| İçərişəhər – dünya mədəni irsinin nadir incisi

 

Azərbaycan tarixinin qədim köklərə bağlılığını, onun yüksək mədəniyyət diyarı olmasını sübut edən xeyli abidələrimiz var ki, onlar qorunaraq nəsillərdən–nəsillərə ötürülmüşdür. Bunlardan biri də tarixi yaddaşımızın canlı şahidi olan İçərişəhərdir.

Bakının qoynunda, möhtəşəm qala divarları əhatəsində yerləşən İçərişəhər qədim və orta əsrlər dövrünə aid zəngin maddi və mənəvi mədəniyyət abidələrini əsrlərdən bəri qoruyub saxlayır. Əlverişli iqlim şəraitinə, təbii ehtiyatlara və zəhmətkeş, istedadlı sakinlərə malik olan Bakı yüz illər ərzində ticarət və sənətkarlığını inkişaf etdirərək böyüdü, genişləndi. İçərişəhər isə onun qəlbində keçmişi əks etdirən mədəni irsimizin yadigarı kimi qaldı.

 

İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Onun ərazisinin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaraylar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.

İçərişəhər kompleksinə daxil olan dünya əhəmiyyətli 3, ölkə əhəmıyyətli 28 memarlıq, konservasiya olmuş 8 arxeoloji və 500–dən çox yerli əhəmiyyətli abidə xalqımızın zəngin mədəniyyətindən xəbər verir. Qoruq ərazisindəki XVIII–XIX əsr memarlığına aid elmi, tarixi və mədəni cəhətdən yüksək dəyərə malik onlarca bənzərsiz yaşayış binaları və orta əsrlərdə tikilmiş memarlıq abidələri dövlət tərəfindən mühafizə olunur.

Bakı Abşeron yarımadasında xüsusi mövqeyə malik bir ərazidə yerləşdiyindən, burada məskunlaşma qədim zamanlardan — e.ə. II–I minilliklərdə başlamışdır. Bir tərəfdən Bakı buxtası ilə qonşuluqdakı Qobustan abidələri, digər tərəfdən Abşeron yarımadasındakı türkmənşəli tayfalara məxsus tunc, ilk dəmir dövrü yaşayış yerləri, kurqanları, eləcə də ilk orta əsr abidələri belə bir fikir doğurur kı, İçərişəhərdə və ətraf ərazilərdə antik dövrdən yaşayış olmuşdur. İçərişəhərdə keçən əsrin əvvəllərindən 60–cı illərə kimi qısamüddətli, 1961–cı ildən etibarən isə stasionar arxeoloji qazıntılar aparılaraq 3 mədəni təbəqənin olduğu müəyyən edilmişdir. I mədəni təbəqə antik dövrdən IX əsrədək olan dövrü, II mədəni təbəqə IX–XIII əsrləri, III mədəni təbəqə XIII–XVII əsrləri əhatə edir. Arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsındə aşkar olunan qədim arxeoloji artefaktlar və antik dövr maddi–mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim memarlıq abidəsi olan Məhəmməd məscidi və Qız qalası yerləşən ərazi və Bakı buxtası olmuşdur. Xəzər dənizi suyunun səviyyəsinin tarixən artıb–azalmasıyla bağlı elmi araşdırmalar və İçərişəhərdən yeni aşkar olunmuş qədim şəhərimizin tarixini əks etdirən maddi–mədəniyyət nümunələrinin təsnifatı Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.

Ölkənin sosial–iqtisadi və siyasi həyatında mühüm rol oynamaqla yanaşı, karvan yollarının qovuşuğunda yerləşən Bakı Azərbaycanın və qonşu ölkələrin şəhərləri ilə sıx iqtisadi–ticarət əlaqələri saxlayırdı. Xəzər sahilindəki buxtada yerləşən bu qədim şəhər fırtınalı küləklərdən qorunan yaxşı təchiz edilmiş liman tikililərinə malik idi ki, bu da şəhərin beynəlxalq tranzit ticarətinə cəlb olunmasını təmin edirdi. İntensiv inkişaf nəticəsində Bakı, şəhər tipli yaşayış məskənindən Şimali Azərbaycan ərazisində IX əsrdə yaranmış Şirvanşahlar dövlətinin mühüm iqtisadi–siyasi və strateji mərkəzinə çevrilmişdir. XV əsrdən Bakı şəhəri Şirvanşahlar dövlətınin paytaxtı statusunu alır. Qoruq ərazisində yerləşən Şirvan hakimlərinin iqamətgahı olan Şirvanşahlar sarayı kompleksi Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinin bariz nümunəsidir. Saray kompleksinə daxil olan 8 memarlıq abidəsi 3 daxili həyətdə yerləşir. Bu kompleks Saray binası, Şirvanşah Fərrux Yasarın türbəsi (Divanxana), Dərviş türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq (Murad) darvazası, Şah məscidi, Şirvanşah I Xəlilullanın anası və oğlu üçün tikdirdiyi türbə və hamamdan ibarətdir.

Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə dağlarla əhatə olunmuşdu. İkiqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər, şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərlərı kimi qala divarı içində olan bütün binalar (Şəhmstan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikasi düşünülərək sanki əsl labirinti xatırladırdı. İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir.

Bakının “müqəddəs” Odlar diyarı kimi tanınması onun həyatında mühüm rol oynamışdır. Bəllidir ki, ərəb istilasına qədər Azərbaycanın müxtəlif vilayətlərində xristianlıq, bütpərəstlik, atəşpərəstlik yayılmış və onların dini ibadət yerləri — mərkəzləri mövcud olmuşdur. Atəşpərəstliyin əsas ocaqlarından biri də qədim Bakı idi.

Bakı özünün yeraltı və yerüstü təbii sərvətləri ilə xüsusilə şöhrət tapmışdı. Abşeron torpağının dərinliklərindən çıxarılan neft və göllərdən yığılan duz ixracın əsas hissəsini təşkil edirdi. Bunları almaq üçün yaxın və uzaq ölkələrdən buraya ticarət karvanları gəlirdi. IX–XIII əsr ərəb alim və səyyahları neft istehsalı haqqında məlumat verərək yazırdılar ki, Bakıda ağ və digər növ neft mənbələri var. Allah yaxşı bilir ki, dünyada, buradan başqa, heç yerdə ağ neft yoxdur, bura isə Şirvan şahlığının sahilidir. Bu neftli yerlərdə fasiləsiz olaraq daim özündən alov verən atəş püskürür.

Orta əsrlərdə Bakı nefti məişətin və təsərrüfatın müxtəlif sahələrində geniş istifadə olunurdu. Neft həm evlərin işıqlandırılmasında, qızdırılmasında və həm də hərbi işlərdə, araba təkərlərinin yağlanmasında, dəvə və camışın müxtəlif dəri xəstəliklərindən müalicəsində və s. sahələrdə geniş istifadə olunurdu. Bundan əlavə, şəhərin özündə və Abşeron kəndlərində ələnmiş qum və gil ilə qarışdırılmış qatı mazut (qudron) evlərin yastı damının örtülməsi üçün istifadə olunurdu. Abşeronun təbii sərvətləri sırasına keyfiyyətli gil də aiddir. Belə gilim yataqları Abşeron yarımadasında vardır. Məlum olduğu kimi, gil–saxsı məmulatlarının istehsalı üçün əsas xammaldır.

Tarix–memarlıq qoruğu statusunu 1977–ci ildə alan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də ümumbəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu 2000–ci ildə YUNESKO–nun Dünya İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə daxil edilməsi təsdiq edir. Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi–mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr YUNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə gözəl bir töhfəsidir.

1988–ci ildən ölkəmizin həyatında baş verən siyasi–ictimai hadisələr bu tarix–memarlıq qoruğunu bir növ unutdurmuşdu. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının 1990–cı illərin ikinci yarısından başlayaraq inkişaf etməsindən istifadə edən təsərrüfat subyektlərinin İçərişəhərin ərazisində fəaliyyət göstərməyə meyili qoruğun tarixən formalaşmış strukturuna və məhəllələrin quruluşuna təsirsiz ötüşməmişdir. Bəzi abidələrin mühafizə rejimi pozularaq tarixliyinə və planlaşma–məkan quruluşuna zərər yetirən dəyişikliklər edilmiş, bir neçəsi isə, ümumiyyətlə, məhv olmuşdur. Qanun pozuntuları ilə olunan bu hərəkətlər qoruğun ümumi mənzərəsinə xələl gətirmiş, uzun əsrlər ərzində formalaşmış arxeoloji materialin əvəzsiz itirilməsinə gətirib çıxarmışdır. 2000–ci il noyabrın 25–də baş vermiş zəlzələ İçərişəhərə ciddi ziyan vuraraq onun vəziyyətini daha da ağırlaşdırmışdır.

Belə şəraitdə ümummilli lider Heydər Əliyevin 2003–cü il fevralın 17–də imzaladığı “Bakı şəhərində İçərişəhər tarix–memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı qoruqla əlaqədar olan dövlət qurumlarının işində köklü dönüş yaratmış, simasını itirməyə başlamış İçərişəhəri, sözün əsl mənasında, xilas etmişdir. Sərəncamdan sonra ictimaiyyətin, mütəxəssislərin və kütləvi informasiya vasitələrinin diqqəti İçərişəhərin problemlərinə yönəlmişdir. Ulu öndərin müdrikliyi sayəsində qoruğun uzunmüddətli qorunması və bərpası ilə bağlı konsepsiyanın hazırlanması, həmçinin İçərişəhərin idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğun qurulması kimi vacib məsələlər də həmin sərəncamda öz əksini tapmışdır.

2000–ci ildən YUNESKO–nun Dünya İrs Siyahısında yer alan İçərişəhər 2003–cü ildə Dünya İrsi Komitəsinin qərarı ilə “qara siyahı”ya, yəni məhv olmaq təhlükəsi olan abidələrin siyahısına daxil edilmişdır. O vaxt bu qərarın qəbul olunmasına 2000–ci il noyabrın 25–də Bakı şəhərində baş vermiş güclü zəlzələnin törətdiyi nəticələr, memarlıq abidələri üçün təhlükə yaradan qeyri–qanuni tikinti işləri, həmçinin İçərişəhərin qorunması və inkişaf planının olmaması səbəb olmuşdur. Bununla bağlı komitə Azərbaycan hökumətinə görülməli olan tədbirlərə dair öz tövsiyələrini təqdim etmişdir.

2005–ci il fevralın 10–da “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı. Sərəncama əsasən qoruğun ikili tabeçiliyi ləğv edilir, İçərişəhərdə unikal vahid idarəetmə sistemi yaradılırdı.

İdarənin yeni əsasnaməsi hazırlanmış və 2007–ci il mayın 16–da təsdiq olunmuşdur. Həmin fərmanla da idarənin strukturu, işçilərin say həddi, idarənin tabeliyində olan qurumların dövlət büdcəsi vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərməsi öz əksini tapmışdır. Qısa müddət ərzində qoruq ərazisində abidələrin və digər binaların inventarlaşdırılması aparılmış, qanunsuz tikintilər tamamilə dayandırılmış, sanitar təmizlik təmin olunmuş, yeni işiqlandırma sistemi qurulmuşdur. Tarix və mədəniyyət abidələrinin mühafizəsi baxımından, həmçinin daxili yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə nəqliyyat vasitələrinın giriş və çıxışını tənzimləyən yeni avtomatlaşdırılmış idarəetmə sistemi işə salınmışdır.

Ölkə başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir–bərpa və abadlıq işləri təbii və insan faktorların təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, İçərişəhərin tarixi mənzərəsinin bərpasına öz töhfəsini vermişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə dəstəyi sayəsində İçərişəhərin bərpası və konservasiyası üzrə Master Plan hazırlanmış, Qız qalası və Məhəmməd məscidi kimi dünya əhəmiyyətli abidələrdə xarici mütəxəssislərin iştirakı ilə muzey konservasiyası işlərinə başlanmış, beynəlxalq standartlara cavab verən turizm infrastrukturu şəbəkəsi yaradılmışdır.

YUNESKO–nun tövsiyələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009–cu il 25 may tarixli qərarı ilə İçərişəhəri əhatə edən mühafizə (bufer) zonası yaradılmışdır. Zonanın müəyyən edilməsində əsas məqsəd İçərişəhərin tarixi–mədəni irsinin mühafizəsini, qoruq ərazisində yerləşən abidələrin bədii–estetik görkəmini, onların təhlükəsizliyini, funksional təyinatını və uzunömürlülüyünü təmin etməkdir. Zonada həyata keçirilən işlər qoruğun statusuna, inkişaf konsepsiyasına, ümumi memarlıq kompozisiyasına uyğun olmalı və qoruğun mövcud həcm–məkan ölçülərini pozmamalıdır.

Həyata keçirilən tədbirlarə yüksək qiymət verən YUNESKO–nun Dünya İrsi Komitəsi, 2009–cu il iyunun 22–dən 30–dək İspaniyanın Sevilya şəhərində keçirdiyi sessiyada yekdilliklə İçərişəhərin “qara siyahı”dan çıxarılması barədə qərar qəbul etmişdir. Beləliklə, İçərişəhərin qorunmasına və onun dəyərinın saxlanılmasına hər hansı bir təhlükənin mövcud olmaması artıq beynəlxalq səviyyədə öz təsdiqini tapdı. İçərişəhərə vaxtaşırı səfər edən beynəlxalq ekspertlər müşahidələrinin nəticəsi kimi tövsiyə edirlər ki, Azərbaycan hökumətinin İçərişəhərin qorunması və bərpası ilə bağlı atdığı addımlar, tətbiq olunan idarəetmə modelinin və aparılan bərpa işlərinin metodologiyası, təcrübəsi, icma ilə inkişaf etdirilən ünsiyyət formasında qazanılan uğurlar digər dövlətlər, xüsusən tarixi şəhərlər tərəfindən də öyrənilməli və nümunə kimi qəbul olunmalıdır. Krakov, Amsterdam, Sofiya, Tiflis, Kazan, Korfu kimi şəhərlərin tarixi mərkəzlərinin müvafiq inkişaf planlaşdırılmasında və qorunmasında İçərişəhərin təcrübəsi araşdırılmış, ikitərəfli əlaqələr qurulmuşdur.

YUNESKO–nun Dünya İrs Mərkəzi əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin nəticəsi olaraq İçərişəhər dünyanın Tarixi Şəhər Landşaftı yanaşmasının tətbiqinin sınağı üçün seçilmiş bir neçə şəhərindən biridir. Elə bunun nəticəsidir ki, 2010–cu ildə Bakıda “Bakının şəhər irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq ekspertlərin iştirakı ilə beynəlxalq seminar keçirilmişdir.

“İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsi 2010–cu ildə İçərişəhərə Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı YUNESKO–nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinə müraciət etmış və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

2011–ci ildən etibarən “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsi daha iki beynəlxalq layihədə iştirak edir. Bu layihələrdən biri BMT–nin Ətraf Mühit Proqramı ilə birgə Avropa Komissiyasının Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya şəhərlərinin yerlərinin Razılaşması Proqramı çərçivəsində İcra olunan Davamlı Enerji Planlaşdırılması, digəri isə Qara Dəniz Hövzəsi trans–sərhəd əməkdaşlıq proqramı çərçivəsində Avropa Qonşuluq və Əməkdaşlıq Aləti tərəfindən maliyyələşdirilən “OLKAS: Egey dənizindən Qara dənizə qədər. Şərq dəniz marşrutlarında orta əsr limanları” adlı layihədir.

Bu gün qarşımızda duran başlıca vəzifələr İçərişəhərin memarlığının milli xüsusiyyətləri saxlanılmaqla bərpa edilməsi, dünyaşöhrətli bir məkana çevrilməsi və Azərbaycan xalqının zəngin tarixinin ən gözəl və canlı bir sübutu kimi həm regionda, həm də dünyada tanıdılmasıdır. Bu istiqamətdə atılan ilk addımlardan biri – 2009–cu ildən başlayaraq İçərişəhərin Qoşa Qala Qapısı meydanında “Meydan bazarı” adlı mədəni–kütləvi tədbirlərinin keçirilməsidir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrinin təbliği ilə yanaşı, Bakı sakinlərinin və paytaxt qonaqlarının öz istirahət gününün İçərişəhərdə keçirilməsinin stimullaşdırılmasıdır.

2010–cu ildən etibarən İçərişəhərdə “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir. Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən bu festival Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoymuşdur. Müxtəlif ölkələrdən gəlmış rəssamlar Qız qalasının maketləri üzərində öz dünya görüşlərinə uyğun fərqli mədəniyyətlərin sintezini əks etdirən əsərlər yaradırlar.

İçərişəhərin unikallığı, dünyadakı digər bu cür abidələrdən fərqi ondadır ki, İçərişəhər səhər açılıb axşam bağlanan muzey deyil, canlı bir şəhərdir. 4 minə (1300 ailə) yaxın əhalisi olan İçərişəhərdə 18 otel, bir neçə muzey, 100–dən artıq ictimai–iaşə və ticarət obyekti fəaliyyət göstərir. Aydındır ki, hər bir canlı şəhər hər zaman inkişaf edir, dəyişir. Buranın sakinlən hər zaman yeni arzularla yaşayırlar. Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkanda yaşayır və hər gün də XII, XV, XVIII əsrin abidələri ilə ünsiyyətdə olurlar. İctimai rəyi nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədilə “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğunun hazırkı və keçmiş sakinlərdən ibarət tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən kollegial və məşvərətçi orqan olan Ağsaqqallar Şurası yaradılmışdır.

Son illər ərzində İçərişəhərdə turizm infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşmiş, otellərin, restoranların, muzeylərin, qalereyaların, digər mədəni təsisatların fəaliyyəti ən yüksək səviyyədə təşkil olunmuşdur. Tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilir, yeni görkəm alaraq turist marşrutlarına salınır və turizm məqsədləri üçün istifadə edilir. Bunlardan Məhəmməd məscidi, məktəb–məscid, Sıratağlı dini–memarlıq kompleksi – Xanəgah, Arxeoloji park, Çin məscidi, İkimərtəbəli karvansaray, Kiçik karvansaray, Ağa Mikayıl hamamı bərpadan sonra yenidən şəhərimizin sakinlərini və qonaqlarını sevindirir. Sıratağlı dini–memarlıq kompleksində açıq səma altında “Bədii daşyonma sənəti nümunələri”, Çin məscidində numizmatika muzey ekspozisiyaları, Kiçik karvansarayın içində “Sənətkarlar bağı” (Art Garden) fəaliyyət göstərir. Turist marşrutları üzrə canlı bələdçilərlə yanaşı, beş dildə audiobələdçi xidmətindən də istifadə olunur.

Hazırda şəhərimizin unikal memarlıq incisi olan Qız qalasında muzey konservasiyası işləri gedir. Bu işləri Avstriyanın “Atelyer Erix Pummer” şirkəti zərgər dəqiqliyi ilə həyata keçirir. Konservasiya işləri yeni elmi–texnoloji metodlara əsaslanaraq abidədən bir daş belə qoparmadan, qalanın vizual görüntüsünə xələl yetirilmədən aparılır. Şəhərimizin rəmzi olan bu abidədə konservasiya işləri 2013–cü ilə kimi davam edəcək və qalanın daxilində çox maraqlı elmi–tarixi ekspozisiya yaradılacaqdır.

İçərişəhər bu gün öz tarixi simasını özünə qaytarir. İçərişəhərın ərazisində tarixi araşdırmalar və mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunan arxeoloji materialların zənginliyi nümayiş etdirir ki, İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin maddi və mənəvi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir. Əsrlərdən bizə əmanət qalmış bu zəngin mədəni irsin qorunması hər birimizin vətəndaşlıq borcudur.

 

Mikayıl CABBAROV,

“İçərişəhər” Dövlət Tarix–Memarlıq

Qoruğu İdarəsinin rəisi.

 

Respublika.- 2012.- 26 dekabr.- S. 5.