Şimal bölgəsi fermerlərinin
yardımçısı
Respublikamızda həyata keçirilən aqrar islahatlara uyğun kənd təsərrüfatı istehsalçılarına daha yaxından yardımçı olmaq, çoxsaylı kəndli–fermer və digər özəl təsərrüfatlarda istehsalın elmi təminatını yaxşılaşdırmaq, məsləhət xidmətinin təşkili məqsədilə yaradılmış Regional Aqrar Elm mərkəzlərinin fəaliyyəti günü–gündən genişlənir. Respublikanın müxtəlif bölgələrində yaradılmış 8 belə Elmi Mərkəzdən biri də şimal bölgəsində fəaliyyət göstərən Quba Regional Aqrar Elm Mərkəzidir.
Quba Regional Aqrar Elm Mərkəzi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində 2001–ci ilin aprel ayında yaradılıb. Mərkəzin qarşısında duran əsas vəzifələr respublikanın şimal bölgəsində kənd təsərrüfatının inkişafına nail olmaq, elmin və qabaqcıl təcrübənin son nailiyyətləri əsasında meyvə və dənli bitkilərin becərilmə texnologiyasının hazırlanması və bölgəyə yeni becərmə texnologiyalarının gətirilməsini, özəl qurumlarla işbirliyi yaradaraq kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını, meyvə və dənli bitkilərin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yerli təsərrüfatlarda artırılaraq yayılmasını, beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və təbliğini təmin etməkdir. Qeyd olunan bu istiqamətlər üzrə mərkəzdə xeyli iş görülmüşdür.
Görülən işlər barədə Quba RAEM–in direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru İlham Qurbanov məlumat verərək deyir ki, elmi mərkəz respublikanın və eləcə də yaxın və uzaq xarici ölkələrin bir sıra elmi–tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq yaradaraq şimal regionunda fəaliyyət göstərən fermer və digər özəl təsərrüfatların tərəfindən elmin və qabaqcıl təcrübənin son naliyyətlərinə əsaslandırılmış texnologiyaların mənimsənilməsi, həmin təsərrüfatları bölgə şəraitinə uyğun gələn yüksək məhsuldar meyvə və taxıl bitkiləri sortları ilə təmin olunması, regionda meyvəçiliyin əsası hesab olunan tingçiliyin bərpa olunması və onun elmi əsaslarla yenidən qurulması istiqamətində məqsədyönlü iş aparır.
Bölgədə fəaliyyət göstərən fermer və özəl təsərrüfatları yüksək məhsuldar meyvə sortları ilə təmin etmək məqsədilə Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə birgə “Frazer” layihəsi işlənilib hazırlanmış və 2003–2007–ci illərdə həyata keçirilmişdir. Layihə çərçivəsində ölkəmizə 4 virusdan azad calaqaltı forması (M7, MM106, MM111 və Pajam–1), 16 yeni alma sortu (Qrani Smit, Qolden Delişes x972, Fuji, Conaqored, Conaqold, Ağ renet, Qala, Breburn, Reyne des renettes, Celencer, Brookfield, Mariri red, Aydered, Supercif, Baugen, Red Jonaprin), 7 gilas (Belqe, Burlat, Samba, Satın, Simmit, Sumbala, Svethat), 3 armud (Konferense, Red Vintes, Vilyams) sortları respublikamıza introduksiya olunmuşdur. Calaqaltı formaları ilə 1.6 hektar sahədə calaqaltı anaclığı və alma sortları ilə isə 4.5 hektar sahədə çiliklik ana bağı salınmışdır.
2012–ci ildə İtalya Respublikasından daha 15 yeni gilas sortu (Biqaro Burlat, İmperator Stefani, Ferrovia, Mora Cazzono, Mora Di Viqnola, Biqaro Morean, Georgia, Lapins, Adriana, Biqora Van, Sumburst, Maruska Nero Di Veronika, Durano Nero II, Durano Nero III və Corido) introduksiya olunmuş, Şabran rayonunun Daşlıyataq kəndində “AİF Aqro KFT” MMC ərasizində, hazırlanmış layihə–smeta sənədləri əsasında 9 hektar sahədə yeni gilas bağı salınmışdır.
Ölkəmizə Fransa Respublikasından yeni bağsalma texnologiyası gətirilmişdir. Yeni bağsalma texnologiyasına əsasən Quba, Qusar, Şabran rayonlarında 700 hektara yaxın sahədə yeni super intensiv və intensiv tipli meyvə bağları salınmışdır. Yeni texnologiyalar üzrə bağsalma işi növbəti illərdə də davam etdiriləcəkdir.
Yeni texnologiyalar üzrə salınmış bağların vəziyyəti ilə yerində tanış olmaq, bağlara qulluq edilməsi üzrə məsləhət xidməti həyata keçirmək məqsədilə əməkdaşlarımız Luare Kənd Təsərrüfatı Palatasının mütəxəssisləri ilə mütamadi olaraq birgə baxışlar keçirmişlər. Baxış zamanı introduksiya olunmuş sortların bölgə şəraitində optimal inkişafa malik olması və onların ilkin məhsuldarlıq dövründə yüksək və orta səviyyədə məhsul verməsi müəyyən olundu. Demək olar ki, “Frazer” layihəsinin ölkəmizdə dayanıqlığı meyvəçilik üzrə tam təmin olunmuşdur.
Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Məlumdur ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması əsas məsələ kimi qarşıya qoyulmuşdur.
Bu məsələnin həlli istiqamətində Quba RAEM–də müəyyən işlər görülmüşdür. Belə ki, respublikada taxılçlığın inkişafına və dənli bitkilər toxumçuluğunun yaradılmasına yardımçı olmaq məqsədilə Quba RAEM ilə Fransanın Luare Kənd Təsərrüfatı Palatası arasında 2005–ci ildə razılaşma əldə olunmuşdur. Razılaşmanın məqsədi dənli bitkilərin məhsuldarlığını gələcək illərdə daha da artırmaq, istehsal olunmuş məhsulun keyfiyyətini yüksəltmək, ölkə əhalisini yerli istehsal hesabına əsas strateji məhsullarla, əsasən taxıl məhsulları ilə təmin etməkdir.
Respublikada aparılan aqrar islahatlar nəticəsində 236353 ailə–torpaq mülkiyyətçisi yaranmışdır. Nəzərə alsaq ki, həmin ailələrin yarıdan çoxu taxıl istehsalı ilə məşğul olur. Lakin onların toxumla təminatında müəyyən problemlər mövcuddur. Fermer və ailə–kəndli təsərrüfatlarını yüksək məhsuldar, xəstəlik və zərərvericilərə, quraqlığa davamlı, yüksək proteinli və tezyetişən taxıl sortlarının istehsal etməsini təşkil etmək bu layihənin işlənməsini zəruri edir. Belə ki, layihənin tətbiqi nəticəsində təsərrüfatlar yüksək keyfiyyətli elit, R–1, R–2 reproduksiyalı toxum əldə edərək daha çox gəlir əldə etməklə, ölkəmizə taxıl və taxıl məhsulları idxalını azaldacaqdır.
Respublikamızda mövcud kənd təsərrüfatına yararlı olan 1.5 milyon hektar torpaq sahəsinin 1.2 milyon hektar civarında sahəsi taxıl bitkiləri altında olmasına baxmayaraq, məhsuldarlığın aşağı olması səbəbindən əhalinin taxıl məhsullarına olan tələbatı tam ödənilmir. Lakin taxılçılıqda intensivləşməni tətbiq etməklə bu problemi aradan qaldırmaq olar. Bu zaman iqtisadi cəhətdən ən səmərəli tədbirlərdən biri respublikamıza daha məhsuldar və keyfiyyətli sortları introduksiya edərək intensiv becərmə yolu ilə onların çoxaldılaraq artırılmasıdır.
Bu məqsədə nail olmaq üçün Luare Kənd Təsərrüfatı Palatası ilə əldə olunmuş razılaşma əsasında ölkəmizə 2005–ci ildə Fransadan yüksək məhsuldarlığı ilə fərqlənən 3 buğda sortu (Farandol, Evrika, Renan), 2007–ci ildə isə daha 2 buğda (Tiqre, Paktole) və 3 arpa sortu (Epona, Makina, Magenta) introduksiya olunmuşdur. Qeyd olunmuş bu sortların sınağı üzrə Quba rayonu ilə yanaşı, Elmi–Tədqiqat Əkinçilik İnstitutunun iştirakı ilə Xaçmaz, Abşeron, Şəki və Tərtər rayonlarında təcrübələr qoyulmuşdur. Təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, bu sortların respublika şəraitinə uyğunlaşması normaldır. Sortların məhsuldarlığı intensiv texnologiya əsasında becərildikdə hektardan 60–73 sentner, mövcud texnologiya ilə bəcərildikdə isə 40–42 sentner arasında dəyişmişdir. Yüksək məhsuldarlığına görə Tiqre, Farandol və Renan sortları fərqlənmişdir. Quba rayonunun II Nügədi kəndində Adəm Məmmədovun fermer təsərrüfatında ənənəvi texnologiya əsasında becərilən sahəsində Farondol buğda sortunun məhsuldarığı hektardan 50 sentner təşkil etmişdir.
Məlumdur ki, yüksək reproduksiyalı taxıl toxumları 4–5 ildən sonra malik olduqları təsərrüfat göstəricilərini itirir. Daha doğrusu, yaşlı nəslə çevrildiyinə görə məhsuldarlığı və keyfiyyət göstəriciləri aşağı düşür. Nəticədə yeni yüksək məhsuldar toxum əldə edilməsi və ya toxum bərpası zərurəti yaranır. Məsələnin həlli üçün toxumçuluqla məşğul olan təsərrüfatlarda seleksiya işi təşkil olunmalıdır. Seleksiya işi təsərrüfatın öz mütəxəssisləri və ya müqavilə yolu ilə cəlb olumuş mütəxəssislər tərəfindən yerinə yetrilməlidir. Bu məsələni daha yaxşı həll etmək, şimal bölgəsi fermerlərinə yardımçı olmaq məqsədilə Quba RAEM dənli bitkilərin toxumçuluğu ilə məşğul olan Fransanın “AQRİ–OBTENTİONS” elmi–tədqiqat mərkəzi ilə danışıqlar aparır. Biz əvvəlki illərdə olan əlaqələri bərpa etməklə 2013–cü ildən birgə fəaliyyət göstərmək fikrindəyik.
Mərkəz həmçinin ən müasir texnika nümunələrinin
kəndli sahibkarlara
çatdırılması istiqamətində də iş aparır. Hazırda Amerikanın “Jonn Deere” şirkətinin
təklif etdiyi yeni texnika nümunələrinin bölgə təsərrüfatlarına
gətirilməsi istiqamətində iş
gedir.
Ziyafəddin
BAYRAMOV,
Respublika.- 2012.- 23 dekbar.- S. 5.