| Qədim kənd
adlarını yaşatmaq lazımdır
Hələ XIX əsrdə həm mətbuatda, həm də Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı sənədlər aktında Qarabağ tarixinə dair saysız–hesabsız materiallar toplanmışdı. Lakin indiyədək tarixçilərimiz bu dövrü tam şəkildə işıqlandırmayıb. Qarabağın tarixinə aid elmi əsərlər vaxtında yazılsaydı bu torpağa göz dikənlərin yanlış yol tutduqları aşkar olardı. Azərbaycanın şimal hüdudları tarixən Dərbənd qalasını, şimal–qərbdə Tbilisini, qərbdə Göyçə gölünü, cənubi–qərbdə Naxçıvan daxil olmaqla Zəngəzur mahalını özündə birləşdirirdi.
Təxminən 75 il mövcud olan Qarabağ xanlığının tarixindən (1747–1822) söz düşəndə deməliyik ki, xanlıqdan əvvəl Səfəvilər dövründə təxminən iki əsr yarım Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliliyi də mövcud olub. Məgər iki yüz ildən artıq monqolların, teymurilərin işğalı altında olan Qarabağda ermənilər yaşayıb? Kürəkçay (1805), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrilə Rusiya tərkibinə daxil edilmiş Qarabağ sonrakı dövrlərdə də Yelizavetpol quberniyasının mühüm hissəsi idi.
XIX əsrdə Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının tarixini işıqlandırmağa meyil gücləndi. Qarabağın əsasını qoyan Pənah xanın əsli və soykökü Cavanşir mahalının Dizaq elindən Sarıcalı oymağındandır. Sarıcalı qədim Bəhmənli elinin bir parçasıdır. Mənim nəslim, köküm də bu elatdandır. Bəhmənli elatı hazırda Bəhrəmli tayfası kimi Qarabağdadır. Bu kənd 1950–ci illərin əvvəllərinə kimi mövcud olub.
Qarabağda Xocavənd rayonu ərazisində Nərgiz təpəsi adlı bir yer var. Bu ərazi hazırda Azərbaycan ordusunun əlindədir. Burada XI–XII əsrlərə aid daş qəbirlər qalmaqdadır. Nərgiz təpəsində olan qəbiristanlıqda Dədə Qorqud dastanında adı çəkilən Qaraca çobanın qəbri yerləşir. Burada Qaraçux adlı bir yer var. Qaraca çobanın qoyunlarını saxladığı qoyun ağılının nişanələri hazırda burada qalmaqdadır. Qaratikan kolu ilə əhatə olunmuş bu yerdə kolun hündürlüyü 5–7 metrə yaxındır. Vaxtilə Qaraca çoban həmin qaratikan kolunu təmizləməklə 300 kvadratmetr sahədə qoyun üçün qoyun ağılı tikmişdir.
Bunları deməkdə məqsədim bu yerlərin qədim azəri torpağı olmasıdır. Qarabağ xanı İbrahimxəlil xanın zövcələrindən biri Bəhrəmli kəndindən olan Xədicə xanım Şəmsəddinski olmuşdur. İbrahimxəlil xanın oğlu Şeyx Əli bəy Bəhrəmli Xədicə xanımın oğludur. Xocavənd rayonunun ərazisi Əli bəyin ixtiyarında olmuşdur.
Bəhrəmli kəndi tarixi baxımından Yuxarı Qarabağda ən qədim yurd yerlərindən biridir. Bunu ermənilər də yaxşı bilirlər. Bəhrəmli kəndinin tarixi Şah Abbas dövrünə qədər olan dövrü əhatə edir.
1950–ci illərin əvvəllərində məkrli, ikiüzlü ermənilər Xocavənd rayonunda azərbaycanlılar yaşayan kəndləri məhv etmək üçün bütün vasitələrdən istifadə etdilər. Xocavənd rayonunun Bəhrəmli (Bəhmənli) kəndinin əhalisini pərən–pərən salaraq qədim yerlərimizi talan və qarət edib, ulu, keçmiş tarixi qaynaqlara söykənən Bəhrəmli yurdunu xarabazara çevirdilər. Bəhrəmli camaatının bir hissəsi Əmirallar, Muğanlı kəndlərinə, bir hissəsi isə başqa–başqa rayonlara üz tutdular.
Qaradağlı, Vənəndəli, Xanlıq, Xocavənd, Hacı Kərimli, Avdallar, Əmirallar, Bəhrəmli, Xanımallar, Cabbarbəyli, Nərgiztəpə, Qaraçux, Muğanlı kimi tarixi kəndlərimizi ermənilər yer üzündən sildilər.
Son dövrlərdə kəndlərimizin
adları dəyişdirilib öz qədim
adlarına qayıdır. Bunu yüksək səviyyədə qiymətləndirərək
və Xocavənd sakinlərinin arzusunu ifadə
edərək xahiş edirəm ki, rayon ərazisində
yerləşən Kropotkino adlı qəsəbənin
adı dəyişdirilərək qədim Oğuz
elinin adlarından olan
Qaraçux adlandırılsın. Bu adın verilməsi bütün
Xocavənd əhalisinin ürəyincə olmaqla
bizim əcdadlarımızın adına böyük hörmət, ehtiram
olardı.
M.BALAKİŞİYEV,
AZETHİ–nin direktoru, Kənd təsərrüfatı
üzrə fəlsəfə doktoru.
Respublika.- 2012.- 27 dekabr.- S. 7.