Azərbaycan
yüksək gəlirli və inkişaf etmiş ölkəyə çevriləcəkdir
Müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, Azərbaycan qısa zaman kəsiyində böyük iqtisadi sıçrayışlara, sosial uğurlara və beynəlxalq aləmdə böyük siyasi nüfuza nail olmuşdur. Ölkəmiz hazırda regionun qüdrətli dövlətidir. Bu uğur ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Onun müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini təhdid edən bütün təhlükələr aradan qalxmış, xalqımızın milli maraqlarına xidmət edən inkişaf kursu müəyyənləşdirilmiş, ölkənin bütün həyatını əhatə edən mütərəqqi islahatlar həyata keçirilmiş, iqtisadiyyatın dirçəlişi və tərəqqisi, xalqın sosial rifahının yaxşılaşdırılması üçün müvafiq addımlar atılmışdır. Ulu öndərin ən böyük arzusu hərtərəfli inkişaf etmiş, demokratik, dünyəvi və qüdrətli dövlət qurmaq olmuşdur. O, bunu həyata keçirmək üçün uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirmişdir. Bu kursda iqtisadi təməl kimi neft strategiyasının xüsusi həyati əhəmiyyətə malik rolu vardır. Neftdən gələn gəlirlərin real iqtisadiyyata yönəldilməsi ölkənin hərtərəfli inkişafına güclü stimul verdi. Ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə bütün lazımi addımlar atılmağa başlandı. “Əsrin müqaviləsi” beynəlxalq neft kontraktı bağlandı. Bu layihə çərçivəsində Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri reallaşdı.
Ümummilli liderin əbədiyyətə qovuşmasından sonra Heydər Əliyevin ideyalarını, başa çatdırmağa imkan tapmadığı işləri onun siyasi varisi ölkə Prezidenti İlham Əliyev uğurla həyata keçirməyə başladı. Müstəqil Azərbaycan dövləti artıq, sözün həqiqi mənasında, hərtərəfli və dinamik inkişaf yolundadır. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət iqtisadi və sosial tərəqqiyə yeni təkan verməklə Azərbaycanın gələcək inkişaf perspektivləri üçün hərtərəfli təminat yaradır. Bu siyasət xalqımızın ümummilli maraqlarına uyğun olaraq cəmiyyətin bütün sosial təbəqələrinin mənafelərini özündə əks etdirir.
Hazırda dövlətimizin daxili və xarici siyasəti dünyada gedən qlobal proseslər nəzərə alınaraq müəyyənləşdirilir. Azərbaycanda davamlı iqtisadi inkişafa nail olmaq üçün milli iqtisadiyyatın bütün sahələri arasında qarşılıqlı əlaqələr yaradılıb. Bunun da nəticəsində ümumən iqtisadiyyatda davamlı və yüksək templi inkişafa nail olunub. Nazirlər Kabinetinin 2012–ci ilin doqquz ayının sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə yüksək templə gedən quruculuq–abadlıq işləri barədə deyib: “Bütün bölgələrdə quruculuq–abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri–neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin”.
Hərtərəfli inkişafın təməlində iqtisadiyyat dayanır. İqisadiyyatın çoxşaxəli inkişafı üçün isə səmərəli beynəlxalq əməkdaşlıq mühüm şərtdir. Azərbaycan bu istiqamətdə bütün vacib addımları atır.
Qloballaşma, Qərb–Şərq sivilizasiyalararası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, habelə cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər dövlət başçısının apardığı siyasətin konseptual əsaslarını təşkil edir. Hazırda daxili və xarici siyasət bir–birini tamamlayaraq ölkənin milli maraqlarını tam təmin edir. Azərbaycanda mövcud sabitlik, davamlı iqtisadi yüksəliş, sosial problemlərin mütəmadi həlli, dövlətin beynəlxalq aləmdə mövqeyinin daim möhkəmlənməsi və yüksək nüfuzu bunu deməyə əsas verir ki, indiyədək aparılmış siyasət düzgün istiqamətdədir. Dünyanın inkişaf etmiş dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də təsdiq edirlər ki, Azərbaycanın iqtisadi inkişaf modeli çox uğurludur. Hazırda ümumi daxili məhsulun artım sürətinə görə Azərbaycan regionda lider ölkələr sırasındadır. Bu ilin 10 ayında təxminən 45 milyard manatlıq ÜDM istehsal edilmişdir. Gələn il isə bu göstəricinin 56 milyard manat olacağı proqnozlaşdırılır. Bu göstərici 2003–cü ilin nəticələrinə görə 8 dəfə çoxdur. Cari illə müqayisədə isə 5,3 faiz artım gözlənilir.
Beləliklə, ölkə iqtisadiyyatı uğurla inkişaf edir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir. Dövlət rəhbərliyi hərtərəfli inkişafa nail olmaq üçün qeyri–neft sektorunun inkişafını prioritet elan edib. Hazırda bu istiqamətdə son dərəcə mühüm nailiyyətlər əldə olunmuşdur. Təsadüfi deyil ki, təkcə bu ilin doqquz ayında qeyri–neft sektorunda 10,3 faiz artım baş vermişdir. Bu davamlı tərəqqi imkan vermişdir ki, Azərbaycan neft–qaz amilindən asılılığını minimuma endirsin. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələr sırasındadır. Ölkə rəhbəri qəbul olunmuş Dövlət proqramlarının icrasına şəxsən nəzarət edir. Bunun nəticəsidir ki, icra mexanizmi tam dəqiq və düzgün işləyir. Təsadüfi deyil ki, regional inkişaf Dövlət Proqramının müvəffəqiyyətlə yekunlaşması və 2009–2013–cü illəri əhatə edən II Dövlət Proqramının uğurlu icrası nəticəsində iqtisadiyyatımız 3 dəfə artıb. Bu artım dövlət maliyyə resurslarının da mütəmadi surətdə çoxalmasına səbəb olub. 2012–ci ilin doqquz ayında dövlət büdcəsinə 12521 milyon manat daxil olub. Büdcə gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,4 faiz artmışdır. Bütün bu rəqəmlər bir daha inkişafın sürətli dinamikasını sübut edir. Bu tərəqqi həm də ona görə davamlıdır ki, iqtisadiyyatın rəqabətə davamlı olmasını təmin etmək üçün ona kapital qoyuluşu daim artır. Həmin məqsədlə təkcə bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən 41,2 faiz çox vəsait ayrılıb. Dövlət başçısı vurğulayıb: “Dünyanın ən mötəbər iqtisadi forumunun hesablamalarına görə, Azərbaycan dünya miqyasında 18–ci yerdədir. Əlbəttə, bu çox yüksək göstəricidir. Bu göstərici, əslində onu deyir ki, gələcək illərdə də bu sahədə sabitlik olacaqdır”.
Dövlət başçısı İlham Əliyev neft strategiyasının reallaşmasından gələn gəlirin insan kapitalına çevrilməsini mühüm amil kimi irəli sürüb. Siyasi, iqtisadi, sosial sahələrdə paralel aparılan islahatlar və elmi–nəzəri əsaslarla hazırlanmış proqramlar ümumi tərəqqini təmin etməkdədir.
Sosial–iqtisadi tərəqqi təbii ki, geniş beynəlxalq iqtisadi əməkdaşlıq zəminində baş verir. Bu əlaqələr iqtisadiyyatın daha çox sahələrini əhatə etməkdədir. Azərbaycan rəhbərliyi bu mövqedən çıxış edərək diqqəti ölkədə müasir, çoxşaxəli rəqabətədavamlı iqtisadiyyatın yaradılmasına yönəldib. Xarici tərəfdaşlarla iqtisadi dövriyyənin dinamikası daim öyrənilir, potensial imkanlardan səmərəli istifadə olunur.
Son doqquz ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar çox uğurlu nəticələrə səbəb olub. Həyata keçirilən köklü islahatlar bugünkü reallıqlarda öz təcəssümünü tapıb. Lakin bu inkişaf son deyil, dövlət rəhbərliyi iqtisadi islahatların daha da sürətləndirilməsinə çalışır. Çünki hazırda Azərbaycan orta gəlirli ölkələr sırasındadır və məqsəd inkişaf etmiş ölkəyə çevrilməkdir. Azərbaycan bu yolla uğurla irəliləyir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın gələcək
sosial iqtisadi
inkişafı barədə deyib: “Növbəti
illərdə bu gün
icra edilən layihələrin başa çatması və yeni
layihələrin icra edilməsi nəticəsində
Azərbaycan inkişaf etmiş
ölkələrin sırasına daxil
ediləcəkdir. Növbəti illərdə Azərbaycanın
uğurlu inkişafı heç
kimdə şübhə doğurmur – nə
ölkə əhalisində, nə beynəlxalq maliyyə
qurumlarında. Bizim bütün
iqtisadi proqnozlarımız çox
müsbət və çox təsirlidir.
Əlbəttə, hər birimiz çalışmalıyıq
ki, ölkəmizi daha
da inkişaf etdirək,
gözəlləşdirək”.
Əliyar ƏSGƏROV,
“Bank olmayan kredit təşkilatı
İDK” MMC–nin baş direktoru.
Respublika.- 2012.- 22 dekabr.- S. 7.