| “Mən burda özümü doğma Vətənimdə olduğu
kimi hiss edirəm”
Misir Ərəb Respublikasının Bakıdakı yeni konsulu Haitham Calal 2012–ci il avqust ayının sonunda Bakıya gəlib. 18 illik diplomatik karyerası olan Haitham Calal bir sıra qabaqcıl Avropa ölkələrində çalışmışdır. Bizimlə görüş zamanı ölkəmiz haqqında təəssüratlarını bölüşən diplomat Azərbaycana olan böyük ehtiramını, sevgisini belə ifadə etdi:
—Mən bir neçə il Avropada işləmişəm, həmin dönəmdə Azərbaycandan olan bir neçə insanla tanış olmuş, onlardan Azərbaycan haqqında çoxlu maraqlı məlumatlar eşitmişəm. Onlar mənə Azərbaycana aid gözəl şəkillər göstərmişdilər, məndə bu əsrarəngiz ölkəni görməyə böyük maraq yaranmışdı. Sonralar Qahirədə olanda Bakıdakı səfirliyimizdə çalışmaq təklifi aldım, internet vasitəsilə Azərbaycan haqqında bir sıra məlumatlar əldə etdim və sonda razılığımı verdim. Mən bura gələndə Aəzrbaycan xalqının isti, mehriban münasibətindən və təbiətin rəngarəngliyindən çox təsirləndim… Həqiqətən, bura yaşamaq üçün çox gözəl yerdir. Biz dost, qardaş xalqıq.
Dostluq bir dəfinəyə bənzəyir, əsl dostu tapmaq asan deyil.
Burda fikir, ruh yaxınlığı, doğmalığı olmalıdır. Sizi böyük şeylər bağlamalıdır. Dostluq dərin sular üzərindən keçən bir körpüdür.
Mən Misir–Azərbaycan dostluğunu da əsl dostluq, böyük dostluq, qardaşlıq adlandırıram.
Bəzən sual verirlər: “xoşbəxtsinizmi?”
Xoşbəxtlik nisbi anlayışdır və insanlara görə dəyişir…
Mən bir adama kömək edəndə, onun gülər üzünü görəndə özüm də xoşbəxt oluram! Və bütün insanları sağlam, xoşbəxt görmək istəyirəm.
Azərbaycan xalqı xeyirxah, nəcib, sülhsevər olduğu üçün xoşbəxt xalqdır. Bizim Misir xalqı da öz xoşbəxt gələcəyini qurmaq əzmindədir.
Misir özünün eniş və yüksəliş dövrünü keçirməkdədir. Amma o, bütün nəticələrə rəğmən addım–addım demokratiyaya doğru irəliləyir. Misir yer üzündə ən qədim ölkələrdən biri olmaqla yanaşı, böyük, unikal, zəngin tarixə və irsə malik tolerant ölkədir. Misirlilərin müasirliyi, əzmkarlığı gələcəyin çiçəklənməsi üçün bir təkandır.
Mən burda özümü doğma Vətənimdə olduğu kimi hiss edirəm. Burada öyrəndiyim ilk söz “qardaş” sözü olub. Ümumi mədəniyyətimizdə və gündəlik həyatımızda bir sıra ümumi dəyərlər və ənənələr mövcuddur. Azərbaycan xalqı səxavətli, istiqanlı, başqalarının dərdinə yanan humanist xalqdır. Bəzi xırdalıqlar istisna olmaqla bizim ümumi cəhətlərimiz daha çoxdur. Biz zəngin tarixə, qədim köklərə və sivilizasiyaya malik iki qardaş ölkəyik.
Misir və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində mükəmməl əlaqələri var. İki ölkənin qarşılıqlı əməkdaşlığı, güclü və daimi iqtisadi əlaqələri, ticari mübadiləsi mövcuddur. Hər iki ölkə Misir və ya Azərbaycanda təşkil olunan festival və tədbirlərə qatılmaq üçün hər zaman maraq göstərir, xüsusilə də qış aylarında isti günəşdə qızınmaq, Misirin gözəl çimərliklərində istirahət etmək, tarixi yerlərini görmək üçün gələn Azərbaycan turistlərinin sayı günü–gündən artmaqdadır.
Azərbaycanda işləmək mənim üçün böyük təcrübədir və ölkənizdə gedən sürətli inkişaf və müasirləşmənin şahidi olduğum üçün çox şadam. Fikirləşirəm ki, Azərbaycan öz potensial imkanları, ambisiyaları ilə bir neçə ilə dünyanın ən məşhur, qüdrətli ölkələrindən biri olacaq.
Söhbəti
yazdı:
Güləmail
MURAD,
Prezident təqaüdçüsü.
Respublika.- 2012.- 26 dekabr.- S. 4.