadın təhsil müəssisələrinin qarşısında yeni üfüqlər açılmışdır, pedaqoji kollektivlərdə yaxşı başa düşürlər ki, yeni tələblərlə ayaqlaşmaq lazımdır, onlar dərs ilinin ilk günlərindən bütün qüvvələrini məhz bu istiqamətdə fəaliyyətə yönəltmiş.

Qarşıdakı ildə ölkə başçısı seçkiləri olacaq. Belə düşünürəm ki, inkişafımızın bütün cəhətləri Prezidentimizin fəaliyyətində öz təcəssümünü tapır. Hazırkı məqamda İlham Əliyevə alternativ yoxdur. Qoy bütün bəşəriyyət Azərbaycan xalqının yenilməzliyini, Odlar Yurdunun fədakar oğullarının nəyə qadir olduqlarını bir daha onun simasında görsünbizim qüdrətimizə inansın, etibarımıza və Azərbaycanın əqidəliliyinə əmin olsun.

Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu bayramı yeni nailiyyətlərlə qarşılamaq üçün pedaqoji kollektivin üzvləri bütün bacarıq və qüvvələrini səfərbərliyə almışlar. Onlar dünya birliyinə müvəffəqiyyətlə inteqrasiya edən Azərbaycana vətənpərvər savadlı gənclər yetişdirmək üçün səylə çalışırlar. Çünki dünyadakı bütün azərbaycanlılar bir xalqın övladlarıdır və onların qəlbi Azərbaycanla döyünür, müəllimlər məktəbdə dünya azərbaycanlıları, onların diaspor təşkilatları barədə geniş məlumat verirlər.

Bizim birliyimiz, bizim gücümüzdür. Dünya azərbaycanlılarının yekdilliyi bizi uca zirvələrə aparır.

 

Rəxşəndə Qasımova,

Cəlilabad Rayon Təhsil Şöbəsinin

aparıcı mütəxəssisi.

 

Respublika.- 2012.- 21 dekabr.- S. 7.