| Nümunəvi
mədəniyyət ocağı
Azərbaycanın görkəmli sənətkarı, teatr səhnə fədaisi Hüseyn Ərəblinskinin adını daşıyan Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaranması bir elm, sənət, bədii yaradıcılıq ocağı kimi təşəkkül tapması və onun təkamül, böyük inkişaf, sıçrayış yolu tutması keçən əsrin 60–cı illərinin sonlarına təsadüf edir. Sözün həqiqi mənasında, bu illər Azərbaycanda elm, incəsənət və ədəbiyyatın, bütövlükdə mədəni həyatın coşqun inkişaf, çiçəklənməsi dövrüdür. İndi bu illərdən çox ötüb keçir və Sumqayıt teatrı bu zaman, məkan kəsişməsində çox uğurlu yolu tutmuş, bir sənət ocağı kimi formalaşaraq mübarizə dolu həyatın çətin sınaqlarından şərəflə çıxaraq öz mənəvi sözünü deməyə imkan tapmışdır. 1997–ci ildən Sumqayıt teatrına, bu sənət, elm ocağına, çeşməsinə Mehman Şükürov rəhbərlik edir. Teatrın daim qayğı, prolemləri ilə yaşayan Sumqayıtdakı mövcud Kimyaçılar Sarayında xalq teatrının dram dərnəyində həvəskar aktyor kimi başlayan sənətkar işlədiyi həmin dövrdə bir sıra görkəmli Azərbaycan ədiblərinin əsərlərinin rejissoru və onları tamaşaya hazırlayan olmuşdur. O, ali təhsillidir və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.
Onu deyək ki, ilk səhnə addımını görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin iki quruluşda “Müsyo Jordan və Dərviş Məstəlişah” komediyasının səhnələşdirilməsi, tamaşaya qoyulması ilə atan, dövrün ciddi ictimai–siyasi problemlərinə toxunan, məsxərə və məzhəkələri xüsusi zövqlə hazırlayan, yumorlu və satirik əsərləri daha zövqlə oynayan, onu ifa, tərənnüm edən Sumqayıt teatrının aktyorları oynadıqları səhnə əsərlərində öz bənzərsiz, orijinal dəst–xəttini, üslubunu göstərməyə, yenilik ruhu, ideyasını daim önə çəkməyə, bununla da öz ətrafına yeni–yeni pərəstişkarlar toplamağa və böyük nüfuz qazanmağa nail olmuşdur. Teatrın repertuarında janr və eyni zamanda mövzu rəngarəngliyi də mühüm yer tutmuşdur. Bu komediyadan sonra gənc teatr kollektivi Amerika dramaturqu Con Patrikin “Qəribə missis Səvis” tragikomediyasına müraciət edərək, onun səhnələşdirilməsinə xüsusi önəm vermişdir. Bu iki tamaşadan sonra özündə möhkəm inam yaradan, mübarizlik formalaşdıran, teatrda bir–birinin ardınca Ə.Şərifovun “Bəli, dünya dəyişib”, C.Cabbarlının “Sevil”, N.Vəzirovun “Müsibəti Fəxrəddin”, A.Məmmədovun “Yadındamı” və s. ailə–məişət mövzularına həsr olunmuş əsərlər səhnədə öz uğurlu təcəssümünü tapmışdır. Söz yox ki, bu əsərlərin mənəvi–əxlaqi təsiri böyükdür. Bütün bunlarla yanaşı, teatr truppası öz repertuarına əcnəbi ölkə yazarlarının da bu mövzuda qələmə aldığı əsərləri daxil edərək, onlara yeni ruh, səhnə həyatı vermişdir.
Sumqayıt teatrı yarandığı gündən xalqımızın mənəvi dəyərlərinə çıraq, işıq tutan, tarixi keçmişimizin salnaməsinin bəzi vacib məqamlarını özündə təcəssüm, tərənnüm etdirən klassik faciə və fundamental tarixi–romantik mövzulara da müraciət edərək, onlara yeni monumental çalar, rəng verilməsinə, seyrçiləri baş vermiş olaylardan ibrət götürməyə, ona ayıq–sayıq münasibət bəsləməyə sövq edir.
Kollektivin bu üslubda tamaşalar hazırlaması, tarixə, keçmişə üz tutması təsadüfi olmamışdır. Odur ki, müəyyən zaman və məkan daxilində böyük satirik–dramaturq C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Ölməz sənətkar yazıçı Ə.Haqverdiyevin “Kimdir müqəssir?” və “Şah” (“Ağa Məhəmməd şah Qacar” əsəri əsasında səhnələşdirilmişdir), “Oğuzlar” (“Dədəm Qorqudun kitabı” dastanının motivləri əsasında hazırlanmışdır) və H.Cavidin “Ana” tamaşalarının səhnələşdirilməsi aktyorların mürəkkəb yaradıcılıq axtarışlarına baş vurmasına, zəngin repertuara, peşəkar sənət həyatına qadir olduğuna sübutdur.
Teatrın keçdiyi 44 illik bədii yaradıcılıq, inkişaf yolunda Azərbaycan milli, klassik və çağdaş yazarları ilə yanaşı, əcnəbi müəlliflərin də maraqlı dram, komediya və faciəvi əsərlərinə də öz repertuarında geniş yer ayırmışdır.
Bu sənət ocağının kiçikyaşlı tamaşaçıları da diqqət mərkəzində saxlaması, onlara da hörmət, məhəbbət göstərməsi və daim görüşünə tələsməsi, sevindirməsi, gözəl ənənə, təşəbbüs kimi yüksək qiymətləndirmək olar. Kollektivin uşaqlar və aşağı sinif şagirdləri üçün hazırladığı “Qəribə marka”, “Lovğa dovşan”, “Xoruz və çalağan”, “Qış nağılı”, “Cinbalalar”, “Qoy çox olsun 5–miz”, “Tülkü həccə gedir”, “Anasının gül balası” və s. tamaşalar onun ən uğurlu, yaddaqalan əsərlərindəndir. Kiçikyaşlıların sevə–sevə seyr etdiyi gözəl, rəngarəng səhnə tamaşalarıdır.
Sumqayıt teatrının kollektivi respublikada və eyni zamanda xarici ölkələrdə keçirilən müxtəlif xarakterli festivallarda uğurlu çıxış etməsi ilə tamaşaçıların rəğbətini qazanmışdır.
Bəli, Sumqayıt teatrı coşub–çağlayan bir sənət
çeşməsidir və gələn il
bu çeşmənin 45 illik
yubileyi təntənə ilə qeyd ediləcəkdir. Arzu
edərdik ki, bu sənət
çeşməsi həmişə coşub–çağlayan, sönməyən bir məşələ çevrilsin.
S.HƏSƏNLİ.
Respublika.- 2012.- 29 dekabr.- S. 7.