| KİTABLARIN
İZİ İLƏ
Azərbaycan
dünyanın ən qədim yaşayış məskənlərindən
biridir və burada yaşayan insanlar çox zəngin mədəniyyət
yaratmışlar. Bu mədəniyyətin
müxtəlif aspektlərinin öyrənilməsinə, tədqiq
olunmasına indiki dövrdə, qloballaşan dünyada
çox böyük önəm verilməlidir. Çünki
Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq
səviyyəyə çıxması, onun həlli məsələlərinin
mürəkkəbləşməsi Azərbaycanın
tarixini, mədəniyyətini, dilini öyrənməyi, tədqiq
etməyi zərurətə çevirir.
Azərbaycanın ümummilli lideri
Heydər Əliyevin fikri bu mənada xüsusi əhəmiyyət
kəsb edir: “Bizim tarixçilər XX əsrdə çox
işlər görüblər. Ancaq mən cəsarətlə
deyə bilərəm ki, hələ ki Azərbaycanın,
xalqın, ümumiyyətlə bu torpağın, ölkənin
tarixi lazımi səviyyədə öyrənilməyib, tədqiq
olunmamışdır. Bu sahədə çox böyük
işlər görülməlidir. Bununla onu demək istəyirəm
ki, Azərbaycan nadir bir ölkədir, nadir bir ərazidir, bəşər
tarixində Azərbaycan bir ərazi kimi, bir ölkə kimi və
Azərbaycan xalqı bir xalq kimi böyük tarixi proseslərin
iştirakçısı olubdur.
Biz indi, müstəqil Azərbaycanda ölkəmizin, torpağımızın sahibi olduğumuz halda gərək bu qədim, çox zəngin tariximizi araşdırıb meydana çıxaraq, xalqımızın o dərin köklərini elmi sübutlarla, elmi əsaslarla həm öz xalqımıza çatdıraq, həm də dünyaya göstərək ki, bu xalqın kökü hardandır və Azərbaycan bir ölkə kimi bəşər tarixində hansı yeri tutur. Ancaq biz bunu indiyə qədər göstərə bilməmişik.
Müstəqilliyimizin son illərində, xüsusilə 2000–ci ildən sonra Azərbaycanın ümumiyyətlə tarixini, ərazisini, adət–ənənəsini, dilini, yazısını, əlifbasını, etnoqrafiyasını öyrənmək, tədqiq etmək sahəsində xüsusi fəallıq göstərmiş və bir sıra elmi məqalələr, kitablar, monoqrafiyalar yazaraq Azərbaycan, rus, ingilis və digər dillərdə çapdan buraxmışlar: Azərbaycan dilçilərindən Əjdər Fərzəlinin “Gəmiqaya – Qobustan əlifbası” (2003), “Gəmiqaya–Qobustan mədəniyyəti (e.ə.VIII – V minilliklər)” (2008), “Gəmiqaya–Qobustan mədəniyyətinin işığında” (2010); fil.e.dok., professor Qara Namazovun “C.Çörçvodun tarixi kəşfləri” (2011); Zabit Babayevin “Ermənilər və haylar. Erməni problemi” (2012); İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” (2012); Fikrət Rzayevin “Söz” (2012), “Söz konstrukturluğu” (2012) və s. Bu cür kitablar çox ciddi elmi araşdırmalara söykənir və Azərbaycanın bu istiqamətdə öyrənilməsi üçün müəyyən yollar açır.
Doğrudur, bu cür kitablar son onillikdə onlarladır. Amma Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ probleminin daha da mürəkkəbləşməsi
bu cür tədqiqat işlərinin geniş şəkildə
aparılmasını və müxtəlif dillərə tərcüməsini
və nəşrini zərurətə çevirir. Azərbaycan Prezidenti İlham Əliyevin Diplomatik xidmət
orqanları rəhbərlərinin IV müşavirəsindəki
nitqi də problemin sistemli və ardıcıl şəkildə
davam etdirilməsini qarşıya qoymuşdur. Ölkə
başçısı müşavirədəki nitqində
demişdir: “Xarici siyasətlə bağlı ölkə
qarşısında duran əsas vəzifə, əlbəttə
ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsidir. Bu, nəinki xarici siyasətdə, ümumiyyətlə
ölkə qarşısında duran əsas məsələdir.
Bildiyimiz kimi, məsələ uzun illərdir öz həllini
tapmır, ədalət, beynəlxalq hüquq normaları
pozulur və bu ədalətsizlik davam edir…
Mən məsələnin tarixi aspekti haqqında dəfələrlə
fikrimi bildirmişəm, müvafiq göstərişlər
vermişəm, o cümlədən bizim alimlərə ki, məsələnin
tarixi aspektinə dair tutarlı arqumentlərlə zəngin
yeni kitablar dərc edilsin. Bu istiqamətdə də
işlər gedir və araşdırmalarımız, əsərlərimiz
həqiqəti əks etdirir, yəni, tarixi həqiqət
üzərində qurulmuşdur. Məsələnin
tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi
qurumları vasitəsilə dünyada belə bir rəy
formalaşdırmağa çalışırlar ki,
Dağlıq Qarabağ qədim erməni torpağıdır
və erməni xalqı əsrlər boyu bu torpaqda
yaşamışdır. Bunlar tamamilə
yalan, təhrif edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri
ortaya qoymaqla eyni zamanda münaqişənin həlli
üçün tarixi bazanı da möhkəmləndiririk”.
Onu da qeyd etməliyik ki, Azərbaycanın tarixinə, mədəniyyətinə,
erməni terrorizminə aid çap edilən bir sıra
kitablarda bu problemə xüsusi diqqət yetirilir. Çünki Qobustanın,
Gəmiqayanın, ümumiyyətlə, yazılı abidələrin
və Azərbaycan əlifbasının yaranmasında bu abidələrin
roluna aid çap edilmiş bir sıra əsərlər,
onların təhlili də qarşıya qoyulan bu problemin
müsbət həllinə əsaslı təsir göstərə
bilər və göstərir.
Bu mənada
son illərdə çap edilmiş Əjdər Fərzəlinin
“Gəmiqaya–Qobustan əlifbası” (2003), “Qobustan–Gəmiqaya mədəniyyəti”
(2008), “Gəmiqaya–Qobustan mədəniyyətinin
işığında” (2010) və s. kitabları bu problemin
müxtəlif cəhətlərinin
aydınlaşdırılmasına əsaslı təsir
göstərir. Məsələn, “Gəmiqaya–Qobustan əlifbası”
(2003) kitabında alimin fikri aşağıdakı şəkildə
verilmişdir:
“Belə
ki, Əjdər Fərzəli bu günədək elmə məlum
olmayan çox qədim, zəngin bir mədəniyyəti Gəmiqaya–Qobustan
mədəniyyətini aşkar etmiş, öz elmi yeniliyi ilə
dilşünaslığı,
folklorşünaslığı,
tarixşünaslığı və fəlsəfəni daha
da zənginləşdirmişdir. O, Gəmiqayadakı
Tanqrı, 4 ünsür: Su, İşıq, Göy, Hava və
4 fəsil piktoqrammalarını müəyyən etmişdir.
Müəllif qeyd edir ki: “Gəmiqaya–Qobustan və şumerli
türk əlifbaları ilə müqayisədə Orxon–Yenisey
işarələrinin miqdarı nisbətən “kasıb”
görünür. Əlbəttə, Orxon–Yenisey
əlifbasının hələ aşkara
çıxarılmamış sirləri çoxdur. Onun işarələrinin miqdarı haqqında da qəti
fikir söyləmək mümkün deyil. Fikrimizcə,
hər iki türk əlifbası zaman etibarilə çox qədimdir.
Orxon–Yenisey əlifbası Avroasiya mühitində
Şərq, Gəmiqaya–Qobustan isə Qərb əlifbasıdır.
Elə bu səbəbdəndir ki, qədim və
müasir Avropa əlifbaları, Yaxın Şərqin bir
sıra əlifbaları da Gəmiqaya–Qobustanın törəmələridir”.
Sonra alim
müəyyənləşdirmişdir ki, Gəmiqaya–Qobustan əlifbası
32 hərfdən: 23 samit və 9 sait səsdən ibarətdir. Bunlar 100–ə yaxın işarədir. Bu əlifba
ilə yazılmış bütöv mətnlər hələlik
əldə edilməsə də prinsip etibarilə yəqin
etdim ki, Gəmiqaya–Qobustan əlifbasının işarələri
tanrıçılıq inamının tələbi ilə
soldan sağa – Od tanrıya – Günəşə
sarı yazılıb.
Alimin tədqiqatından o da məlum olur ki, Azərbaycan ərazisində
XX əsrdə xeyli qədim yazı nümunələri
aşkara çıxarılmışdır. Həm də Azərbaycanın
ən müxtəlif yerlərində: Kəlbəcərdə
və Şamaxıda, Gəncədə və Mingəçevirdə,
İçərişəhərdə və Nüvədidə,
Təbriz yaxınlığında, Pirallahı adasında,
Hacıqabulda və s.
Onu da qeyd etməliyik ki, hələ Əjdər Fərzəlidən
əvvəl Gəmiqaya rəsmlərini Vəli Əliyev,
Qobustanı İshaq Cəfərzadə kəşf etmiş,
xalqımıza çatdırmışlar. Alimin “Gəmiqaya–Qobustan
mədəniyyəti” (2008) kitabında da Gəmiqaya–Qobustan
abidələrinin yazısının, nəhayət Azərbaycan
əlifbasının əsasında dayanması sübuta
yetirilir. O, bu kitabında qeyd edir ki, Gəmiqaya–Qobustan
abidələrində oxunan sözlər, (sözlərin bir
qismi) müasir dilimizdə olduğu kimi, sait + sait + samit sonra
sait+ samit sıralanması ilə fərqlənir. Sözlüyün əsasında qədim Azərbaycan
əlifbasının fonetik quruluşu haqqında bəzi
müşahidələr aparmaq da mümkündür…Həm
müasir, həm də qədim əlifbamızda 32 hərf, 9
sait, 23 samit iştirak edir. Müasir əlifbamızda
bütün hərflər 2 şəkillidir: böyük və
kiçik hərflərdir. Qədim əlifbamızda
isə 32 hərfin hamısı çox işarəlidir.
Bu tədqiqatlar əsasında aşağıdakı
ümumiləşdirici fikirlər söyləmək
mümkündür. Belə ki, Gəmiqaya–Qobustan rəsmləri qədim Azərbaycan
–Qədim insan cəmiyyəti və həmin cəmiyyətin həyat,
məişət – əxlaq normaları, inam və adətləri,
yaradıcılıq düşüncələri, elmi–mifik
baxışları, insan və ətraf aləmə münasibəti
və s. haqqında geniş informasiya vermək imkanına
malikdir.
Qarşıya
qoyduğumuz problemin istiqamətində çap edilən
maraqlı kitablardan biri də, fil.e.dok.,
professor Qara Namazovun müəllifliyi ilə çapdan
buraxılmış “C.Çörçvodun tarixi kəşfləri”
(2011) kitabıdır. Kitab ingilis tarixçisi
Ceyms Çörçvodun Türkiyə cümhuriyyətinin
qurucusu Atatürkün 1990–cı ildə xüsusi arxivi
açılarkən ortaya çıxmış 4 kitabı əsasında
aparılmış tədqiqatın nəticəsidir. Həmin
4 kitab əsasında yazılmış Qara Namazovun əsəri
“İtmiş sivilizasiyalar”ın, bəşəriyyətin
ilkin yaşam dövrünün müxtəlif təbii fəlakətlər
nəticəsində 12 min il bundan qabaq okeana qərq olmuş
Mu ölkəsinin tarixinin öyrənilməsi sahəsində
Azərbaycan ictimai elmi fikir tarixində atılmış ilk
uğurlu addımlardan biri hesab oluna bilər. Bu əsərin
Azərbaycan tarixi üçün də çox böyük
elmi əhəmiyyəti vardır. Kitabdan məlum olur ki,
Günəş imperiyası adlandırılan Mu ölkəsində
yaşayan əhalinin dilinin Mayalıların dili ilə eyni
olması bu dilin isə uyğur dilinə çox yaxın, hətta
demək olar ki, eyni olması, C.Çörçvodun qədim
Akkad və Xalde, Xindi, Naqa (Mayya) dilləri ilə türk dilləri
arasında paralellər aparması, 30–a qədər
sözün həm qrammatik quruluşca, həm də məzmunca
bir–birilə səsləşməsi ilə bağlı fikirləri
prof.Q.Namazova heyrətamiz nəticələr
çıxarmağa imkan vermişdir. Bu tədqiqat
əsərinin əhəmiyyətini belə ümumiləşdirmək
olar ki, türklər dünyanın ən qədim
sivilizasiyasının daşıyıcılarıdır, eyni
zamanda türklər dünyanın ən qədim
xalqlarından biridir. Kitabın əlavə hissəsində
prof. Q.Namazovun Amerika qızıldərililərinin türk
soylu olması, onların dillərində 2000–dən çox
türk mənşəli sözün müəyyən edilməsi
və Qızıldərililərlə Qafqazın ən qədim
sakinləri olan türklərin eyni kökə mənsub
olması, onların qədim dövrdə türklərin ulu vətənindən
ayrılıb, Amerika qitəsində məskunlaşması
haqqında gəldiyi elmi nəticələr də çox
maraqlı və əhəmiyyətlidir.
Prof.Q.Namazov kitabın ön sözündə yazır
ki, C.Çörçvodun 4 kitabının
araşdırılması əsasında məlum olur ki, iki məsələ
diqqəti daha çox cəlb edir. Birincisi, təzəcə qurulmuş
Türk Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün
türk tarixi haqqında düşüncələri… Necə olub ki, türklər yer üzərindəki
bütün qitələrə səpələnib? Türklərin əsl ana vətəni haradır?
Türklər Orta Asiyaya gəlmədirlərmi,
yoxsa yerli xalqlardır? Anadolu türkləri
yerli xalqlardır, yoxsa gəlmədirlər? Gəlmədirlərsə, haradan gəlmişlər?
Sakit okeana qərq olmuş qitənin sakinləri
kimlər olub? Qitə okeana nə zaman qərq
olub? Amerikada yaşayan qızıl dərililər
kimlərdir? Onların türklərlə əlaqəsi
varmı?…
Bu məsələlər Atatürkü çox
düşündürüb və ömrünün son illərini
bu məsələlərin öyrənilməsinə həsr
edib.
İkincisi, türk tarixçisi Sinan Meydanın daha
çox bəhs etdiyi ingilis tarixçisi Ceyms
Çörçvodun kitabları haqqındadır. C.Çörçvodun
kitabları aşağıdakılardır:
1. “Batmış qitə Mu” (402 s.); 2. “Batmış
Munun övladları” (268 s.); 3. “Munun
müqəddəs simvolları” (266 s.); 4. “Muda
öyrədilən kosmik qüvvələr”. Sonuncu kitabı əldə edə bilmədik.
Kitablarla tanışlıqdan belə qənaətə gəldik
ki, bu nadir kitabların Azərbaycan türkcəsinə
çevrilib yayılması bir neçə ilə başa gələr. Buna görə
də, kitablar haqqında qənaətlərimi yazıb tarixsevərlərlə
görüşmək qərarına gəldim.
Tədqiqatçı Q.Namazovun əsərindən məlum
olur ki, İsanın da, Musanın da yaydıqları dinin təməlində
Mu qitəsinin dini dayanır. “…70000 il öncə ərzin 3–cü
dövrəsində Mu qitəsindən çıxan yüksək
elm, mərifət və mədəniyyət sahibi insanlar 3
müxtəlif yolla hərəkət edərək Asiya, Avropa,
Afrika qitələrinə yayılmışlar və onlara
özlərinin yüksək mədəniyyətini də
aparmışlar. Raportda deyildiyi kimi, birinci yolla
Mu qitəsindən Maya adı ilə çıxaraq
Asiyanın Şərq bölgələrinə ayaq
basdıqdan sonra Uyğur adı ilə Mu qitəsinin
insanları kimi tanınmışlar. İkinci
yolla hərəkət edən Mu qitəsinin insanları gəmilərlə
Maya adı ilə Hindi–Çinin sahillərinə
çıxmışlar. Oradan Birma qitəsi
istiqamətindən Hindistana girərək orada Nara–Maya adı
ilə böyük bir imperatorluq qurmuşlar. Bu imperiya
20000 il fəaliyyət göstərdikdən
sonra süqut elədi. Həmin insanların bir qismi gəmilərlə
Hindistandan Bəsrə körfəzinin şimalına–Fərat
çayının sahillərində yerləşərək
Akkad adını almış, daha sonra ətrafı tutaraq Şumer adını almışlar.
Akkad sözü Nara – Maya dilində bataqlıq, yumşaq
yer deməkdir.
Şumer sözü isə düz ərazi deməkdir.
Üçüncü yolla çıxan Mu qitəsinin
adamları yenə də Maya adı ilə gəmilərlə
hərəkət edib Afrikanın şərqində – Efiopiyada
yurd salmışlar. Onlar da Maya adını almışlar”.
Bu fikirlərin əsasında Təhsin bəyin tədqiqatları
dayanır. Qara Namazov qeyd edir ki, Təhsin bəy bu xalqların
dil qohumluqlarına daha çox diqqət yetirir və bir
sıra sözlərin Maya dilində
yaşandığını və türk dilində
olduğunu izah edir. Kökü Mu qitəsindən
gələn Ulumil sözünə diqqət çəkir.
Deməli, Ulu — (ulu) böyük, qüdrətli,
M — Mu qitəsinə işarədir. İl
— el — xalq, ölkə deməkdir. Mənası
böyük Mu ölkəsi — İmperiyası deməkdir.
Eləcə də, Kin — gün — yəni Günəş
ölkəsi — Günəş dili deməkdir. Günəş dili nəzəriyyəsi də
buradan doğmuşdur.
C.Çörçvodun tədqiqatından belə məlum
olur ki, Mu qitəsi Havay adalarının quzeyindən ta
aşağı güneyə – Filippin adasına enən
çox geniş bir ərazini tutmuşdur. Şərq ilə Qərb
arasında uzunluğu 9500 kilometr, quzeyi ilə güneyi
arasında 4500 kilometr (bəzi mənbələrdə 4800
kilometr) məsafə vardır.
C.Çörçvod Mu qitəsinin koordinatlarını
müəyyənləşdirdikdən sonra qitənin təbii
zənginlikləri, bitkiləri, ormanları, irmaqları,
otlaqları, şəhərləri, nəhəng tikililəri,
nəhayət, quruculuğu haqqında geniş bilgi verir.
Q.Namazovun
əsərinin əhəmiyyətli cəhətlərindən
biri də budur ki, həyatın və insanın yaranması,
Günəş imperiyasında din, Günəş
imperiyasının müstəmləkələri,
Böyük Uyğur imperiyası, Maya imperiyası, qədim
sivilizasiyalar, Amerikada yaşayan qızıldərililər
türksoyludurlar və s. məsələləri ətraflı
şərh edir.
Elmdə son illər aparılan tədqiqatlar, onların nəzəri
və praktiki cəhəti xüsusi maraq doğurur. Belə ki, Azərbaycan
yazı və əlifbası, dili ilə əlaqədar Əjdər
Fərzəlinin və Fikrət Rzayevin tədqiqatları
xüsusilə əhəmiyyətlidir. Bu tədqiqatlar
barədə Azərbaycanın tanınmış
ziyalıları, görkəmli ədəbiyyatşünasları,
dilçiləri maraqlı fikirlər söyləyirlər.
Həqiqətən Fikrət Rzayevin, Əjdər Fərzəlinin
Gəmiqaya–Qobustan mədəniyyəti ilə bağlı
apardığı araşdırmalara istinad etməsi də təsadüfi
deyildir. Əjdər Fərzəlinin
qayaüstü təsvirlərdə oxuduğu sözlərin
çoxu dilimizdə işlənir. Həmin
sözlərin mənalarının tapılması qədim Azərbaycan
dili haqqında çox qiymətli tarixi həqiqətləri
meydana çıxara bilər. Bunu deməkdə
məqsədimiz budur ki, Fikrət Rzayevin tədqiqatları da
Azərbaycan dili və Azərbaycan dilindəki sözlərlə
bağlıdır. Bu tədqiqatların
bir–birilə əlaqəsi və elmi yeniliyi görkəmli
alimləri düşündürməyə bilməz. Məsələn,
akademik İsa Həbibbəyli yazır: “Əjdər Fərzəli
çağdaş mərhələdə Gəmiqaya–Qobustan mədəniyyətinin
əsas tədqiqatçısıdır”. Elmə
məlumdur ki, Əjdər Fərzəli həqiqətən bu
istiqamətdə uzun illər axtarışlar aparmış və
həmin tədqiqatların nəticəsi olaraq Gəmiqaya–Qobustan
əlifbası tərtib etməyə müvəffəq
olmuşdur. Onun bu barədəki tədqiqatlarını
əks edən bir neçə irihəcmli monoqrafiyası Azərbaycan
və rus dillərində çapdan
buraxılmışdır.
Son illərdə
Fikrət Rzayevin meydana gələn “Söz” (2012) və
“Söz konstruktorluğu” (2012) adlı kitabları da Azərbaycan
dilçiliyində yeni axtarışların, elmi nəzəriyyənin
nəticəsidir. “Söz” kitabının
redaktoru filologiya elmləri doktoru, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin professoru Buludxan Xəlilovun fikri bu mənada
maraq doğurur. O yazır: “Fikrət Rzayevin bu kitabı
müxtəlif sistemli dillərin əlaqələrinin və
münasibətlərinin öyrənilməsi baxımından
da əhəmiyyətlidir. Odur ki, kitabda Azərbaycan,
alman, rus dilləri üzrə aparılmış müqayisələri
tipoloji dilçilik üçün də faydalıdır və
burada da müəllifin fikri, mövqeyi və mülahizələri
oxucunu düşündürür.
Müqayisəli
tarixi metod, eləcə də müqayisəli–tipoloji tədqiqatlar
XIX əsrin II yarısından geniş vüsət
almışdır… Dəfələrlə
sınaqdan çıxmış bu üsul hər dəfə
dilə tətbiq olunmaqla aktuallığını təsdiq
edir. Bu mənada Fikrət Rzayev müqayisəli
üsuldan gen–bol faydalanaraq çox maraqlı tezislər ortaya
atır”.
Fikrət Rzayevin tədqiqatında dillərin kainata
bağlı olması; sözlərin kainata və onun hərəkətliliyinə
bağlılığı; dillərin və sözlərin bəşəri
xarakteri və s.haqqındakı fikir və mülahizələri
dilçilik elmində yeni uğurlu addım hesab edilə bilər. Yeri gəlmişkən onu
da qeyd etməliyik ki, bu tədqiqatlar Azərbaycan
Respublikası Prezidentinin 23 may 2012–ci il
tarixdə verdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” sərəncamı ilə
də səsləşir. Məsələn, sərəncamda
deyilir: “Bəzən dilimizin tarixinə aid səslənən
fikirlərə vaxtlı–vaxtında cavab verilmir və bu dilin
keçdiyi inkişaf mərhələlərini etibarlı
tarixi mənbələr əsasında dolğun əks etdirən
fundamental əsərlər yaranmır. Elmi tədiqatlar
üçün bəzi hallarda müasir dünya
dilçiliyinin müasir səviyyəsindən xeyli geri qalan,
heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit
mövzular seçilir”.
Fikrət
Rzayevin “Söz konstruktorluğu” adlı kitabının
girişində müəllif belə yazır: “Beləliklə,
insanın və dillərin əmələ gəlməsi
üzrə mövcud baxışların dəyişdirilməsi
bəşəriyyətin, elmin qarşısında
labüddür, qaçılmazdır. Həm də
elmdə mövcud olan” dilin yaradılışında dahi
şəxsiyyətlərin rolu” nəzəriyyəsinə yeni
gözlə, yeni baxışla nəzər yetirilməlidir”.
Son illərdə elmi baxımdan xüsusi əhəmiyyət
kəsb edən kitablar sırasında Zabit Babayevin “Ermənilər
və Haylar.
Erməni problemi” (2012) və İsmayıl Hacıyevin “Ermənilərin
Azərbaycana qarşı ərazi iddiaları və qanlı
cinayətləri” (2012) və s. kitabları da qeyd etmək
olar. Z.Babayevin “Ermənilər və Haylar.
Erməni problemi” (2012) kitabı üç
bölmədən ibarətdir. Birinci
bölmədə Erkən ermənilər və ya Manna armenləri;
Manna armenlərinin müstəqil dövlətlərinin
yaranması və süqutu problemləri əhatə edilir.
İkinci bölmədə Erməniləşmiş Haylar məsələsi
iki paraqrafda: “Hayların erməniləşməsi” və “Ermənistan
dövlətinin ikiyə bölünməsi”şərh edilir.
Üçüncü bölmə isə “Erməni
tarixinin davamı” adlanır. Bu bölmədə verilən
materiallar yeddi paraqrafda: 1. “Erməni–rus birliyinin təşəkkülü.
Ermənistan dövlətinin yaranması”; 2.
“Ermənistan dövlətinin”Böyük Ermənistan”
yaratmaq uğrunda mübarizəsi; 3. “SSRİ
dövründə ermənilərin repressiya və deportasiya fəaliyyəti”;
4.”SSRİ–nin süqutunun təşkili. Ermənistan
ərazisinin Azərbaycan əraziləri hesabına genişləndirilməsi”;
5.”Azərbaycanın Erməni bəlası və ondan qurtulmaq
cəhdləri”; 6. “Erməniçilik”;
7.”Erməni bəlasından qurtuluş yolu” öz əksini
tapmışdır.
Tarixdən məlumdur ki, ermənilərin başqa
xalqlara, o cümlədən azərbaycanlılara qarşı
irəli sürdükləri ərazi iddialarının əsası
yoxdur. Bunu müxtəlif xalqların
ziyalılarının, alimlərinin, tarixçilərinin
yazdıqları saysız–hesabsız elmi tədqiqat əsərləri
təsdiq edir. Bu problemə Z.Babayev də
öz əsərində toxunaraq göstərir ki, ermənilərin
azərbaycanlılara qarşı irəli sürdükləri
ərazi iddiaları əsassızdır. Onun
əsəri bir sıra tarixi həqiqətləri üzə
çıxarmaq, Cənublu–Şimallı Azərbaycanın və
müasir Ermənistanın yerləşdikləri əraziləri
qədim türk torpaqları olduğunu sübuta yetirmək
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məsələn, əsərin “Erkən ermənilər
və ya Manna armeniləri” adlı birinci bölməsində
müəllif qədim armenilərin (ermənilərin) Manna
dövləti ərazisində yaşamış türk mənşəli
xalq olduğunu haqlı olaraq önə çəkir.
Z.Babayev fikrini inkişaf etdirərək “Ermənistan”torpaqlarını
Manna ərazisindəki Armed toponimindən törəndiyini
bildirir. Həqiqətən də, “Ermənistan”
toponiminin müasir ermənilərə heç bir aidiyyətinin
olmaması haqda bir sıra müəlliflərin irəli
sürdükləri ədavətli fikrin Z.Babayev tərəfindən
yeni faktlara əsaslanaraq inkişaf etdirilməsi çox
böyük diqqətəlayiqdir.
Bu kitabda verilən maraqlı və əhəmiyyətli
fikirlərdən biri də e.ə. II əsrin I
yarısında əvvəlcə Selevki ordusunda xidmət
etmiş, sonradan Van gölü ətrafında müstəqil
dövlət yaratmış Artaşeş və Zariadrin, bir
sıra əsərlərdə göstərildiyi kimi erməni
deyil, türk mənşəli olduqları ilə
bağlıdır. Bunu müəllifin tarixşünaslıqda özünə
yer almış müəyyən fikirlərə və bəzi
antik mənbələrə əsaslanaraq Artaşeşin həqiqətdə
türk Ərtaş (möhkəm, igid) Zariadrin isə türk
Zərdüşt adına uyğun
olması haqqındakı fikri bir daha təsdiq edir.
Z.Babayevin kitablarının əhəmiyyətli cəhətlərindən
biri də budur ki, böyük Ermənistan ərazisinin sərhədlərini
müəyyənləşdirir. O göstərir ki, böyük Ermənistan
ideyasına görə Xəzər dənizinə qədər
olan ərazidə belə bir dövlət
olmamışdır. Əsərdə qeyd edilir
ki, e.ə.33–cü ildə Van gölünün Qərbi və
Şərqinin Albanların köməyi ilə Çar
Artaksesin hakimiyyəti altında birləşdirilməsi nəticəsində
meydana gəlməsi sübut edilir. Müəllifin
fikrinə görə “Böyük Ermənsitan” adlı
dövlət Qərbi və Şərqi Van əyalətlərindən
artıq bir ərazini əhatə etməmişdir.
IV əsrin 80–ci illərinə qədər Ermənistan əvvəlcə
Roma–Parfiya, sonra isə Roma–Sasani rəqabətinin obyektinə
çevrilmişdir. 387–ci ildə isə Sasani İranı ilə
Roma arasında bölüşdürülmüşdür və
əslində erməni dövlətçiliyinə son
qoyulmuşdur. Vahid dövlətin
parçalanaraq başqa dövlətin tərkibinə
qatılmasını və siyasi cəhətdən
asılı vəziyyətə düşməsini əsas
götürərək müəllifin İranın tərkibində
erməni dövlətçiliyinin 428–ci ilədək davam etməsi
fikri ilə razılaşmaq lazımdır.
Məlum olduğu kimi, dövlətçilik ənənəsindən
məhrum olmuş ermənilər sonrakı əsrlərdə
regionda mövcud olmuş dövlətlərin tabeçiliyində
olmuş, buna baxmayaraq imkan düşdükcə müsəlman–türk
xalqlarına qarşı pozuculuq və düşmənçilik
fəaliyyəti ilə məşğul olmuşlar. Bütün
bunlar əsərin ikinci bölməsində faktlar əsasında
şərh edilir.
Z.Babayevin əsərinin “Erməni tarixinin davamı”
adlı üçüncü bölməsi XVIII–XX əsrlərdə
ermənilərlə bağlı məsələlərə
həsr edilmişdir. Bu bölmədə rus–erməni birliyinin yaranması, Azərbaycan
torpaqlarının ikiyə bölünməsində erməni
amilinin rolu, XX əsrin əvvəllərində ermənilər
tərəfindən Azərbaycanlılara qarşı qırğınların
törədilməsi, I Dünya müharibəsindən sonra
şaumyanların, amazaspların, androniklərin,
markaryanların və b. daşnak–bolşevik ünsürlərin
fəaliyyəti və Rusiyanın himayəsi nəticəsində
tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin
yaradılması, SSRİ dövründə Azərbaycanlıların
Ermənistan ərazisindən mərhələlərlə və
kütləvi surətdə qovulması və nəhayət,
ermənilərin Dağlıq Qarabağ bölgəsinə
olan iddiaları və bunun ağır nəticələri
çoxsaylı mənbələr, faktlar və sənədlər
əsasında geniş şərh edilir və bununla da bir
çox tarixi faktlar üzə çıxarılır.
Göründüyü kimi, Z.Babayevin “Ermənilər və
Haylar. Erməni problemi” kitabı olduqca əhəmiyyətli
və zəngin faktları ilə diqqəti cəlb edən nəşrlərdən
biridir. Bu istiqamətdə çap edilən
kitablardan biri də qeyd etdiyimiz kimi İsmayıl Hacıyevə
məxsusdur. İsmayıl Hacıyevin “Ermənilərin
Azərbaycana qarşı ərazi iddiaları və qanlı
cinayətləri” kitabı qarşıya qoyulan problemi iki fəsildə
və çox sayda paraqraflarda əhatə edir. İsmayıl Hacıyevin bu tədqiqatı
“Giriş”lə başlanır. Girişdə
müəllif yazır ki, Azərbaycan xalqı tarix boyu erməni
millətçilərindən ağır zərbələr
almış, lakin humanistlik göstərərək bu
qeyri–insani hərəkətlərə bir çox hallarda
lazımi cavab verməmişdir. Bu məsələyə
başqa amillər də təsir göstərmişdir. İlk növbədə erməni məkrini, hiylə
və xəyanətini lazımi səviyyədə qiymətləndirməmiş,
unutqanlığımız da buna imkan verməmişdir. Dünyanın bir sıra dövlətləri erməni
amilindən faydalanmış, onları öz maraqlarına
uyğun istiqamətləndirmiş, erməni millətçilərini
qızışdırmış və onlara dəstək
vermişdir. İri dövlətlərin
himayəsi altında fəaliyyət göstərən ermənilər
“Böyük Ermənistan”yaratmaq üçün hər
cür əməlləri yerinə yetirmişlər.
İ.Hacıyevin bu kitabı da iki fəsil daxilində
ermənilərin Azərbaycana qarşı ərazi iddialarını
və qanlı cinayətlərini faktlar əsasında
ümumiləşdirə bilmişdir. Kitabın birinci fəsli
“Erməni millətçilərinin Azərbaycana qarşı ərazi
iddiaları və soyqırımı siyasəti” adlanır.
Qarşıya qoyulan məqsədə
çatmaq üçün İsmayıl Hacıyev bu fəsildə
problemi yeddi paraqrafda işıqlandırmışdır.
Bu fəsildə verilən paraqrafların
yazılmasında çox sayda mənbələrdən, elmi tədqiqatlardan
istifadə edilmiş, bütün məsələlərin həllində
və şərhində faktlara üstünlük verilmiş
və erməni millətçilərinin cəfəng
ideyaları puça çıxarılmışdır.
Kitabın ikinci fəsli “Erməni daşnaklarının
Naxçıvana qarşı ərazi iddiaları və
Naxçıvan əhalisinin soyqırıma məruz
qalması” məsələlərinə həsr edilmişdir. Bu fəsil
faktların zənginliyi, elmiliyi və yeniliyi ilə diqqəti
cəlb edir.
Nəticədə müəllif çox haqlı olaraq
yazır ki, “Azərbaycan öz dövlət müstəqilliyini
bərpa edənə qədər erməni millətçilərinin
xalqımıza qarşı törətdikləri
soyqırımı, deportasiya və qaçqınlıq bəlaları
barədə məlumatların dilə gətirilməsi,
öyrənilməsi, qiymətləndirilməsi və bunların
dünya ictimaiyyətinə çatdırılması
mümkün olmamışdır”.
Bunu da qeyd etmək yerinə düşər ki, bu istiqamətdə tədqiqatlar müstəqillik dövründə genişlənmiş və ildən–ilə artmışdır. Bu elmi tədqiqatların geniş şəkildə təşkilində Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997–ci il tarixli “1948–1953–cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998–ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları böyük əhəmiyyət kəsb etmişdir. Bu fərmanlarda göstərilirdi ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər araşdırılsın, bunlar barədə tədqiqat əsərləri yazılsın və əldə edilmiş məlumatlar dünya ictimaiyyətinə çatdırılsın. Bu müddəalardan nəticə çıxaran Azərbaycan ziyalıları, alimləri, xüsusilə tarixçiləri, dilçiləri son illərdə bu aktual mövzuya aid çox qiymətli, dəyərli elmi–tədqiqat əsərləri yazmış və müxtəlif dillərdə çap etdirərək dünya ictimaiyyətinə çatdırmışlar. Fikrimizcə, mövzu indi qloballaşan dünyada daha böyük əhəmiyyət kəsb edir. Bu sətirlərin müəllifi mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq son illərdə respubliklamızda çap edilmiş bir sıra tədqiqat əsərlərinin, monoqrafiyaların haqqında öz fikir və mülahizələrini bölüşmək məqsədilə bu yazını ərsəyə gətirmişdir. Hesab edirik ki, bu istiqamətdə tədqiqatlar sistemli və ardıcıl şəkildə aparılmalı, əldə edilən nəticələr kitablar şəklində çap edilməli, müxtəlif dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu mövzuda yazılan və çap edilən kitabların ölkə əhalisi və dünya azərbaycanlılarının maariflənməsi üçün də böyük əhəmiyyəti vardır.
Bayram
ALLAHVERDİYEV,
Bakı Dövlət Universitetinin
professoru, tarix elmləri doktoru.
Respublika.- 2012.- 28
dekabr.- S. 9.