| Dünya
Bankı ilə səmərəli əməkdaşlıq əlaqələri
genişlənir
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşenko və Dünya Bankının eksperti Anjela Priqojina ilə görüş keçirilib. Fondun fəaliyyəti barədə qonaqlara məlumat verən DSMF sədri Səlim Müslümov bildirib ki, ötən müddət ərzində fondun qurumlarının 87 faizi avtomatlaşdırılmış iş yerləri ilə təmin edilib və bu gün fondun mərkəzi informasiya bazasında 1,272 milyon nəfər pensiyaçı və 2,1 milyon nəfərdən çox sığortaolunan barədə məlumatlar toplanıb. Fondun sədri sığorta–pensiya sisteminin növbəti illərdə texniki, institusional təkmilləşmə və maliyyə dayanıqlığı baxımından inkişaf istiqamətləri barədə məlumat verib.
L.Leşenko Azərbaycanın
sığorta–pensiya sistemində görülən işləri
yüksək dəyərləndirib. Bu barədə DSMF–nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumatda o
da vurğulanır ki,
qonaq təmsil etdiyi qurumun fondla yaxından əməkdaşlıq
etdiyini önə çəkərək,
növbəti illərdə əməkdaşlığın daha da dərinləşməsində
maraqlı olduğunu, həmçinin yeni pensiya təminatı
sisteminin islahatı konsepsiyasının
işlənib hazırlanmasında Dünya
Bankının mütəxəssislərinin öz
köməkliklərini əsirgəməyəcəklərini
bildirib. Xanım A.Priqojina
sığorta–pensiya sisteminin növbəti
inkişaf mərhələsinin yalnız sosial məsələləri deyil,
eləcə də maliyyə xarakterli
elementləri əhatə etməli olduğunu
qeyd edib. Bu istiqamətdə Dünya
Bankının mütəxəssislərinin böyük
təcrübəyə malik
olduqlarını və Azərbaycanın da
bu təcrübədən yararlana
biləcəyini diqqətə çatdırıb.
Mustafa Kamal,
Respublika.- 2012.- 25 dekabr.- S. 5.