|
ƏLİNDƏ QƏLƏM DÖYÜŞÇÜ
Qarabağ uğrunda
müharibənin iştirakçısı,
yazıçı–jurnalist Vüqar Əsgərovun
döyüşü davam
edir; indi də əldə
qələmlə. Bu cəbhədə onun dördüncü “qələbəsi”
“Sinəmdə yurd dağı var” kitabıdır. Bir neçə ay öncə işıq üzü
görmüş bu kitab “Araz” nəşriyyatında
çap olunmuşdur
və “Azərbaycan Bayrağı” ordeni,
“Vətən uğrunda” medalı ilə təltif
edilmiş Məmmədov Bilal
Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla
dolu döyüş
yollarından bəhs edir.
Öncədən qeyd edək ki, kitab ancaq bir igidin həyatında qapılıb qalmır, Aran Qarabağla Dağ Qarabağın “sərhəddi” olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açır.
Portret oçerklər silsiləsini xatırladan kitabın maraqla oxunmasının əsas səbəbi müəllifin həmin odlu–alovlu illərin içində səngər həyatı yaşamasından irəli gəlir. Başqa sözlə, müəllif ya özünün şəxsən iştirak etdiyi döyüşlər və onun iştirakçıları barədə yazmış, ya da regionda gedən başqa döyüşün iştirakçısı ilə üzbəüz oturub söhbət etdiklərini kağıza köçürmüşdür. Maraqlısı bir də odur ki, oçerklərdə adları çəkilən şəhər və kəndlərimizin əksəriyyəti haqqında yeri düşdükcə ya statistik, ya da tarixi faktlar xatırlanır.
Ümumiyyətlə, “Qarabağ mövzusu”nda qələmə alınan bəzi publisistik yazılarda müəyyən pafos hiss olunur, lakin “Sinəmdə yurd dağı var” kitabı barədə bunu demək olmaz. Döyüş səhnələri real savaş ovqatı yaradır, hətta müəllif “könüllü” komandirlərin səriştəsizliyi ucbatından hərbi taktikada bəzən buraxılan səhvləri də yerindəcə elə təqdim edir ki, oxucu onların qəsdən edilmədiyinə inanır. Məsələn belə: “Şəhid olan əsgər dəfn olunarkən düşmən hücum edib mövqelərimizi tutdu”, “Döyüş planına görə öncə artilleriya hazırlığı aparılmalı, sonra üç istiqamətdə hücum edilməli idi. Lakin piyadalar mövqelərini tutub gözləsələr də artilleriyamız susurdu” və s.
Heç şübhəsiz ki, bu kitab vətəndaşımızın elsevərlik ruhunda tərbiyəsində dəyərli rol oynayacaq. Çünki onu “daş ürəklə” oxumaq mümkün deyil. Axı, “Natiq çantasındakı bir parça çörəyi çıxarıb, düz otuz beş hissəyə bölüb payladı”, “Hər əsgərimiz paltarının altında olsa belə Azərbaycan bayrağını gəzdirirdi ki, Xankəndinə bayrağı o sancsın”, yaxud “Baba (Bilalın cəbhədəki ləqəbi.– red.), sənə qurban olum, mənim körpə balam var, gəlsənə bu əməliyyatı sən idarə edəsən. Bilal bir söz deməyib ətrafındakı döyüşçüləri nəzərdən keçirdi” kimi portret xarakterli, “Ağdərənin bütün kəndlərini nəzarətdə saxlayırdıq. Hər an Xankəndinə girmək əmrini gözləyirdik. Lənət olsun namərd, xain insanlara! Bütün ordunu və canlı qüvvəni Aydoğan, Qızılqaya, Vəng yüksəkliklərindən çıxarmağa başladı” kimi acı etiraf–cümlələri necə sakit oxumaq olar?!
Kitabda kino–ssenari effekti hiss olunur. Hətta oradakı materiallar
əsasında çox
maraqlı bədii–sənədli
film də çəkilə
bilər. “Daşbaşı” əməliyyatı”,
“Ağır və təhlükəli əməliyyat”,
“Minalanmış ərazi”
başlıqlı oçerklər
bu xüsusiyyəti daha qabarıq nəzərə çarpdırır.
Vaxtilə müxtəlif mətbuat orqanlarında Sırxavənd
ətrafındakı döyüşlərin
gedişi və onun aslan oğulları
barədə yazılar
çap edilmişdir. V. Əsgərov o yazıları
yeni kitabının kompozisiyasına uyğun zövqlə seçərək
“Mətbuatın dili ilə” rubrikası altında təqdim etmişdir.
“Sırxavənd şəhidləri”
bölməsi və “Döyüşlərdən bir
xatirə” foto–dəftərçədə
sistemləşdirilərək çap olunmuş materiallar da kitabın ümumi mövzusunu dolğunlaşdıran
cəhətlərdən biri
kimi qəbul edilə bilər.
Beləliklə, müəllif forma və məzmun vəhdəti ilə bir qəhrəmanımızın
keçdiyi odlu–alovlu yolun işığında,
ümumiyyətlə, Qarabağ
savaşının koloritini,
ağrı–acısını canlandıra bilmişdir.
Elçin VƏlƏdoğlu,
Respublika.-2012.- 27 dekabr.- S. 7.