| İnkişaf
tempi qorunub
saxlanılır
Çalışdığı bütün strateji fəaliyyət sferalarında mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifədə də ona bəslənilən ümidləri tam doğrultmuşdur. Yüksək siyasi iradəsi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi dövlət rəhbəri olaraq xalqa sevdirən, şəxsiyyətinə yüksək rəğbət və etimad formalaşdıran xarakterik cizgilər sırasında xüsusilə vurğulanmalıdır.
Prezident İlham Əliyev ötən illərdə imzaladığı məqsədyönlü dövlət proqramları, fərman və sərəncamları, qəbul etdiyi çevik qərarları, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin işləkliyinə nail olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənir və inkişaf edir. Ölkə başçısı regionların sosial–iqtisadi inkişafına xüsusi əhəmiyyət verir. Prezident fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi regionların kompleks inkişafına, infrastruktur sahələrinin yenidən qurulmasına, yeni istehsal və emal müəssisələrinin, obyektlərin yaradılmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə təkan vermişdir.
Azərbaycanda bərqərar olan ictimai–siyasi sabitlik, aparılan demokratik islahatların uğurlu nəticələri ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Əhəmiyyətlisi odur ki, Azərbaycanı Cənubi Qafqaz regionunun azad dövləti kimi dəyərləndirən Prezident İlham Əliyev dünya dövlətləri ilə münasibətlərin yalnız respublikamızın maraqlarını təmin edən siyasət əsasında qurulur. Ölkə başçısı Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin, sabitliyin, inkişafın davamlı olması üçün konkret qərarlar qəbul edir və müvafiq prosesləri həyata keçirir. Prezident İlham Əliyevin qətiyyətli rəhbər, xalqına bağlı dövlət rəhbəri, yeni idarəçilik tələblərinə əsaslanan praqmatik islahatçı xüsusiyyətlərini isə tək ölkə vətəndaşları deyil, həm də xarici ekspertlər, analitiklər, həmçinin dövlət başçıları da etiraf edirlər.
Cənab İlham Əliyevin prezilentliyi dövründən 9 il keçir. Bu zaman kəsiyi nisbətən qısa müddəti əks etdirsə də, mahiyyətcə bir neçə onillikdə qazanıla biləcək nailiyyətlərə müəlliflik etmişdir. Bu gün Azərbaycan sosial–iqtisadi inkişaf dinamikasına görə dünyada ön mövqelərdədir, respublikamız qloballaşan dünyanın hərbi–siyasi gedişini müəyyənləşdirən fövqəldövlətlərin strateji və etibarlı müttəfiqidir.
Vurğulamaq lazımdır ki, son illər, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də maddi–texniki baza gücləndirilib. Bu irəliləyişi, inkişaf tempini bizim məktəbin timsalında da aydın görmək olar. Belə ki, məktəb əsaslı qaydada təmir edilmiş, kimya, fizika kabinetləri yaradılmış, müasir tələblərə cavab verən qızdırma sistemi yaradılmışdır. Həmçinin 180 yerlik akt zalı vardır. Hazırda məktəb pedaqoji kollektivinin üzvləri 550 şagirdin təlim–tərbiyəsi ilə yaxından məşğul olur.
Fəxrlə qeyd etmək olar ki, qarşıdakı
illərdə ölkəmiz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti
sayəsində qüdrətli dövlətə çevriləcək
və liderlik mövqeyini
daha da möhkəmləndirəcəkdir.
Yaşar Əliyev,
Yasamal rayonundakı 38 nömrəli
tam orta məktəbin direktoru.
Respublika.- 2012.- 25 dekabr.- S. 5.