“Respublika Elmi Tədqiqatların
Təşkili və Əlaqələndirilməsi
Şurası” işığında
Milli müstəqilliyimizin
bərpa edilməsindən ötən iyirmi il ərzində Azərbaycanda
bütün sahələrdə misli görünməmiş
inkişaf baş vermişdir. Bu gün ölkəmiz
dünyada öz uğurları ilə tanınır. Sovet
imperiyası dağıldıqdan sonra keçid dövründə
yaranmış böhran bir sıra sahələrdə müəyyən
anlaşılmazlıqlara səbəb oldu. Bu hadisə Azərbaycan
Elmlər Akademiyasının “Dünya ədəbiyyatının
inkişaf qanunauyğunluqları problemi üzrə elmi
şurası”nın fəaliyyətinə də təsirsiz
qalmadı.
1985–2004–cü illərdə Ədəbiyyatşünaslıq üzrə Əlaqələndirmə Şurası tamam unuduldu. Hətta o zaman Akademiyanın ictimai elmlər üzrə elmi katibinə bu barədə müraciət edəndə, güman ki, səriştəsizliyi üzündən sağ əlini havada yelləyib dedi: “koordinasiya öldü”. Amma o, deyən kimi olmadı. Bütün ali məktəblərdə namizədlik və doktorluq müdafiə şuraları, eləcə də Ali Attestasiya Komissiyası fəaliyyətini davam etdirdiyinə görə, Əlaqələndirmə Şurasının elmi katibi kimi institutlardan göndərilən aspirant, dissertant və doktorantların elmi mövzularını qeydə alıb müdafiə etmələri üçün çıxarış vermək məcburiyyətində qaldım. 19 il beləcə davam etdi… Respublikada ədəbiyyatşünaslıq elminin durumu, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi prosesi və ona nəzarət heç kəsi maraqlandırmadı. Hətta bu dövrdə Akademiyanın Şərqşünaslıq və Ədəbiyyat institutlarında bir neçə şöbə bağlandı.
Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbi əlaqələr şöbəsi, Nizami şöbəsi və Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi heç bir səbəb olmadan cənab Əbülfəz Elçibəy siyasətinin güdazına getdi.
(Xatırladım ki, Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsi ötən əsrin 70–ci illərində Xalq yazıçısı, akademik Mirzə İbrahimovun təklifi ilə Ümummilli lider Heydər Əliyevin şəxsən göstərişi ilə yaranmışdı. Mirzə İbrahimov şöbə müdiri, mən isə müdirin müavini idim. Müdiriyyət şöbənin bağlanmasını Mirzə İbrahimovdan gizlin saxlayırdı. 1993–cü ilin dekabr ayında Mirzə İbrahimov dünyasını dəyişdi. Əməkdaşlar şöbənin bərpası uğrunda çarpışsalar da, bu, yalnız Heydər Əliyevin hakimiyyətə ikinci gəlişindən sonra onun bilavasitə göstərişi ilə baş tutdu. O vaxtdan şöbə əməkdaşları ulu öndərə minnətdarlıq hissi ilə Mirzə İbrahimovun layihəsi əsasında Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi ilə məşğuldurlar).
1968–ci ildə Nizami adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilmişdim. Mənə ictimai əsaslarla Azərbaycan EA–nın “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə elmi şura”nın elmi katibliyini də tapşırdılar. Bu, çətin, məsuliyyətli, çox vaxtaparan iş idi. O zaman Əlaqələndirmə Şurasına Akademiya prezidentinin müavini, akademik Məmməd Arif Dadaşzadə rəhbərlik edirdi. Məmməd Arif müasir ədəbiyyatşünaslıq və ədəbi–tənqidi fikrin görkəmli xadimi, sözün həqiqi mənasında, milli ədəbiyyatımızın patriarxı, necə deyərlər, “ağır artilleriyası” kimi tanınırdı. Hamı ilə ünsiyyətdə mülayim, səmimi görünən bu ağır təbiətli, ciddi adam iş zamanı son dərəcə tələbkar, intizamlı olduğuna görə əməkdaşları da həmişə səfərbər vəziyyətdə can–dildən çalışırdılar.
Azərbaycan Elmlər Akademiyasının prezident müavini, akademik Məmməd Arif gərgin iş rejiminə baxmayaraq, Əlaqələndirmə Şurasına sədrlik vəzifəsini ləyaqətlə yerinə yetirir, elmi və təşkilatçılıq bacarığı ilə hamının diqqətini bu taleyüklü problemin yüksək həllinə doğru yönəldirdi.
Respublikanın ali məktəblərinin ədəbiyyat kafedralarında, Ədəbiyyat İnstitutunda, Ədəbiyyat Muzeyində tədqiqat işləri, elmi mövzular, namizədlik və doktorluq dissertasiya mövzularının vaxtında müzakirə və təsdiqi, hesabatların vaxtında hazırlanması akademik Məmməd Arifin diqqət mərkəzində idi. Hər il 3–4 dəfədən az olmayaraq Əlaqələndirmə Şurasının bütün üzvləri (ali məktəblərin ədəbiyyat kafedralarının müdirləri, Ədəbiyyat İnstitutunun şöbə müdirləri və s.) Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında akademik Məmməd Arifin iş otağına toplaşırdılar.
Əlaqələndirmə Şurasına doktorluq və ya namizədlik mövzularını təsdiq etdirmək üçün sənədləri göndərilənləri də iclasa dəvət edirdik. İlk növbədə kafedra və şöbə müdirləri görülən elmi işlərin vəziyyəti barədə iclasda məlumat verir, öz hesabatlarını təqdim edirdilər.
Sonra dissertant, aspirant və doktorantlar iclasa bir–bir dəvət
olunurdular. Mən onların qovluğunu açıb dissertant,
onun elmi mövzusu, elmi rəhbəri barədə məlumat
verirdim, bundan sonra mövzunun planı, hətta adı və fəsilləri
müzakirə edilirdi.
Müzakirə zamanı mövzu təsdiq olunur və ya
dəyişdirilir, bəzi hallarda təkmilləşdirilməsi
üçün saxlanırdı. Mən elmi katib kimi
bunları ayrıca qeyd edirdim. Kimin
mövzusu təsdiq olunurdusa, bir həftə ərzində
xüsusi rəsmi blankda mənim imzamla protokoldan
çıxarış verirdim. Bu sənəd
onların müdafiəyə buraxılması
üçün vacib idi.
İclaslarda akademik Məmməd Arif
çıxışları diqqətlə dinləyir,
ümumi rəy əsasında qəti fikrini deyirdi. O, öz
çıxışlarında elmi qüvvələri milli ədəbiyyatşünaslıq
elminin ən vacib problemlərinin dərindən öyrənilməsinə
yönəldərdi.
Akademik Məmməd Arifin təkidli tələbinə
görə hər həftənin birinci günü saat 10–da
onunla kabinetində görüşməli idim. Elmi işlər,
növbəti iclasda müzakirə ediləcək məsələlərə
hazırlıq barədə söhbətimiz olurdu. O
tapşırmışdı ki, hansı vaxt ümumi iclas nəzərdə
tutulursa, mənə vaxtından bir neçə gün əvvəldən
xəbər ver. Bir də deyirdi: ümumi Akademiya üzrə
Əlaqələndirmə Şurasının elmi katibi Raya
xanım İmanzadəyə öz hesabatımızı yubatmayaq.
“Hazırla, hesabatı birlikdə baxaq,
vaxtında təhvil verək, inciməsin”.
Cari məsələlər isə Ədəbiyyatşünaslıq
üzrə Əlaqələndirmə Şurasının
bürosunda müzakirə olunurdu.
Akademik Məmməd
Arifin vəfatından sonra AEA–nın Rəyasət Heyəti
Əlaqələndirmə Şurasının sədrliyini
Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru akademik Məmməd Cəfərə
tapşırdı. Akademik Məmməd Cəfər
görkəmli ədəbiyyatşünas alim və tənqidçi
olmaqla yanaşı, milli ədəbi irsin kamil bilicisi idi.
Ona görə də Əlaqələndirmə
Şurasında icraçı elmi katib kimi onunla işləməyim
çətin olmadı. Xaraktercə səmimi,
qayğıkeş olan Məmməd Cəfər müəllim
də elmi mövzuların təsdiqində son dərəcə
diqqətli idi, çalışırdı ki, aspirant, doktorant
və dissertantlara tədqiqat xarakterli, elmə yenilik gətirə
bilən mövzular verilsin. İşlənmiş
mövzuların yeni adla təsdiqinə imkan verməzdi.
1981–ci ildə akademik Məmməd Cəfər səhhətinə
görə institutun direktorluğu vəzifəsini tərk
etdi. Əlaqələndirmə Şurası sədrliyinə
institutun yeni direktoru, AEA–nın müxbir üzvü, professor
Əziz Mirəhmədov təyin olundu. Görkəmli tədqiqatçı,
mətnşünas alim Əziz Mirəhmədov institutda
direktorluq etdiyi beş il onunla işlədik.
Əziz Mirəhmədov
düşünürdü ki, bəlkə elmi mövzular
kafedralarda, elmi müəssisələrdə deyil, yalnız
Ədəbiyyat İnstitutunda verilsin, sonra təsdiq
üçün Əlaqələndirmə Şurasında
baxılsın. Əlbəttə, bu, onun
özünəməxsus tələbkarlığından irəli
gəlirdi. Lakin məsələyə
subyektiv yanaşma qeyri–mümkün idi. Əziz
Mirəhmədov sonra etiraf etdi ki, Ədəbiyyatşünaslıq
üzrə Əlaqələndirmə Şurasının məhz
Ədəbiyyat İnstitutuna tapşırılması bu elm
ocağına böyük etimad deməkdi.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycan Milli Elmlər
Akademiyasının statusu və Nizamnaməsi haqqında
2003–cü il yanvarın 4–də imzaladığı fərmanlar
“Akademiyaya ölkəmizdə elmin inkişafını təşkil
və təmin edən, müstəqil ölkəmizin elmi və
elmi–texniki siyasətini həyata keçirən, Azərbaycan
Respublikasındakı bütün elmi müəssisə və
ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən
və istiqamətləndirən, Azərbaycanı xarici ölkələrdə
elmi fəaliyyət sahəsində təmsil edən ali
dövlət təşkilatı statusu vermişdir. Beləliklə,
Azərbaycan Milli Elmlər Akademiyası dövlətin
elmi–texniki siyasətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanına çevrilmişdir” (Bax: “Elm” qəzeti,
23 dekabr 2004–cü il, səh. 6).
Məhz
bundan sonra AMEA–nın Rəyasət Heyəti elmi müəssisə
və ali məktəblərin elmi tədqiqatlarının
fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək
məqsədilə 2004–cü il fevralın 11–də “Respublika
Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurası” yaradılmasını qərara almış, təxminən
səkkiz aydan sonra (6 oktyabr 2004–cü ildə) şuranın əsasnaməsi
təsdiq edilmişdir.
Bu əsasnamədə
“Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurası”nın əsas vəzifələri,
funksiyaları, hüquqları və idarə olunması əksini
tapmışdır. Buradan
göründüyü kimi, Əlaqələndirmə
Şurası ölkəmizin elmi tədqiqat və təhsil
müəssisələrində, bütün elm sahələrində,
həmçinin humanitar və ictimai elmlər sahəsində
aparılan fundamental tədqiqatların istiqamətlərini və
əsas problemlərini müəyyənləşdirir.
Eyni
zamanda, elmi tədqiqat işlərinin cari və uzunmüddətli
planlarının hazırlanmasına, onların icra edilməsinə,
istiqamətlər və problemlər üzrə müəyyən
edilməsinə nəzarət edir; dünya təcrübələrini
öyrənir, yayır və tətbiq edir, problem
şuralarına elmi–metodiki rəhbərliyi həyata
keçirir; elmin mühüm istiqamətləri üzrə
ali təhsilli mütəxəssislərin və elmi
kadrlarının hazırlığına diqqət yetirir,
onların simpozium, konfrans, seminar və sessiyaların həyata
keçirilməsini təşkil edir.
Əlaqələndirmə Şurası aktual olmayan tədqiqatları
plandan çıxarmaq hüququna da malikdir; Əlaqələndirmə
Şurası çevik idarəetməni həyata keçirmək
üçün büro təşkil edir.
“Respublika
Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurası” Azərbaycan MEA–nın elmi bölmələri nəzdində
elmin istiqamətləri üzrə problem şuraları
yaratdığı zaman (23 noyabr 2004–cü il) qərara
alındı ki, Problem şuraları “Fundamental və tətbiqi
tədqiqatların mühüm istiqamətlərinin müəyyənləşdirilməsi,
elmi tədqiqat planlarının işlənməsi, elmi tədqiqatların
yekunlarına dair hesabatların müzakirəsi, yüksək
kadrların hazırlanması və Əlaqələndirmə
Şurasının əsasnaməsində nəzərdə
tutulmuş digər vəzifələrin həyata keçirilməsində
yaxından iştirak etsinlər”.
Ölkəmizin ictimai–siyasi və sosial həyatında
ciddi dönüş baş verdiyi indiki dövrdə elmi tərəqqinin
ahəngdar inkişafı son dərəcə vacib olmuşdur. Texnikanın,
təhsilin, mədəniyyətin və incəsənətin
müasir tələblərə uyğun ahəngdar
inkişafı elmi–texniki mədəniyyətin qorunub
saxlanması və dünya təcrübəsindən
faydalanmaqla yanaşı, daha çox elmi tərəqqiyə əsaslanır.
Ona görədir ki, ölkə
başçısı yüksək ixtisaslı elmi və
elmi–pedaqoji kadrların hazırlanması məsələsinə
xüsusi diqqətlə yanaşırdı. Dövlət müstəqilliyimizin bərpa edilməsinin
ilk illərindən Ali Attestasiya Komissiyası (AAK) kimi qurumun
yaradılması da bu qayğının nəticəsi idi.
“Özünəməxsus
müdriklik və uzaqgörənliklə AAK–ın müstəqil
dövlətimizdəki rolunu dərindən və hərtərəfli
dərk edən ümummilli liderimiz Heydər Əliyev bu qurumun
statusunu yüksəltmək məqsədilə 6 yanvar
1994–cü il tarixdə xüsusi fərman
imzaladı və bu qurum Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyası adlanmağa
başladı” (Bax: “Respublika” qəzeti, 18 noyabr 2011–ci il).
Bu qurumun
fəaliyyətini tənzimləmək məqsədilə
2003–cü il fevralın 21–də ümummilli lider Heydər
Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyası haqqında” və “Alimlik dərəcələrinin
və elmi adların” verilməsi qaydaları haqqında” əsasnamələri
təsdiq etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ulu öndər Heydər Əliyevin bu istiqamətdə
apardığı ardıcıl, məqsədyönlü və
müdrik siyasəti uzaqgörənlik və
qayğıkeşliklə davam etdirdi.
2011–ci il aprelin 26–da möhtərəm İlham
Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının illik
ümumi yığıncağında geniş və dərin
məzmunlu nitq söyləməsi, mövcud problemlərin
tezliklə həll olunmasına və dövlət büdcəsindən
maliyyələşdirilən elmi tədqiqat müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılmasına köməyi elm sahəsində
böyük canlanmaya səbəb oldu. Prezident
İlham Əliyevin ardıcıl diqqət və
qayğısını göstərən sərəncamları
Akademiyada elmin bütün sahələrində davamlı
inkişafa, böyük nailiyyətlərə yol
açdı.
Milli Elmlər Akademiyasının Şəki, Lənkəran
regional elmi mərkəzlərinin, Gəncə,
Naxçıvan şəhərində Elmi bölmələrinin,
eləcə də bir sıra təşkilatların
yaradılması ölkəmizdə elmi tədqiqatlara yüksək
qayğı və diqqətin göstəricisidir.
Bütün bu kompleks tədbirlər Azərbaycan elminin
beynəlxalq elm məkanına inteqrasiyasını sürətləndirməyə,
dünyada onun nüfuzunun yüksəlməsinə, eyni
zamanda, davamlı inkişafına zəmin yaradır. Perspektivlər
üçün yaranan şərait elmi müəssisələr
və ali təhsil müəssisələri
qarşısında ciddi vəzifələr qoyur. Bu elm ocaqlarında, ilk növbədə, zəkalı,
saf, bacarıqlı elmi kadrların hazırlanmasına vicdanla
yanaşılmalıdır. Elm müqəddəsdir,
murdarlıq sevmir. Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri,
AMEA–nın həqiqi üzvü Arif Mehdiyev “Müstəqil Azərbaycanda
yüksək ixtisaslı elmi kadrların hazırlanması”
adlı dərin məzmunlu proqram məqaləsində gənc
tədqiqatçının alimlik dərəcəsi alanadək
keçdiyi yolda şəffaflığın vacibliyini önə
çəkir, mövcud qüsurların aradan
qaldırılmasını tələb edir, məsuliyyətli
və çətin prosesin ümumi mənzərəsini,
attestasiya işinin mexanizmini təsvir etməklə alimlər
ordusunu öz mövqeyində obyektiv, təmkinli olmağa
çağırır. O yazır: “…alimlər ordusu bu və
ya başqa şəkildə elmi prosesdə iştirak edir: kimi
elmi rəhbər və ya elmi məsləhətçi kimi,
kimi mövzunu elmi şuranın üzvü kimi, kimi mövzunu
qeydiyyatdan keçirən Problem şurasının
üzvü kimi, kimi doktorantların və dissertantların
illik attestasiya prosesində bir iştirakçı və ya
komissiya üzvü kimi, kimi jurnal redaksiyalarının
üzvü kimi, kimi doktorluq imtahanlarını götürən
komissiyaların üzvü kimi, kimi dissertasiya
şurasının üzvü kimi, kimi opponent kimi və s.
Buradan göründüyü kimi, elmi və elmi–pedaqoji
kadrların attestasiya işləri hələ AAK–a gəlib
çıxana qədər çoxsaylı iclaslardan, alimlər
ordusunun uzun müzakirələrindən və yazılı rəylərdən
keçir. Bu məsələlərdə biz respublika alimlərinin
fədakar və gərgin əməyini yüksək dəyərləndiririk.
Elmi və elmi–pedaqoji kadrların
attestasiyasına gətirib çıxaran yolda şəffaflığın
təmin olunması artıq yüksək vətənpərvərlik,
dövlətə sədaqət, məsuliyyət, vicdan,
obyektivlik, ədalət kimi mənəvi dəyərlərlə
müəyyən edilir”.
İqtibası bütöv yazmaqda məqsədim elmi
işçinin ərsəyə gəlməsi, elmi dərəcə
alması üçün elmi ictimaiyyətin etibar etdiyi nə
qədər elm xadiminin iştirak etməsi barədə oxucuda
tam təsəvvür yaratmaqdır.
Mötəbər alimlərin arasında “yüksək
insani dəyərlərdən uzaq olan və çirkin əməllərlə
məşğul olan”ları bağışlamaq olmaz. Elmi dəyərləri
“bazara çevirən”, plagiat, özgəsinin tədqiqat əsərinin
cümlələrini dəyişdirməklə mənimsəyən
üzdəniraq “elmi işçilərə” və onlara himayədarlıq
edənlərə haqlı olaraq cəza, ictimai tənbeh tətbiq
edilir.
Akademik
Arif Mehdiyev haqlı olaraq yazır: “…yüksək ixtisaslı
elmi və elmi–pedaqoji kadrların attestasiyasına gətirib
çıxaran prosesin keyfiyyəti və şəffaflığı
respublika elmi ictimaiyyətinin və onun alimlər ordusunun hər
bir nümayəndəsinin bu ümumdövlət və
ümumxalq işinə nə dərəcədə ciddi
yanaşmasından asılıdır” (Orada, səh. 10).
Yeri gəlmişkən,
xatırlatmağı özümə borc bilirəm ki, hər
bir elmi rəhbər və ya elmi məsləhətçi,
elmi şuranın problem şurasının və müdafiə
şurasının üzvləri, opponentlər akademik Arif
Mehdiyevin dərin məzmunlu məqaləsini oxusunlar, bu,
ümumi işin xeyrinə olardı, onlar öz işlərində,
güman ki, ənənəvi hala, problemə çevrilən
qüsurlara yol verməzlər. Çünki bu
alimlərin elmi və elmi–pedaqoji kadrların attestasiyasına
(AAK–a) qədər dissertant və ya doktorantla əlaqəli
işi bir–biri ilə bağlıdır.
Məlumdur ki, bu elmi prosesin ayrılmaz, mən deyərdim
ki, ən vacib mərhələlərindən biri də Problem
şurasıdır.
Ədəbiyyatşünaslıq
üzrə Problem Şurası bir qurum kimi ədəbi irsin tədqiqi,
ədəbiyyatşünaslığın və tənqidi
fikrin dərindən araşdırılması ilə məşğul
olan elmi müəssisələrin, ali məktəblərin
bu sahədə gördükləri işləri əlaqələndirir
və istiqamətləndirir. Ona görə belə
bir qurumun rəhbərinin və onun üzvlərinin elmi təfəkkürlü
və təcrübəli mütəxəssis olması zəruridir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti bu qurumun tərkibinə (vəzifəsi, elmi dərəcəsi
olmasına baxmayaraq) səriştəsiz elmi işçilərin
daxil olmasına yol verməməlidir.
Humanitar və
ictimai elmlər bölməsi nəzdində ədəbiyyatşünaslıq
üzrə problem şurası yarananda Ədəbiyyat
İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev sədr, BDU
filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru,
professor Qara Namazov sədr müavini, Ədəbiyyat
İnstitutunun şöbə müdiri, filologiya elmləri
doktoru, professor Teymur Əhmədov elmi katib (31 nəfər
üzv) təsdiq olundu.
2004–2011–ci illərdə ədəbiyyatşünaslıq
üzrə Problem şurasında işlər düzgün
aparılmadı. Problem şurası Əlaqələndirmə
Şurasının qarşıya qoyduğu vəzifələri
layiqincə yerinə yetirmək iqtidarında olmadı. Sədr şura üzvlərinin tam tərkibdə
toplaşmadığı iclaslarında institutlardan və elmi
müəssisələrdən göndərilən
mövzuları başdansovdu təsdiq etməklə öz
işini bitmiş hesab etdi. Ona görə
də elmi katib kimi iclaslara getməkdən imtina etdim.
Təəccüblüdür ki, Əlaqələndirmə Şurası, eləcə də Humanitar və ictimai elmlər bölməsi Ədəbiyyatşünaslıq üzrə Problem şurasında qayda–qanun yaratmaq əvəzinə uzun müddətdən sonra onu AMEA Rəyasət Heyətinin tabeliyinə aparmaq əvəzinə Ədəbiyyat Muzeyinə köçürdü.
Zənnimcə, bu, yanlış qərar idi. Ədəbiyyatşünaslıq üzrə Problem şurasının elmi potensialı, güclü bazası olan 80 yaşlı Ədəbiyyat İnstitutunda saxlanılması daha məqsədəuyğun olardı.
Ədəbiyyat İnstitutunda milli ədəbiyyatın, qədimdən bugünədək, bütün dövrünü əhatə edən şöbələrdə görkəmli alimlər çalışırlar. Bir nəfərin bacarıqsızlığı ucbatından Əlaqələndirmə Şurasının Ədəbiyyatşünaslıq üzrə Problem şurasına bu münasibəti anlaşılmazdır.
Əgər Əlaqələndirmə Şurası ədəbiyyatşünaslıq üzrə Problem şurasının əsasnamə və qərarında qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməsini istəyirsə, onun Ədəbiyyat İnstitutuna qaytarılması qayğısına qalmalıdır.
Oxucuların nəzərinə çatdırmaq istərdim ki, akademiklərin – Məmməd Arif, Məmməd Cəfər, Əziz Mirəhmədov kimi elm xadimlərinin sədrlik etdikləri illər (40 ildən artıq müddətdə) “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi şurası”nın elmi katibi olmuşam. Müstəqillik dövründə ədəbiyyatşünaslıq üzrə Problem şurasının vəziyyəti məni narahat etdiyinə görə AMEA–nın Əlaqələndirmə Şurasının sədri, prezident Mahmud Kərimova və sədr müavini akademik Asəf Nadirova müraciət etməyi özümə vətəndaşlıq borcu bilirəm. İnanıram ki, onlar bu taleyüklü məsələni ədalətlə həll edib Ədəbiyyatşünaslıq üzrə Problem şurasını Əlaqələndirmə Şurasının əsasnamə və qərarlarından irəli gələn vəzifələri tam yerinə yetirməyə yönəldə biləcək qüdrətinə malik olan Ədəbiyyat İnstitutuna qaytaracaqlar.
Teymur ƏhmƏdov,
professor.
Respublika.- 2012.- 27 dekabr.- S. 5.