| Ölkəmiz liderliyini qoruyub saxlayır

 

Bu gün iqtisadi inkişafın Azərbaycan modeli özünü dünyada təsdiq etməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu islahatların nəticəsi olan bugünkü dinamik inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallığa çevirilib. Ölkənin hərtərəfli inkişafının ideyalardan gerçəkliyə, nəzəriyyədən təcrübəyə çevrilməsi çağdaş dövrümüzün danılmaz həqiqətidir.

2003– ilin 15 oktyabr seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev ulu öndərimizin müəyyənləşdirdiyi strateji inkişaf kursunu əzmlə davam etdirmiş, Respublikamız sosialiqtisadi yüksəlişinə, demokratik nailiyyətlərinə görə bütün dünyada ön sıraya çıxmışdır. Ötən 9 ildə qazanılan böyük uğurlar Heydər Əliyev siyasi kursunun müəyyən etdiyi sülh, sabitlik, inkişaf və tərəqqi yolunun alternativsizliyini tam sübuta yetirmişdir.

Vurğulamaq lazımdır ki, ölkəmizdə son illərdə görülən işlər, baş verən inkişaf prosesləri bütün dünyada heyrətlə qarşılanır. Müstəqillik dövründə Azərbaycan iqtisadi cəhətdən surətlə inkişaf edib. Ümumilikdə ötən son illəri ölkənin inkişafının keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirmək olar. Bu dövrdə dövlətimiz özünü təsdiq etməklə beynəlxalq aləmdə də mövqelərini daha da gücləndirib. Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində də əhəmiyyətli rol oynayır.

Ötən müddət Azərbaycan xalqının özünə rəhbər seçimində nə qədər düzgün qərar verdiyini dəfələrlə təsdiq etmişdir. Hər bir vətəndaş, xüsusilə İlham Əliyevə səs verərək Heydər Əliyev siyasətinin davam etdirilməsinə tərəfdar olduğunu bildirən seçicilər bu seçimlərində yanılmadıqlarından qürur duyurlar. İndi Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan öz inkişafının yeni, yüksəliş dövrünü yaşayır.

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövlətinin daha da güclənməsi, zənginləşməsi və hərtərəfli inkişaf etməsi üçün bütün sahələri əhatə edən kompleks yanaşma, proqramlaşdırma və koordinasiya edilməsi Prezident cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın dövlət tənzimlənməsinin əsası kimi qəbul olunmuşdur. Ötən dövrdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə artıb. Bu göstəriciyə görə Azərbaycan MDB və Şərqi Avropa dövlətləri arasında ön yerdədir.

Dövlət başçısı liberal iqtisadiyyatın inkişafı üçün bütün müvafiq və zəruri addımların atılmasına xüsusi diqqət yetirir.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, son illər ölkəmizdə özəl sektorun, milli sahibkarlığın rolu kifayət qədər böyükdür. Son illərdə kiçikorta sahibkarlığın güzəştli kreditlə təmin olunması, onların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənir və inkişaf edir.

Ölkə başçısı mütəmadi olaraq Azərbaycanın bütün bölgələrinə səfərlər edir, yüzlərlə sənaye, emal müəssisələrinin, məktəblərin, xəstəxanaların və s. obyektlərin açılışında iştirak edir, yerli əhali ilə birbaşa ünsiyyət yaradır.

Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasəti xüsusi diqqət mərkəzində olmuşdur. Ölkə başçısı Azərbaycan diplomatiyasının fəaliyyətində Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet elan edir və beynəlxalq hüquq və ədalət mövqeyindən çıxış edir.

Cənab Prezidentin titanik səyi nəticəsində Azərbaycanın iqtisadiyyatının qeyrineft sektoru artıq neft sektorundan demək olar ki asılı deyildir. Lakin neft sektoru ölkənin ümumi inkişafında yenə də prioritet istiqaməti olaraq qalır.

Adı çəkilən sahə ölkəmizə böyük uğurlar, yüksək maliyyə resursları gətirməkdə davam edir.

Prezident İlham Əliyevin ötən illərdəki fəaliyyəti göstərir ki, respublikamız surətli inkişaf tempini qoruyub saxlamaq üçün bütün imkanları səfərbər edir, daha uğurlu nəticələrə doğru inamla irəliləyir.

 

Yaşar Əliyev,

“Nurgün” şirkətinin direktoru.

 

Respublika.- 2012.- 21 dekabr.- S. 7.