İşıq saçan ömrün dünyası

 

Yaxşı yadımdadır, üç il bundan əvvəl böyük mütəfəkkir M.F. Axundovun adını daşıyan Milli Kitabxanadan çıxıb dörd–beş saatlıq araşdırmaların yorğunluğunu atmaq üçün bulvara (indiki Milli Parka–Z.R.) üz tutdum. Skamyalardan birində yenicə əyləşmişdim ki, yazıb–yaratmağımda, az–çox qazandığım uğurlarımda maddi–mənəvi dəstəyini heç zaman unutmayacağım böyük qardaşım Vahid müəllimdən mobil telefonuma zəng gəldi. Salam–sabahdan sonra o mənə bir telefon nömrəsi söyləyərək ora zəng etməyimi rica etdi. Mən o dəqiqə həmin nömrəyə zəng etdim. Bəlli oldu ki, əməkdar elm xadimi, yazıçı–dramaturq, müqtədir jurnalist, respublikanın əməkdar müəllimi, 25 ildən çox “Azərbaycan müəllimi” qəzetinə rəhbərlik etmiş, mərhum professor Şahin Səfərovun 80 illiyi ilə əlaqədar olaraq xatirə–kitab hazırlanır. Kitabda Şahin müəllimin qələm dostlarının, tanınmış ziyalıların, elm xadimlərinin xatirələri ayrıca bir fəsildə toplanacaqdı. Bu unudulmaz elm, ədəbiyyat və mətbuat xadimi haqqında öz xatirələrini qələmə almaq istəyən tanınmış yazıçı Əlibala Hacızadə və akademik Vasim Məmmədəliyev ilə də görüşmək lazım idi. Ə.Hacızadənin telefon nömrəsini alıb, ona zəng etdim, məram və məqsədimi bildirdim. Sabahı gün saat üçdə müqəddəs elm məbədimiz olan Elmlər Akademiyasının yaxınlığındakı parkda görüş təyin etdik.

Sevincimin həddi–hüdudu yox idi. Zarafat deyil. Xatirəsi önündə həmişə xüsusi ehtiramla baş əydiyim görkəmli ədəbiyyatşünas alim Ş.Səfərov haqqında–gəncliyimin qaynar çağlarında trilogiyasını böyük şövqlə oxuduğum bir yazıçının – Ə.Hacızadənin xatirələrini qələmə almalı idim. Görüş yerinə sanki ayaqlarımın üstündə deyil, quşun qanadında gedirdim.

“Elmlər Akademiyası” metrostansiyasından çıxıb, yaxınlıqdakı parka tərəf iri addımlarla yürüyürdüm. Uzaqdan Əlibala müəllimi gördüm. Əlində siqaret, skamyada oturub bir nəfərlə söhbət edirdi. Onlara yaxınlaşanda gülümsədim. Bunu görəndə yanındakı gur saçlı, nurani adam məni göstərib, ona nəsə dedi.

Yaxından tanış olduq. Əlibala müəllim o adamı mənə təqdim etdi. Məlum oldu ki, bu tanınmış yazıçı–dramaturq, uzun müddət Azərbaycan Teleradio şirkətində məsul vəzifələrdə işləmiş, respublikamızda canlı teleradio akademiyası sayılan Nahid Hacızadədir. Onun da sinəsi mərhum ədəbiyyatşünas alim Şahin Səfərov haqqında xatirələrlə dolu imiş. Buna görə Əlibala müəllim öz yaxın dostunu da mənimlə görüşə dəvət edib. Nahid müəllim də bu dəvəti böyük məmnuniyyətlə qəbul edib.

Doğrusu, Əlibala Hacızadə ilə 90–cı illərin əvvəllərində “Şəhriyar” qəzeti redaksiyasında bir neçə dəfə görüşmüşdük. Aradan illər keçmiş, bu səmimi insan, istedadlı yazıçı yaşlaşmış, səhhətində ciddi problemlər yaranmışdı. Nahid müəllimlə isə ilk dəfə idi ki, üz–üzə dayanıb, həmsöhbət olacaqdım. Ancaq onun “Payız leysanları”, “Dağlar yuxuma girir”, “Məhəbbət ölüncə varı”nı isə çoxdan “tanıyırdım”.

Ş.Səfərov haqqında danışılan xatirələr sanki ürəyimi yerindən tərpətdir, qəlbimi işıqlandırırdı. Bu iki nasir onun haqqında sevgi və ehtiramla danışdıqca xəyalən, ruhən keçmişdə qalan uzaq illərə “səfər” etdim. Bir anlığa professor, pedaqoji mətbuatımızın korifeylərindən olan unudulmaz Ş. Səfərovun həyat və yaradıcılığı, bir də hər cür təkəbbürdən uzaq, təvazökar və ağayana siması gözümün önündə canlandı.

Görkəmli pedaqoq–alim, ədəbiyyatşünas, publisist Ş.Səfərov 1928–ci il dekabrın 31–də Naxçıvan MR–in Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Elə ilk təhsilini də burada almışdır. 1946–cı ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan iki illik Müəllimlər İnstitunu, 1951–ci ildə isə Azərbaycan Dövlət Unuversitetinin (indiki BDU–nun) filologiya fakültəsini bitirmişdir. Cəfər Xəndan, Əli Sultanlı, Mikayıl Rəfili kimi görkəmli şəxsiyyətlər universitetdə ona dərs demişlər.

Şahin müəllim hələ tələbəlik illərindən respublika mətbuatında kiçik həcmli məqalələrlə çıxış edirdi. Jurnalistlik fəaliyyətinə isə 1952– ci ildə “Xəzər dənizçiliyi” qəzetinin müxbiri kimi başlamışdır. 1952–58–ci illərdə Bakı şəhərinin 121, 129 saylı məktəblərində müəllim işləyərkən də pedoqoji mətbuatda milli təhsilimiz, ədəbiyyatımızla bağlı yazılarla çıxış etmişdi. O, 1958–ci ildə “Azərbaycan müəllimi” qəzetinə müxbir vəzifəsinə götürülmüşdü. 1962–ci ildə həmin qəzetdə redaktor müavini, 1974–cü ildən isə baş redaktor vəzifəsinə irəli çəkilmişdir.

Ş.Səfərov bu illər ərzində özünü bacarıqlı təşkilatçı kimi təsdiq etmişdir. İyirmi il ərzində məhz onun xüsusi təşkilatçılığı və istedadı sayəsində “Azərbaycan müəllimi” kiçik sahə qəzetindən mötəbər dövlət orqanına çevrilmişdir. Şöbələrin sayı 3–dən 12–yə yüksəlmişdir. Qəzetin tirajı 14 dəfə artmışdır.

Müqtədir qələm sahibi həmçinin geniş elmi–pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O 1969–cu ildə yuxarı siniflərin ədəbiyyat dərslərində şagirdlərin siyasi məfkurə tərbiyəsi mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Uzun müddət bu sahədə geniş və dərin elmi–tədqiqat işləri apararaq 1983–cü ildə də Azərbaycan ədəbiyyatı və şagirdlərin dünyagörüşünün formalaşdırılması mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1987–ci ildə isə professor elmi adına layiq görülmüşdür.

Mənalı və şərəfli ömrünün qırx ilindən çoxunu elmə və təhsilə həsr edən Ş. Səfərov çox məhsuldar və məsuliyyətli alim idi. On beşdən artıq monoqrafiyanın, 300–dən çox elmi–metodiki məqalənin müəllifi idi. “Ədəbiyyat tədrisi və yeni insan tərbiyəsi”, “Şagirdlərin bədii təfəkkürünün inkişafı”, “Nizami Gəncəvi yaradıcılığının məktəbdə öyrədilməsi” və s. əsərləri ədəbiyyatın tədrisi məsələləri baxımından bu gün də öz aktuallığını saxlayaraq, pedoqoqlarımızın əsas istinad mənbələrindən biridir.

Ş.Səfərovun həyata baxışı, şəxsiyyəti, pedaqoqluğu, alimliyi, yazıçılığı və jurnalistikası arasında qırılmaz tellərlə bağlılıq, bir harmoniya var idi. Onun xarakterindəki bütövlük, sözünə və özünə sadiqlik ədəbi–bədii yaradıcılığındakı əsərlərinin qəhrəmanlarına da sirayət etmiş, buna görə də oxucuların dərin hörmət və ehtiramına səbəb olmuşdur. Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmiş “Nişan üzüyü”, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş “Nizami sorağında”, eləcə də “Tərgül”, “Tələ” əsərləri məhz bu baxımdan öz müəllifinə şöhrət, nüfuz və ümumxalq məhəbbəti qazandırmışdır.

Akademik Məmmədcəfər Cəfərov yazırdı ki, vətənpərvərlik sözün həqiqi mənasında kamil bir əqidə formasıdır. Qətiyyətlə deyə bilərik ki, Şahin Səfərovun dünyagörüşü, vətəndaşlıq əzmi, əqidəsindəki sabitlik, o sözlərin həqiqiliyini təsdiq edən canlı bir nümunə idi. Bəli, Ş.Səfərov əqidəli bir vətənpərvər idi. Hamımızın yadındadır ki, vətənimizin cənubu haqqında qəzetlərdə adi bir məqalə, yazı ilə çıxış etməyin qadağan olunduğu vaxtlarda Şahin müəllim böyük bir cəsarət nümayiş etdirərək redaktoru olduğu “Azərbaycan müəllimi” qəzetində “Cənubdan səslər” rubrikası açmış və özü də orada indi də ehtiramla yad olunan məqalələrlə çıxış etmişdir.

1990–cı ilin qanlı yanvarından sonra da respublikamıza qarşı informasiya blokadası siyasəti davam etdirilirdi. “Mərkəzi” qəzetlərdə istər Qarabağ münaqişəsi ilə bağlı, istərsə də respublikadakı vəziyyətlə bağlı xalqımızı günahsız yerə ittiham edir, bütün təqsirləri Azərbaycanın üzərinə yıxırdılar. Məhz belə bir ağır vaxtda Şahin Səfərov vətəndaşlıq prinsipiallığı və dəyanət əzmi nümayiş etdirərək o vaxtkı SSRİ Maarif Nazirliyinin orqanı olaraq Moskvada nəşr olunan “Uçitelskaya qazeta”da (“Müəllim qəzeti”–Z.R.) əsl həqiqətləri üzə çıxaran, erməni yalanlarını darmadağın edən yazı ilə çıxış etdi. Və yazının əks–sədası bütün respublikaya yayıldı.

Başqa bir misal. Ərəb və fars dillərini mükəmməl bilməsi, buna görə də Şərq ədəbiyyatına, poetikasına yüksək səviyyədə bələd olması onun xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə tez–tez iştirak etməsinə şərait yaradırdı. Müstəqilliyimizin ilk illərində Ş.Səfərov bir sıra beynəlxalq konfranslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur. Bundan istifadə edən tanınmış alim yuxarıların qadağa və senzuralarına baxmayaraq əsl vətəndaşlıq qeyrəti nümayiş etdirərək ermənilərin işğalçılıq siyasətini, Dağlıq Qarabağ həqiqətlərini təkzibolunmaz dəlillərlə həmin ölkələrin elmi ictimaiyyətinə çatdırırdı. Görkəmli alim 1992–ci ildə İran İslam Respublikasında M.Füzulinin 500 illik yubileyi ilə əlaqədar keçirilən Beynəlxalq konfransda “Füzuli–500″ mükafatına layiq görülmüşdür.

Professor Ş.Səfərovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O Azərbaycan Respublikasının əməkdar müəllimi, əməkdar elm xadimi adlarına layiq görülmüş, “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, “Əmək igidliyinə görə” medalı ilə təltif olunmuşdur.

Ş. Səfərov 1993–cü ildə Azərbaycan dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin eyniadlı nəşriyyatının direktoru olmuşdur. Ömrünün son illərində isə “Şəhriyar” qəzetinin redaktoru idi.

Professor Ş.Səfərov bir fenomen idi. O geniş elmi, ədəbi və pedaqoji ictimaiyyət arasında mötəbər nüfuza malik idi. Şahin müəllimin yaradıcılığı təkcə peşəsinə, sənətinə bağlılığından deyil, xalqına, Vətəninə, elinə, obasına məhəbbətindən, onun işıqlı gələcəyinə, xoş müjdəli sabahına inamdan mayalanırdı. Bu unudulmaz insanla bağlı məni həmişə bir məsələ düşündürüb və öz–özlüyündə suala çevrilibdir: Nədən geniş yaradıcılıq diapazonuna malik bir elm, təhsil , ədəbiyyat adamının və tanınmış ictimai xadimin biblioqrafiyası indiyə qədər hazırlanaraq nəşr olunmayıbdır?! Məncə, bu məsələ onu tanıyaları, yaxınlarını və vaxtilə çalışdığı Respublika PKİAYH–nın nəzdində yaradılan indiki Müəllimlər İnstitutunu bir az düşündürməlidir. Güman edirik ki, müvafiq səlahiyyətli idarələr elm, təhsil və ədəbiyyatımıza öz yaradıcılığı ilə böyük töhfələr vermiş, əməkdar elm xadimi, respublikanın əməkdar müəllimi Ş.Səfərovun barelyefinin vaxtilə yaşadığı binaya vurulması qayğısına qalacaqdır.

Ş.Səfərov 67 il yaşadı. Çoxları deyir ki, o az yaşadı. Bəlkə də haqlıdırlar. Ancaq mənalı, şərəfli və qibtə olunacaq, çoxları üçün əlçatmaz, ünyetməz tanrı payı olan bir ömür yaşadı.

Müdriklərdən kimsə demişdir: “Ən böyük sənət insanlıq sənətidir”. Bəli, əsl insanlar məhz Şahin Səfərov kimi ömür sürüb, alnıaçıq, üzüağ tanrı dərgahına üz tutanlardır. Belə ömürlərin işığı heç zaman sönmür.

 

 

Zahid RZA,

AMEA–nın dissertantı,

H.B.Zərdabi mükafatçısı.

 

Respublika.- 2012.- 31 dekabr.- S. 5.