MEŞƏLİDƏN ŞELLİYƏDƏK

 

Çətindir, iki oğlu şəhid, dördü isə əlil olan, ömürgün yoldaşını, altı aylıq körpə nəvəsini, neçə–neçə yaxın qohum–əqrəbasını, əzizlərini itirən, odunalovun içərisindən keçib gələn sinəsi dağlı 75 yaşlı bu ağbirçək ananı dinləməyin, ürək göynədən qəmli həyat hekayəsini qələmə almağın özü belə çətindir. Onu dinlədikcə, dağdan ağır dərd yükünü zərif çiyinlərində nə cür daşıdığına, bu dərdi kövrək ürəyində necə yaşatdığına inana bilmirsən.

 

Söhbət Xocalı rayonunun Meşəli kəndindən olan məcburi köçkün, Qəhrəman ana Əntiqə Allahverdiyevadan gedir. Erməni işğalı ilə əlaqədar doğma ocağından, yurd–yuvasından didərgin düşdükdən sonra sağ qalan ailə üzvləri ilə birgə sığındıqları 105 saylı Bərdə Peşə liseyinin yataqxanasındakı otaqda onun qonağı olduq. Hər gecə bu otaqda səhəri dirigözlü açır Əntiqə ana. Və hər gecə də Allah–Təaladan bircə günolsa, artıq ömür payı diləyir. Qarabağa, doğma Xocalıya, əzizlərinin nigaran ruhlarının dolaşdığı Meşəli kəndinə qayıdacaqları günün xoş xəbərini eşitmək üçün. Elə onu yaşadan, yaralarına məlhəm olan, ona dözüm, tab verən də bu inam, bu istək və arzudur.

– Ermənilər kəndinizə hücum etdiyi günü, o müdhiş gecəni necə xatırlayırsınız? –deyə soruşduqda, dərindən ah çəkdi, qəmli baxışları uzaqlara, məchul bir nöqtəyə dikildi, ağır–ağır dilləndi.

– 1991–ci ilin ayazlı–şaxtalı dekabr gecəsi idi. Yeni ildən bizi cəmi onca gün ayırırdı. Eveşiyi bəzəmiş, bayram tədarükümüzü görmüşdük. Ancaq nə biləydik ki, bu bayramımız qara gələcək.

Gecə atışma səsinə oyandıq. Onsuz da xeyli vaxt idi ki, yuxumuza haram qatılmışdı. Artıq atılan güllələrin səsinə alışmışdıq. O gecəki atışma isə əsl müharibə səhnələrini xatırladırdı. Pəncərədən baxanda kəndin kənarındakı evlərdən bir neçəsinin od tutub yandığını gördük. İnsanların tükürpədici səsi güllələrin, top mərmilərinin səsinə qarışmışdı. İlk anda nə edəcəyimizi bilmədik. Böyük oğlanlarım könüllülərin sırasına qoşulub kəndin müdafiəsinə qalxmışdılar. Uşaqların atası da evdə deyildi. O da silah götürüb döyüşə getmişdi. Atılan güllələr uşaqlara dəyməsin deyə, yastıqları pəncərənin ağzına düzdüm. Güllə altında birtəhər böyük gəlinimin atası Atlıxangilə keçdim ki, onunla məsləhətləşim, görək nə edə bilərik ki, uşaqları bu odunalovun içərisindən çıxaraq. Ancaq bu mənim öz ev–eşiyimdən sonuncu çıxışım oldu. Daha geri qayıda bilmədim. Uşaqları isə yalnız ulu Tanrının dərgahına tapşırdım.

Söhbətin bu yerində Əntiqə ananı qəhər boğdu. Daha nəsə demək istədi, ancaq fikrini toplaya bilmədi. Qırıq–qırıq kəlmələr hıçqırıqlar içərisində itib–batdı. Onun fikrini, deyə bilmədiklərini qızı Zeynəb dilə gətirdi:

–Həmin gecə atam Müsülcavanlara qoşulub kəndin müdafiəsinə getdi. Anam qudasıgilə gedəndən az sonra atam gəldi. Təlaş içərisində idi. Dedi ki, kənd ermənilərin mühasirəsindədir. Böyük qüvvə ilə hücuma keçiblər. Birtəhər çıxmaq, buradan uzaqlaşmaq lazımdır. Yoxsa hamımız bu şərəfsizlərin əlinə keçərik.

O zaman evdəkilər yalnız qadınlar və uşaqlar idi. Biz evdən çıxmaq məqamında qardaşım Vidadiözünü yetirdi. O, çox cəsarətli, mərd oğlan idi. Heç nədən qorxusu yox idi. Nigaranlığı yalnız biz sarıdan idi. Buna görə də ölümsaçan güllələrin altından keçərək bizi aparmağa gəlmişdi. Ondan öyrəndik ki, anamı da artıq kənddən çıxarıblar.

Onlar birtəhər evdən çıxsalar da uzağa gedə bilmirlər. Göydən od yağırdı. Malheyvan saxladıqları tövlə, ot tayaları od tutub yanırdı. İçəridəki heyvanların tükürpədici mələşməsinə dözə bilməyən Müsül kişi çətinliklə olsa da, yaxınlaşıb tövlənin qapısını açır ki, heç olmasa onları xilas edə bilsin. Lakin heyvanları alovun caynağından qurtara bilmir.

Mühasirə həlqəsi isə xeyli daralmışdı. Atəş səslərindən də hiss olunurdu ki, artıq erməni qaniçənləri kəndə daxil olmuşlar. Yaxınlıqda kənd məktəbinin binası var idi. Sahə polis bölməsi də bu binanın zirzəmisində yerləşirdi. Onlar düşmən gülləsinə tuş gəlməmək üçün birtəhər özlərini oraya yetirdilər. Bura bir az etibarlı idi, həm də polislər tərəfindən azçox mühafizə olunurdu.

Burada bizdən savayı təqribən 20–25 nəfər də var idi – deyə, Zeynəb o anları göz önünə gətirdi. Əksəriyyəti də qadınlar, uşaqlar idi. Hamı vahimə içərisində idi. Bizi nə gözlədiyini bilmirdik. Faciənin bütün dəhşətlərini gözlərimizlə görürdük. Yerləşdiyimiz binanın həyəti ermənilər tərəfindən öldürülmüş həmkəndlilərimizin meyitləri ilə dolu idi. Ağır yaralılar da az deyildi. Onlardan bəziləri yerdə qan içərisində çapalayır, imdad diləyirdi. Ancaq heç kim onlara yaxın düşə bilmirdi. Ah–nalə ərşə bülənd olmuşdu. Bizim özümüzünoradan sağsalamat çıxmağımıza ümid az idi. Hərdən ermənilər səsgücləndirici ilə təslim olmağımızı təklif edirdilər. Deyirdilər ki, kim könüllü təslim olsa, sağsalamat buraxacağıq. Ancaq biz fikirləşirdik ki, ölsək də, bu murdarların əlinə keçməyək.

– Bildiyimizə görə, qardaşınız Vidadiorada şəhid olub, – deyə soruşduq.

– Bəli, polis işçilərinə qoşulub bizi müdafiə edirdi. Birdən gözümün qabağında yerə çökdüyünü gördüm. Özümü onun üstünə atdım. Al qanın içərisində idi. Dili söz tutmurdu. Az sonra gözlərini əbədi yumdu. Göz yaşı içərisində əynimdəki paltarı çıxarıb onun üstünə atmaqdan savayı heç nəyə gücüm çatmadı. Bu zaman atamın dəhşətlə hayqıraraq əliyalın ermənilər tərəfə atılmaq istəyini gördüm. Yaxşı ki, polislər güc–bəla ilə onu saxlaya bildilər.

Zeynəb artıq danışa bilmir, boğulurdu. Bu məqamda özüm bilərəkdən söhbətin istiqamətini bir az nikbin səmtə yönəltmək istədim ki, müsahibim heç olmasa toxtasın, özünü ələ ala bilsin.

– Bəs necə oldu ki, mühasirədən çıxıb o qaniçən cəlladların əlindən yaxa qurtara bildiniz?

– Polislər bizə çox kömək etdilər. Sağ qaldığımıza görə göydə Allaha, yerdə onlara borcluyuq. Onlardan biri, səhv etmirəmsə adı Azər idi, bizi posta qədər aparıb çıxara bildi. Oradan Laçına tərəf üz tutduq. Yolboyu yenə də itkilərimiz çox oldu. Gözüm görə–görə qonşumuz İsmayılı, onun atasını, anasını öldürdülər. Ağsaqqal Əvəz kişini arvadı ilə birlikdə yandırdılar. Girov götürülənlər də çox oldu. Qardaşımın bir yaşlı qızı Ayşən anasının qucağında donub öldü.

Bu kiçik dəstə hamısı ayaqyalın, başıaçıq şaxtada, qarın içərisində əzablı bir yol keçərək özlərini Kosalar kəndinə çatdıra bilirlər. Oradan isə vertolyotla Ağdamın Şelli kəndinə aparılırlar.

–Mən də uşaqlarımla həmin kənddə görüşə bildim,–deyə, bayaqdan söhbətin gedişini ürəkağrısı ilə izləyən Əntiqə ana ağır–ağır dilləndi. Hiss olunurdu ki, o günləri yada salanda əzab çəkir, içəridən qovrulurgördüm ki, Vidadi yoxdur. Soruşdum, cavab verən olmadı.

Bundan iki gün sonra Meşəli kəndi milli ordunun əsgərləri tərəfindən ermənilərdən təmizlənir. Kəndin kişiləri həlak olmuş əzizlərinin meyitlərini tapıb basdırmaq ümidi ilə oraya gedirlər. Cəlladlar meyitlərə də divan tutmuşdular. Çoxunun qulaqları, burunları, başları kəsilmiş, gözləri çıxarılmışdı. Yanıb külə dönənlər də var idi.

Zeynəb:

Atam da getmişdi ki, Vidadinin cəsədini tapıb gətirsin. Qayıdanda özündə deyildi. Biz ürəyimizdən keçənləri soruşanda o, dəsmala bükülmüş külü göstərdi. O boyda nər kimi oğuldan qalan bu bir ovuc küldür deyib hönkürhönkür ağladı.

Ağsaqqallar, ağbirçəklər Müsül kişiyə məsləhət görürlər ki, heç olmasa bu bir ovuc külü dəfn edib, oğlunun adına bir xatirə qoysun. Lakin ata razı olmur: –Onsuz da bundan sonra tezliklə mən də öləcəyəm. Onda bu külü sinəmin üstünə qoyub dəfn edərsiniz – deyir.

Bu yerdə hadisələri qabaqlayaraq bildirmək istəyirəm ki, Müsül Allahverdiyev ondan sonra, doğrudan da, çox yaşaya bilmədi. Sapsağlam kişi oğlunun faciəsinə dözə bilməyərək, yataq xəstəsi olub dünyasını dəyişdi.

Qardaşının ermənilər tərəfindən öldürülüb yandırılması ikinci oğul Əliyə də çox pis təsir etmişdi. Bundan sonra o da silaha sarılıb erməni quldurları ilə ölümdirim savaşına yollanır. Ermənilər Xocalıya hücum edən gecəsi, 1992–ci il fevralın 26–da itkin düşür. İndiyədək ondan heç bir xəbər–ətər yoxdur.

Meşəlinin ermənilər tərəfindən işğal olunduğu o müdhiş gecədən indi 21 il keçir. Bu 21 ildə Allahverdiyevlər ailəsində yeni Vidadilər, Əlilər dünyaya gəlib. Bunları deyən Qəhrəman ana Əntiqə xala söhbətə elə qəhrəmancasına da yekun vurdu.

Allaha şükür, çoxlu nəvəm, nəticəm var. Hamısı da vətənin əsgəridir. Qisas gününü gözləyirlər. Vidadinin, Əlinin qanını yerdə qoymayacaqlar, onların qisasını özləri alacaqlar. Xocalıda, Meşəlidə sönən ocaqlarımızı özləri yandıracaqlar. Tanrıdan bircə diləyim var: o günü mən də görəydim.

Nəhayət, Əntiqə ananın bir arzusunu, istəyini də qələmə aldıq: şəhid olmuş oğlu Vidadinin adının vaxtıilə təhsil aldığı, indi isə öz fəaliyyətini Goranboyun Ağcakənd kəndində salınmış qəsəbədə davam etdirən məktəbə verilməsini istəyir. Vidadi bu məktəbin ən nümunəvi şagirdlərindən biri olmuşdur.

Əntiqə ananın bu arzusunu müvafiq təşkilatlara ünvanlamağı özümüzə borc bildik. Ümidvarıq ki, həmin təhsil ocağının qarşısında “Şəhid Vidadi Allahverdiyev adına Meşəli tam orta məktəbi” yazılmış lövhəni tezliklə biz də görə biləcəyik.

 

Salman Alıoğlu,

         Elbrus MƏMMƏDOV,

“Bərdə” qəzetinin redaktoru.

 

Respublika.- 2012.- 26 dekabr.- S. 5.