| Xəstəliklərin
qarşısının alınmasında peyvəndin alternativi yoxdur
Hər il Ümumdünya Səhiyyə
Təşkilatının toplantılarında ən vacib problemlər müzakirə olunur. Bu il oktyabrın sonlarında
Özbəkistanın paytaxtı Daşkənddə
keçirilən növbəti tədbirdə isə peyvənd
yolu ilə ləğvi mümkün
olan xəstəliklər, daha
dəqiq desək, qızılca və məxmərəyin
eliminasiyası məsələləri müzakirəyə
çıxarılmışdı. Bu
beynəlxalq tədbirdə ölkəmizi Əməkdar elm xadimi, professor
Kübra Fərəcova adına Elmi–Tədqiqat
Pediatriya İnstitutunun
direktoru, respublikanın baş
pediatrı Nəsib Quliyev təmsil edirdi.
Respublikada “Sağlam həyat uğrunda” devizi altında səhiyyə aylığının uğurla həyata keçirildiyi bu günlərdə onunla görüşüb söhbət etmiş və fikirlərini öyrənmişik. O demişdir:
—Ölkəmizdə ana və uşaq mühafizəsi işinə dövlət səviyyəsində yüksək diqqət və qayğı ilə yanaşılır. Azərbaycan dövləti tərəfindən görülən tədbirlər uşaqların sabahına, uzun illərə hesablanıb. Uşaqların sağlamlığı strateji əhəmiyyətli məsələdir. Məhz bu səbəbdən də son illərdə ölkəmizdə ana və uşaqların mühafizəsi istiqamətində çoxlu sayda dövlət proqramları qəbul olunmuşdur.
Səhiyyə Nazirliyinin hazırladığı “2013–2017–ci illəri əhatə edən Azərbaycanda ana və uşaqların mühafizəsi üzrə Dövlət Proqramı”nın 2013–cü ildə dövlət başçısının təsdiqindən sonra icrasına başlanacaqdır. Bu proqramda körpə, uşaq və yeniyetmələrə dövlət qayğısının bütün cəhətləri öz əksini tapmışdır.
Prezident Administrasiyası tərəfindən bu yaxınlarda Səhiyyə Nazirliyinə göndərilən qanun layihəsinin müzakirəsi artıq başa çatmaq üzrədir. Bu, yeni “Azərbaycanda uşaqların icbari dispanserizasiyası haqqında” qanun böyük tutuma malikdir və doğulandan on səkkiz yaşadək bütün uşaqları əhatə edir. Həmin yaş qrupu isə ölkə əhalisinin üçdə bir hissəsindən çoxunu təşkil edir. Qanuna görə hər bir uşaq ildə azı bir dəfə dispanser müayinəsindən keçəcəkdir. Bu gün dünyada erkən müdaxilə proqramı mövcuddur və bəzi ölkələrin səhiyyə strukturlarında belə şöbələr də fəaliyyət göstərir. Proqramın əsas məqsədi insanlarda əlilliyə, ölümə səbəb olan xəstəliklərin vaxtında aşkarlanıb aradan qaldırılmasından ibarətdir. Azərbaycan da bu proqrama qoşulub, eyni zamanda, uşaqların icbari dispanserizasiyası haqqında qanun qəbul edib ki, bununla da erkən müdaxilə proqramını tam əhatə etmək mümkün olacaqdır.
Ana və uşaq mühafizəsi sahəsində Heydər Əliyev Fondunun, onun prezidenti, ölkənin birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti də xüsusi qeyd edilməlidir. Onun ana və uşaqların mühafizəsi işində müstəsna xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatının ali mükafatı, “Qızıl ulduz” mükafatına layiq görülməsi də təsadüfi deyildir və bu, bizi çox sevindirir.
Keçən il YUNİSEF–in təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyilə çəkilən “Ana südünün ilk damlası ilə həyata ilk addım” adlanan film uşaqların böyüməsi və inkişafında müstəsna əhəmiyyət kəsb edən ana südünə həsr olunmuşdur. İnsanlar dərk etməlidirlər ki, uşaqların ana südünün əvəzinə süni qida qatışıqları ilə qidalandırılması onların xəstələnmə, ölüm risklərini artırır və ona görə də körpəni heç bir halda ana südündən məhrum etmək olmaz. Elə filmdə də bu fikirlər aşılanır.
Dünyada elə xəstəliklər var ki, onların qarşısını peyvənd yolu ilə almaq mümkündür. Bunu tarixi təcrübə də göstərir. Məsələn, ötən əsrin 70–ci illərinə qədər dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış, ağır fəsadlar törədən təbii çiçək xəstəliyinin məhz insanları kütləvi şəkildə peyvəndə cəlb etmək yolu ilə kökü tamam kəsilmişdir. Artıq Azərbaycanda 1996–cı ildən etibarən poliomielit xəstəliyinə də təsadüf olunmur. Buna görədir ki, 2002–ci ildə ölkəmiz ÜST–ün poliomielitdən azad ölkə sertifikatını almışdır.
2005–ci ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının təklifinə əsasən qızılca və məxmərəyin kökünün kəsilməsi istiqamətində tədbirlər həyata keçirilir. Digər Avropa ölkələri kimi Azərbaycan da bununla bağlı proqramın iştirakçısıdır. 2005–2006–cı illərdə dövlət başçısının göstərişi ilə Səhiyyə Nazirliyində işlənib hazırlanan fəaliyyət proqramı yoluxucu xəstəliklərin immunoprofilaktikasına həsr olunmuşdur. Proqram çərçivəsində bir–birinə oxşar olan qızılca və məxmərəyin aradan qaldırılması məqsədilə tədbirlər görülür. Əgər əvvəllər qızılca və məxmərəyə qarşı uşaqlara bir dəfə peyvənd edilirdisə, indi bu peyvənd iki dəfə, yəni körpəyə 1 və 6 yaşlarında tətbiq olunur. Bu gün respublikamızda uşaqlar on yoluxucu xəstəliyə qarşı peyvənd edilirlər: vərəm, poliomielit, hepatit B, difteriya, tetanus, göy öskürək, qızılca, məxmərək və hemofilus influenza. Yaxın gələcəkdə daha bir xəstəliyə—uşaqlar arasında geniş yayılmış pnevmaniya xəstəliyinə qarşı da peyvəndin tətbiqi reallaşacaq və bununla da uşaqlara vurulan peyvəndlərin sayı 11–ə çatdırılacaqdır.
Bütün görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda qızılca xəstəliyi müşahidə olunmur. Amma bu, o demək deyildir ki, xəstəlik təkrar baş verə bilməz. Dövlət səviyyəsində immunoprofilaktika tədbirlərilə bu xəstəliklər ölkə daxilində aradan qıldırılsa da, digər ölkələrdən keçmə ehtimalı qalmaqdadır, çünki sərhədlər açıqdır, insanlar gedib–gəlir, təmasda olurlar. Deməli, xəstəliyin törədiciləri də ölkəyə yol tapa bilər. Odur ki, biz daha ayıq–sayıq olmalıyıq.
ÜST–ün Daşkənddə keçirilən toplantısında əsas etibarilə keçmiş Sovetlər Birliyinə aid olan ölkələrin nümayəndələri iştirak edirdi. Çıxışlarda həmin ölkələrin bir çoxunda qızılca ilə qrup şəklində xəstələnmə hallarının olması faktı diqqətə çatdırıldı. Hətta bəzi ölkələrdə peyvənd materialının tələbatı ödəmədiyi də qeyd edildi. Azərbaycanda isə dövlət tərəfindən ayrılan vəsait kifayət qədər peyvənd materialı almağa imkan verir. Səhiyyə Nazirliyində müvafiq strukturlar bu işin yüksək səviyyədə təşkilinə çalışır. Müşavirədə ölkəmizdəki vəziyyət barədə iştirakçılara ətraflı məlumat verildi, qeyd olundu ki, bu cür davam edərsə, 2015–ci ilədək bu xəstəliklər aradan qaldırıla bilər. Bundan sonra növbəti mərhələ — həmin xəstəliklərin ləğvi və kökünün kəsilməsi mərhələsi başlayır.
Fürsətdən istifadə edərək bir məsələyə də münasibət bildirmək istərdim. Bəzi ailələrdə uşaqların sağlamlığı məsələsinə laqeyd yanaşılır və onlar baxımsızlıq üzündən xəstəliklərə düçar olurlar. Hər bir valideyn dövlətimizin ana və uşaqlara diqqətinin, qayğısının fonunda öz övladını sevgi ilə, qayğı ilə əhatə etməli, onun sağlamlığının qeydinə qalmalıdır.
Təəssüf ki, bəzi valideynlər peyvənd məsələsinə də doğru yanaşmır, ondan imtina edirlər. Bəzən kütləvi informasiya vasitələrində peyvəndlə bağlı yanlış fikirlərin yayılması da təəssüf doğuran məsələdir.
Hər kəs bilməlidir ki, bu gün dünyada xəstəliyin qarşısını almaq məqsədilə tətbiq edilən peyvənddən effektli ikinci üsul mövcud deyil. Hələ uzun illər də dünyada peyvəndin alternativi olmayacaqdır.
Peyvəndin tətbiqi qədim tarixə malikdir. Hələ bizim eranın VII əsrində peyvənddən istifadə olunub. Lakin ingilis alimi Eduard Çenner 1799–cu ildə peyvəndi kəşf etdiyini bəyan etdiyi üçün onun tarixi də həmin ildən hesablanır.
Mən bir daha qeyd edirəm: peyvəndi bütün dünya qəbul edir. II minilliyin sonunda ABŞ–ın Xəstəliklərə Nəzarət Təşkilatı (SDS) tərəfindən aparılan tədqiqatlar da sonuncu yüzilliyin tibb sahəsində ən böyük uğurunun məhz peyvənd olduğu bir daha təsdiqlənib. Bir faktı da söyləmək yerinə düşərdi. Məsələn, hər il dünyada azı 3 milyon uşağın həyatı peyvənd yolu ilə ölümdən xilas edilir. Bu isə az rəqəm deyil.
Azərbaycan dövləti də məsələnin ciddiliyini, əhəmiyyətini, son dərəcə vacibliyini nəzərə alaraq insanların peyvəndə cəlb olunması, onların sağlamlığının bu yolla qorunması istiqamətində böyük layihələrin reallaşdırılmasına şərait yaradır. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən bu işlər insan faktorunun dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqləyir.
Bu il dekabr ayının 1–dən etibarən dövlət başçısının tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında səhiyyə aylığının keçirilməsi də deyilənlərin məntiqi nəticəsidir. Hazırda davam edən aylıq çərçivəsində Səhiyyə Nazirliyində hazırlanmış tədbirlər planına əsasən müxtəlif ixtisaslı mütəxəssisləri özündə birləşdirən çoxsaylı tibbi briqadalar yaradılaraq ölkənin bölgə və rayonlarına göndərilir. Əsas məqsəd istər sağlam, istərsə də xəstəliyi olan insanların kütləvi şəkildə tibbi müayinədən keçirilməsi və bunun əsasında müvafiq müalicə–profilaktik, sağlamlaşdırıcı tədbirlər həyata keçirməkdən ibarətdir. Elə mən özüm də pediatrik briqadanın tərkibində üç gün ərzində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan yüzlərlə uşağın tibbi müayinəsində iştirak etmişəm.
Dövlət tibb müəssisələrinin yüksək ixtisaslı əməkdaşları tərəfindən belə bir tədbirin həyata keçirilməsi də dövlət başçısının xalqımızın sağlamlığına göstərdiyi qayğının parlaq nümunəsi, insan kapitalının hər şeydən öndə dayandığının təsdiqidir.
Son olaraq qeyd etmək istərdim ki, ötən 20 il ərzində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Mən optimistəm və inanıram ki, qarşıda duran bütün məsələlərin həllinə nail ola biləcəyik.
Bunun üçün biz səhiyyə işçiləri Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının
sağlamlığı istiqamətində həyata
keçirilən layihələrin uğurla
başa çatması üçün
var gücümüzlə
çalışmalıyıq.
Söhbəti qələmə
aldı:
Zümrüd ABDULLAYEVA,
Respublika.- 2012.- 23 dekabr.- S. 4.