| Ümumi və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliklərinin yığıncağı keçirilmişdir

 

Dekabrın 22–də ümumi və ixtisaslaşdırılmış məhkəmə hakimləri ictimai birliklərinin illik yığıncağı keçirilmişdir. Birliyin yaradılmasının 10 illiyinə həsr olunan yığıncaqda məhkəmə hakimiyyəti sahəsində həyata keçirilən islahatlardan söhbət açılmışdır.

Əvvəlcə məhkəmə hakimləri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Yığıncaqda Ali Məhkəmənin, Apelyasiya, Hərbi və İnzibatiİqtisad, rayon və şəhər məhkəmələrinin hakimləri iştirak etmişlər.

 

Tədbirdə Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov birliyin fəaliyyəti barədə ətraflı məlumat verərək demişdir:

—Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan sivil Qərb dəyərlərini prioritet seçərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl, sistemli islahatlar həyata keçirərək ötən illərdə müstəqil məhkəmə sisteminin formalaşdırılması sahəsində də mühüm nailiyyətlərə imza atmışdır.

Ulu öndər Heydər Əliyevin hər bir fərdin mənafeyini uca tutmaqla əsasını qoyduğu məhkəmə–hüquq islahatları son 9 ildə onun layiqli davamcısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət almış, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda, məhkəmələrin fəaliyyətinin təşkili və madditexniki bazasının yaxşılaşıdırılması sahəsində Məhkəmə–Hüquq Şurasının, Ədliyyə Nazirliyinin və şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, Məhkəmə–Hüquq Şurasının fəaliyyəti nəticəsində hakimlərin beynəlxalq standartlara uyğun, ən mütərəqqi və şəffaf üsulla seçilməsi təmin olunmuş, işlərin məhkəmələrdə araşdırılmasına, maddiprosessual tələblərə tam riayət olunmasına diqqət artmış, işlərində ciddi nöqsanlara yol vermiş hakimlər barəsində qanuna müvafiq intizam tədbirləri görülmüş, bu da nəticədə məhkəmələrə olan inamı xeyli artırmışdır.

Bu tədbirlərin məntiqi davamı olaraq 20 iyun 2002–ci il tarixdə qeyri–hökumət təşkilatı olaraq Azərbaycanın Şəhər Məhkəmələri Hakimlərinin Assosiasiyası İctimai Birliyi təsis olunmuşdur. Birliyin üzvlərinin ümumi yığıncağının 15 dekabr 2004– il tarixli qərarı ilə qurumun adı dəyişdirilərək Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) adlandırılmış və təşkilatın yeni redaksiyada nizamnaməsi qəbul edilmişdir.

Könüllülük və üzvlərin bərabərliyi prinsipi əsasında yaradılmış assosiasiyamız məhkəmə–hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsində aktual məsələlər üzrə müzakirələr təşkil edir. İctimai Birlik fəaliyyət göstərdiyi dövr ərzində bir çox mühüm işlər görmüşdür.

Hazırda 300–dən çox hakimi birləşdirən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi analoji beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı prioritet məsələlərdən biri hesab edir. Birlik eyni zamanda, Azərbaycanda məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi sahəsində görülən tədbirləri beynəlxalq səviyyədə təbliğ edir, bu sahədə ixtisaslaşmış mötəbər təşkilatlarla səmərəli əlaqələri genişləndirməyə çalışır.

2009–cu ildə oktyabr ayının 14–də BHA–nın Mərakeşdə keçirilən illik toplantısında Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyası Hakimlərin Beynəlxalq Assosiasiyasına fövqəladə üzv qəbul edilmiş, bu ilin noyabr ayında AHA–nın Vaşinqtonda keçirilən birlik iclasında nizamnaməyə dəyişiklik olunması ilə bağlı Azərbaycan da daxil olmaqla fövqəladə üzv birliklər tamhüquqlu üzv olmuşlar.

Son 3 ildə Azərbaycan nümayəndə heyəti BHA–nın qurumun Mərakeş, Fransa, Malta, Türkiyə, Hollandiya, PolşaMoldovada keçirilən toplantılarında yaxından iştirak etmişdir. Bu, Azərbaycanda həyata kecirilən məhkəmə islahatlarının beynəlxalq miqyasda təbliği, ümumən ölkəmiz haqqında obyektiv, dolğun ictimai rəyin formalaşdırılması baxımından mühüm addım olmuşdur.

Beynəlxalq tədbirlərdə birliyin nümayəndələri tərəfindən tədbir iştirakçılarına Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatları barədə ingilis dilində tərtib olunmuş bukletlər paylanaraq, respublikanın məhkəmə sistemi haqqında beynəlxalq miqyasda məlumatın yayılması təmin olunur.

Respublikada fəaliyyət göstərən hakimlərin böyük bir hissəsini özündə birləşdirən birlik olaraq, bizim hər birimiz vətəndaş mövqeyimizlə hamıya nümunə olacağıq.

Yığıncaqda Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi ölkədə məhkəmə–hüquq sisteminin daha da inkişaf etdirilməsinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır:

Bu gün ölkəmizdə qanunun aliliyinə xidmət edən mütərəqqi islahatlar davam etməkdədir. Hamıya məlum olduğu kimi, bu islahatların təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə onun ideyalarını layiqincə davam etdirən dövlət başcısı cənab İlham Əliyev tərəfindən uğurla həyata kecirilir.

1995–ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ilə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətçiliyin ali məqsədi kimi bəyan edilmişdir. Bu məqsədlə və qanunun aliliyinə nail olmaq üçün məhkəmələrin müstəqilliyinin təmin edilməsi və hər bir insanın öz hüquqlarının müdafiəsinə bütün imkanların yaradılması labüd idi. Məhkəmə islahatlarının həyata keçirilməsində əsas məqsəd məhkəmələrin müstəqilliyinin, ədalət mühakiməsinə hər kəsin müracirət etmə imkanının, həllinə ehtiyac olan mübahisələrə qanuna müvafiq baxılmasının təmin edilməsi olmuşdur.

Bu assosiasiya 2002–ci ildə 3 nəfər iqtisad məhkəmələrinin hakimlərinin təşəbbüsü ilə yaranmış, “Azərbaycan İqtisad Məhkəmələri Hakimlərinin Assosiasiyası” kimi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır.

Sonradan assosiasiyanın sıraları genişlənmiş və digər ixtisaslaşdırılmış məhkəmələrin, həmçinin respublikada fəaliyyət göstərən hərbi məhkəmələrin hakimləri də onun sıralarına daxil olmuşdur. Bu səbəbdən assosiasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) kimi 13 yanvar 2005–ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

Bundan sonra assosiasiya öz işini daha da fəallaşdırmışdır. Hazırda assosiasiyanın 100–dən artıq üzvü vardır.

Assosiasiyanın əsas məqsədi məhkəmə–hüquq islahatının dərinləşdirilməsinə kömək etməkdir. Hesabat dövrü ərzində assosiasiya məqsədlərə çatmaq üçün qanunvericiliyin nəzəri və təcrübi problemlərinə dair diskussiyalarda, “Dəyirmi masalarda, seminarlarda fəal iştirak etmiş, xarici ölkələrdə mövcud olan məhkəmə təcrübəsini öyrənmək və müsbət yenilikləri təbliğ etmək, hüquqi maarifləndirmə işini həyata keçirmək, xarici ölkələrin analoji təşkilatları ilə əlaqələr yaratmaqonlarla qarşılıqlı təcrübə mübadiləsi təşkil etmək sahəsində müəyyən işlər aparmışdır.

Təqdirəlayiq haldır ki, 20 may 2011–ci ildə Avropa İnzibati Hakimlər Assosiasiyasının ümumi yığıncağında keçirilən səsvermə zamanı Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin Assosiasiyası və Litva Hakimlər Assosiasiyası yekdil qərarlarla üzvlüyə qəbul edilmişdir.

Avropa İnzibati Hakimlər Assosiasiyası Avropada inzibati məhkəmələrin hakimləri arasında inzibati işlər üzrə təcrübənin genişləndirilməsinə yardım etmək və bu məqsədlə müvafiq qanunvericilikpresedent hüququ üzrə intensiv informasiya mübadiləsini həyata keçirmək üzrə ixtisaslaşmışdır.

20 may 2011–ci ildə keçirilən Avropa İnzibati Hakimlər Assosiasiyanın ümumi yığıncağında Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin Assosiasiyasının fəaliyyətinə, ölkəmizdə aparılan məhkəmə–hüquq islahatına dair geniş informasiya yığıncaq iştirakçılarına çatdırılmış, Avropa İnzibati Hakimlər Assosiasiyasının üzvü olan dövlətlərin təmsilçiləri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin Assosiasiyası bundan sonra da fəaliyyətinin genişlənməsi sahəsində səmərəli işlər görəcəkdir.

Yığıncaqda Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq–Mühafizə Orqanları ilə şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektor müdiri Çingiz Əsgərov tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan Respublikasına qarşı qəbul etdiyi son qərarlar və həmin qərarlarla müəyyən olunan xarakterik məhkəmə səhvləri, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Amil Dostiyev tərəfindən isə Azərbaycan Respublikası Yuvenal Ədliyyə Məhkəmələrinin yaradılması perspektivləri mövzusunda çıxışlar edilmiş, gündəlikdə yer alan məsələlərlə əlaqədar müzakirələr, təcrübə və fikir mübadiləsi aparılmışdır.

Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyev maraqlı və aktual təkliflərlə çıxış etmişlər.

Yığıncaqda Azərbaycan Respublikası Ümumi və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliklərinə yeni üzvlər qəbul edilməklə yanaşı, səlahiyyətlərinə xitam verilmiş hakimlərin üzvlükdən azad olunması məsələləri də müzakirə olunmuşdur.

 

Rauf İlyasoğlu,

 

Respublika.- 2012.- 23 dekabr.- S. 4.