| Zərdab: sürətli və davamlı inkişaf yolunda

 

Ölkəmizin bütün bölgələrində olduğu kimi Zərdab rayonunda da tikinti, abadlıq, yenidənqurma, təmir–bərpa işləri vüsətlə davam edir. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 2012–ci ilin doqquz ayında görülmüş işlərlə bağlı hesabatında ətraflı məlumat verərkən demişdir ki, cari ilin şərh olunan dövründə rayonun iqtisadiyyatında sürətli və davamlı inkişaf müşahidə olunmuşdur.

RİH rəhbəri vurğulamışdır ki, son dövrün ən mühüm və tarixi hadisəsi bütün zərdablıların hələ də həmin günün xoş təəssüratları ilə yaşadığı 7 oktyabr 2012–ci il tarixidir. Məhz həmin gün dövlətimizin başçısı möhtərəm İlham Əliyev Zərdaba səfər etmişdir.

 

Cənab Prezident rayonumuzda möhtəşəm Heydər Əliyev Mərkəzinin, Yeni Azərbacyan Partiyası rayon təşkilatının binasının, Ağsu rayonundan 72 kilometr məsafədən çəkilmiş təmiz içməli su bulağının və Gənclər Mərkəzinin açılışını etmiş Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olmuşdur. Rayonumuzda görülən işlərdən çox məmnun olan, razı qalan Prezident Zərdabdan çox gözəl və xoş təəssüratlarla ayrılmışdır. Ölkə Prezidentinin 2011–ci il 6 may və 2012–ci ilin 7 oktyabr tarixlərində, yəni son 2 ildə dalbadal 2 dəfə Zərdaba səfər etməsi bir daha ölkə rəhbərinin Zərdaba, Zərdab rayon rəhbərliyinə və bütövlükdə zərdablılara olan hörmətin, inamın, diqqət və qayğının bariz nümunəsidir. “Zərdab rayonunun sosial–iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 15 oktyabr 2012–ci il tarixli sərəncamla rayona 2 milyon manat vəsaitin ayrılması zərdablıların sevincinə növbəti sevinc qatmışdır.

Rayon iqtisadiyyatının əsas sahələrində 73,7 milyon manatlıq məhsul istehsal edilmişdir.

Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövrü ərzində 200 daimi iş yeri yaradılmışdır.

Rayon iqtisadiyyatının ayrı–ayrı sahələrindəki dinamik inkişafla iqtisadiyyatın əsasını təşkil edən rayonun yerli büdcəsi qarşılıqlı şəkildə əlaqəlidir.

Hesabat dövründə rayonun gəlirləri 8 milyon 761 min manat əvəzinə 9 milyon 689 min manat və ya 110,6 faiz, mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait 6 milyon 941 min 860 manat əvəzinə 7 milyon 543 min manat və ya 108,6 faiz, yerli gəlirlər 1 milyon 819 min manat əvəzinə 2 milyon 146 min manat və ya 117,9 faiz icra olunmuşdur. Büdcənin məxaric hissəsi 14 milyon 368 min 501 manata qarşı 13 milyon 812 min 790 manat və ya 96,1 faiz icra edilmişdir.

Rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 9 ayda 31,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox istehlak malları satılmışdır. Adambaşına bir günlük əmtəə dövriyyəsi 2,99 manat olmuş əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,9 milyon manat təşkil etmişdir. Pullu xidmətlərin 908 min manatı və ya 11,5 faizi dövlət mülkiyyətinə 6,9 milyon manatı və ya 88,5 faizi qeyri–dövlət sektoruna aid olmuşdur.

İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında da mühüm işlər görülmüşdür.

“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Zərdab rayonu üzrə təsdiq olunmuş tədbirlər planında 2012–ci il üçün 1042 hektar sahədə pambıq bitkisinin əkilməsi proqnozlaşdırılmışdır.

2012–ci ilin məhsulu üçün 4164 hektar sahədə arpa, 10987 hektar sahədə payızlıq buğda cəmi 15481 hektar sahədə taxıl əkilmişdir. Taxıl əkilmiş sahələrdə becərmə işləri aparılmış, sahələrə üzvi və mineral gübrələr verilmiş, tələb olunan sahələrdə alaq otlarına qarşı mübarizə tədbirləri və digər aqrotexniki tədbirlər aparılmış, 1 iyun 2012–ci il tarixdə taxıl biçininə başlanılmışdır. 4164 hektar arpa sahəsindən 10693 ton arpa, 15151 hektar taxıl sahəsindən (buğda sahəsinin 330 hektarı təbii fəlakət nəticəsində məhv olmuşdur) 28356 ton buğda cəmi 39049 ton taxıl məhsulu istehsal olunmuş hər hektardan 25,8 sentner məhsul toplanmışdır. 2011–ci ilə nisbətən hər hektardan məhsuldarlıq 2,4 sentner artmışdır.

Taxılçılıqla məşğul olan fermerləri yüksək reproduksiyalı toxumla təmin etmək məqsədilə toxumçuluq təsərrüfatlarının sayının artırılması və onlara lazımi köməkliklərin göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 2012–ci ildə taxılçılıq üzrə 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş, 381 hektar sahədə toxumluq arpa və buğda əkilmişdir. Əkilmiş 381 hektar sahənin taxıl biçilmiş hər hektardan orta hesbala 32,5 sentner olmaqla 1238,5 ton toxumluq taxıl istehsal olunmuşdur ki, bu da ümumi rayon göstəricisindən 6,9 sentner çoxdur.

2012–ci ildə 151,5 hektarda kartof, 177 hektarda tərəvəz, 386,5 hektarda bostan, 6 hektarda çəltik əkilmişdir. Mövsüm ərzində 2565 ton kartof istehsal olunmuş hər hektardan məhsuldarlıq 169,3 sentner olmuşdur. Tərəvəz sahələrindən 2572 ton məhsul istehsal olunmuş keçən ilə nisbətən əkin sahəsinin azalmasına baxmayaraq, məhsuldarlıq 2,7 sentner artmışdır. Hesabat dövründə 12096 ton bostan məhsulu istehsal olunmuşdur.

2011–ci ilin eyni dövrünə nisbətən 1 oktyabr 2012–ci il vəziyyətinə iribuynuzlu mal–qara 384 baş artaraq 53716 başa, xırdabuynuzlular 1293 baş artaraq 110146 başa, ət istehsalı (diri çəkidə) 700 kq artaraq 3253,9 tona, süd istehsalı 6,1 ton artaraq 16247,3 tona, yumurta istehsalı min ədəd artaraq 6091 min ədədə, yun istehsalı 100 kq artaraq 159,8 tona çatmışdır.

Ətlik və südlük istiqamətində maldarlığın inkişaf etdirilməsi məqsədilə hesabat dövründə 680 baş ana inək və düyələrdə süni mayalanma aparılmış, süni mayalanmış heyvanlardan 495 baş bala alınmışdır. Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə baytarlıq xidməti yaxşılaşdırılmış, mal–qara və quşlar arasında bir sıra yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə işləri aparılmışdır.

Quşçuluğun inkişaf etdirilməsi məqsədilə “Turac–2008″ MMC tərəfindən əhaliyə 9860 baş inkubasiya cücəsi satılmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2000 baş çoxdur.

Rayonun kəndlərində 468 kilometr uzunluqda suvarma kanalları lildən təmizlənmiş, 63 ədəd hidrotexniki qurğu, 8 ədəd hidropost, 3 ədəd mülki istehsal binası cari, latok kanalları, 3 ədəd nasos stansiyası əsaslı təmir olunmuşdur. Nəzəralılı nasos stansiyasında əsaslı təmir işləri başa çatdırılmış, Şahhüseynli, Gödəkqobu, İsaqbağı kəndlərinə xidmət edən nov kanallarında emalatxana binasında, Seyidlər, Qoşaoba, Gödəkqobu, Məlikli, Alıcanlı, Burunlu kəndlərində yerləşən nasos stansiyalarında əsaslı təmir işləri aparılmışdır.

Kür–Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən yaşayış sahələrini daşqın və sel sularından qorumaq məqsədilə 2012–ci ilin 9 ayı ərzində rayon ərazisində Kür çayının sol sahili boyunca Sarıqaya, İsaqbağı, Körpükənd, Bıçaqçı və digər kəndlərdə maşın və mexanizmlərin köməyi ilə 104,4 min kubmetr həcmində 4,6 kilometr məsafədə bəndin təmiri və qaya kəsmə, 165 kubmetr həcmində betonla, 460 kubmetr həcmində faşınla Türyançay çayında 160 kubmetr həcmində fasınla sahilbərkitmə işləri görülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə yeni layihə üzrə üstdən eni 8 metr, altdan eni 22–25 metr olmaqla Bıçaqçı və Körpükənd kəndləri ərazisində 15 kilomter məsafədə mühafizə bəndləri bərpa edilmiş, Sarıqaya kəndi ərazisində 100 metr məsafədə daş–betonla sahilbərkitmə işləri görülmüşdür.

2012–ci ildə və əvvəlki illərdə əkilmiş meşə sahələrində kompleks becərmə işləri aparılmış, magistral yolların kənarlarında 3000 ədəd sərv, tuya, Eldar şamı və digər ağaclar, kəndlərdə olan su qurğularının ətrafında 900 ədəd şam, tuya və sərv ağacları əkilmişdir.

RİH başçısı qeyd etmişdir ki, 2012–ci ilin 9 ayı ərzində təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər sahələrinin inkişafı istiqamətində xeyli iş görülmüşdür.

Dövlət Proqramına uyğun smeta dəyəri 510 min manatlıq 80 şagird yerlik Lələağacı kənd ümumi orta məktəbinin və smeta dəyəri 1016,4 min manatlıq olan Təhsil Nazirliyinin xətti ilə tikilən 180 şagird yerlik Pərvanlı kənd tam orta məktəbin tikintisi başa çatmış və yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. 2010–cu ilin yazında Kür çayının daşması səbəbindən baş vermiş təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün şəhərin “32 hektar” adlanan ərazisində yeni salınan qəsəbədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilən smeta dəyəri 568,9 min manatlıq olan 132 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılmış, Qoruqbağı kəndində uşaq bağçası üçün yeni bina istifadəyə verilmişdir. Çallı kəndində smeta dəyəri 2,3 milyon manat olan kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmış və artıq 201,0 min manatlıq tikinti işi aparılmışdır. 220 şagird yerlik İsaqbağı kənd tam orta məktəbi üçün smeta dəyəri 1,9 milyon manat olan binada 145 min manatlıq, smeta dəyəri 556 min manat olan 80 yerlik Aşağı Seyidlər kənd ümumi orta məktəb binasının tikintisində 65 min manatlıq tikinti işləri aparılmışdır. Həmçinin təhsil müəssisələrinin maddi–texniki bazasının yaxşılaşdırılması üçün 9 ay ərzində 293,2 min manatlıq bərk və yumşaq inventar, avadanlıq, dəftərxana ləvazimatları alınaraq məktəblərə paylanılmışdır.

Bu il təhsilimizdə böyük uğurlar qazanılmışdır. Rayonumuzun ümumtəhsil məktəblərini bitirən məzunlardan 102 nəfər müxtəlif profilli ali məktəblərə daxil olmuş, 1 nəfər məzunumuz — Sarıqaya kənd tam orta məktəbinin məzunu Əzməmmədzadə Pərvin Cəlal oğlu 637 bal toplayaraq Prezident Yanında İdarəçilik Akademiyasına daxil olmuşdur. 2011–2012–ci dərs ilində respublika Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak edən Gəlmə kənd tam orta məktəbi qalib olaraq 2012–ci ildə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Şəhər 3 saylı məktəbin 11–ci sinif şagirdi Teymurzadə Əminə Fərhad qızı seçim imtahanlarını uğurla verərək təhsilini ABŞ–da davam etdirmək hüququ qazanmışdır.

Hesabat dövründə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və səhiyyənin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Çallı kəndində doğum evi, Şəftəhal kəndində tibb məntəqəsi üçün tikilmiş yeni binaların açılışı olmuşdur.

Yerli büdcə vəsaiti hesabına 2012–ci ilin 9 ayı ərzində Zərdab Mərkəzi Rayon Xəstəxanasına 30 min manatlıq odun, 134,5 min manatlıq imtiyazlı qrup xəstələr üçün dərman, sarğı materialları və vaksinlər alınmışdır. Bıçaqçı kənd həkim məntəqəsinin cari təmirinə 8500 manat vəsait xərclənmişdir.

9 ay ərzində mərkəzi rayon xəstəxanasına 37,3 min manatlıq yumşaq inventar, yataq ləvazimatı, 89,0 min manatlıq maşın və avadanlıq alınmışdır.

Əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə rayon rəhbərliyinin təşəbbüsü ilə respublikanın tanınmış həkimlərinin rəhbərliyi altında həkim briqadaları rayonumuza gələrək rayon əhalisinə yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, Bakı şəhəri OFKO Göz Klinikasında tibb elmləri doktoru, professor Çingiz Cərullazədənin rəhbərliyi ilə həkim briqadası 19–20 may 2012–ci il tarixlərdə rayonumuzda olmuş, 200–ə yaxın rayon sakini müayinə, 30 nəfər xəstəni cərrahi əməliyyat etmişlər, 2–4 iyun 2012–ci il tarixlərdə isə Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim briqadası rayonumuzda olmuş, onlar tərəfindən 500–dən artıq xəstə müayinə, 11 nəfər xəstə isə əməliyyat olunmuşdur. 9 ay ərzində mərkəzi rayon xəstəxanası üzrə 21 nəfər də cərrahiyyə əməliyyatı aparılmışdır.

“H.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012–ci il tarixli sərəncamının icrası ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun və şöbənin sektor müdiri Vüqar Əliyevin də daxil olduğu 50 nəfərdən ibarət qonaqların iştirakı ilə rayonumuzda H.Zərdabinin 170 illik yubiley tədbiri keçirilmiş və qonaqlar Zərdabi muzeyində olmuş və oradakı eksponatlarla yaxından tanış olmuşlar. 19 iyul 2012–ci il tarixdə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev H.Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalamışdır. H.Zərdabinin yubiley tədbirlərinin davamı olaraq 21.07.2012–ci ildə İctimai Televiziya “Sarçı” Film Yaradıcılıq Birliyinin direktoru, siyasi elmlər doktoru Qərənfil xanım Xəlilova və filologiya elmlər namizədi, Gəncə Müəllimlər İnstitutunun dekanı, Zərdabişünas alim Nəzmiyyə Axundovanın rayon ictimaiyyəti ilə birgə “H.Zərdabi Azərbaycan mətbuatının və milli teatrının banisi, Azərbaycanda ilk qızlar gimnaziyanın açılışının təşəbbüskarı və təşkilatçısıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Rayonun müxtəlif idarə və təşkilatlarında H.Zərdabinin yubileyinə həsr olunmuş müxtəlif tədbirlər hazırlanıb həyata keçirilmişdir.

Rayon mədəniyyət və turizm şöbəsində və Zərdabi muzeyində 15 min manatlıq cari təmir işləri aparılmış 15000 manat dəyərində odun alınaraq müəssisələrə paylanılmışdır. Mədəni maarif müəssisələrinin inventar avadanlıqlarla təmin olunması üçün 55 min manatlıq bərk, 16,5 min manatlıq yumşaq inventar, 36,8 min manatlıq avadanlıq, 55 min manatlıq maşın avadanlığı alınmış, ümumilikdə 9 ay ərzində 193,2 min manat vəsait təyinatı üzrə xərclənmişdir.

Hesabat ilində rayonda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində xeyli iş görülmüşdür. Cənab Prezidentimiz tərəfindən 2012–ci ilin “İdman ili” elan edilməsi bu sahədə aparılan işlərə çox böyük təkan vermişdir. Bu münasibətlə 2012–ci ilin may ayında idmanın 14 növü üzrə idman bayramı təşkil edilmişdir.

Gənclərin hərbi vətənpərvərl

ik tərbiyəcində və hərbi xidmətə hazırlanmasında xüsusi rol olan “Şahin” və “Cəsurlar” hərbi–idman oyunlarının keçirilməsinə diqqət xeyli artırılmışdır. Rayonun Gəlmə kənd tam orta məktəbinin şagirdləri “Şahin” hərbi idman oyunlarının Respublika finalında III yeri tutmuşlar.

Rayonun şahmat məktəbinin şagirdi Tağızadə Nərgiz İsveçrədə keçirilən Beynəlxalq turnirdə birincilik qazanmışdır. Uşaq və Yeniyetmələrin Elmi Texniki Yaradıcılıq Respublika baxış müsabiqəsinin final mərhələsində 1 nəfər dərnək üzvü mükafata layiq birinci yer tutmuşdur.

Ukrayna Respublikasının Odessa şəhərində keçirilmiş VKC karate idman növü üzrə Dünya Güclülərinin mərhələ turnirində və Avropa Çempionatında idmançımız Əliyarlı Nurəddin İlqar oğlu qızıl medal qazanmış, Bakı şəhərində keçirilmiş taekvando idman növü üzrə yeniyetmələr arasında 1–ci ümumrespublika turnirində rayon komandası iştirak edərək 1 qızıl və 2 bürünc medal qazanmışdır.

Gənclərin asudə vaxtının səmərəli təşkili üçün rayonumuzda Gənclər Mərkəzi tikilmiş və gənclərin öhdəsinə verilmişdir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının nəticəsi olaraq rayon üzrə orta aylıq pensiya məbləği 139 manata çatdırılmışdır. 7633 pensiyaçının pensiyası plastik kartlarla vaxtında ödənilmişdir.

Ünvanlı dövlət sosial yardımı üçün 589 ailə müraciət etmiş, onlardan 574 ailənin sənədləri qeydiyyata alınmışdır. Həmin sənədlərə mərkəzdə yaradılmış komissiyada baxılaraq 548 ailənin 2557 üzvünə ünvanlı sosial yardımı təyin olunması üçün qərar qəbul olunmuşdur.

Tənha, ahıl vətəndaşların və əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, qayğının daha da artırılması işləri yerli icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə təşkil edilmişdir.

21 sentyabr 2012–ci il tarixdə rayonda fəal məşğulluq tədbiri olan əmək yarmarkası keçirilmişdir. Əmək yarmarkasında 47 nəfər vətəndaşın işə düzəldilməsi təmin edilmişdir.

2012–ci ilin 9 ayında xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatlarının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.

Hesabat dövründə 35/10 kv–luq Ucar–Zərdab və Zərdab–Əlvənd hava xətlərində 35/10 kv–luq Zərdab yarımstansiyasından qidalanan 10 kv–luq 2 saylı şəhər və 3 saylı kənd hava xətlərində təmir–bərpa işləri aparılmış, yaşıl kütlədən təmizlənmə işləri görülmüşdür. 10 kv–luq Sovxoz hava xəttində 9 ədəd çürüyüb istismara yararsız vəziyyətə düşmüş ağac dayaq yenisi ilə əvəz olunmuş, 4,5 km məsafədə təmir–bərpa işləri aparılmışdır.

Qoruqbağı, Məmmədqasımlı, Dəli Quşçu kəndlərində 0,4 kv–luq elektrik verilişi xətlərində 8 ədəd istismara yararsız dayaq dəyişdirilmiş 12 ədəd dayaq təmir edilmişdir. Rayon ərazisində 27 ədəd müxtəlif güclü transformator yarımstansiyası, eləcə də Əlvənd, Məlikli, Əlibəyli, Ağamalılar kəndlərində transformatorlar təmir olunaraq yenidən istifadəyə verilmişdir. Şəbəkə üzrə 145 ədəd yeni sayğac quraşdırılmış, 74 ədəd istismara yararsız sayğac yenisi ilə əvəz olunmuşdur.

Qaz təsərrüfatında da mühüm işlər görülmüşdür. Dövlət Proqramının icrası istiqamətində rayonun Gəlmə, Salahlı, Hüseynxanlı və Xanməmmədli kəndlərində müxtəlif diametrli polietilen borularla 6687 poqonmetr qaz xətti çəkilmişdir.

Şəhərin 32 hektar adlanan ərazisində salınmış yeni yaşayış massivində 3130 poqonmetr qaz xətti çəkilmişdir.

Rayonda içməli suya olan tələbatın ödənilməsi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür.

Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədar 2011–ci ildə Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması tədbirinin icrasına başlanılmışdır. Rayonun Dəli Quşçu kəndinin yaxınlığında çirkab təmizləyici terminalın tikintisinə başlanılmış, mərkəzi su anbarının köhnə binasının sökülməsi işləri eləcə də şəhərin küçələrinin asfalt örtüyünün kəsilməsi işləri, həyata keçirilmişdir.

“Hidro–lotus” MMC tərəfindən 9 ay ərzində ümumilikdə 140 mm–lik boru xətti ilə şəhərdaxili 18 km içməli su xətti, 200 mm–lik boru xətti ilə 10,7 km kanalizasiya xətti çəkilmiş, 332 ədəd baxış quyusu qoyulmuş, 29 ədəd kanalizasiya üçün ev bağlantısı verilmişdir.

Zərdab–Kürdəmir rayonları arasında 450 mm–lik boru xətti ilə 72 km uzunluqda magistral su xəttinin çəkilişi başa çatdırılmışdır.

Rayon ərazisində 17 ədəd modul tipli sutəmizləyici qurğu və 194 bulaq vardır. Həmin qurğular və bulaqlar təyin olunmuş qrafik üzrə hər gün əhalini ekoloji standartlara cavab verən içməli su ilə təmin edirlər.

Yol təsərrüfatında Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi tərəfindən orta və cari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində ümumilikdə 753,3 min manatlıq iş görülmüş, Ucar–Zərdab–Ağcabədi avtomobil yolunda, Məlikumudlu, Salahlı, Hüseynxanlı–Xanməmmədli, Bəyimli avtomobil yolunda təmir işlər aparılmışdır. Bələdiyyələrin daxili imkanları hesabına rayonun kəndlərinin ərazisində 170,2 km məsafədə yollara qreyder çəkilmiş, kəndərarası yollara 7820 tondan çox çınqıl döşənmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyun 2012–ci il tarixli sərəncamına əsasən 10 min nəfərə qədər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab Yuxarı Seyidlər–Siləyli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012–ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5,4 milyon manatı Zərdab Rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Tikinti işlərinə 2012–ci ilin iyun ayında “Energetik–quraşdırma və sazlama” MMC şəhərin küçə və dalanlarında məişət tullantılarının götürülməsinin yaxşılaşdırılması məqsədilə müxtəlif yerlərdə Gəncə şəhərində sifariş olunaraq hazırlanmış 20 ədəd xüsusi tullantı qutuları qoyulmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2012–ci il tarixli 167 S nömrəli Sərəncamına əsasən, Çin Xalq Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış Texniki İqtisadi Əməkdaşlıq Sazişləri çərçivəsində Çin Xalq Respublikası tərəfindən ayrılmış texniki yardımlar hesabına ölkəmizə gətirilən məişət tullantıları daşıyan texnikalardan biri və 70 ədəd respublikamızda istehsal olunan müasir konteyner məhz Zərdab rayonu üçün ayrılmışdır. Tullantıların kənarlaşdırılması və daşınması üçün nəzərdə tutulan müasir texnika artıq rayona gətirilmişdir. Yaxın müddət ərzində Nazirlər Kabinetinin 21 aprel 2005–ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydaları, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na uyğun tullantı qutularının rayona gətirilməsivə müvafiq ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur ki, bu da şəhərimizin daha təmiz gigiyenik baxımdan sağlam olmasına şərait yaradacaqdır.

Ölkə Prezidentinin Nazirlər Kabinetinin yığıncağındakı nitqlərindən irəli gələn tapşırıq və tövsiyələr hər bir dövlət məmuru və rəhbər işçi üçün əsl fəaliyyət proqramı olmalıdır.

Zərdablılar bundan sonra da Rayon İcra Hakimiyyəti ətrafında daha sıx birləşməklə möhtərəm Prezidentimiz İlham Əliyevi və onun uğurla həyata keçirdiyi inkişaf strategiyasını dəstəkləyəcək, bütün qüvvə və bacarıqlarını dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin layiqincə həyata keçirilməsinə, qarşıdakı dövrdə daha böyük əzmlə işləməyə, rayonun sosial–iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına çalışacaq, ölkə Prezidenti tərəfindən göstərilən diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklər.

 

Vəli İlyasov,

 

Respublika.- 2012.- 23 dekabr.- S. 3.