Təhsilə diqqət və qayğı artır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, bu sahə durmadan inkişaf edir. 2200 yeni məktəb binasının tikilməsi, müəllimlərin əmək haqqlarının artırılması, təhsil müəssisələrinin madditexniki bazasının gücləndirilməsi buna ən yaxşı sübutdur.

“Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”—deyən hörmətli Prezidentimiz ölkəyə rəhbərliyi ərzində təhsillə bağlı 18 Dövlət Proqramı imzalamışdır.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin reallaşması təhsilin inkişafında mühüm rol oynayır.

Respublikanın təhsil sistemində baş verən əsaslı dəyişikliklər və inkişaf özünü Goranboy rayonunda da aşkar göstərir. Rayon təhsil şöbəsinin müdiri İlham Hüseynov bu barədə deyir:

—2012–ci il yanvar ayının 21–də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Goranboy rayonuna səfəri rayonumuzun əhalisi, o cümlədən, pedaqoji ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Möhtərəm Prezidentimizin 6 mühüm obyektin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələrilə görüşü, verdiyi tapşırıq və tövsiyələri, rayon əhalisinin qəlbində silinməz izlər buraxmışdır. Onun UşaqŞahmatİdman və Şəhər 3 saylı tam orta məktəblərinin yeni binalarının açılışında təhsil işçilərinə verdiyi dəyərli tövsiyə və məsləhətlər onların daha səmərəli işləmələrinə təkan vermişdir.

Məlumat üçün deyək ki, son 9 il ərzində respublikamızda olduğu kimi, rayonun da təhsil sisteminin maddi bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. 5540 yerlik 28 məktəb binası, 1380 yerlik əlavə tədris korpusları tikilmiş, 14 məktəbdə əsaslı yenidənqurma işləri aparılmışdır. Rayon rəhbərliyinin səyi və yaxından köməkliyi ilə hazırda rayonda 9 məktəb binası yenidən tikilir.

2011–2012–ci dəsr ilində məktəblərin inventar və avadanlıqlarla təchizatı da daim diqqət mərkəzində olmuşdur.

2012–2013– dərs ilində ümumtəhsil məktəblərinə 34751 nüsxə dərslik və metodik ədəbiyyat verilmişdir. Normativ tələblərə uyğun olaraq hər bir məktəbdə kompyuterlə təmin olunmuş kitabxanalar yaradılmış, bir çox məktəblərdə oxuçu zalları təşkil olunmuşdur. Burada mütəmadi olaraq yeni nəşr olunmuş dərslik və digər ədəbiyyatların müzakirəsi ilə əlaqədar oxucu konfransları keçirilir. Bu işlər Şəhər 2 saylı, Qaraçinar, Xanqərvənd kənd tam orta, internat ümumi orta məktəbində daha yaxşı təşkil edilmişdir.

Azərbaycan Respublikasın Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2008–2012–ci illərdə Azərbaycan Respublikasında təhsil Sisteminin informasiyalaşdırılması üzrə” Dövlət Proqramının tələblərinə uyğun olaraq ümumtəhsil məktəblərində informasiya texnologiyaları ilə təminat və ondan istifadənin həcmi xeyli genişləndirilmişdir. Hazırda ümumtəhsil məktəblərinin hamısı kompyuter avadanlıqları ilə təmin olunmaqla, rayonun ümumtəhsil məktəblərində 500–ə qədər kompyuter şagirdlərin istifadəsindədir ki, bu da hər 27 şagirdə bir komyuter nisbəti deməkdir. Rayonun təhsil müəssisələrinin inkişafını təmin etmək məqsədilə dünyanın aparıcı dövlətlərinin təhsil sisteminə qoşulmaq onların qabaqcıl təcrübəsindən səmərəli şəkildə bəhrələnmək üçün kompyuterlərin internet şəbəkəsinə qoşulması təmin olunmaqdadır.

Ötən dərs ili ərzində ümumtəhsil məktəblərində məktəbdaxili nəzarət işinin təşkili, ayrı–ayrı fənlərin tədrisi vəziyyəti və digər məsələlərlə bağlı monitorinqlər keçirilmiş, təhsil şurasının iclaslarında müzakirə edilərək bir çox məktəb rəhbərləri haqqında ciddi təbirlər görülmüşdür.

Aparılan monitorinqlərin nəticələrinə və vəzifə funkisiyalarının icrasını təmin edə bilməyən Xanqərvənd, Yeniyol, Qırıxılı kənd tam orta məktəblərinin direktorları tutduqları vəzifələrdən azad olunmuşlar.

Məktəb rəhbərləri ilə aparılan işin yaxşılaşdırılması onlarda məsuliyyət hissinin artırılması təlim prosesində qarşıda duran mühüm vəziflərin müasir tələblər baxımından həyata keçirilməsi Təhsil Şöbəsinin qarşısında duran vəzifələrdəndir. Bu baxımdan pedaqoji kadrlara qarşı tələbkarlıq daha da artırılmışdır. Məktəblərdə təlim–tərbiyənin, şagirdlərin dərsə davamiyyətlərinin vəziyyəti gündəlik nəzarətdə saxlanılır.

RTŞ müdiri söhbətinə davam edərək onuda bildirdi ki, təhsilin yeniləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələrini verir. Hər il IX–XI sinif şagirdləri arasında sınaq testlərinin keçirilməsi, ali məktəblərə yüksək balla daxil olan tələbələrlə keçirdiyimiz görüşlər, respublika fənn olimpiadası və müsabiqələrində fərqlənənlərə qiymətli hədiyyələrin verilməsi nailiyyətlərimizin artmasına güclü təkan verir.

Bu gün dövlətimiz istedadlı uşaqların aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişafına xüsusi diqqət yetirir. Bu sahədə məktəbdənkənar təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Bu vəzifələrin yerinə yetirilməsi üçün Uşaq–Gənclər İdman məktəbi UşaqŞahmat məktəbi, Uşaq Yaradıcılıq, Texniki yaradıcılıq, Ekoloji Tərbiyə və təcürbəçilik mərkəzləri fəaliyyət göstərir.

Bir məsələni də qeyd etmək lazımdır. Ötən illərdə sağlamlıq imkanları məhdud olan xeyli sayda uşaq fərdi təhsilə cəlb olunmuş, işə qəbul olunan müəllimlərin əksəriyəti bunun hesabına dərslə təmin edilmişlər. Təəssüf ki, fərdi təhsilə cəlb olunan uşaqlara dərs deyən müəllimlərin bir qismi bu işin məsuliyyətini yaxşı dərk etmir. Rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində bir sıra neqativ hallar aşkar edilmişdir. Bu kimi halların aradan qaldırılması üçün yeni dərs ilində sağlamlıq imkanları məhud olan uşaqların fərdi təhsilə cəlb olunması işi ciddi nəzarətə götürülüb.

Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərində təlim–tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi, məktəblərin madditexniki bazasının möhkəmləndirilməsi, bütövlükdə Azərbayan Respublikasının “Təhsil haqqında Qanundan irəli gələn vəzifələrin müvəffəqiyyətlə həlli istiqamətində 2011–2012–ci dərs ilində də ardıcıl və məqsədyönlü aparılmışdır və hazırda bu işlər davam etdirilir.

Məktəblərdə təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, pedaqoji kadrların bu sahədə məsuliyyətlərinin artırılması, şagirdlərə dərin və hərtərəfli bilik verilməsi məsələləri ön plana çəkilmiş, bütün bunlar təlim prosesində öz müsbət həllini tapmışdır.

 

Həsrət RÜSTƏMOV,

 

Respublika.- 2012.- 25 dekabr.- S. 6.