Sağlam həyat uğrunda” aylığı

 

Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində son illər digər sahələrdə olduğu kimi vətəndaşların sağlamlığının qorunması ilə bağlı səhiyyə sahəsində də xeyli işlər görülmüşdür. Paytaxtımızın nümunəvi sağlamlıq ocaqlarından sayılan Nəsimi rayonundakı 20 saylı poliklinikanın əhalinin sağlamlığı sahəsində görülən işlər hamının ürəyincədir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 noyabr 2012–ci il tarixli 113 nömrəli əmrinə əsasən dekabrın 1–dən 31–dək “Sağlam həyat uğrunda” şüarı altında aylıq keçirilir. Bu sahədə 20 saylı poliklinikada görülən işlər təqdirəlayiqdir. Biz poliklinikanın baş həkimi, Azərbaycan Respublikasının əməkdar həkimi Tamerlan İsmayılovla söhbət edərkən o, aylığın keçirilməsi ilə bağlı bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

Vurğulamaq lazımdır ki, “Sağlam həyat uğrunda” aylığının mütəşəkkil keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev geniş tədbir keçirmiş və əminliklə bildirmişdir ki, bu kampaniya uğurla başa çatdırılacaq, əhali poliklinikalara cəlb olunacaq, onlar vaxtında profilaktik müayinədən keçməklə, aşkar edilmiş xəstəliklərin qarşısı vaxtında alınacaqdır.

Aylığın mütəşəkkil keçirilməsi məqsədilə poliklinikada tədbirlər planı hazırlanmışdır, işin ritmik getməsinə ciddi nəzarət olunur. Müxtəlif ünvanlarda əhali arasında geniş maarifləndirmə işləri aparılır. Aylığın uğurla başa çatdırılması üçün poliklinikada çalışan həkimlər və tibb bacıları tapşırılmış işin öhdəsindən ləyaqətlə gəlirlər. Bu sahədə baş həkimin müavini vəzifəsində çalışan Tahirə Əfəndiyevanın yaxşı işi xüsusilə qeyd olunmalıdır.

Qeyd etmək lazımdır ki, profilaktik tədbirlər zamanı xəstələrə məsləhət görülür ki, onlar həyətyanı gəzintilərə üstünlük versinlər. Aylığın keçirildiyi indiki günlərdə əhali ilə lazımi söhbətlər aparılır, onlara tövsiyə olunur ki, hər bir xəstə özünün sağlamlığı qayğısına qalsın, həmişə poliklinikanın əməkdaşları ilə sıx əlaqədə olsun.

Tamerlan İsmayılov söhbətinə davam edərək bildirdi ki, rayonun ərazisində bir çox müəssisələr fəaliyyət göstərir. Biz çalışırıq ki, müəssisələrin işçiləri işdən ayrılmadan müayinədən keçsinlər. Bu məqsədlə təcrübəli terapevt, otolarinqoloq, ginekoloq, cərrah, pediatr və digər mütəxəssislərdən ibarət briqada yaradılmışdır. Əhali arasında müəyyən xəstəliklər aşkar olunduqda onlar vaxtında poliklinikaya dəvət olunurlar, müayinələr dəqiq aparılır, lazım gələrsə xəstələr müalicə ocaqlarına göndərilir. “Sağlam həyat uğrunda” şüarı altında aylığın mütəşəkkil keçirilməsi üçün poliklinika lazımi tibbi reaktivlərlə təmin olunmuşdur.

Ümumiyyətlə, aylıq müddətində müayinə və müalicələrin dünya standartları səviyyəsində aparılması əhali tərəfindən razılıqla qarşılanır. Aylığın necə keçirilməsi ilə bağlı hər 10 gündən bir Bakı Şəhər Baş Səhiyyə İdarəsinə məlumat verilir.

Biz poliklinikada olarkən əmək və müharibə veteranları, qaçqın və məcburi köçkünlərlə, həmçinin xəstəliyə düçar olmuş digər insanlarla ayrı–ayrılıqda söhbət etdik. Onlar aylığın keçirilməsinin yüksək səviyyədə olması üçün Səhiyyə Nazirliyinin ünvanına xoş sözlər dedilər.

Söhbəti yazdı:

 

Qədir ASLAN,

 

Respublika.- 2012.-23 dekabr.- S. 4.