| Bölgədə meliorasiya və su təsərrüfatı kollektivlərinin uğurları ildən–ilə çoxalır

 

Müstəqillik illərində ölkəmizdə digər sahələrdə olduğu kimi, Meliorasiya və Su Təsərrüfatı ASC–nin fəaliyyəti də dövlətin yeni iqtisadi, siyasi, sosial strategiyası müstəvisində dinamik inkişaf yolu keçmişdir. Onun bütün strukturlarında idarəetmə, işə daha vicdanla, peşəkarlıqla yanaşma, qarşıya qoyulan bütün vəzifələrə məsuliyyətli münasibət əhval–ruhiyyəsi yaxşılığa doğru əsaslı şəkildə dəyişmişdir. Elə buna görədir ki, bu gün respublikamızın iqtisadiyyatında, regionların sosial–iqtisadi inkişafında ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə təminatında sözü gedən cəmiyyətin rolu əvəzsizdir. Ulu öndər Heydər Əliyevin respublikaya ilk dəfə rəhbərliyə gəldiyi 1969–cu ildən ölkəmizdə iqtisadiyyatın bütün sahələrində start götürən yüksəliş dövrü meliorasiya və irriqasiyadan da yan keçməmiş, dünən də, bu gün də iftixarla xatırlanan, elə sabaha da unudulmayacaq izlər qoymuşdur. Təkcə bir faktı xatirlatmaq yerinə düşər ki, 1971–1975–ci illərdə ölkədə meliorasiya işlərinə əvvəlki beş ildəkindən iki dəfədən çox vəsait ayrılmışdır. İndi də bu qurum öz inkişafının yeni mərhələsində inamla irəliləyir. Son onilliklərdə də ölkəmizdə bu istiqamətdə bir çox iri layihələr həyata keçirilmişdir. Rəsmi mənbələrdən aldığımız statistik məlumata görə təkcə son doqquz ildə bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu 32 dəfəyə yaxın artmış, mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, işçilərin əmək haqqı 8 dəfəyə qədər yüksəlmiş, maddi–texniki baza daha da güclənmişdir. Yuxarıda adı çəkilən rayonların sözügedən sahə üzrə rəislərinin söhbətlərindən son bir neçə ilin müqayisəli təhlilinə nəzər salsaq, bunu aydın görərik.

 

Soltan Camalov,

Qax Rayon Suvarma Sistemləri

İdarəsinin rəisi:

—Yaxşı xatırlayıram, hələ sovetlər birliyi dövründə bizim idarənin fəaliyyətini bəlkə də bir özümüz, bir də sel daşqınlarından əziyyət çəkən yaşayış məntəqələrinin sakinləri görürdülər. Keçilən yola, Meliorasiya və Su Təsərrüfatının ötən illərdəki inkişaf tempinə bu günün prizmasından nəzər salanda, doğrudan da, çox böyük uğurlar qazanıldığını, ən başlıcası, haqqında söhbət gedən qurumun bu gün ölkənin iqtisadi, sosial, siyasi həyatında həlledici rola malik olduğunu görür və bundan fərəhlənirik. Mən deyərdim ki, bu, hər şeydən öncə bizim sahəyə dövlətin diqqət və qayğısının, əməli dəstəyinin, cəmiyyətimizin rəhbərliyinin məqsədyönlü fəaliyyəti, yüksək işgüzarlığı, təşkilatçılığı, təşəbbüskarlığı sayəsində bütün istiqamətlərdə işlərimizin yaxşı qurulmasının bəhrəsi kimi dəyərləndirilməlidir. Demək, iş görmək üçün gücümüz də artıb, kollektivimizin nüfuzu da. Fikirlərimi rayonumuzun timsalında bəzi faktlarla diqqətə çatdırmaq yerinə düşər.

Ümumilikdə rayon üzrə 19750 hektar torpaq sahəsinin su ilə təmin olunmasını təşkil edirik. Bunun üçün 264,8 kilometr uzunluğunda suvarma şəbəkələri (kanal və çaylar) var. Bu şəbəkələr əsasən Kürmük, Ləkit, Zərnə, Qum, Duruca və Qapı çay çaylarıdır. Ərazidəki çaylar əsasən dağ çaylarıdır. Son üç il ərzində rayonun çaylarında ümumilikdə 2082 poqonmetr həcmində dəmir–beton, 2390 poqonmetr daş–beton bənd və 956 poqonmetr dəmir–beton mühafizə divarı tikilmişdir. Belə ki, Kümrük çay, Zərnə çay, Qanıx çay, Qum çay və Qaşqaçay çaylarında 675 poqonmetr, Kümrük çayın Qax şəhəri ərazisində isə 281 poqonmetr həcmində dəmir beton mühafizə divarı, yenə Qax şəhəri ərazisində Kümrük çayda və Əlibəyli kəndində 1347 poqonmetr, İlisu kəndində Hamam çayda 735 poqonmetr həcmində dəmir–beton bənd, Kümrük çayın Qax rayonu ərazisində 687 poqonmetr, İlisuda Qaşqaçay çayında 720 poqonmetr, Əlibəyli və Kümrük çayın sağ sahilində Qax şəhərinin ərazisində ümumilikdə 700 poqonmetr həcmində daş–beton bəndlər tikilərək istismara verilmişdir. Tikinti işləri əsasən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti və “Əfqan” firması tərəfindən aparılmışdır. Bundan başqa, Alazan (Qanıx) çayda 2740 poqonmetr həcmində daştökmə bəndləri qurulmuşdur. Fəaliyyətimizdə çaylarda cari və əsaslı təmir işləri mühüm yer tutur. Son üç il ərzində suvarma kanallarının ümumilikdə 1323 min kubmetr həcmində də lildən təmizləmə, çaylarda isə 3181 min kubmetr həcmində məcra təmizləmə işləri görülmüşdür. Görülən işlərin ümumi dəyəri 1209622 manat təşkil edir. Lildən təmizləmə işləri əsasən Qıpıçay, Qorağan, Almalı, Sotavar, Lələli, Cəlayer, Zəyəm, Baydarlı, Qıpçaq suvarma kanallarında, məcra təmizləmə işləri isə əsasən Kümrük çay, Hamam çay, Zərnə çay, Ləkit çay, Qaşqaçay və Ağçay çaylarında aparılmışdır. Yuxarıda adları çəkilən çaylarda həmçinin dəyəri 741750.00 manat olan 4425 kubmetr həcmində qabion bəndlər, 6755 kubmetr həcmində isə daş–beton bəndləri tikilmişdir. Aparılan cari təmir işlərinin nəticəsidir ki, çaylarda əmələ gələn sel sularını heç bir ziyan vurmadan ötürmək mümkün olur. Əsaslı təmir işlərini də uğurla həyata keçiririk. Son üç ildə ümumilikdə 1730039 manat dəyərində əsaslı təmir işləri görülmüşdür. Əsaslı təmir planına uyğun Qax İngiloy və Qaxmuğal beton kanallarında, İlisu kəndində yerləşən suötürücü qurğuda, Ağçay kanalında, Qapıçay Qorağan arxında, Qaşqaçay su kəmərində, Cəlayerdə su götürən qurğuda, Almalı–Şotavar–Qıpçaq–Zəyəm suvarma kanalında irimiqyaslı işlər aparılmışdır. Bu gün də həmin işlər davam etdirilir. Bundan əlavə, əsaslı təmir planı əsasında Kümrük çayda Qax İngiloy kəndinin mühafizəsi üçün isə 1138 kubmetr, İbaxlı kəndinin mühafizəsi üçün 1432 kubmetr, Əlibəyli kəndinin mühafizəsi üçün isə 1041 kubmetr həcmində daş–beton bəndlər tikilmişdir. Kümrük çayın, Qax İngiloy, İbaxlı və Əlibəyli kəndləri ərazisində də əsaslı təmir işləri bu gün də davam etməkdədir. Qax şəhərinin içərisi ilə uzanan Qax İngiloy və şəhərin girəcəyindən başlayaraq uzanan Qaxmuğal beton kanallarında aparılır. Ağçay kanalında (Qobala çayda) bu gün də əsaslı təmir işləri aparılır.

Rayonda suvarmanın mütəşəkkil təşkil edilməsi üçün dörd sudan istifadə edənlər birliyi yaradılmışdır. Həmin birliklər suvarmanın mütəşəkkil təşkil edilməsində, su istehsalatçılarına suyun satılmasında və eyni zamanda istehlakçılara verilən suyun dəyərinin yığılmasında mühüm rol oynayır. Məhz bu hesaba idarəmiz tərəfindən dövlət büdcəsinə 29443 manat vəsait köçürülür. Sadaladığım və eyni zamanda qeyd etmədiyim bütün işlərin görülməsində son illərdə güclü texnika ilə təminatımız mühüm rol oynayır.

Qüdrət HƏmidov,

Qəbələ Rayon Suvarma

Sistemləri İdarəsinin rəisi:

—Ötən illərin nəticələri deməyə əsas verir ki, Meliorasiya və Su Təsərrüfatı təşkilatlarının ölkənin ictimai–iqtisadi həyatında rolu və nüfuzu yetərincə artmışdır. Uzun illər bu sahədə çalışdığıma, istər respublika istərsə də rayonumuz üzrə bütün istiqamətlərdə göstəricilərin yüksəlməsinə əsaslanıb deyə bilərəm ki, ulu öndər Heydər Əliyevin bu sahədə irəli sürdüyü strategiya indi daha böyük əzmkarlıq, təşkilatçılıq, qayğıkeşlik və vətənpərvərlik əhval ruhiyyəsi ilə davam etdirilir. Regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramına (2009–2013–cü illər) uyğun olaraq rayonumuzun çaylarında üç il bundan öncə yəni 2009–cu ildə 500 poqonmetr sahilbərkitmə işi görülmüşdüsə, bu il həmin göstərici 1065 poqonmetrə çatdırılmışdır. Ümumilikdə isə son üç ildə bu işin həcmi 2340 poqonmetr olmuşdur. 2010–cu ildə rayonda daşqın və selə qarşı mübarizə məqsədilə 714 min kubmetr həcmində iş aparılmışdısa, 2011–ci ildə bu göstərici 930 min kubmetr təşkil etmişdir. Bu ilin yekununda isə daha çox olacağı gözlənilir. Göstərilən tarixdə suvarma kanallarının lildən təmizlənməsi həcmi 30 min kubmetr, sahilbərkitmə məqsədilə daş–beton bəndlərinin həcmi 498 kubmetr çoxalmışdır. Qeyd etdiyim bütün bu göstəricilərin arxasında rayonumuzda aqrar sahənin dinamik inkişafı, yaşayış məntəqələrinin, əkin sahələrinin sel sularından mühafizəsi kimi mühüm və təxirəsalınmaz amilləri durur. Başqa sözlə, vaxtilə öz dəlisovluğu ilə rayon camaatını ciddi təhlükələr qarşısında qoyan min hektarlarla əkin sahələrini yararsız hala salan Dəmiraparan, Bum, Həmzəlli, Tikanlı, Vəndam çayları, demək olar ki, bu gün ram olunmuşdur.

Yuxarıda qeyd etdiyim kimi, suvarma kanallarının təmizlənməsi əkin sahələrinin suvarma suyu ilə yetərincə təminatına real imkan yaradır. Kiçik Əmilli, Bum kənd Dəyirmanarxı, Bəhlidili, Kürd, Tosik, Hacallı, Böyük Əmilli, Paşabəy, Ovçunlu, Zalam Qobu kanalları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bu ilin arxada qalan dövründə də çox işlər görmüşük. Dəmiraparan çayda Qəbələ şəhərini mühafizə edən, Bum çayının sol sahilində Tikanlı kəndini mühafizə edən daş–beton bəndlərində keyfiyyətli təmir işləri görülmüşdür. Nohurqışlaq su anbarının təmiri üçün də lazım olan işlər keyfiyyətlə aparılmışdır.

Görülən işlərin hamısı rayonumuzda aqrar sahənin inkişafına sanballı təkan vermişdir. Son üç ildə Qəbələdə taxılçılıq, heyvandarlıq sahəsində əldə edilən uğurlu göstəricilərlə haqlı olaraq təsərrüfatımızın kollektivi də fərəhlənir.

Fikrət ŞƏrifov,

Zaqatala Rayon Suvarma Sistemləri İdarəsinin rəisi:

—Rayonumuz coğrafi mövqeyinə görə çox əlverişli ərazidə yerləşir. Çünki burada iqtisadiyyatın bütün sahələrinin, o cümlədən aqrar sahənin, sənayenin inkişaf etdirilməsi, turizmə geniş meydan verilməsi üçün böyük imkanlar var. Qeyd edim ki, Zaqatalanın bu potensialından səmərəli istifadə olunmasında kollektivimizin də üzərinə böyük vəzifələr düşür. Və biz bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətiinin son iyirmi ildə yaratdığı möhkəm maddi–texniki bazanın, xüsusən də cəmiyyətin genişmiqyaslı fəaliyyəti sayəsində qazandığı nüfuzun, yüksək etimadın gücündən yetərincə bəhrələnirik. Bu isə bizə uğurlar qazandırır. Konkret faktların dili ilə danışmaq daha yaxşı olar. Öncə, deyim ki, fəaliyyətimiz çoxsahəlidir. Əkin sahələrinin suvarılması üçün suvarma kanallarının qaydada olması, bunun üçün eyni zamanda mövcud nasos stansiyalarının, hidrotexniki qurğuların sazlığı, məhsuldar fəaliyyətinin təmin olunması əkin sahələrinin, yaşayış məntəqələrinin sel sularından, daşqınlardan mühafizəsi məqsədilə ərazidən keçən çaylarda bəndlərin salınması fəaliyyətimizin əsasını təşkil edir. Təkcə 2010–2011–ci illərdə rayonumuzda 63820 hektar əkin sahəsinin suvarılması aparılmışdır ki, bu da nəzərdə tutulandan 2 dəfədən də çoxdur. Son üç ildə 867,3 min kubmetr həcmində suvarma kanallarında lildəntəmizləmə işləri görülmüşdür. Əkin sahələrinin suvarılması işinin aqrotexniki qaydalara uyğun və lazımi səviyyədə aparılmasını təmin etmək üçün Alazan nasos stansiyasının təmirinə son üç ildə 541,5 min manat vəsait xərclənmişdir. Həmin dövrdə hidrotexniki qurğuların təmirinə 14 min manat vəsait sərf olunmuşdur.

Rayonun ərazisində Muxax, Tala, Bəkməz, Katex, Alazan kimi güclü sel daşqınları yarada bilən çaylar var. Bu təhlükənin qarşısının vaxtında alınması üçün hər il qabaqlayıcı tədbirlər görürük.

2010–2011–ci illərdə və bu ilin 10 ayında 3.4 milyon kubmetrə yaxın çay yataqlarının təmizlənməsi işləri görülmüşdür. Həmin müddətdə çaylarımızın keçdiyi xüsusilə də daha çox təhlükə yarada biləcəyi ərazidə olan daş–beton bəndlərində 22.661 kubmetr həcmində təmir aparılmış, yalnız Muxax çayda 1850 kubmetr qabion qarzinkalar quraşdırılmışdır. Rayonumuzun ərazisindən axan çaylarda dövlət vəsaiti hesabına sahilbərkitmə işləri də son üç ildə uğurla aparılmışdır. 2010–2012–ci illər ərzində Tala çayda 600, Bəkməz çayda 587, Muxax çayda 732, Katex çayda 770, Qara çayda 320 poqonmetr daş–beton bəndləri tikilmişdir.

Yuxarıda sadalanan bütün işlərin görülməsinə sərf olunan vəsaitlərin məbləği bir daha göstərir ki, səhmdar cəmiyyətimizin iqtisadi gücü və nüfuzu ilbəil artır.

Nizami ƏhmƏdov,

Oğuz Rayon Suvarma Sistemləri

İdarəsinin rəisi:

—2011–ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi istismar tədbirləri və əsaslı təmir planına uyğun olaraq idarəmiz tərəfindən xeyli işlər yerinə yetirilmişdir. 2011–ci ildə Qala çay sistemində Ərmənət kəndinin və əkin sahələrinin sel sularından, daşqından mühafizə məqsədilə 1139 kubmetr daş–beton bəndi inşa edilmişdir. Türyan çay sistemində Mollalı kəndinin sel sularından mühafizəsi üçün 200 kubmetr qabion bəndi, Qala çay sistemində Dəymədərə kəndinin və əkin sahələrinin sel sularından mühafizəsi üçün 3000 kubmetr çay–daş bəndi quraşdırılmışdır. Bayan kəndinin də burada yaşayan əhalinin bağ–bostan sahələrini mühafizə edən bəndlərdə 3902 kubmetr əsaslı təmir işləri aparılmışdır. Daşağıl çay ərazisində Muxas və Daşağıl kəndlərini mühafizə edən daş–beton bəndlərində 2752 kubmetr əsaslı təmir işləri görülmüşdür.

2011–ci ildə dövlət investisiya vəsaiti hesabına Qala çay sistemində Fil–Filli kəndinin əhalisinin pay torpaq sahələrini sel sularından mühafizə məqsədilə 270 kubmetr, Yemişənli kəndinin və əkin sahələrinin mühafizəsi üçün 162 kubmetr daş–beton bəndi quraşdırılmışdır. Daşağıl kəndinin mühafizəsi məqsədilə 364 poqonmetr daş–beton bəndi quraşdırılmışdır.

Müvafiq Dövlət Proqramı 2012–ci ildə də uğurla icra olunmuşdur. Daşağıl çay istiqamətində Muxas kəndini sel sularından mühafizə edən daş–beton bəndlərində 150 kubmetr, Xal–Xal kəndinin əkin sahələrini mühafizə edən daş–beton bəndlərində 750 kubmetr, Qala çay sistemində Fil–Filli kəndini mühafizə edən daş–beton bəndlərində 508 kubmetr təmir işləri görülmüşdür.

2012–ci ildə Oğuz şəhərinin sel sularından mühafizəsi üçün 140 poqonmetr daş–beton bəndi inşa edilmişdir. Şəki Su Tikinti İdarəsi tərəfindən Türyançay sistemində Mollalı kəndinin mühafizəsi üçün 3000 kubmetr şax–daş bəndi quraşdırılmışdır. Qala çay istiqamətində Xaçmaz kəndini mühafizə edən daş–beton bəndlərində 237, Oğuz çay sistemində Bayan kəndini mühafizə edən bəndlərdə 323 kubmetr üzlük beton və Daşağıl çay sistemində Muxas kəndini mühafizə edən daş–beton bəndlərində 111 kubmetr əsaslı təmir işləri aparılmışdır. Dövlət İnvestisiya vəsaiti hesabına Şəki Su Tikinti İdarəsi tərəfindən Daşağıl çay sistemində Daşağıl kəndinin mühafizəsi üçün 366 kubmetr daş–beton bəndi inşa edilmişdir. Oğuz şəhərinin sel sularından mühafizəsi üçün 140 poqonmetr, Daşağıl çay sistemində Muxas, Daşağıl kəndlərinin əkin sahələrini mühafizə edən bəndlərində 160 poqonmetr beton üzlük çəkilmişdir.

***

Yuxarıda adları çəkilən rayonların müvafiq qurumlarının rəhbərlərinin söhbətlərindən bir daha aydın oldu ki, Meliorasiya və Su Təsərrüfatı ASC–nin fəaliyyəti yüksələn xətlə inkişafdadır. Cəmiyyətin iqtisadi gücünün artmasının nəticəsidir ki, regionlarda meliorasiya və irriqasiya istiqamətində irimiqyaslı layihələr uğurla həyata keçirilir. Suvarma Sistemləri İdarəsinin maddi–texniki bazası ildən–ilə daha da möhkəmlənir. Təkcə bir faktı qeyd edək ki, 2009–2011–ci illərdə Qəbələ rayon Suvarma Sistemləri İdarəsinə 17 ədəd müxtəlif markalı yeni texnikalar verilmişdir. Bu rəqəm 2011–2012–ci illərdə Oğuz və Qəbələ rayonlarının hər birində 7 ədəd olmuşdur. Son üç ildə Zaqatala və Qax rayonları da yeni ekskavator, buldozer, betonqarışdıran və digər texnikalarla təmin olunmuşlar. Səhmdar cəmiyyətin fəaliyyətində diqqəti cəlb edən ən mühüm amillərdən biri də regionlardakı qurumların rəhbər və mütəxəssislərinin iş şəraitinin yaxşılaşdırılmasına qayğı ilə yanaşılmasıdır. Haqqında söhbət gedən rayonların hamısının inzibati idarə binaları son illər əsaslı təmir olunmuş, maşın və mexanizlərin tələblərə uyğun qorunub saxlanması üçün əməli tədbirlər həyata keçirilmişdir. Meliorasiya və irriqasiya sahəsində çalışanların əməyinin layiqincə qiymətləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Qax, Qəbələ, Zaqatala, Oğuz rayonlarının rəhbərlərinə son illərdə ölkəmizin ən yüksək mükafatlarından olan “Tərəqqi” medalı verilməsi, onlarca işçinin fəxri fərmanlara, pul mükafatına layiq görülməsi də bunu təsdiq edir. Kollektivlərdə olarkən, onların ayrı–ayrı üzvləri ilə söhbətləşərkən bu fikirləri tez–tez eşidirik: qazandığımız uğurlar da, əməyimizə verilən yüksək qiymətlər də dövlətin bu sahəyə diqqət və qayğısının, səhmdar cəmiyyətə rəhbərlik edənlərin məqsədyönlü fəaliyyətinin bəhrəsidir. Əlbəttə, bunlar gəlişi yaxşı səslənmək xatirinə yox, melioratorların gecəli–gündüzlü iş başında əzmlə çalışmalarından yaranan fikirlərdir. Bugünkü əzmkarlıq, təşəbbüskarlıq isə onların daha yüksək zirvələrə inamlı yürüşündən xəbər verir. Yolunuz işıqlı, işləriniz avand olsun, melioratorlar.

 

Rasim AMANOV,

 

Respublika.-2012.- 26 dekabr.- S. 7.