AZƏRBAYCANDA SAHİBKARLIĞIN
İNKİŞAFINA BÜTÜN ŞƏRAİT YARADILIB
Azərbaycanın sürətli sosial–iqtisadi
inkişafının gerçəkləşdirilməsində
özəl sektorun, sahibkarlığın
əhəmiyyətli rolu vardır. Dövlətimiz tərəfindən həyata
keçirilən uğurlu iqtisadi
siyasət və sahibkarlığa göstərilən diqqət
və qayğı sayəsində sahibkarlıq fəaliyyəti
ilə məşğul olan iş adamları üçün
mükəmməl hüquqi baza yaradılıb. Ölkədə biznes mühitinin
yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, zəruri tədbirlər
kompleksi vahid bir sistem şəklində
reallaşdırılır. Hazırda Azərbaycanda biznes fəaliyyəti olduqca
gəlirli müstəqil təşəbbüskar təsərrüfat
sahəsinə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev
sahibkarlığın inkişafını xüsusi
diqqət mərkəzində saxlayır. Biznesin
geniş spektrini əhatə
edən, demək olar ki,
bütün bölmələrdə fəaliyyət
göstərən sahibkarlara dövlət
yardımı, güzəştli kreditlərin verilməsi buna bariz sübutdur.
Onu da qeyd
etmək lazımdır ki, Azərbaycanda
sahibkarlığın inkişafı yolu regional sahibkarlığın
inkişafından keçir. Bu da ölkə
iqtisadiyyatının tarazlı inkişaf
etdirilməsində olduqca önəmli faktorlardan biridir.
Respublikamızda hər regionun öz iqtisadi
resurslarından, təbii ehtiyatlarından, iş
qüvvəsindən və digər imkanlarından son dərəcə səmərəli istifadə
edilir. Təsadüfi deyil
ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə
qayıdışının ilk
dövründə demişdi:
“Sahibkarlığın inkişaf etdirilməsi,
sərbəst iqtisadiyyata yol
verilməsi, bazar iqtisadiyyatının
yaradılması bizim strateji
yolumuzdur”.
Azərbaycan iş adamları üçün
ölkəmizdə bütün zəruri
şərait yaradılıb. Müstəqilliyimizin
iyirmi bir ili ərzində sahibkarlarımız məhdud
resurslardan istifadənin daha
mütərəqqi üsullarının axtarılıb
tapılması, az xərclə və
keyfiyyətli məhsul istehsalı, satışın səmərəli
təşkili, istehlakçıların
araşdırılması, xarici rəqiblərin
hərtərəfli öyrənilməsi və digər
məsələlərin həllində böyük
uğurlar əldə edə biliblər. İş adamları, sahibkarlar,
onların öhdəsinə düşən bütün
funksiyaları yerinə yetirməkdə Azərbaycan dövlətinin
dəstəyinə arxalanır.
Ümumiyyətlə,
ölkəmizdə sahibkar olmaq
istəyən hər bir kəs mənfəət
əldə etməkdən əlavə, ictimai
rifaha töhfə vermək, öz fəaliyyət sahəsində Azərbaycanda
yeni texnologiyaları tətbiq etmək, innovativ idarə üsullarına əsaslanan firma, yaxud şirkət yaratmaq, azad fəaliyyət
göstərmək,
cəmiyyətdə özünü təsdiq
etmək kimi məqsədlərə çatmaq üçün
yaradılmış geniş imkanlardan istifadə edə bilər. Bu gün respublikamızda
miqyasına görə kiçik, orta və iri sahibkarlıq
fəaliyyət növləri mövcuddur.
Bazar iqtisadiyyatına keçidi hələ
bir neçə il bundan əvvəl uğurla
başa vuran Azərbaycanda
kiçik sahibkarlıq təsərrüfatının
inkişafını, əhalinin məşğulluğunu,
ümumiyyətlə, iqtisadiyyatın tərəqqisini müəyyən
edən əsas iqtisadi amildir. Kiçik və
orta sahibkarlığın ulu
öndər Heydər Əliyevin müəllif olduğu
milli inkişaf modelindəki
yeri və rolu əhəmiyyətlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir:
“Kiçik, orta
sahibkarlığın stimullaşdırılması prosesi gedir, həm
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə, həm digər xətlərlə.
Eyni zamanda, iri müəssisələrin
yaradılması, onlara dövlət tərəfindən
dəstəyin verilməsi məsələləri də çox vacibdir”.
Qeyd etməliyik ki,
Azərbaycanda iri müəssisənin buraxa bilmədiyi məhsulların istehsalı
ilə məşğul olan məhz kiçik və orta biznesə
aid olan müəssisələrdir.
Onlar, həmçinin
əhaliyə müxtəlif xidmətlər göstərir, pərakəndə
ticarətlə məşğul olur. İş yerləri məhdud olan
regionlarda işsizliyin
qismən aradan qaldırılmasında,
istehlakçıların bazarla təmin
edilməsində, vergi ödəməklə
büdcənin, eləcə də əhalinin müəyyən
hissəsinin gəlirini artırmaqda, iri müəssisələrə nisbətən
bazarın dəyişkən xüsusiyyətlərinə çevik reaksiya verməkdə,
bir sözlə, cəmiyyətimizin ümumi həyat səviyyəsinin yüksəldilməsində
böyük önəm
daşıyır.
İqtisadiyyatı
yüksək templə inkişaf edən
Azərbaycanda elmi–texniki
tərəqqi innovasiya
sahibkarlığı ilə sıx bağlıdır.
Ümumiyyətlə, ölkəmizdə müxtəlif
yeniliklərin tapılması və tətbiqinə, yəni innovasiya sahibkarlığının inkişaf etdirilməsinə böyük
önəm verilir. Bu gün əminliklə söyləyə bilərik
ki, xalis bazar sahibkarlığı, yəni marketinq və istehsal
sahibkarlığı ilə yanaşı, ən inkişaf etmiş ölkələrə
xas olan innovasiya sahibkarlığı respublikamızda
davamlı tərəqqi yolundadır. Elmi–texniki nailiyyətlərin istehsala
tətbiqi sahəsində Azərbaycan sahibkarlığı böyük uğurlara nail ola bilmişdir.
Sirr deyil ki, innovasiya prosesi, hər
şeydən əvvəl, yeni məhsulların
mənimsənilməsini, buraxılan məhsulun modernləşdirilməsini,
yeni istehsal vasitələrinin
istehsal prosesinə cəlb edilməsini, yeni texnologiya və məhsul
istehsalı üsullarından istifadə edilməsini,
istehsalın təşkili və idarə olunmasının daha mütərəqqi formalarının tətbiq
olunmasını tələb edir. Məhz bunun sayəsində Azərbaycanda
istehsal edilən məhsulun çeşidi təzələnir, rəqabət
qabiliyyəti və istehsalın səmərəliliyi yüksəlir,
məhdud resurslardan qənaətlə
istifadə olunur, istehsal
xərcləri azalmaqla mənfəət
artırılır. Yeniliklər həm də sosial sahədə əldə olunan
uğurlu nəticələrlə səciyyələnir.
Lakin innovasiya
sahibkarlığını təşkil etmək o qədər də asan deyil. İlk əvvəl bunun üçün böyük miqdarda maliyyə
vəsaiti tələb olunur. Bu çətinliyi
aradan qaldırmaq məqsədilə Azərbaycan
dövləti ümumiyyətlə sahibkarlığa, eləcə
də innovativ texnologiyaların tətbiqinə
istiqamətlənmiş sahibkalıq subyektlərinə
yardım etmək üçün güzəştli
kreditlərin verilməsini və lizinq xidmətlərinin
geniş formada tətbiq
edilməsini zəruri şərt kimi qəbul
edir, bu sahədə böyük işlər görülür.
Azərbaycanda
ixtiraçılıq fəaliyyətinə də böyük önəm verilir.
Sahibkarlığın bu fəaliyyəti elmi–texniki tərəqqinin
əsas amili kimi qiymətləndirilir
və ölkəmizdə ixtiranı müdafiə etmək üçün müasir
patent sistemi tətbiq edilir. Bu sistemə əsasən
patent sahibinə həmin ixtiranın xüsusi mülkiyyətçisi hüququ verilir və ixtiraya hüquqi müstəvidən
intellektual əmək məhsulu kimi baxılır.
Respublikamızda innovasiya sahibkarlığından
son illər geniş istifadə edilir. Müəssisələrin modernləşdirilməsi, müasir və mütərəqqi texnologiyaların
tətbiqi, beynəlxalq
bazarda sərt rəqabətə davam gətirə biləcək
məhsulların istehsalı
innovasiya sahibkarlığından
çox asılıdır.
Azərbaycanda xalq təsərrüfatının,
sənayenin gələcək
inkişafı birmənalı
olaraq innovasiya sahibkarlığına əsaslanır.
Çünki iqtisadi artımın
əsası kimi struktur dəyişiklikləri
yüksək və müasir texnoloji proseslərsiz mümkün
deyil. Ölkəmizdə həm istehsal
sahələrinin, həm
də iqtisadiyyatın
ümumilikdə inkişafında
hərəkətverici qüvvə
kimi innovativ texnologiyalara, zəngin təbii sərvətlərə
və müəssisələrin
fəaliyyətinin düzgün
təşkil edilməsinə
önəm verilir.
İnnovasiya prosesinin son məqsədi
yeni məhsulun kommersiya qabiliyyətinin yüksəldilməsi və
kütləvi istehsalının
təşkilidir.
Azərbaycanda sahibkarlıq fəaliyyətinin
inkişafı üçün
önəmli tədbirlər
görülüb və
görülməkdədir. Sahibkarlığa Kömək
Milli Fondu, Kiçik və Orta Sahibkarlığın
İnkişafı Agentliyi
və rayonlarda sahibkarlığın inkişafı
mərkəzləri yaradılmışdır.
Ümumiyyətlə, Azərbaycanda
sahibkarlıq mühitinin
formalaşması üçün
vacib olan “Sahibkarlıq fəaliyyəti
haqqında”, “Müəssisələr
haqqında”, “Səhmdar
cəmiyyətləri haqqında”,
“Haqsız rəqabət
haqqında”, “Əmək
birjası haqqında”,
“Lizinq kompaniyaları haqqında” qanunlar və bazar iqtisadiyyatının
hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdur. Prezident İlham Əliyev bu məsələlərə
xüsusi diqqət verərək demişdir:
“Bu il Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər nəzərdə
tutulur, onların böyük əksəriyyəti
artıq verilmişdir.
Mən göstəriş
verdim ki, gələn il
biz bu məbləği
artıraq və gələn il bu fond vasitəsilə üç yüz milyon manat məbləğində
güzəştli kreditlər
verilməlidir. Çünki bu, çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti
altında qoyulan investisiyalardır. Ancaq özəl
sektor da bu investisiyaları qoyur. Biz bu
proqramı icra edərkən həm özəl sektoru stimullaşdırırıq, ucuz
kreditlər verməklə
onların fəaliyyətini
genişləndiririk, eyni
zamanda, daxili istehsalı da stimullaşdırırıq”.
Emin Qasımov
Respublika.- 2012.- 29 dekabr.- S. 5.