Dəyişməz siyasi kursun uğurlu nəticələri

 

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, inkişaf etdirilməsi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, təhlükəsizliyin təmin olunması, onların sosial rifahının yüksəldilməsi, respublikanın beynəlxalq aləmdə layiqli yer tutması ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın həyatında böyük rol oynamış, ölkəmizin davamlı inkişafını təmin etmişdir. Müstəqil dövlətin azad vətəndaşı olduğumuza görə ilk növbədə bu böyük şəxsiyyətə minnətdar olmalıyıq.

Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla ölkəmizin ictimaisiyasi, sosialiqtisadi, mədəni həyatında yeni mərhələnin əsasını qoydu. Əlbəttə, hər dövrün öz tələbləri olur. Müstəqilliyə qovuşmuş Azərbaycanın müasir dünyada, beynəlxalq aləmdə böyük nüfuz qazanması, inkişafı, tərəqqisi üçün dövrün tələblərinə uyğun olaraq bir sıra addımların atılması zərurəti yaranmışdır. Demokratik dövlət quruculuğu sahəsində mühüm işlər görən Heydər Əliyevin uzaqgörən siyasəti, həyata keçirdiyi layihələr əsasında Azərbaycan tərəqqi dövrünə qədəm qoydu. Artıq dünyanın əksər ölkələri Azərbaycan ilə əlaqələri genişləndirmək marağında idi.

Ulu öndər deyirdi: “Öz taleyinin sahibi olmuş xalqımız hüquqi, demokratik dövlət quruculuğu yolundadır və əmin ola bilərsiniz ki, heç bir qüvvə onu bu yoldan döndərə bilməyəcəkdir”. Həyat özü bunu təsdiqlədi. Azərbaycan öz müstəqilliyini əbədi prosesə çevirdi. Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazandı, xalqın yaşayış səviyyəsi günbəgün yaxşılaşdı. Bu, ümummilli liderimizin tarixi xidmətlərinin bəhrəsidir. Azərbaycanı dünyada tanıtdıran ulu öndər Azərbaycanın uğurları ilə hər zaman fəxr edərdi.

Azərbaycanın hərtərəfli inkişafı naminə böyük işlər görüldü. Bütün sahələrin paralel şəkildə inkişaf etdirilməsi üçün zəruri addımlar atan Heydər Əliyev təhsilə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Azərbaycanda elmin, təhsilin qədim tarixi və zəngin ənənələri var. Təhsil aparıcı sahə kimi həmişə diqqət mərkəzində olmuşdur.

Lakin digər sahələrlə yanaşı, təhsilin də inkişafı ötən əsrin 70–ci illərindən başlayaraq daha dinamik xarakter almışdır. Xalqın gələcəyini düşünən, Heydər Əliyev bütün uğurların əsas təməlinin təhsil üzərində qurulduğunu hamıdan yaxşı bilirdi. Sözsüz ki, bütün sahələrin inkişafı ilk növbədə təhsilin səviyyəsindən asılıdır.

Ölkənin vahid qanunlarla idarə edildiyi keçmiş İttifaq dövründə milli təhsil konsepsiyasının hazırlanması və həyata keçirilməsi asan deyildi. Lakin bütün qadağalara baxmayaraq, ümummilli liderimiz Azərbaycan təhsilində böyük dəyişikliklər edilməsinə nail oldu. Milli kadrların hazırlanması siyasəti və bunun uğurla həyata keçirilməsi də təhsilin, eyni zamanda respublikamızın hərtərəfli inkişafının təmin edilməsi istiqamətində atılan addımların tərkib hissəsi idi.

Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi ilə azərbaycanlı tələbələr təhsil almaq üçün SSRİ–nin ən nüfuzlu ali məktəblərinə göndərilirdi. Təbii ki, bu, bütün sahələrdə çalışa biləcək milli kadrların hazırlanması üçün həyata keçirilən uğurlu siyasət idi. Təhsilin inkişafı və milli kadrların yetişməsi üçün görülən işlərlə yanaşı, respublikada ali, orta ixtisas, texniki peşə və orta məktəblərin tikintisigeniş vüsət almışdı.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yeni idarəçilik mexanizminin hazırlanması labüd idi. 1993– ilə qədər ölkəyə rəhbərlik edən səriştəsiz, heç bir dövlətçilik, idarəçilik təcrübəsi olmayan insanlar yeni mexanizmin hazırlanmasını nəinki bacarmırdılar, hətta buna maraq da göstərmirdilər. Ona görə də ölkəmiz beynəlxalq aləmdə bas verən proseslərdən kənarda qalmış, dünyadan təcrid olunmuş, dövlətçiliyimiz böyük təhlükələrlə üzləşmişdi. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı hadisələri xalqın xeyirinə dəyişdi. Uzaqgörən siyasətçi bütün sahələrdə demokratik islahatların həyata keçirilməsi üçün xüsusi proqramın hazırlanması ücün lazımi addımlar atdı. Bunun üçün ilk növbədə möhkəm hüquqi baza yaradıldı. İnkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunmaqla bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş islahatlara başlanıldı.

Bu gün ümummilli liderimizin siyasətini uğurla davaminkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrdə olduğu kimi, təhsildə də həyata keçirilən islahatların uğurla başa çatdırılması, milli təhsil sisteminin tam şəkildə formalaşdırılması, bu sahənin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atır.

Millətimizin gələcəyi olan müəllimlərə diqqət və qayğı göstərilməsi ənənəsi də bu gün yaşayır, inkişaf etdirilir. Müəllim əməyinə həmişə yüksək qiymət verilmişdir. Xalqlar, millətlər müəllim zəkasının şüurunda gələcəyə doğru uğurlu bir yol gedir, öz həyatlarını müəyyənləşdirirlər. Məhz buna görə də ümummilli liderimiz Heydər Əliyevin müəllimlərə böyük qayğı göstərməsi, onların əməyini yüksək qiymətləndirməsi təsadüfi deyildir. Biz bu gün həmin qayğını yenə də hiss edirik.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 9 il ərzində görülən işlər sayəsində Azərbaycan möhtəşəm uğurlar qazanmış, həyatın bütün sahələrində müsbət irəliləyişlər baş vermişdir. İndi bütün sahələr paralel şəkildə inkişaf etdirilir və bunların hər birində böyük uğurlar qazanılmışdır. Azərbaycan xalqı hələ çox uğurlara imza atacaqdır.

 

Mətanət FƏRZƏLİYEVA,

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının dosenti.

 

Respublika.- 2012.- 25 dekabr.- S. 5.