| Azərbaycanda ali kitabxanaçılıq təhsili: dünəni,
bugünü
Qloballaşan dünyada hər
bir xalq mədəni
müstəqilliyini təmin edərkən həm də öz bənzərsizliyini qoruyub
saxlamağa çalışır ki, bu da
cəmiyyətin, millətin intellektual, mədəni
potensialının bir yerə cəmləşməsini
zərurətə çevirir. Yalnız bunun
sayəsində fərqli biliklər cəmiyyəti yaratmaq yolu ilə informasiya cəmiyyəti istiqamətində intellektual sahədə, təhsil sahəsində
ciddi irəliləyişə nail olmaq mümkündür.
Mədəniyyətin normal fəaliyyətinin mühüm şərtlərindən biri kitabxanalardır. Kitabxana mədəniyyətin yaddaşının qoruyucusu, mədəni müstəqilliyin təminatçısıdır.
Bu il BDU–da ali kitabxanaçılıq şöbəsinin açılmasının 65, müstəqil kitabxanaçılıq fakültəsinin yaranmasının 50 ili tamam olur. Ölkədə peşəkar kitabxana təhsili, kitabxana kadrlarının hazırlanması prosesi necə gedir? Bu mürəkkəb və çox mühüm peşəyə münasibətdə irəli sürülən müasir tələblərə cavab verən yeni dövr kitabxanaçılarının hazırlanması istiqamətində nə kimi işlər görülür?
Bütün bu məsələlərə Bakı Dövlət Universiteti kitabxanaçılıq–informasiya fakültəsinin dekanı, fizika riyaziyyat elmləri namizədi, dosent Azad Qurbanovla söhbətimizdə aydınlıq gətirməyə çalışmışıq.
Qısa tanışlıq üçün deyək ki, Azad İsa oğlu Qurbanov 1991–ci ildə BDU–nun mexanika–riyaziyyat fakültəsini bitirib. 1992–1995–ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturada təhsil alıb. 1997–ci ildə namizədlik dissertasiyası müdafiə edib, İran, Almaniya, Türkiyə, İordaniya, Rusiya, Özbəkistan və digər ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfransların iştirakçısı olub.
Əmək fəaliyyətinə tələbə ikən başlamış, BDU–nun hesablama mərkəzində texnik, “Tətbiqi riyaziyyat” Elmi–Tədqiqat İnstitutunda elmi işçi, BDU–da aparıcı elmi işçi, İnformatika kafedrasında müəllim, dosent vəzifəsində çalışmışdır.
2002–ci ildə Fransa Respublikasının Nitsa “Sofiya–Antipolis” Universitetində ixtisasartırma kursu keçən Azad Qurbanov 30–dan artıq elmi əsərin, o cümlədən ali məktəb tələbələri üçün 10 kitabın, 6 tədris proqramının müəllifidir.
Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən biri kitabxanaçılıq–informasiya fakültəsidir. Azad müəllim yubiley ərəfəsində bu fakültənin yaranma tarixinə qısa nəzər salaraq dedi:
—Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası 1947–1948–ci tədris ilində BDU–nun filologiya fakültəsinin nəzdində qoyulmuşdur. İlk dəfə fəaliyyətə başlayan kitabxanaçılıq şöbəsinə birinci il cəmi 20 tələbə qəbul olunur. 1955–ci ildə qiyabi Azərbaycan, 1959–cu ildə isə qiyabi rus bölməsi açılır. 1958–ci ildə şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilən kitabxanaçılıq şöbəsi 1962–ci ildə müstəqil fakültəyə çevrilir. 2003–cü ildən isə kitabxanaçılıq–informasiya fakültəsi adlanır.
Fakültənin yaranmasında Azərbaycan Respublikasının əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Azərbaycan Kitabxanaçılıq Cəmiyyətinin prezidenti, kitabxanaçılıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun xidmətləri böyükdür. O, fasilələrlə (1962–1970, 1979–1993) 20 ildən artıq bir dövrdə fakültəyə rəhbərlik etmişdir. Sonrakı dövrlərdə isə professorlar Zöhrab Əliyev və Xəlil İsmayılov fakültənin dekanı olmuşlar. 2012–ci ildən bu məsuliyyətli iş mənə həvalə edilib.
“Bu gün fakültədə hansı istiqamətlər üzrə kadrlar hazırlanır və peşəkar kitabxana təhsilinin səviyyəsi müasir tələblərə cavab verə bilirmi?” sualına o, aydınlıq gətirərək fikirini belə ifadə etdi:
—Hazırda fakültədə 4 ixtisas kafedrası fəaliyyət göstərir: kitabxanaçılıq, biblioqrafiyaşünaslıq, kitabxana resursları və informasiya–axtarış sistemləri, kitabşünaslıq və nəşriyyat işi kafedraları. Həmçinin iki istiqamət: kitabxanaşünaslıq–informasiya və kitabşünaslıq üzrə ali təhsilli kadr hazırlanır.
Onu da deyək ki, Bakı Dövlət Universiteti respublikada kitabxanaşünas–biblioqraf, kitabşünas və nəşriyyat redaktoru hazırlayan yeganə ali təhsil ocağıdır.
Son illər kitabxana işində aparılan dinamik islahatlar kitabxanaların müasir cəmiyyətin həyatında rolunun yüksəlməsinə səbəb olmuşdur. Ölkə miqyasında kitabxana kadrlarının hazırlanması və təkmilləşməsinin normativ, təşkilati və elmi–metodiki əsaslarının yenidən qurulma prosesi başlamışdır. Bu prosesin davamı olaraq indi “Kitabxana–informasiya resursları” istiqaməti üzrə də kadr hazırlanır. Bir sözlə, yeni nəslin ali peşəkar kitabxana təhsilinin standartları yaradılmış, onun proqram, informasiya və texniki təminatı təkmilləşdirilmişdir.
Görülən tədbirlər müasir tələblərə cavab verən yeni dövr kitabxanaçıların hazırlanmasına yönəldilmişdir. Fakültənin maddi–texniki bazası, elmi–pedaqoji potensialı tədrisin dünya standartları səviyyəsində təşkilinə şərait yaradır.
Biz yubileyə ciddi hazırlaşmışıq, ümumiyyətlə, yubiley çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulur.
İlk öncə, onu deyim ki, bununla bağlı hörmətli rektorumuz, akademik Abel Məhərrəmovun müvafiq əmri olub. Biz, ilk növbədə, bu əmrdə qarşıya qoyulan vəzifələrin icrası ilə məşğulluq. Artıq bir neçə MKS–də görüşlər keçirilib və bu istiqamətdə işlər davam etdirilir. İctimaiyyət nümayəndələri, məzunlarımızla keçirilən görüşlər mətbuatda da işıqlandırılır. Bizim bir məqsədimiz də fakültəmizi daha çox təbliğ etməkdir. İstərdik ki, ictimaiyyət, o cümlədən abituriyentlər bizim ixtisasa daha çox maraq göstərsinlər. Yekun tədbiri BDU–nun akt zalında, dekabr ayının sonlarında olacaqdır.
Mən fikrimin əvvəlinə qayıdaraq demək istəyirəm ki, kitabxanaçılıq–informasiya fakültəsində tədrisin təşkilində, elmi–tədqiqat işlərinin aparılmasında ötən illərdə formalaşmış kollektiv mühüm rol oynayır. Belə ki, burada çalışan alimlərin əksəriyyəti təkcə ölkəmizdə deyil, həmçinin dünyanın müxtəlif ölkələrində də tanınır.
Ötən 65 ildə fakültədə 6 mindən çox yüksək ixtisaslı kadrlar hazırlanıb. Hazırda bakalavr pilləsində 464 tələbə, magistr pilləsində 25 magistrant təhsil alır.
1962–ci ildə yaradılan fakültə Elmi Şurasının yüksək ixtisaslı kadr hazırlanması, elmi–tədqiqat və metodiki işlərin aparılması, pedaqoji kadrların seçilib yerləşdirilməsindəki rolu da xüsusi qeyd olunmalıdır.
Fakültədə “Kitabxanaşünaslıq”, “Biblioqrafiyaşünaslıq”, “Kitabxana resursları və informasiya–axtarış sistemləri” və “Kitabşünaslıq” kimi 4 dərnəyi özündə birləşdirən Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.
Məmnunluq hissi ilə deyə bilərəm ki, bu gün fakültəmizin beynəlxalq əlaqələri də genişlənməkdədir. Bu işdə Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının xidmətləri böyükdür. Bu təşkilat dünyanın kitabxana–informasiya fəaliyyəti sahəsində ən böyük beynəlxalq təşkilatı—İFLA–ya Azərbaycandan ilk üzv qəbul edilən təşkilatlardan biridir.
Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf gedir və bu da, öz növbəsində, elmin, mədəniyyətin, xalq təhsilinin inkişafına şərait yaradır. Bu proses respublikamızın informasiya cəmiyyətinə keçidinə zəmin yaratmış olur.
Dövlətimizin başçısı cənab İlham Əliyev cəmiyyətin informasiyalaşdırılmasına yüksək qiymət verir. Biliyin yüksəldilməsini cəmiyyətin inkişafının mühüm amili kimi qiymətləndirən ölkə Prezidenti demişdir: “Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyil, yaxud daha hansısa başqa iqtisadi nailiyyətlər deyil, məhz bilik, məhz savad, yeni texnologiyalardır—bunlar ölkəyə uğur gətirir, inkişaf, müasirlik gətirir”.
Bu mənada təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Müasir kitabxanaçı təkcə bədii ədəbiyyat, elmi çap məhsulları və informasiya ilə əlaqədar oxucu tələbatının bilicisi yox, həmçinin informasiya mədəniyyətinin ötürücüsü, universal elmi biliklərin qoruyucusudur. Biz elə kadrlar hazırlamalıyıq ki, onlar müasir tələblərə cavab vermək iqtidarında olsunlar. İnanıram ki, bu gün 50 illiyini qeyd edən kitabxanaçılıq–informasiya fakültəsinin kollektivi üzərinə düşən vəzifəni layiqincə icra edəcəkdir.
Söhbəti qələmə aldı:
Zümrüd QURBANQIZI,
Respublika.- 2012.- 27 dekabr.- S. 7.