Urmiya gölü:
Problemlər və həlli yolları
Urmiya gölünün tarixi
olduqca qədimdir. İranın
tanınmış coğrafiyaşünas
alimi Mustafa Şəhram
özünün “İranın dəniz və
gölləri” kitabında qədim mənbələrə əsaslanıb
gölün 30–40 min il əvvəl yarandığını
yazır. Ən qədim vaxtlardan indiyə
qədər Urmiya gölünə müxtəlif adlar verilmişdir. “Çiçe” (fransız səyyah Şarden), “Təla” (Murat Əlbəldan),
“Şahi gölü”
(Human Fərzad) və s.
Ərəblərin
istilasından sonrakı orta əsr mənbələrində
çox vaxt göl Urmiya şəhərinin adı ilə
bağlı “Urmiya gölü”
adlandırılmışdır. Rza şah şahlıq
taxtını qəsb etdikdən sonra (1925) Güneydəki bir
çox yer adları kimi, gölün də öz tarixi
adı (şəhərin adı kimi) dəyişdirilərək
“Rzaiyyə gölü” adlandırılmışdır. Xalq
isə gölü həmişə Urmiya gölü kimi
tanımış və tanıyır.
Göl haqqında mənbə və yazıları araşdırdıqda inanırsan ki, Allah Azərbaycandan heç bir nemət və gözəlliyi əsirgəməmişdir. Güney Azərbaycanın qərb bölgəsində yerləşən, Göygölün Güneydəki füsunkar bacısı Urmiya gölü təbiətin vətənimizə bəxş etdiyi əvəzsiz töhfələrdəndir. YUNESKO–nun “Qoruqlar kitabı”na daxil edilmiş Urmiya gölü eyniadlı şəhərin 25 kilometrliyində yerləşsə də, bu su hövzəsi Təbriz, Salmas, Marağa, Tufarqan (Azərşəhr), Qoşaçay (Miyandab), Sulduz (Nəqədə), Soyuqbulaq (Mahabad) və Uşnu şəhərlərini sahilləri ilə əlaqələndirir. Göl bu yaşayış bölgələrində ekoloji təmizliyə və tarazlaşmaya önəmli kömək edir.
Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa, Urmiya gölü İranın və Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur.
Son 15–20 ildə Urmiya gölü böyük fəlakətlə üzləşmişdir. Göldə müxtəlif amillərin təsiri altında suyun səviyyəsinin azalması və nəticədə göldə quruma prosesinin çoxalması ictimaiyyəti, xüsusən gölün sahil ərazisində yaşayanları ciddi şəkildə narahat etməyə başlamışdır. Bu narahatlığı əhalinin etiraz mitinqlərindən tutmuş informasiya vasitələrindəki çıxışlarından, azərbaycanlı millət vəkillərinin İran İslam Şura Məclisinin kürsüsündən səsləndirdikləri bəyanatlardan da görmək olar. Urmiya gölünün üzərini almış fəlakətin yaxın gələcəkdə törədəcəyi dəhşətlərin miqyası təsəvvüredilməz dərəcədə təhlükəli və qorxuludur. Yerli müəlliflər həyəcan təbili çalırlar ki, əgər gölün qurumasının qabağı alınmasa (orta hesabla gölə tökülən suyun həcmi hər il 1,3 milyard kubmetr azalır) bu gedişlə 2020–ci ilə qədər göl tamamilə quruya bilər. Bu isə təqribən 500 kilometr radiusda yaşayan 70–75 milyon əhalini (ən əvvəl Güney Azərbaycanı) böyük fəlakətlə üzləşdirər.
Urmiya gölünün ümumi sahəsi 6000 kvadratmetr, ümumi su tutumu 20–24 milyard kubmetr, uzunluğu 130, eni isə orta hesabla 40 kilometrdir. Dəniz səviyyəsindən 1274 metr hündürlükdə yerləşən Urmiya gölünün dərinliyi 2 metrdən 16 metrə qədərdir (orta dərinlik 5 metrdir). Göldəki su çəkilib dayazlıq artdıqca, flora və fauna məhv olmağa doğru gedir. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı (“Gülmənxana”, “Şərəfxana”, “Heydərabad”, “Rəhmanlı”, “Xantaxtı”, “Şahi”) vardır. Təbii sərvətinə və müalicəvi önəminə görə Urmiya gölü İran ərazisindəki 6 göldən ən zənginidir. Göl yerləşdiyi relyefə, təbii gözəlliyə, şəfalı su və palçığında olan mineral maddələrin çoxluğuna görə təbiətin bu bölgəyə verdiyi əvəzsiz nemətdir. Gölün suyu həddindən artıq şor olduğundan suya düşən insan boğulmur. Gölün sahilindəki palçıq böyük müalicəvi keyfiyyətə malikdir. Suyu və palçığı ifrazat yollarının təmizlənməsində, artroz, əsəb, dəri–zöhrəvi, saçtökülmə, revmatizm və qadın xəstəliklərinin müalicəsində şəfavericidir. Diqqət ayrılıb qayğı göstərilərsə, şöhrəti İran hüdudlarını çoxdan aşmış Urmiya gölü beynəlxalq sanatoriya və müalicə mərkəzlərindən birinə çevrilə bilər. Göl mineral maddələrlə də zəngindir. Mütəxəssislərin yazdıqlarına görə, göldəki mineral maddələr milyard tonladır. Bu minerallar ölkənin tələbatını ödəməkdən başqa, ixracatda da canlanma yaradar və böyük gəlir əldə etməyə imkan verə bilər.
Əvvəllər bu bölgədə filizçıxarma idarəsinə başçılıq etmiş mühəndis Qarabaği “Keyhani həvayi” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Gölün sərvətindən düzgün istifadə olunarsa, oradan çıxarılan və ixrac olunan məhsullardan əldə edilən gəlirdən başqa, ölkənin daxilindəki bir sıra istehsal sahələri göldən alınmış bir çox qiymətli xammalla təmin oluna bilər. İstənilən qədər sənaye və yemək duzundan əlavə əczaçılıq, neft–kimya, strateji sənaye və boyaq işləri üçün lazım olan maddələrin bir çoxu gölün daxilində olduğu halda biz pul xərcləyərək onları xaricdən gətirmək məcburiyyətindəyik”. Müəllifin fikrincə, gölə gələn suyun hər kubmetrindən 200–220 qrama qədər dürr almaq mümkündür. Gölə tökülən suyun illik miqdarı isə 1 milyard kubmetrə qədərdir. Gölün suyu və palçığı əvəzolunmaz müalicəvi keyfiyyətə malik olduğundan ondan əhalinin, eləcə də turistlərin səmərəli faydalanması üçün sahil zonalarında sanatoriya və müasir müalicə ocaqlarının yaradılması dövlət xəzinəsinə, eləcə də yerli büdcəyə gəliri bir neçə qat artıra bilər.
Urmiya gölü haqqında söhbət gedərkən insanı valeh edib heyrətləndirən bir cəhət də gölün içərisində onlarla adanın və bir neçə yaşayış məskəninin olmasıdır. Göl haqqında yazılanlardan məlum olur ki, burada böyüklü–kiçikli 102 ada vardır. Pəhləvilər dövründə (Rza və Məhəmmədrza şah) tüğyan edən fars şovinizmi bu adaların da tarixi türk adlarını farslaşdırılmışdır. Abbas Cəfəri tərəfindən tərtib edilmiş “İranın təbii coğrafiyası haqqında məlumat” kitabında göstərilir ki, Urmiya gölündəki 102 adadan dörddəbirinin tarixi türk adları farslaşdırılmışdır. Arpa dərəsi “Covin”, Ağ dağ “Spid”, Əbülqasım daşı “Zirabə”, Əhməd daşı “Bstur”, Çayırlı “Brd”, Daş ada “Brdin”, Sarıtəpə “Zərtəpə”, Qara təpə “Siyahtəpə”, Qılıcyağlıqara “Şəmşiran” və s. 1979–cu il İran inqilabından sonra adadakı tarixi türk adlarının bərpa edilməməsi təəssüf doğuran məsələlərdəndir.
Göldəki adaların bir neçəsində (Şahi, Qoyun dağı) əhali yaşayır. Onlar bağçılıq, əkinçilik və maldarlıqla məşğuldurlar. Adaların birlikdə sahəsi 33–34 min hektardır. Adalarda 54–ə qədər çeşmə və su mənbəyi vardır ki, bunların bir çoxunun suyundan təsərrüfatdan başqa, məişətdə də istifadə olunur. Şahi adası 2525 hektar, Qoyundağı isə 3175 hektar ərazidə yerləşir. Gölün səviyyəsindən 300–350 metr, dəniz səviyyəsindən isə 1500 metrdən çox yüksəklikdə yerləşən adalarda onlarca ailə yaşayır. Onların bir çoxu əkinçilk və maldarlıqla məşğul olmaqdan əlavə, gölün sahil limanlarında da işləyirlər. Son illərdə göldəki suyun azalması adalardakı əhalinin sahil məntəqələrə gedib–gəlməsini asanlaşdırsa da, sahildəki limanların fəaliyyətinə mənfi təsir göstərir. Şor gölün içində insanlara yaşamaq və işləmək üçün qoynunda yer verən adaları əslində təbiətin möcüzəsi adlandırmaq olar.
Urmiya gölünün indiki durumu: XX əsrin sonu–XXI əsrin əvvəllərində Urmiya gölündə suyun azalması ilə bağlı gölün sahəsinin sürətlə quraqlığa çevrilməsi yaxın gələcəkdə baş verə biləcək böyük fəlakətdən, bu bölgənin həyat üçün ciddi təhlükəsindən xəbər verir. Bu haqda əhalinin narahatlığını dövlət orqanlarına, prezidentə, Məclisə, dini rəhbərə olan çoxsaylı müraciətlərindən, vaxtaşırı gölün ətrafındakı etiraz mitinqlərindən, yerli ziyalıların mətbuatdakı yazılarından, Məclisdəki azərbaycanlı deputatların çıxışlarından görmək olar. Hər il Novruzdan 12 gün sonra (“Sizdəh” adlanan gün—Ə.R.) kütləvi gəzintiyə çıxmaq adı ilə əhali boş su qablarını bir–birinə vurmaqla, vedrə və sənəklərdə gətirdikləri suyu gölə tökməklə ali məqamda oturanların diqqətini göldəki fəlakətli duruma yönəltməyə və ona əlac etməyə çağırırlar.
Göldəki suyun tam çəkilməsi təkcə bölgədə yox, ondan uzaqlarda da çox ciddi iqlim dəyişikliyinə səbəb olar, ekoloji tarazlıq tam pozular, havadakı zəhərli maddələrin sayı həndəsi silsilə ilə artar. Səmadakı şeh və yağıntı yerdəki bütün canlıları məhv edib yoxa çıxarar. Göl şor duzlarla zəngin olduğundan qurumuş gölün təkindəki duzlar toza çevrilib yüz kilometrlərlə uzaqlara səpələnər, min hektarlarla məhsuldar torpaq şoranlaşar, bağ–bağat quruyub məhv olar. Öz varlığı ilə Azərbaycanın incisi sayılan və bölgədəki insanlara böyük müalicə və təsərrüfat cəhətdən xeyir verən gölün quruması bu yerləri fəlakətli düzənliyə çevirməklə yanaşı, böyük bir neməti bölgənin əlindən çıxarar. Ən başlıcası, yaranmış ağır ekoloji duruma dözməyən yerli əhali öz ata–baba ocağını tərk etmək məcburiyyətində qalar. Bəlkə də belə bir durum hakim dairədə oturan bəzi şovinist, türkə qənim kəsilənlərin ürəyindəndir və buna görə gölün fəlakətdən xilas olmasına çalışmırlar, əməli tədbirlərin görülməsinə mane olurlar. Əhalisinin sayı 3–4 milyon olan bir bölgənin boşalması, onların çoxunun farsdilli yaşayış yerlərinə axını indiki və gələcək nəslin milli mənsubiyyətdən uzaqlaşmasına səbəb olar. Belə bir vəziyyətin İran tarixində analoqu var. Vaxtilə Sistan əyalətində olan Hamun (Urmiyadan sonra İranın ikinci böyük gölü idi) gölünə tökülən Hirmand çayının istiqamətinin dəyişməsi ilə bağlı bu göl tamamilə quruduğundan buradakı əhali kütləvi şəkildə köç etməyə məcbur olmuşdur. Belə bir durumun Azərbaycanın qərb bölgəsində də təkrar olunmaq ehtimalı vardır. Buna görə də bu məsələ hər bir türkü düşündürüb narahat etməlidir. Urmiya gölünün fəryadına, harayına səs verilməli, onun dərdinə və ehtiyacına çarə axtarılmalıdır. Əks təqdirdə Urmiya gölündə bu gün baş verən faciəli olaylar sabah milləti bədbəxtliklə üzləşdirə bilər.
Urmiya gölü ilə bağlı yaranmış faciəli durumun ilk acı nəticələri haqqında mətbuatda gedən xəbərləri ağrı–acısız oxumaq mümkün deyil. “Təbrizin səsi” və “Öyrənci” qəzetlərinin yazdığına görə, Təbiəti Mühafizə İdarəsinin başçısı Məhəmməd Cavad Məhəmmədzadənin dediklərinə əsaslanaraq deyə bilərik ki, gölün qurumuş bölgəsində yaranmış ağır ekoloji vəziyyət buradan 40 kəndin sakininin başqa bölgəyə köçməsinə səbəb olmuşdur. Güney Azərbaycanın qərb bölgəsində çap olunan “Ağrı” qəzeti özünün 29 aprel 2012–ci il tarixli (N–126) nömrəsindəki “Həftənin dərdi–dili” bölümündə “Məbada Azərbaycan Sistan kimi olsun” sərlövhəli məqalədə yazır: “Vaxtilə Sistanın məhsuldar zəmiləri özünün bol buğdası ilə İranın şərq və mərkəz bölgələrini taxıl ilə təmin edirdi. 1316–cı ildən sonra Hamun gölünə tökülən suların istiqaməti dəyişdikdən sonra dövlət gölün qurumasının qabağını almaq üçün heç bir tədbir görmədiyindən bu göl qurudu, bu yerlərin ekologiyası kökündən dəyişdi. Quru küləklər ildə ən azı 170 gün əsməyə başladı. Məcburiyyət qarşısında yerli əhali başqa bölgələrə, əsasən Gülüstan, Xorasan, Kirman, İsfahan və başqa yerlərə mühacirət etmək məcburiyyətində qaldı. Allah eləməsin ki, bu fəlakət bizim də başımıza gəlsin”.
İran İslam Şura Məclisində Marağadan olan deputat Yusif Nəcəfi Məclisdəki çıxışında (onun çıxışını “Sərab” qəzeti çap etmişdir) iştirakçıların diqqətini Urmiya gölünün quruması ilə bağlı törənəcək fəlakətin miqyasına cəlb edərək demişdir: “Aparılan hesablamalar göstərir ki, Urmiya gölündə 11 milyard ton duz vardır. Şərqi və Qərbi Azərbaycan 70 min kvadratkilometrdir. Göl qurusa əsən küləklər bu duzu havaya sovuracaq. Bu zaman bu iki əyalətin hər kvadratmetrinə 180 kiloqram duz səpilə bilər. Bu, böyük fəlakət deməkdir!”. İran İslam Şura Məclisinin başçısı Laricaninin iştirakı ilə keçirilən iclasda İqtisad Komissiyasının məsul işçisi bildirmişdir ki, gölə başqa mənbədən (Arazdan) su çəkmək üçün dövlətin illik büdcəsində hələlik heç bir vəsait nəzərdə tutulmamışdır. Halbuki Simnana əlavə su çəkmək üçün Urmiya gölünə lazım olacaq vəsaitdən iki dəfədən də çox pul ayrılmışdır (bax buna deyərlər ögey–doğmalıq!).
Salmas şəhərinin Məclisdəki deputatı Ələkbər Ağayi öz çıxışı zamanı Urmiya gölündəki vəziyyətə köməkliyi nəzərdə tutan layihənin icrasına nə vaxt başlanacağını bu işlə məşğul olan nazirliyin nümayəndəsindən soruşduqda o, cavabında “biz hələ bu layihəni mütaliə etməmişik” – demişdir. Salman Zakir (Urmiyanın Məclisdə nümayəndəsi) öz çıxışında göstərmişdir ki, “iqtisadi quruculuq işləri” ilə məşğul olanlar öz layihələrində gölün qurumasının qarşısını almaq üçün görüləcək ilk tədbirlərə lazım olan vəsaiti hansı səbəbdənsə ikiqat artıq göstərirlər. O demişdir: “Siz işi görməmək, büdcədə vəsaitin tapılmasında çətinlik yaranması xatirinə belə edirsiniz. Bunu etmək istəyənlər Azərbaycandakı insanların fəryadını eşitmək, onlara kömək etmək istəmirlər”.
Aparılan hesablamalarda göstərilir ki, hazırda dövlətin hərbi işlərə bir ildə xərclədiyi pulun 1,3 faizi Urmiya gölünə sərf olunarsa, gölü fəlakətdən xilas etmək mümkündür. Urmiya gölünü fəlakətdən xilas etmək üçün, ən əvvəl, insanların harayına səs verilməli, onlara kömək sözdə yox, əməldə göstərilməlidir. Yerli, səriştəli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin köməyi ilə vəziyyətdən optimal çıxış yolları axtarılıb tapılmalıdır. Bunun üçün dövlət büdcəsindən bölgəyə ayrılan vəsaitdə gölün xilası ilə bağlı xüsusi ayrılmalar nəzərdə tutulmalı və bu ayrılmalar təyinatına uyğun olaraq sərf olunmalıdır. Ayrılan vəsait halal əllər vasitəsilə göldəki suyun, heç olmasa, sabit saxlanılmasına sərf olunmalıdır. Bu işdə müasir hidrotexnikadan və başqa ölkələrin təcrübəsindən istifadə olunması mühüm şərtlərdəndir. Gölün ətrafı boyunca yeni meşə və yaşıllıq zonalarının salınması, buradakı landşaftın qorunması və çoxaldılması, əlavə su mənbələrinin gölə tərəf istiqamətləndirilməsi vəziyyəti xeyli yüngülləşdirə bilər. Son mənzilini gölə tökülməkdə tapan çay (Cığatı, Soyuqbulaq, Gadar, Baranduz, Şəhər çay, Nazlı, Zola, Sofi, Leylançay və b.) sularının illik miqdarı 5–6 milyard kubmetrə çatır. Bu çayların sularını payız və qış mövsümündə bəndlərə və su anbarlarına toplayaraq yay mövsümündə gölə axıtmaq əvəzinə ayrı–ayrı şəxslər su satışı ilə məşğul olaraq daha artıq varlanırlar.
Gölə böyüklü–kiçikli 40–a qədər çaydan su gəlir. Son 15–20 ildə bölgədə əsasən dövlət məmurları, eləcə də varlı iş adamları tərəfindən möhtəkirlik məqsədilə 70–dən çox şəxsi su sədlərinin (“Sepah”, “Bəsic”, “Mücahidine eslam”, “Canbazane islam” və s.) inşası Urmiya gölünə tökülən çayların sularını başqa istiqamətə yönəltmişdir. Bundan əlavə, gölün yaxın ərazisində qazılmış çoxsaylı su quyuları da gölə gələn qrunt sularının tükənməsinə səbəb olan amillərdən biridir. Bunlar hamısı göldə suyun səviyyəsinin aşağı düşməsinə təsir edən amillərdir.
Urmiya gölünün və Güney Azərbaycanın qərb bölgəsinə yaxşı bələd olan, bu haqdakı dəyərli yazıların müəllifi Böyük Rəsuloğlunun apardığı tədqiqatlarda göstərilir ki, göldəki suyun səviyyəsi 10 il ərzində 6,5 metrdən çox aşağı düşmüşdür. Müəllif belə hesab edir ki, əgər bu sürət davam edərsə, faciə qaçılmazdır. Güney Azərbaycanın qərb bölgəsinin rəsmisi Rəsuli Əsgərzadənin hesablamasına görə, Urmu gölünü indiki quraqlıq vəziyyətindən xilas etmək üçün 20 milyard kubmetr su gərəkdir. Yaranacaq faciənin miqyasını və dəhşətlərini dərk edən Behişti adına Tehran Universitetinin azərbaycanlı tələbələri bu məsələyə həsr olunmuş xüsusi elmi–nəzəri konfrans təşkil etmişlər. Konfransda gölün getdikcə quruması səbəbləri araşdırılmış və fəlakətə son qoymaq üçün bir çox zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir.
Bölgənin dəyərli sərvəti və neməti sayılan Urmiya gölünün gündən–günə qurumasına, gələcəkdə törənəcək böyük faciəyə biganə qalmayan vətənsevər insanlar vaxtaşırı rejimin təzyiq və təqiblərindən qorxmayaraq gölün qurumuş hissələrinə axışır, insanları köməyə çağırırlar. Onlar gölün susuzluqdan cadar–cadar olmuş yerlərinə su tökməklə rejim başçılarının diqqətini gölün faciəsinə yönəltmək istəyirlər. Bu məqsədlə Urmiyadan, Təbrizdən, Salmasdan, Xoydan, Ərdəbildən, Qoşaçaydan, Marağa, Mərənd və s. yerlərdən gölün sahilinə gələn aksiya iştirakçılarının təşkil etdikləri etiraz mitinqi polis və hərbi qüvvələr tərəfindən dağıdılır, həbslər olunur. Dinc aksiyalara qarşı güc tətbiqi göstərir ki, hakimiyyəti və onun yerlərdəki məmurlarını gölün acı taleyi maraqlandırmır.
Urmiya gölünün faciə ilə üzləşməsi Güney Azərbaycandan kənarda yaşayan soydaşlarımızı da narahat edir. Bu yaxınlarda (noyabr, 2012) İsveçin İnsan Haqları Forumuna dəvət edilmiş mütəxəssis Səccad Radmehr (Duman Savalan) etdiyi məruzədə dinləyiciləri problemin indiki durumu və gələcəkdə törənəcək fəlakətin miqyası ilə tanış etmişdir.
BMT–yə, UNESCO–ya olan müraciətlər öz təsirini göstərmiş və informasiya vasitələrində verilən xəbərlərə görə BMT Urmiya gölünü quraqlıq fəlakətindən xilas etməyə hələlik 135 milyon dollar vəsait ayırmağı qərarlaşdırıb (əlbəttə, gölü tam xilas etmək üçün bu vəsait yetərincə deyildir). Hazırda BMT mütəxəssisləri bu ilkin vəsaitin sərf olunması, göstəriləcək yardımın forma və mexanizmi üzərində işləyirlər. Urmiya gölü UNESCO–nun “Beynəlxalq qoruq” kitabına salındığından bu təşkilatın nümayəndələri daha artıq narahatlıq keçirirlər. Bunu son vaxtlar onların çıxışlarından və mətbuatda gedən yazılarından görmək olur. Urmiya gölünün harayına Tehran səs vermir, görək BMT nə edəcək!
Urmiya gölünün quruması ilə bağlı Tehran rejiminin ortaya atdığı çıxış yolu Araz çayının axarının istiqamətinin gölə yönəldilməsidir. Məclis deputatları, İqtisad və Quruculuq Nazirliyində işləyən bəzi mütəxəssislər başqa vasitələri bir kənara qoyaraq Urmiya gölünün xilas olmasını Araz çayındakı suyun məcrasını gölə yönəltməkdə görürlər.
Məlum olduğu kimi, ikiyə parçalanmış Azərbaycana sərhəd olan Araz çayı əsrlər boyu hər iki sahildə yaşayan insanlar üçün həyati önəm daşıyan su mənbələrindəndir. Bu çay on min hektarlarla torpaqda bol nemət yetişdirmək, məişətdən əlavə kənd təsərrüfatı, bağ–bağat, heyvandarlıq və b. işlər üçün əvəzolunmaz təbii nemətdir. Azərbaycan Respublikasının Araz sahili bölgələri, Mil, Muğan və Aran rayonlarındakı təsərrüfatları Arazsız düşünmək mümkün deyil. Bundan əlavə, Araz kimi nəhəng çayın axar istiqamətini dəyişmək çox böyük və ciddi ekoloji dəyişiklik yaradar, təbii tarazlığın pozulmasına səbəb olar. Bu baxımdan, Araz çayının axarını Urmiya gölünə yönəltmək təkcə yuxarıda saydığımız fəlakətlərə səbəb olmaqdan əlavə, iki ölkə arasında mövcud olmuş anlaşmalara, eləcə də sərhəd çayları haqqında beynəlxalq konvensiyaya, BMT–nin sərhədlər haqqındakı təlimatı ilə daban–dabana ziddir.
Başqa su
mənbələrini axtarıb tapmaq, mövcud mənbələr üzərində
ağalıq və möhtəkirliyi ləğv etməkdən
vaz keçən cənablar əslində
“suyu bulandırıb balıq tutmaq” fikrindədirlər. Onların əsas məqsədi
“Araz kartı” ilə iki
ölkə arasındakı münasibətləri gərginləşdirməkdir.
Əkrəm RƏHİMLİ
(Bije),
iqtisad elmləri üzrə fəlsəfə
doktoru.
Respublika.- 2912.- 31 dekabr.- S. 5.