| Azərbaycan kitabının bədii–texniki tərtibat məsələləri və inkişaf perspektivləri

 

“Azərbaycan” nəşriyyatının istehsalat şöbəsinin rəisi İradə Ələsgərova Azərbaycan nəşriyyat, poliqrafiya, kitab mədəniyyəti tarixində özünəməxsus yeri olan görkəmli poliqrafçıdır.

İ.Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunda ali təhsil almış ilk azərbaycanlı mütəxəssis kimi uzun illərdir ki, Azərbaycan nəşriyyat, poliqrafiya sisteminin yeniləşməsi, təkmilləşməsi, Avropa, dünya standartları səviyyəsinə yüksəlməsi üçün əlindən gələni əsirgəmir.

Nəşriyyat texnologiyası sahəsindəki bir çox yeniliklər, o cümlədən republikada ilk dəfə miniatür kitabların maşında ipək sapla tikilmə texnologiyasının işlənilib hazırlanması, kompyuter plyonkasında rəngayırımı aparılması, ikiqat klapanla çap, çapa hazırlıq prosesinə sərf olunan materiallara maksimum qənaət edilməsi, sifarişlərin tez, itkisiz və keyfiyyətli yerinə yetirilməsi mexanizmlərinin hazırlanması və istehsalata tətbiqi İradə xanımın adı ilə bağlıdır. O, bu sahədə mükəmməl bir məktəb yaratmağa müvəffəq olmuş yüksək ixtisaslı mütəxəssisdir.

2005–ci ildən əsas işindən ayrılmamaq şərtilə Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasında da çalışıb. Tələbələrə “Nəşrin redaktor hazırlığı”, “Texniki redaktə”, “Redaktəetmənin əsasları”, “Poliqrafiyanın texniki və texnologiyası”, “Kitabın bədii və texniki tərtibatı”, “Redaksiya nəşriyyat işinin texnologiyası” fənlərindən mühazirələr oxuyan İradə Ələsgərova hal–hazırda “Azərbaycan kitabının bədii və texniki tərtibat məsələləri” mövzusunda dissertasiya işini müdafiə etmək ərəfəsindədir.

İradə xanımın Azərbaycanda və xarici ölkələrdə dərc eilmiş 50–dən artıq elmi məqalələri “Kitabın bədii və texniki tərtibatı” adlı ali məktəb proqramı və dərs vəsaitinin müəllifi İradə Ədəsgərova hazırda “Azərbaycan kitabının bədii–texniki tərtibatı tarixi” adlı monoqrafiyasını çapa hazırlayır.

Onun Azərbaycan kitabının bədii–texniki tərtibat məsələləri və inkişaf perspektivləri ilə bağlı duyğu və düşüncələrini oxucularımıza təqdim edirik.

 

Müstəqilliyinin elə ilk illərindən Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycanın 20 faizdən çox ərazisini itirməsi, bir milyondan çox həmvətənimizin əcdadlarının yaşadığı torpaqdan didərgin düşüb qaçqın həyatı sürməyə məcbur edilməsi, ölkənin siyasi və iqtisadi blokadaya alınması kitab qrafikamızın inkişafına da təsirsiz ötüşmədi. Dövrün nəbzini tutub öz əsərlərini xalqın arzu və istəklərinə kökləyən kitab tərtibatçılarımız da ölkədə baş verən dəyişikliklərdən kənarda qalmadılar. Tərtibat verilən əsərlər arasında əsas yeri Ermənistanın əsassız torpaq iddialarının və ikili standart siyasəti yeridən xarici dövlətlərin ifşasını və sairəni əks etdirən nəşrlər tutdu.

 

Müstəqillikdən dərhal sonra gələn keçid dövrü özü ilə kompyuter texnikası və internet şəbəkəsinin inkişafı, əhali arasında dini ədəbiyyata və əcnəbi yaşam tərzinə, dünyagörüşünə marağın artması kimi yeniliklər gətirdi. Azərbaycan kitab qrafikası üçün çətin bir dövr başlandı. Bütün bunlar, “Dövlətnəşrkom”un ləğvindən sonra bədii–texniki keyfiyyətinə nəzarət mexanizmi hələ işlənib hazırlanmamış kitab tərtibatının ümumi səviyyəsini aşağı salsa da, demokratik ab–hava və sərhədlərin açılması yerli mütəxəssislərin ümumdünya təcrübəsindən yararlanmasını sürətləndirdi.

Sovet imperiyasının süqutundan sonra cəmiyyətin bütün təbəqələrində gedən demokratikləşmə, çoxpartiyalı sistem, mənfur çar siyasətinin qalığı olan senzuranın ləğvi, fikir və söz azadlığı Azərbaycan kitab qrafikasının yeni mərhələyə qədəm qoyması ilə nəticələndi. Sovet dövründə gizli saxlanılan dövlət arxivlərinin açılması, dini–dünyəvi mövzularda yazılan ədəbiyyatın nəşri ilə bağlı qadağaların aradan qaldırılması və çapa qəbul edilən nəşrlərin mövzu və məzmununa dövlət orqanları tərəfindən nəzarət olunmaması da öz işini gördü. Mərkəzi Komitənin diktəsi altında işləyən yerli hakimiyyət orqanlarının təzyiqinə dözüb illərlə mənəvi sıxıntı altında əzilən, çoxəsrlik buxovları qırıb atdıqdan sonra artıq keçmişdə olduğu kimi yaşamaq istəməyən, qəlbindəki azadlıq yanğısını söndürməyə, informasiya aclığını doydurmağa can atan kütlənin vaxtilə qadağa qoyulmuş mövzulara göstərdiyi maraq çap məhsullarına olan tələbatı rekord səviyyəyə (100000 və daha çox nüsxə) qaldırdı. Kitab satışı ilə məşğul olan qurumların fəaliyyətinin canlanması cəmiyyətdə layiq olduğundan yüksək mövqe tutan, savadsız olsa da, istənilən nəşri maliyyələşdirmək imkanı olan bir sıra işbazların da asan qazanc dalınca bu sahəyə üz tutub nəşriyyat fəaliyyəti ilə məşğul olması ilə nəticələndi. Planlı iqtisadiyyatın öz yerini bazar iqtisadiyyatına verməsi özünümaliyyələşdirməyə (Azərbaycan variantı) keçən dövlət müəssisələrində mövcud maşın parkının mütəmadi olaraq təmir edilib yenilənməsi, mətbəənin fəaliyyət göstərməsi üçün zəruri olan poliqrafiya avadanlığı və materialların alınması, işçilərə aylıq məvacibin və kommunal xərclərin ödənilməsi kimi maliyyə problemlərini də ön plana çəkdi. Bazar iqtisadiyyatının yaratdığı sərt rəqabətə dözüb müəssisənin fəaliyyətini davam etdirmək üçün təklif olunan heç bir sifarişdən imtina etmək imkanı olmayan nəşriyyat rəhbərlərinin nə gəldi qəbul edib çapa verməsi “boz ədəbiyyat” adlanan nəşrlərin sayının artıb getdikcə daha geniş vüsət alması ilə nəticələndi. Bütün bunların məntiqi sonluğu kimi, vaxtilə əsərlərinin çapı dövlət tərəfindən maliyyələşən peşəkar yazarlar da indi qonorar almadıqları bir yana, kitablarının çap xərcini də özləri ödəyib satış və yayımını təşkil etmək üçün xeyriyyəçi axtarmalı oldular. Nəşriyyat işində kifayət qədər səriştəsi olmayan təsadüfi şəxslərin naşir fəaliyyəti ilə məşğul olması çap olunan əsərlərin ümumi səviyyəsinə öz mənfi təsirini göstərdi. Bu gün kitab köşklərində yığılıb qalan nəşrlərin üz qabığında yazdığını oxuyanda xəcalət çəkdiyimiz müəllifin portretini və ya ona öz qrifini vermiş nəşriyyatın adını görəndə təəssüflənməmək olmur: orfoqrafiya səhvləri, düzgün seçilməmiş şrift ölçüləri və rəng çalarları, lüzumsuz yerə istifadə olunan bahalı və qədərindən qalın kağız, məntiqsiz tərtibat…

Bütün bunlar bizə müstəqillik illərinin əvvəllərində bu sahədə fəaliyyət göstərənlər arasında qeyri–mütəxəssislərin çoxluq təşkil etdiyini deməyə tam əsas verir, necə deyərlər, əlavə şərhə ehtiyac qalmır. Rəssam işini kompyuterdə işləməyi yenicə öyrənib incəsənət, bədii–texniki tərtibat qanunlarından, rənglərin, cizgilərin qarşılıqlı münasibətindən, variasiyasından xəbəri olmayan şəxslər görürsə, yaradıcı rəssam işini internetdən götürülən fotoşəkil və ya təsvir əvəz edirsə, hansı məntiqli tərtibatdan danışmaq və belə tərtibatçıdan nə gözləmək olar? Sayı gündən–günə artan belə naşirləri, təbii ki, nəşrə qəbul olunan əsərin ədəbi və elmi dəyərindən cox onun əvəzində nəsriyyata ödənilən məbləğin miqdarı maraqlandırırdı.

Kompyuter texnikasının tətbiqi əl əməyini yüngülləşdirib nəşrlərin çapa hazırlıq müddətini azaltsa da, kitabların texniki tərtibatı sahəsində yaranan problemlər nəşrlərin çap keyfiyyətinə təsirsiz ötüşmədi. Əlavə xərc çəkməmək üçün yazdıqlarını nəşriyyata özləri yığıb gətirməyə üstünlük verən yazarların ədəbi, bədii və texniki redaktora, korrektora əsərin üzərində işləyib qüsurları düzəltmək imkanı yaratmaması (çapa hazırlıq üçün lazım olan vaxta və ödəməli olduqları məbləğə qənaət etmək üçün) və keçmiş SSRİ–də qəbul olunan beynəlxalq standartların unudulması kitabların keyfiyyət göstəricilərinə də öz mənfi təsirini göstərdi. Başlanğıcda işi yazardan qəbul edib olduğu kimi çapa vermək naşirin işini asanlaşdırsa da, nəşri dəyərdən saldığını, nəşrin texniki və bədii tərtibatına zərər verdiyini anlamaq istəməyən müəlliflər, bu gün artıq səhv etdiklərini etiraf etməyə məcburdurlar. Yüzilliklər ərzində toplanılan təcrübənin unudulması, bu sahədə kadr hazırlığı, yəni nəşriyyat işi və poliqrafiyanın tədrisi məsələlərinin müasir tələblər səviyyəsində təşkil olunmaması, sayı get–gedə azalan səriştəli mütəxəssislərə kifayət qədər dəyər (maddi, mənəvi) verilməməsi nəşrlərin bədii və texniki səviyyəsinin, ədəbi dəyərinin aşağı düşməsi ilə nəticələndi. Bəlkə elə bu səbəbdən də son vaxtlar əlimizə aldığımız kitabların bir çoxunda müəllifin oxucuya nəyi çatdırmaq istədiyini anlamaq elə də asan olmur, məntiqsizlik, orfoqrafiya səhvləri baş alıb gedir. Nəşri yalnız düzgün seçilmiş şrift tərtibatı ilə də əsl sənət əsəri səviyyəsinə qaldırmağı bacaran texniki redaktorlar isə tez–tez xatırlanır. Kompyuterin yığım və çapa hazırlıq proseslərini sürətləndirməsi, tərtibatçının illüstrasiyalara əlavə effekt verib qüsurları düzəltmək imkanını, seçilməsi mümkün olan variantların sayını artırması öz–özlüyündə müsbət hal olsa da bu gün nəşrlərdə istifadə olunan şrift (latın) dəstlərinin sayının azlığı, olanların da texniki cəhətdən kifayət qədər mükəmməl işlənilməməsi texniki redaktorların manevr etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla yanaşı, orijinal tərtibatlı işlərin də sayının azalmasına və kompyuter dizaynının geniş vüsət almış yeknəsəqliyinə gətirib çıxardı. Halbuki bu gün respublikamızda klaviaturanın alt hərflərilə yığılan mətni üst hərflərlə yığılana və əksinə çevirə bilən mətni, hərf və sözlərarası məsafələri sabit saxlamaq şərtilə hecalara bölən əsərin mətnini yığım formatına tələb olunan qaydada yerləşdirməyə imkan verən (heca) proqramları işləyib hazırlayan, latın şrift dəstlərini hərflərinin kodlarını dəyişmək yolu ilə dilimizə çevirə bilən C.Tağıyev, N.Qurbanov kimi mütəxəssislərimiz var. Bu prosesin gələcəkdə də davam etdirilməsi tərtibatçılarımızın manevr etmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə, çap olunan nəşrlərin tərtibat səviyyəsini yüksəldə bilərdi.

Türk dünyasına qovuşmağımız üçün mühüm əhəmiyyət kəsb edən, öz–özlüyündə vacib məsələ sayılan latın əlifbasına keçid də, ədəbi irsimizdən kiril əlifbası ilə bəhrələnməyə adət etmiş yaşlı nəsil nümayəndələrində kitaba olan marağın azalmasında müəyyən rol oynadı. Keçid dövrünün ilk illərində oxumağa, hələ latın qrafikası ilə çap olunmuş dərsliklərdən savayı, kitab tapmayan gənclərin özləri üçün zəruri saydıqları informasiyaları ya sayı günbəgün artan çoxsaylı televiziya kanalları və internetdən, ya da gündəlik qəzetlərdən almağa meyillənməsi cəmiyyətdə kitaba marağın azalmasına səbəb oldu. Bəlkə elə buna görə də bu gün oxucu auditoriyası məhdudlaşan, özünün ən kəşməkəşli dövrlərindən birini yaşayan Azərbaycan kitabı əvvəllər olduğu kimi 10 000 –100 000 nüsxə ilə deyil, cəmi 50–500 tirajla çap edilir.

Bu sahədə vəziyyətin yaxşılaşması və latın qrafikasına keçidin təmin edilməsi istiqamətində görülən işlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001–ci il tarixli və “Azərbaycan əlifbası və dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001–ci il tarixli fərmanlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Latın qrafikası ilə Azərbaycan dilindəki nəşrlərin kütləvi çapının həyata keçirilməsi haqqında” (40 addan çox) 2004–cü il 12 yanvar tarixli və “2005–2006–cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” (172 adda) 2004–cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin vaxtilə kiril qrafikası ilə çap olunmuş ən dəyərli əsərlərinin latın qrafikası ilə nəşr edilməsi, kitab mətnlərinin elektron daşıyıcıları (virtual) və internet vasitələrilə yayımlanması da gənc nəslin mənəvi ehtiyacının ödənilməsi istiqamətində atılmış müsbət addım kimi dəyərləndirilə bilər.

2005–2006–cı illərdə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən hər iki sərəncam üzrə ümumi tirajı 9 milyondan artıq olan kitabın nəşr olunub kitabxanalara hədiyyə edilməsi və orta məktəb dərsliklərinin dövlət hesabına maliyyələşdirilməsi, həmçinin alimlərimizin aylıq məvacib və təqaüdlərinin artırılması bu vacib məsələnin daim dövlət başçısının diqqətində olduğunu təsdiqləsə də, bütün bunlar görülməsi nəzərdə tutulan işlərin yalnız kiçik bir hissəsidir. İlkin mərhələdə satışı nəzərdə tutulmamış bu nəşrlərlə yalnız kitabxanaların təmin olunması, kitab həvəskarları üçün onların təkrar nəşri zərurətini doğurdu. Respublika Prezidentinin “Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən ibarət 150 cildlik “Dünya ədəbliyyatı kitabxanası”nın nəşri ilə bağlı 2007–ci il 24 avqust tarixli sərəncamı bu prosesin davamlı olacağını təsdiqlədi. “Klassik dünya ədəbiyyatı” (A.Puşkin, C.London, D.Defo, Homer, İ.V.Höte, Y.Əmrə və s.), “Müasir dünya ədəbiyyatı” (Ç.Aytmatov, E.M.Remark, F.Kafka, J.Amadu, N.Hikmət, S.Moem, S.Kinq və s.), “Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri” (H.Hesse, O.Pamuk, Q.Q.Markes, E.Heminquey, L.Sinkler və s.), “Dünya ədəbiyyatı üzrə antologiyalar” (alman, antik, ingilis və s.) kimi 4 bölmədən ibarət bu seriyaya daxil olan 71 kitab, artıq “Şərq–Qərb” nəşriyyatında hazırlanıb oxucuların ixtiyarına verilmişdir. İlk baxışdan tərtibatları ilə ümumi kitab kütləsindən seçilib oxucuları cəlb edən bu nəşrlərin, təəssüf ki, qüsursuz olduğunu da demək olmaz, məs.: təkcə cildin üzərində 3 yerdə (üzündə, kötüyündə və arxasında) verilən “Dünya ədəbliyyatı kitabxanası” söz birləşməsinin, üstəlik hər səhifədə də tərtibatının baxımsızlığı, rənginin uyğunsuzluğu ilə seçilən yerliyin üzərindəki “ölü” kolontitulla təkrarlanması məntiqsizilyə, tərtibatçının rənglərin qarşılıqlı əlaqəsindən xəbərsiz olduğuna dəlalət etmirmi? Kötüyü üzdən və arxadan bürüyüb, sanki, nəşrdə baş verənlərin qədimliyinə eyham vuran ornamentli haşiyə bəzəyinin naxışlarının rəng seçimi də, seriyanın bütün nəşrləri üçün uğurlu sayıla bilməz. Cildin üzündəki süjet rəsmlərinə faktura verilməsi öz–özlüyündə müsbət hal sayılsa da, onlar üçün seçilən yerliyin və haşiyənin rəngi, onsuz da tutqunluğu ilə seçilən illüstrasiyaların rənginin daha da tündləşməsinə səbəb olur. Kiçik bir söz və ya söz birləşməsi ilə qurtaran sətirlər səhifəni korlayır və s.

2007–ci ildə Almaniyanm “Himmer AG Druckeri” (Ausburq) müəssisəsində çap olunub “SİG LOCH Edition Buchbinderei” (Blaufelden) müəssisəsində cildlənmiş “Azərbaycan Milli Ensiklopediyası” (60×90 18, həcmi 884 səh., üz qabığının rəssamı B.Xəlilov, bədii–texniki tərtibatçıları X.Yüzbaşova və N.Əliyeva) müstəqilliyimizin ilk onilliyində ölkəmizdən kənarda hazırlanan nəşrlərə misal göstərilə bilər. Yeri gəlmişkən, informasiyanın dəqiq və qərəzsiz (milli maraqlar çərçivəsində yox), təhrif edilməmək şərtilə verilməli olduğu bir nəşrin “Azərbaycan Milli Ensiklopediyası” yerinə “Azərbaycan. Ensiklopediya” adlandırılması daha məntiqli olmazdımı?. Ümumiyyətlə, uğurlu sayılan nəşrin texniki tərtibatında və poliqrafik icrasında da bir sıra kiçik qüsurlar gözə dəyir, məsələn: avantitul və titulda səhifənin eni imkan versə də, “Azərbaycan Milli Ensiklopediyası” sözündə hərflərarası məsafənin qədərindən az qoyulması səhifənin ümumi kompozisiyasına xələl gətirir. “Azərbaycan” sözünün üstün əhəmiyyətli olduğunu nəzərə çatdırmaq məqsədilə 2–ci rəngdən istifadə edilməsi öz–özlüyündə müsbət hal olsa da, bu rəngin tünd–bənövşəyiyə çalması, onun qara mətnlə müqayisədə tutqun görünməsinə səbəb olur. Tərtibatçıların rənglərin qarşılıqlı münasibətindən xəbərsiz olması bütün nəşr boyu özünü büruzə verir. Səh. 10–11–də cədvəl üçün seçilən yerliyin (sürməyi) və başlığın (tünd–bənövşəyi) rənginin bir–birinə uyğun gəlməməsi səhifənin ümumi görünüşünü korlayır. Eyni səhv 16, 17, 28, 32, 421 və s. saylı səhifələrdə də yer alır. Yığım formatının ətrafındakı boş sahələrin ölçüsü də düz seçilməyib, kötükdə saxlanılan yerin eninin, yığım sahəsinin yuxarı və sağ kənarındakı yerlərin eninə bərabər olması standarta uyğun deyil. Kitab açılanda yanaşı səhifələrin bir tam təsəvvürü yaratması üçün, əslində kötükdə saxlanılan yerin eni az, yuxarıda saxlanılan yerin eni ondan bir az artıq, sağda saxlanılan yerin eni isə daha artıq olmalı idi. Səh. 420–də yerləşdirilmiş fotoşəkildə rənglər (Adobe Photoshop) tənzimlənsəydi, insanların siması daha canlı görünə bilərdi. Eyni sözü 58, 190, 296 və s. saylı səhifələrdə yerləşən fotoşəkillər haqqında da demək olar. 380 saylı səhifədə illüstrasiyanın yuxarıda yox, aşağıda verilməsi səhifənin daha baxımlı alınmasını təmin edərdi. Səh. 328–də andiçmə mərasimində bayrağı öpən dövlət başçısının çənəsinin qırmızı rəngdə (bayrağın kölgəsi düşdüyünə görə) olması, gerb və bayrağın rənginin isə, əslinə uyğun gəlməməsi (təmiz göy rəng əvəzinə, kirli solğun rəng) də nəşri dəyərdən salır. Səh. 314 və 315–də şəkillərin tünd qəhvəyi rəngdə verilməsi, səh. 314–də dənizin rənginin təhrif olunması yalnız səhifənin ümumi görünüşünü korlamağa xidmət edir, hər ikisi qara rəngdə verilsəydi, səhifə daha baxımlı alınardı. Səh. 310 və 311–dəki fotoşəkillərdə insanların başı ilə onları əhatələyən haşiyə arasında məsafə saxlanılmır, ölçüləri kiçildilən şəkillərin sonradan necə görünəcəyinə diqqət yetirilməmişdir. Səh. 294, 239, 234 və s.–də yerləşən xəritələrin üzərlərindəki mətnlər üçün seçilən şriftin ölçüsü, rəngi də uğurlu sayıla bilməz. Başlıqlarla mətn arasında lazım olduğundan az yer (səh. 252) qalır. Bütün bunlar nəşrin çapa hazırlıq mərhələsində buraxılan səhvlərin nəticəsidir, poliqrafik icra isə, qoyulan tələblərə cavab verir.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004–cü il sərəncamı əsasında respublika müəssisələrində (“Şərq–Qərb”, “CBS–PP” MMC) çapa hazırlanan “Azərbaycan dilinin izahlı lüğəti” I cild (2005, 744 səh., tərtibatçı R.Ağayev), “Azərbaycanca–rusca lüğət” I cild (2006, 896 səh., tərtibatçı N.Əliyeva), “Farsca–azərbaycanca lüğət” (2007, 640 səh., tərtibatçı R.Ağayev), “Azərbaycanca–ingiliscə lüğət” (2006, 288 səh., tərtibatçı R.Ağayev) və “Ərəbcə–azərbaycanca lüğət” I cild (2007, 440 səh., tərtibatçı R.Ağayev) kimi eyni formatlı (60×90 1/16) nəşrlər üçün ikisütunlu yığım formatının seçilməsi və oxucuya istədiyi sözü rahat tapmağa imkan verən dəyişən kolontitullardan istifadə edilməsi, qeyri–ənənəvi rəng çalarlarına boyanılmış cildlərdə nəşrin adı və s. kimi ayrı–ayrı söz və ya haşiyəyə alınmış mətn parçalarının yerliyinin laklanıb qabardılmaopurlama) yolu ilə nəzərə çatdırılması, həmçinin nəşrlərin davamlılığının artırılması məqsədilə parıltısız laminasiya plyonkasından istifadə edilməsi təqdirəlayiq hal olsa da, bu nəşrlərin müsbət cəhətləri kimi, səhvləri də təkrarlanır. Məsələn, yığım formatının sağ kənarında kötüyə nisbətən az yer saxlanılır, səhifənin ümumi görünüşünə diqqət yetirilmir, belə ciddi nəşrlərin cildləri üçün seçilən, bir–birinə uyğun gəlməyən rəng çalarlarının sayı lazım olduğundan artıq olsa da, onlar yerli–yerində işlənilmir, bir söz və ya ifadə ilə qurtaran abzaslar səhifənin ümumi kompozisiyasını yetərincə pozmuşdur.

Kitab tərtibatı müəyyən istehsal prosesləri, yəni poliqrafiya ilə bağlı olub, onun bu və ya digər sahəsinin texniki imkanlarından asılı olan mürəkkəb bir prosesdir. Elə yunan sözü olub, “poli”–çox, “qrafo”–çəkirəm, yazıram mənasını verən bu terminin özü də, sənətlə kitab hazırlayan texnika arasındakı bağlılığı ifadə edir. Texnikadan səmərəli istifadə etməklə bədii və texnoloji proseslərin vəhdətinə nail olmağa can atan tərtibatçı, bu vəhdətdən mümkün qədər yararlanmağı, yəni əlverişli bədii effekt almağı da bacarmalıdır. Buna isə ancaq texnikaya bələd olub materialların xüsusiyyətlərindən yaxşı baş çıxarmaqla nail olmaq olar. Müasir poliqrafiya sənayesinin öz texniki nailiyyətlərilə getdikcə daha çox incəsənət sahəsini xatırlatması, bu gün artıq isbata ehtiyacı olmayan bir fakt kimi qəbul olunmalıdır. Respublika müəssisələrində istifadə edilən texnika və texnologiyaların daim yenilənməsi kitabların icra səviyyəsinin yüksəlməsinə səbəb olsa da, təəssüf ki, bu təsir son illərdə nəşr olunan kitabların tərtibatında, hələ bir o qədər də hiss olunmur. İstifadə rahatlığı, poliqrafik icrası ilə seçilən kitab oxucusunu özünə tək rəngarəng görünüşü ilə yox, həm də məntiqli tərtibatı vasitəsilə cəlb etməli, əsərin ideya–məzmununun ona dəqiqliklə çatdırılmasını təmin etməlidir. Axı, yazar, nəşriyyat və poliqrafiya müəssisəsinin birgə fəaliyyətinin son nəticəsi olan kitab, əsasən ideya, məzmun, bədii–texniki tərtibat və icra keyfiyyətinə görə dəyərləndirilir.

Əsl sənət nümunəsi sayıla biləcək kitabın ərsəyə gətirilməsi müəlliflə yanaşı ədəbi, texniki və bədii redaktorların, poliqrafiya mütəxəssislərinin də hər birindən hərtərəfli dərin bilik, yüksək peşəkarlıq, istedad, eləcə də öz işinə məsuliyyət, sayğı və sevgi ilə yanaşmağı tələb edir. Bu sənət sahiblərindən heç olmasa birinin ixtisasca zəif olması və ya işinə laqeyd münasibət bəsləməsi keyfiyyətli kitab alınması ehtimalını heçə endirir. Miskin məzmunu bahalı kağız, rəng bolluğu, qızılı işləməli cildlə, bir sözlə, “göz qamaşdıran” tərtibatla gizlətmək cəhdləri kitab tərtibatı prinsiplərinə yad olduğu kimi, məntiqsiz tərtibatın istənilən əsəri dəyərdən salıb oxucunu yanlış istiqamətə yönəldə biləcəyi də, dəfələrlə təsdiqini tapmış bir həqiqətdir. Kitabda biri digərinə bağlı olub onu tamamlayan elementlərin birləşib vahid ahəngə köklənməsi, məntiqlilik, ardıcıllıq və vəhdətin zəruriliyi isbata ehtiyacı olmayan bir fakt kimi qəbul olunmalıdır.

Nəşrlərin bədii tərtibat üslubundakı rəngarənglik məzmundan doğan bədii forma ilə vəhdət təşkil etməli, elə ilk baxışdan xarici görünüşü ilə oxucusunu çağıran kitab, zövqlə də tərtib edilməlidir. Naşirlərlə bərabər tərtibatçı rəssamlarımızın da bu vacib şərti unudub nəşrlərin bədii tərtibatına, poliqrafik icrasına lazımınca diqqət yetirməməsi kitab köşklərində məntiqi, mənası oxucuya aydın olmayan zəif tərtibatlı kitabların yığılıb qalmasına zəmin yaradır. Bəzən də, yalnız kitabın cildinin bərbəzəkli olmasına diqqət yetirən tərtibatçılar, onun daxili tərtibatının necə böyük önəm daşıdığını unudurlar. Zəngin tərtibat, parlaq, işıqlı rənglər diqqəti dərhal cəlb etsə də, məzmuna uyğun, zövqlə çəkilmiş illüstrasiyanın ideyanın mənimsənilməsinə yardım etdiyini, kitaba marağı artırdığını psixoloqlar da təsdiqləyər. Rəngarəng süjetlər insanda təbiət və cəmiyyət haqqında daha aydın təsəvvürlər oyatmaqla yanaşı, oxucunun dünyagörüşünü və fantaziyasını da genişləndirir, şəxsiyyətini, zövqünü formalaşdırmaqla yanaşı, qəlbində ətrafındakılara qarşı rəğbət dolu nəcib, xeyirxah hiss və duyğular da oyada bilir.

Məsuliyyətin müəyyən hissəsini paylaşmalı olan bədii və ya texniki redaktorların işi isə istər bütövlükdə, istərsə də ayrı–ayrı fərdlərin yaradıcılığı şəklində ictimai tənqidin nəzərini son vaxtlar, demək olar ki, cəlb etmir. Bu sahədə görülüb laqeydliklə qarşılanan işlər mütəxəssislər tərəfindən, bir qayda olaraq, yalnız təsadüfi hallarda təhlil olunur. Halbuki hər hansı bir tərtibatın mütəxəssis tərəfindən dəyərləndirilməsi ictimaiyyətin bu sahəyə marağını artıra, kitab tərtibatçısının nüfuzunun yüksəlməsinə xidmət edə bilərdi. İşgüzar şəraitdə keçirilən simpozium, nəzəri konfrans və ya məsləhət səpkili yığıncaqlarda keçilmiş yollara bir daha nəzər salınması, uyğunsuzluqların, səhvlərin təhlil edilib araşdırılması ümumi işə müsbət təsir göstərməklə yanaşı, həm də tərtibatçı rəssamlarımızın məsuliyyətini artırmağa xidmət edərdi. Yaxın keçmişdə Rəssamlar İttifaqında keçirilən müzakirələrdə təcrübəli mütəxəssislərin konstruktiv təklif və mülahizələrinin dinlənilib nəzərə alınması mövcud qüsurların aradan qaldırılmasına yardım edir, kitab qrafikamızın inkişafı üçün faydalı olurdu. İndi də belə müşavirə və müzakirələr aparmağa meyilli olan Rəssamlar İttifaqı, əksər hallarda keyfıyyətə nəzarətdən uzaqlaşmağa çalışan nəşriyyatlar tərəfindən müəyyən çətinliklərlə üzləşir. Zəngin əlyazma ənənələri ilə bütün Şərqdə tanınan kitab sənəti ustalarımızın xələfləri tərəfindən nəşr olunan kitabların bədii və texniki tərtibatının dünya standartlarına uyğunlaşdırılması, bu sahədə çalışan mütəxəssislərimiz üçün bir şərəf məsələsidir. Axı kitab tək bu günün gərəyi yox, həm də bu günün gələcəyə yadigarıdır!

Rəngli illüstrasiyalardakı boyaların solğunluğu, ayrı–ayrı rənglərin konturdan kənara çıxması, şriftin ölçü və qarniturunun, sətirlərarası məsafənin, yığım formatının düzgün seçilməməsi, rubrikasiya sistemindəki qeyri–ardıcıllıq və məntiqsizlik, illüstrasiyaların səhifədə yerləşdirilmə qaydalarına əməl olunmaması, təsvirin üzərindəki mətnin aydın oxunmaması və s. təəssüf ki, uzun illərdir ki, adi hala çevrilmişdir. Belə səhvlər səbəbindən kitab tərtibatı sahəsindəki işlərindən xəcalət çəkən peşəkar rəssamlar çox vaxt onları sərgidə nümayiş etdirə bilmir, bəlkə, elə buna görə də bu sahəyə o qədər də həvəs göstərmirlər. Nəticədə kitab tərtibatının tək bu günü üçün yox, sabahı üçün də son dərəcə ciddi problemlər yaranır, oxucular arasında kitaba, çap məhsuluna olan maraq azalır. Son illər ərzində respublikada çap olunan nəşrlər arasında peşəkar rəssam tərəfindən tərtibat verilənlərin azlıq təşkil etməsi və nəşrlərin əksəriyyətinin tərtibat prinsiplərindən xəbərsiz olan təcrübəsiz kompyuter operatorları tərəfindən dizayn edilməsi, deyilənlərə şübhə yeri qoymur. Kitab istehsalı sahəsində inqilab yaradıb poliqrafçıların işini yüngülləşdirən, naşirlərin orijinal tərtibatlı kitab nəşr etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən kompyuter tarixi təcrübənin unudulmasına, qeyri–peşəkarlar tərəfindən tərtibat verilən nəşrlərin sayının artmasına aparıb çıxarmamalıdır.

Poliqrafiya texnologiyasına bələd olmayan bədii redaktor nəşrin bədii və texniki tərtibatının uğurlu alınacağına təminat verə bilməz. Bu gün kağız və cild materiallarının rəng, faktura müxtəlifliyi bədii redaktorlar üçün geniş meydan açsa da, mətbəələrimiz nəşrlərin poliqrafik icrasına həlledici təsir göstərən müasir texnoloji avadanlıqlarla, təsviri və qrafik materialları qaydaya salmağa imkan verən kompyuter proqramları ilə təchiz olunsa da, təəssüf ki, bu sahədə maraqlı, məntiqli işlərlə çox az rastlaşırıq. Halbuki cild, supercild, forzas, frontispis və s. üzərindəki hansısa elementin (portret, gerb, simvol və s.) qabardılıb daha yaxşı nəzərə çatdırılması və səthin dəyişməsini tələb etməyən cild boyası ilə folqa arasındakı fərqdən, çopurlama, laklama, bürüncləmə kimi üsulların müxtəlif kombinə variantlarından istifadə edilməsi tərtibata bir orijinallıq gətirər, onu daha da zənginləşdirə bilərdi. Eləcə də təzyiq altında dəyişən cild materialı səthinin fakturaya göstərə biləcəyi təsiri fikrində saxlayıb tərtibatı fakturaların oxşarlığı (cild boyası ilə hazırlanan) və ya rənglərin təzadı (folqa ilə basmanaxış) çərçivəsində qurmağı bacaran rəssam, eyni cilddə onların hər ikisindən, üstəlik blintdən (rəngsiz basmanaxış) istifadə etməklə, daha maraqlı və yaddaqalan kompozisiya yaratmaq şansı qazana bilər. Elm, texnika inkişaf etdikcə çeşidi artan müxtəlif rəngli və fakturalı kağızlardan yerli–yerində istifadə edilməsi, cild materiallarının bədii–texniki xüsusiyyətlərinin və bədii tərtibat üsullarının bütün mümkün variantlarının (texnoloqlarla birgə) araşdırılıb tədqiq edilməsi tərtibatçılarımızın qarşısında daha geniş, əlavə üfüqlər açmaqla bərabər gələcəkdə hazırlanacaq nəşrlərin tərtibatını da canlandıra, bədii redaktorların yaradıcılıq işinə güclü təkan verə bilərdi.

Heç bir material öz–özlüyündə incəsənət əsəri sayıla bilməz, ən yaxşı kağız belə, necə gəldi yığılıb çap olunan kitaba bədii dəyər vermək iqtidarında deyil. Vərəqlədiyimiz kitabın çap olunduğu kağızın keyfiyyətinin diqqətimizi çəkməsi, əslində onun bədii dəyərinin kifayət qədər yüksək olmadığını göstərir. Bu dəyərin, kitaba sərf olunan materialların maddi dəyəri ilə ölçüldüyü dövrlər, artıq keçmişdə qaldı. Keyfiyyətli kitab istənilən kağızda hazırlana bilər, materialın qiymətinin aşağı olması tərtibata nəinki xələl gətirmir, əksinə tərtibatçıdan daha artıq istedad, manevr etmək qabiliyyəti, ustalıq və səriştə tələb edir. Qara rəngli boya ilə ağ kağızda çap olunan mətnin gözü qıcıqlandırıb yorması, tünd rəngli kağızda çap olunanın isə çətinliklə oxunması kimi amillər, bədii redaktorların diqqətindən kənarda qalmalı deyil. Artıq unudulmaqda olan çoxəsrlik təcrübə rəngi sarıya, yaşıl, mavi və ya açıq çəhrayıya çalan kağızların mütaliə vaxtı gözümüzə daha yaxşı təsir etdiyini, ağ kağızda tək qara ilə yox, hətta, rəngi qəhvəyiyə çalan boya ilə çap olunan mətnin belə arzulanan effekti vermədiyini təsdiqləyir.

Əksər hallarda tərtibatçıların diqqətindən kənarda qalan forzas kimi vacib element də geniş çeşidli rəngarəng kağızlar ola–ola, bu gün təəssüf ki, çox vaxt adi ağ kağızdan hazırlanır. Halbuki, frontispis, titul, şmustitul, forzas və s. üçün fərqli rəng çalarlarına boyanılmış müxtəlif fakturalı kağızlardan istifadə edilməsi tərtibata bir orijinallıq gətirər, forzasdan, cild və supercildin klapanlarından nəşrin məlumatverici imkanlarının artırılması məqsədilə istifadə edilməsi bədii redaktorların oxucuya təsir imkanlarını hiss olunacaq dərəcədə genişləndirə bilərdi.

Son vaxtlar orijinal tərtibatlısına rast gəlmədiyimiz, yeknəsəqliyi ilə seçilən supercildlər haqqında da eyni sözü demək olar, kitabı tez dağılmaqdan qorumaq üçün “Duofan” 6000, “Duofanet”, “Maksibond” və s. kimi maşınlarda üzünə plyonka çəkməklə (laminasiya) ömrünü uzadıb davamlılıqlarını artırmaq, didilmələrinin qarşısını alıb xarici görünüşlərini yaxşılaşdırmaq, suyadavamlılıqlarını təmin etmək mümkündür.

Kitabın poliqrafik icra keyfiyyəti mətbəənin texniki imkanlarının nəzərə alınmasını və texnologiyaya düzgün riayət olunmasını tələb edir. Kitab və xüsusilə də onun cild, üz qabığı, supercild, frontispis, titul, forzas kimi elementlərinin keyfiyyəti bədii tərtibata güclü təsir göstərən bir çox amillərlə şərtlənir. Belə amillərə diqqət yetirməyən redaktor, tərtibat prosesində istifadə etdiyi materialların rəng, faktura kimi özəl xüsusiyyətlərindən maksimum dərəcədə yararlanmaq şansını itirmiş olur. İncəsənətin bir qolu olan kitab tərtibatı istehsalata söykənməli, təsviri sənətin xüsusi istedad tələb edən növlərindən biri ilə məşğul olub şəxsi dəst–xətt və üslubunun təhrif edilməsinə yol vermək istəməyən qrafika rəssamı nəşrin poliqrafik icrasına diqqət yetirməli, təcrübəli texnoloqlarla məsləhətləşməkdən çəkinməməlidir. Əks halda, mətbəənin texniki imkanlarının və texnologiyanın səviyyəsinin, rəng, kağız və qeyri–materialların keyfiyyəti ilə yanaşı, texnoloqun səriştə və poliqrafiya mədəniyyətinin də həlledici rol oynadığı istehsalat mərhələsində tərtibat işləri və ümumilikdə nəşr çox şey itirə bilər.

Bu gün hazırlanan kitablarda orijinalların təhrif olunmasının bir səbəbi də təcrübəli texnoloqların çatışmaması, təsadüfi adamların bu işdən yapışmasıdır. Hazırda mətbəələrimizdə poliqrafiyanı mükəmməl bilənlər, əfsus ki, o qədər də çox deyil. Əksəriyyəti yaşlılar olan mühəndis–texnoloqlar respublikamızda ümumiyyətlə azlıq təşkil edir, bu sahədə kadr hazırlığı ilə məşğul olan isə yoxdur. Rəssamla texnoloq arasında qarşılıqlı yaradıcılıq əlaqəsinin yaranması onların işinin bir–birini tamamlamasına, kitabın tərtibat və icra keyfiyyətinin yüksəlməsinə xidmət edərdi. Təsəvvüründə yaratdığı təsvirin istehsalat prosesində uğraya biləcəyi dəyişiklikləri əvvəlcədən göz önünə gətirib tərtibat planını mövcud təcrübə və normalar əsasında qurmağı, öz işinə yaradıcı münasibət bəsləməyi bacarmayan bədii və ya texniki redaktorun işi sonda müvəffəqiyyətlə nəticələnə bilməz!

Kitab həvəskarlarının nəşrin məzmunu ilə yanaşı, xarici görünüşünə də maraq göstərməsi, rəssamdan hər dəfə yeni mühit və obrazlara qovuşmağı tələb edır. Nəşrlərin ideya və məzmunu kimi tərtibat tərzinin də fərqli olması, hər nəşrin tərtibatına yaradıcı münasibət bəslənilməsini, eləcə də illüstrasiyaların kitab müəllifinin təsvir etdiyi dövr və şrift xüsusiyyətləri ilə səsləşib onları tamamlamasını tələb edir. Nəşrlərin tərtibatı sahəsində metodiki əsasların olmaması, yaradıcılıq prosesində vaxt və əməyin boş–boşuna sərf olunmasına şərait yaradır. Kitabın üzərindəki təsvirin kompozisiya mərkəzinə nəzərən hərəkət bucağına, şriftlə əlaqəsinə və s. kimi incəliklərə diqqət yetirilməsi, hər bir variantın mənfi və müsbət cəhətlərinin araşdırılıb təhlil edilməsi də kitab tərtibatını canlandıra bilərdi. Müəllif fikrinin oxucuya çatdırılma dərəcəsi bədii redaktorun interpretasiyasından, tərtibatın taleyi isə rəssamın yaradıcılıq imkanlarının janrının xüsusiyyətlərinə və yazarın üslubuna uyğun olub–olmamasından asılı olur: axı hər tərtibatçının maraq göstərdiyi müəyyən sahə, janr, oxucu auditoriyası var: biri klassik ədəbiyyata üstünlük verdiyi halda, o biri lirik–romantik əsərlərə tərtibat verməyi xoşlayır. İstedadsız rəssam və ya təcrübəsiz dizayner tərəfindən işlənilən əsər tək oxucuya təsir qüvvəsini və dəyərini deyil, həm də potensial alıcısını itirmiş olur. Axı əsər və onun müəllifi ilə bağlı heç bir məlumatı olmayan, oxucunu kitabı almağa vadar edən, çox vaxt elə məhz kitabın üzqabığının onda yaratdığı ilk təəssürat olur.

Hazırda respublikamızda qeydiyyatdan keçmiş 400–dən çox nəşriyyatın əksəriyyətinin konkret sahə üzrə ixtisaslaşmaması da redaktə işinin və bütövlükdə nəşrlərin keyfiyyətinə öz mənfi təsirini göstərir. Nəşriyyata gətirilən “əsər”i çox vaxt hətta ötəri də olsa nəzərdən keçirməyib olduğu kimi çapa ötürməklə öz işini bitmiş sayan, naşir işinin əhəmiyyətini, bu sahədə yarıtmaz işin gənclərin təlim–tərbiyəsinə, cəmiyyətə vura biləcəyi zərərin miqyasını anlamayan, düzgün redaktə edib çapa hazırladığı bir sanballı əsərlə belə öyünə bilməyən işbazlar yığıncağından təşkil olunmuş, hansı sahəyə uyğun ədəbiyyat gəlsə qəbul edib fərqinə varmadan olduğu kimi çapa verən müəssisələrin ixtisaslaşması sağlam rəqabətin aparılmasını, redaktə işinin səmərəliliyini təmin edər, yazara, özünə lazım olan sahə üzrə ən yaxşı naşiri (peşəkar redaktor, tərtibatçı rəssam və texniki redaktoru) müəyyənlişdərməyə, işinə layiqincə dəyər verilən, maddi və mənəvi tələbatı ödənilən naşirə isə nəşr olunan ədəbiyyatın redaktə keyfiyyətini yüksəltməyə imkan verərdi.

Gənc Azərbaycan dövlətinin milli ideologiyasının formalaşmasında, heç şübhəsiz, bütün dövrlərin möcüzəsi olan kitabların müstəsna rolu vardır. Gəlin and yerimiz olan kitablarımıza qiymət verməyi bacaraq, layiq olduğu onu gözdən düşməyə, ucalıqdan enməyə qoymayaq.

 

Respublika.- 2012.- 23 dekabr.- S. 6.