Tarixlə səsləşən ömür yolu

Hər insan taleyi canlı bir tarix, sirli bir aləmdir. Əzimbəyovlar ailəsinin taleyi ilə bağlı xatirələri dinlədikcə, bir ailənin timsalında xalqımızın başına gətirilən müsibətlər, faciələr, məşəqqətlər göz önünə gəlir. Bu acı səhnələri biz filmlərdə görmüş, nakam talelərə acımış, göz yaşı axıtmışıq.
Xalqımızın 40 mindən yuxarı ziyalısını, parlaq zəka sahiblərini, cəmiyyətin qaymaq təbəqəsini sıyırıb aparan müdhiş 37–ci ilin qara yelləri bir vaxtlar Naxçıvanın Bilan məhəlləsində yaşamış əsilli–nəsilli Əzimbəyovlar ailəsini də yerindən–yurdundan etmişdir.

Bəs zülmət gecələrin birində öz evində, isti ocağının başında, balalarının gözü qarşısındaca həbs edilən Əlibəy Əzimbəyovun suçu, günahı nə idi görəsən?
Köklü, əsilli, nəcabətli bir nəslin övladı olmasında… Həbs edənlər—imperiya cəlladları qeyri millətlərdən olsa da, yol göstərən, çuğulluq edənlər “özümüzünkülər” idi.
NKVD zirzəmilərində təhqirlərə, işgəncələrə məruz qalan, qara vaqonlara mindirilən minlərlə günahsız Azərbaycan övladlarından biri də Əlibəy Əzimbəyov idi.
Bir ssenariyə, nağıla, yuxuya bənzəyən bu ailə dramının ayrı–ayrı epizodları Azərbaycan xalqının yaşadığı böyük faciələri göstərir. Ev–eşiyindən, balalarından, ömürgün dostundan neçə aydır ki, xəbərsiz, nigaran Əlibəy sürgünə yola salındığı qara vaqonlarda təsadüfən ailəsi ilə rastlaşdı. Bu görüş səhnəsi bəlkə də dünyanın ən faciəli, ən yaralı, ən “xoşbəxt” səhnəsi idi. Əlisilahlı keşikçilərlə əlbəyaxa olan Əlibəy o anda ölümdən belə qorxmadı, özünü balalarının üstünə atdı.
Bu epizodlar Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləmiş mərhum Aydın Əlibəy oğlu Əzimbəyovun xatirələrind
əndir. Anası, üç bacısı ilə sürgün edilən Aydının o görüş anında cəmi 5 yaşı var idi. Əzablı yollardan keçən bu ailənin sonrakı taleyi isə qaranlıq tunelin sonunda görünən işığa bənzəyir.
1947–ci ildə, sürgünlük həyatından düz 10 il sonra
Əzimbəyovlar ailəsinin günahsız olması SSRİ Ali Sovetinin fərmanı ilə təsdiq edildi.
Özbəkistanda qalmağı qərarlaşdıran Əzimbəyovlar ailəsi buranı özlərinə ikinci vətən seçdi. İnamlı addımlarla pillə–pillə yüksələn Aydın Əzimbəyovun parlaq günləri məhz bundan sonra başlad
ı.
Az müddət ərzində bu ad Özbəkistan sərhədlərini aşdı. Keçmiş SSRİ məkanında tanınmış, nüfuzlu simalardan birinə çevrilən Aydın Əzimbəyov hər yerdə yurdunun — Azərbaycanının, ikinci vətəni Özbəkistanın adını ucaltdı, şərəfləndirdi.
Karyerası ərzində bir çox məsul vəzifələrdə çalışan Aydın Əzimbəyov Sırdərya Partiya Komitəsinin katibi işləyərkən ən çətin işlərin öhdəsindən bacarıqla gələrək respublika rəhbərliyinin diqqətini cəlb etdi. O vaxtlar Özbəkistanın dövlət başçısı, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Şərəf Rəşidovun ən yaxın silahdaşı olmağı bacaran Aydın müəllimin dövlət səviyyəsində böyük nüfuzu var idi. Özbəkistan postsovet məkanındakı digər respublikalar kimi öz müstəqilliyini qazandı. Bu ölkədə özünəməxsus hörmət sahibi olan Aydın Əzimbəyov daha yüksək zirvələr fəth etməkdə davam etdi. Özbəkistan prezidenti, özbək xalqının və bütövlükdə türk dünyasının tanınmış siyasətçisi, türk əxlaqının mənəvi daşıyıcısı İslam Kərimov da Aydın Əzimbəyovla işləmək, bu işıqlı, parlaq zəkalı insanın istedadından bəhrələnmək istədi.
Beləliklə, uşaq yaşlarında repressiya qurbanları sırasında qaranlıqlar qoynuna atılan balaca Aydın sonda aydınlığa, işığa qovuşdu. Özü də işığa, nura çevrilib azərbaycanlı soydaşlarına qürbətdə dayaq–dəstək, ağsaqqal–rəhbər, iki xalq arasında körpü oldu. Həm də qardaş özbək xalqının sevimlisinə çevrilən Aydın Əzimbəyov bu ölkənin avtomobil naziri vəzifəsinə yüksəldi.
Aydın Əzimbəyovun parlaq və şərəfli ömür yolu, qazandığı uğurlar, təbii ki, fenomen yaddaşı ilə, diqqət və qayğısı ilə hamıya nümunə olan ümummilli liderimiz Heydər Əliyevin diqqətindən kənarda qala bilməzdi. Qalmadı da. 1996–cı ildə Aydın Əzimbəyov Azərbaycana dəvət olunduona Özbəkistana, bütövlükdə Orta Asiya ölkələrinə akkreditə olunmaqla fövqəladə və səlahiyyətli səfir vəzifəsi təklif olundu.
Ana Vətən Azərbaycanın, ulu öndər Heydər Əliyevin ona göstərdiyi yüksək etimadı doğrultmaq üçün vaxt, zaman Aydın Əlibəy oğluna şans vermişdi. O, bu etimadı doğrultmaq üçün tərəddüd etmədən razılıq verdi. Ürəyi daim xalqına, millətinə birbaşa xidmət etmək eşqi ilə döyünən Aydın Əzimbəyov Özbəkistanda ölkəmizin baş təmsilçisinə çevrilərək Orta Asiyada ilk diplomatımız oldu.
Bununla da qədim tarixdən ayrılmaz tellərlə bir–birinə bağlanmış, dili, dini, adət–ənənəsi, soykökü eyni olan özbək və Azərbaycan xalqlarının daha da yaxınlaşmasının yeni parlaq erasına start verildi.
Aydın Əzimbəyovun səfir kimi fəaliyyəti dövründə və ondan əvvəl gördüyü böyük, irimiqyaslı işləri sadalamaqla qurtarmaq mümkün deyil. O, Özbəkistanla Azərbaycan arasında azacıq laxlamış dostluq və qardaşlıq körpüsünü yenidən bərpa etdibu qardaşlıq bağları, qardaşlıq körpüsü hələ min illər doğma özbək və Azərbaycan xalqlarına xidmət edəcəkdir.
Bu yerdə Aydın Əzimbəyovun bilavasitə iştirakı ilə tikilib ərsəyə gələn, onun əməyinin bəhrəsi sayılan dövlət əhəmiyyətli bir neçə mühüm obyektləri sadalamaq yerinə düşər.
Onun rəhbərliyi altında Sırdərya vilayətində, keçmiş SSRİ məkanında ən iri İstilik Elektrik Stansiyası, Sırdərya Yağ Ekstraksiya Zavodu tikilib istifadəyə verilmişdir. Yaxın dostu Nacim Xamrayev öz xatirələrində yazmışdır: “O, milyonlarla hektar ac çölü yenidən canlandıran, ona həyat verən şəxslərdən biri olmuş, “Cızak Nasos Stansiyasını” tikdirməklə təxminən üç yüz min insanın işlə təmin olunmasına şərait yaratmışdır.
Aydın Əzimbəyov səfir işlədiyi dövrdə Orta Asiya və Özbəkistanda ilk dəfə ən gözəl küçələrdən birinə ümummilli liderimiz Heydər Əliyevin adının verilməsinin, ulu öndərin büstünün qoyulmasının, Özbəkistan Pedaqoji İnstitutunun önündə Nizami Gəncəvinin büstünün ucaldılmasının, Azərbaycanın səfirlik binasının tikilməsinin, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin inşa edilməsinin təşəbbüskarı, baş memarı olmuşdur.
Təsadüfi deyil ki, “Aqra” Elmə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə istedadlı yazıçı–publisist Məhərrəm Zamanın Azərbaycan və rus dillərində ərsəyə gətirdiyi “Aydın Əzimbəyov—Tarixlə səsləşən ömür yolu” kitabının baş qəhrəmanı tanınmış dövlət xadimi Aydın Əlibəy oğlu Əzimbəyovdur. Kitabda dövlət xadimi, diplomat Aydın Əzimbəyovun kəşməkəşli həyat yolu, həyata keçirdiyi qlobal işlər, üzərinə düşən böyük və həm də şərəfli missiya qabarıq şəkildə verilmişdir. Bəli, o, öz çiyinlərini iki qardaş xalqı birləşdirən körpünün sütunları edərək ağırlığı öz üzərinə götürmüşson nəfəsinə qədər andına sadiq qalmışdır.
“Tarixlə səsləşən ömür yolu” kitabında Əzimbəyovlar ailəsinin simasında bütöv bir xalqın faciəsi öz əksini tapmışdır. Kitab həmçinin insan iradəsinin nəyə qadir olduğunu açıb göstərir.
Yaxşı ki sağlığında Aydın Əzimbəyov 80 illik yubileyi şərəfinə yazılmış bu kövrək, duyğulu kitabı gördü, oxudu, ağrılı–acılı keçmişi xatırlayaraq kədərləndi, sevindi, kövrəldi. Özü vurğuladığı kimi, bu kitab indiyə qədər aldığı bütün mükafatlardan, ordenmedallardan daha əzizi, unudulmazı idi.
Təəssüflər olsun ki, görkəmli dövlət xadimi, diplomat, dəyərli insan, layiqli vətəndaş, qayğıkeş ata, ən nəhayət, el ağsaqqalı Aydın Əlibəy oğlu Əzimbəyov 80 illik yubileyinə iyirmi gün qalmış bizi əbədi olaraq tərk etdi. O, cismən aramızdan getsə də, ruhən həmişə bizimlədir. Onun adı ürəklərdədir.


Sabir HÜSEYNOV,
fərdi təqaüdçü.

 

Respublika.- 2012.- 26 dekabr.- S. 8.