Möhtəşəm
hadisələrlə yaddaqalan il
“İdman
ili” uğurla başa çatır
Başa çatmaqda olan 2012–ci il ölkə həyatının
bütün sahələrində olduğu kimi, idmanda da çox
uğurlu olmuşdur. Qeyd edək ki, möhtərəm
Prezidentimiz İlham Əliyevin
müvafiq sərəncamı ilə 2012–ci ilin ölkəmizdə
“İdman ili” elan edilməsi Azərbaycan idmanının
inkişafına yeni bir
təkan vermişdir. O da
çox fərəhləndirici haldır ki, 2012–ci il
həm də bir çox
idman hadisələri ilə yadda qalacaqdır. İlk
növbədə cənab İlham Əliyevin
Azərbaycan Milli Olimpiya
Komitəsinin prezidenti seçilməsinin
15 ili tamam olmuşdur. Həmçinin MOK–un
yaranmasının 20 illik yubileyi
ölkə ictimaiyyəti və idmansevərlər tərəfindən
təntənə ilə qeyd edilmişdir. Xüsusi vurğulanmalıdır ki, 1993–cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra Azərbaycanda
bütün sahələrdə olduğu kimi, idmanda da uğurlar
başlamışdır. İdman
meydançaları, qurğuları bərpa edilmiş,
yenilərinin tikintisinə start verilmiş, keçmiş
İttifaqın ayrı–ayrı respublikalarında
çalışan idmançılar, mütəxəssislər
ölkəyə dəvət olunmuşlar.
1995–ci ilin 5
martında böyük öndər bir qrup idmançı ilə
görüşmüş, onları
mükafatlandırmışdır. Müstəqil
respublikamız ilk dəfə 1996–cı
ildə Atlantada (ABŞ) keçirilən Yay Olimpiya oyunlarına
qatılmışdır.
Respublikamızda
Olimpiya hərəkatının genişlənməsi
cənab İlham Əliyevin adı ilə
bağlıdır. Belə ki, dövlət
başçımızın 1997–ci ildə
MOK–un prezidenti
seçilməsindən sonra bu sahədə inkişaf daha da sürətlənmişdir.
O qədər də böyük olmayan bir dövr
— 15 il ərzində idman
sahəsində görülən işlərin həcmini əsrə
bərabər dəyərləndirmək olar.
Statistikaya diqqət yetirsək, görərik ki,
möhtərəm İlham Əliyev MOK–a rəhbərlik etdiyi vaxtdan indiyədək
idmançılarımız bütün Yay Olimpiya oyunlarında
ardıcıl qələbələr qazanmış, olimpiadadan–olimpiadaya
mükafatların sayı yüksələn xətlə
artmışdır. Belə ki, millimiz 2000–ci ildə
Sidneydə 3 medal (2 qızıl, 1 bürünc), 2004–cü
ildə Afinada 5 medal
(1 qızıl, 4 bürünc), 2008–ci ildə Pekində 7 medal
(1 qızıl, 2 gümüş, 4 bürünc) əldə etmişdir.
Bu templə qələbələrini
davam etdirən
idmançılarımız XXX London Yay Olimpiya oyunlarında yeni zirvələr fəth etdilər. Onlar idmanın 16 növündə 53
idmançı ilə təmsil olunduğumuz
olimpiadada iki
qızıl, iki gümüş,
altı bürünc medala
sahib çıxdılar. Beləliklə,
ölkələrin cədvəlində Azərbaycan 30–cu yerə layiq görüldü, medalların sayına
görə 24–cü, Avropa
ölkələri arasında 15–ci, müsəlman
ölkələri arasında isə 3–cü
yeri tutdu. Bu, doğrudan da, böyük və tarixi
nailiyyətdir. 200–dən çox ölkə
arasında yalnız 35–nin təmsilçilərinin
iki və daha çox qızıl əyara sahib
çıxması və onlar arasında
Azərbaycanın da yer
alması respublikamızın dünya idman arenasında söz sahibi olmasının göstəricisidir.
Əlbəttə,
istər Yay Olimpiya
oyunlarında, istərsə də beynəlxalq
yarışlarda, mötəbər çempionatlarda
bir çox idman növlərində böyük
nailiyyətlər qazanılmasına dövlətimizin bu sahəyə yüksək diqqət göstərməsi
və güclü maddi–texniki bazanın yaradılması stimul verir. Bu baxımdan qeyd edə bilərik ki,
paytaxtımızda və eləcə də bölgələrdə
idman infrastrukturunun
yaradılması istiqamətində mühüm
işlər görülmüşdür.
Son illərdə Bakı ilə
yanaşı, Gəncədə, Naxçıvanda,
Sumqayıtda, Şəkidə, Şamaxıda, Lənkəranda,
Qazaxda, Bərdədə və sair bölgələrdə Olimpiya
İdman kompleksləri tikilib
gənclərin istifadəsinə verilmişdir.
Hətta cəbhə bölgəsində yerləşən
Ağdamın Quzanlı qəsəbəsində müasir idman qurğusu tikilmişdir.
Hazırda ölkəmizdə 2000–ci ildən
bəri 35 Olimpiya İdman
Kompleksi tikilib istifadəyə
verilib, 8 kompleksdə isə işlər davam edir.
Ümumiyyətlə,
yaxın gələcəkdə elə bir
rayon mərkəzi qalmayacaqdır ki, orada müasir
standartlara cavab verən
olimpiya kompleksləri olmasın. Çünki bu mərkəzlərdə
həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda bölgələrdəki
uşaqlar, yeniyetmələr, gənclər öz
vaxtlarını səmərəli keçirirlər.
Hazırda
Bakıda 80 min tamaşaçı tutumu olan yeni
Olimpiya stadionu tikilir, həmçinin Gimnastika
Sarayının, Su İdman
Növləri Sarayının inşasına start
verilib. 2012–ci ilin idman uğurlarından
biri də Tofiq Bəhramov
adına Respublika Stadionunun
əsaslı təmir olunub yenidən
qurulmasıdır. Fəaliyyətə başlamasının 60 illik yubileyini qeyd edən və respublikanın bir nömrəli arenası sayılan stadionun əsaslı təmir və yenidənqurmadan
sonra 16 avqust 2012–ci il tarixdə
açılış mərasimində dövlət
başçımız cənab İlham Əliyev
də iştirak etmişdir.
85 min 700 kvadratmetr ərazisi
olan, oturacaqlarının sayı 29 min 870–dən 31 min 200–ə
çatdırılan stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına
tam uyğun şəkildə
yenidən qurulmuşdur. Bakıda
T.Bəhramov adına Respublika Stadionunda 16 ölkənin futbol
komandalarının iştirakı ilə keçirilən
FİFA U–17 qadınlararası dünya
çempionatı isə artıq Azərbaycanın
çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə
sadiq qalmasından xəbər verir. FİFA prezidenti
Jozef Blatter və digər
rəsmi qonaqlar dünya
çempionatının açılış mərasimdə
iştirak edərək təşkilati tədbirlərin
yüksək səviyyədə olduğunu
vurğuladılar. Onu da
xüsusi qeyd etməyə
dəyər ki, T.Bəhramov adına Respublika Stadionunda baş tutan Fransanın və
Koreya Xalq Demokratik Respublikasının komandaları
arasında final oyununu
möhtərəm Prezidentimiz cənab İlham Əliyev də izlədi.
Nəhayət,
2012–ci ildə yaddaqalan
idman hadisələrindən biri də dekabrın 8–də Avropa
Olimpiya Komitəsinin 2015–ci
ildə birinci Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi
ilə bağlı qərar qəbul etməsidir. Avropa Olimpiya Komitəsinin
(AOK) Azərbaycanı seçməsinin əsas səbəblərindən
biri bu gün
ölkəmizin möhtəşəm beynəlxalq tədbirlərin,
yarışların keçirilməsində böyük
təcrübəyə malik
olmasıdır. Bu münasibətlə Azərbaycan
xalqını təbrik edən Prezident İlham Əliyev demişdir:
“Birinci Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi
barədə qərar böyük tarixi hadisədir. Bu, bizə
göstərilən böyük
inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni
zamanda, üzərimizə düşən
böyük məsuliyyətdir. Mən
şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə
çıxacağıq, bu oyunları
yüksək səviyyədə keçirəcəyik”.
Bəli, “İdman ili”ni uğurla başa vuran Azərbaycan
idmançıları 2013–cü ili alnıaçıq qarşılayırlar.
Akif İSMAYILOV,
T.Bəhramov adına
Respublika
Stadionunun direktoru,
əməkdar bədən tərbiyəsi
və
idman xadimi.
Respublika.-
2012.- 29 dekabr.- S. 7.